“İndiki verilişlər
şou formasındadı”
Nailə İslamzadə: “Problemlər
süni şişirdilir”
Məncə, Nailə İslamzadəni xüsusi təqdim etməyə,
obrazlı ifadələrlə "bəzəməyə" lüzum
yoxdu. Uzun illər Azərbaycan Televiziyasının
diktoru olmuş bu xanım özünün sadəliyi, gözəlliyi
və səlist, təmiz nitqi, diksiyası ilə hər kəsin
yaddaşına hopub. Tam 25 il tamaşaçılara çatdırdığı xəbərlərdə,
eləcə də digər verilişlərdə ana dilinin təmizliyini
qorumağa çalışıb, nitqində kənar ifadələr,
xoşagəlməz sözlərə yer verməyib. Azərbaycanın
əməkdar artisti adına layiq görülən Nailə
xanım bu gün rabitə sistemində çalışmaqla
yanaşı, həm də Türkiyənin TRT AVAZ kanalında
yayınlanan "İş,te kadın"
proqramının aparıcısıdır.
***
-Nailə
xanım, dünya düzəninin pozulduğu, həyat şərtlərinin
çətinləşdiyi, dəyərlərin hər gün
bir az da itdiyi zamanda özünüzü necə hiss edirsiniz?
-Əslində xarakterim elədir ki, özümə aid olan hər bir həyat şəraitinə uyğunlaşa bilirəm. O ki, qaldı dünya düzəninin pozulmasına, dəyərlərin itirilməsinə... bu mənə çox pis təsir edir. Dünyada baş verən müharibələrin qurbanı olan qaçqınlar, miqrantlar, soyuqda qalanac uşaqlar, köməksiz analar, səngərlərdəki əsgərlər - onları hər zaman düşünürəm.
-Biz sizi illərlə
Azərbaycan televiziyasının ekranından izləmişik.
Xəbərləri dinləmişik.
Rəsmi dövlət tədbirlərinin bədii hissəsini
təqdim etmisiniz, xoş və məlahətli səsinizdən
zövq almış, nitqinizi, diksiyanızı bəyənmişik.
Amma bu gün ekrandan görünmürsünüz və
tamaşaçılar Nailə İslamzədəni
axtarırlar. Bunu hiss edirsinizmi?
-Hiss edirəm,
Züleyxa xanım, çox hiss edirəm. Bu yaxınlarda jurnalist İ.Valehoğlu facebookda
Yaşar Nuri səhifəsində şəklimi qoyaraq, "bu
aparıcı kimin yadındadı?" deyə sualla müraciət
etmişdi. Tanımadığım minlərlə
insanın şərhini oxuyanda ürəyim dağa döndu və
bir daha düşündüm ki, televiziyada işlədiyim illər
heç də boşüna getməyibmiş.
Xatırladıqlarına, dəyər verdiklərinə
görə,əlbəttə,
tamaşaçılara çox minnətdaram.
-Sirr deyilsə, televiziyadan niyə
uzaqlaşdınız? İnsan işindən ayrılanda, xüsusilə də
sevdiyi peşəni əlindən alanda sarsıntı
keçirir. Siz hansı hissləri
yaşadınız?
-Təbii
ki, 25 il işlədiyim televiziyadan getmək
istəməzdim. Tamaşaçılar tərəfindən
sevilən müəllif proqramım vardı, televiziyanın ən
ağır proqramlarının və xəbərlərin əsas
aparıcılarından biri idim. Lakin elə
şərait yaratdılar ki, tək mən yox, başqa dəyərli
jurnalistlər də oradan getməyə məcbur oldular.
-Televiziya üçün
darıxırsınızmı?
-Darıxmağa
imkan olmadı. Demək olar ki, televiziyasız
qalmadım. Rabitə və Yüksək
Texnologiyalar Nazirliyində Multimedi Mərkəzinin rəisi
olaraq filmlərə ssenari yazır və montaj prosesində
iştirak edirdim. İndi də hara gedirəmsə,
tamaşaçılar mənimlə elə bil dünən
verilişim efirdə imiş kimi danışırlar.
-Televiziya sizə nəyi verdi, nəyi aldı?
-Mən hələ
institutda oxuyarkən müsabiqə yolu ilə televiziyada
işləməyə başladım, gözəl diktor kollektivi ilə
rastlaşdım. Televiziya mənə bacarığımı
üzə çixarmağa imkan verdi,
tamaşaçı sevgisi verdi, çox az aparıcıya qismət
olan, milyonları arxasınca apara biləcək bir
aparıcı kimi yetişdirdi.Buna görə televiziyamıza
çox minnətdaram. Aldığı isə
heç nə olmadı.
-Az.TV-dən sonra başqa kanallardan dəvət
aldınızmı?
-Təbii
ki, dəvətlər oldu, yenə də olur. Hazırda Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, akademik Kamal
Abdullanın ideyası, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılan
"Kulturaplus" internet televiziyasının direktoru vəzifəsində
çalışaram. Məqsədimiz Azərbaycanın
maarifçilik ənənələrinə uyğun olaraq
keçmişimizi, milli-mənəvi, dini dəyərlərimizi, mədəni
irsimizi öyrənmək, multikulturalizmin və
tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan
gerçəkliyinin təbliğ etməkdir.
-Azərbaycan
tamaşaçısı bir vaxtlar sizin "Ailələr və
talelər" verilişinizi maraqla izləyir və çox
şeylər öyrənirdi. Maarifləndirici mövzularla
tamaşaçı zövqünün formalaşmasına
hesablanmış həmin verilişin araya-ərsəyə
gəlməsində çətinliklər, maneələr,
yaxud da iradlar olurdumu?
-Sonuncudan
başlayım. İradlar olmayıb, bir dəfə
də olsun nə qoyulan mövzulara, nə çəkilən
süjetlərə, nə də aparılan müzakirələrə
istər rəhbərlik, istərsə də cəmiyyət tərəfindən
irad tutulmayıb. Əksinə veriliş Azərbaycan ailəsinin
mənəvi, sosial və hüquqi problemlərinin həlli
yolunda ictimai fikrə istiqamətverici təsir göstərmiş,maarifləndirici, öyrədici tendensiyaya malik
olmaqla böyük tamaşaçı rəğbətini
qazanmış və geniş ictimai əks-səda
doğurmuşdu. Ulu öndərimiz Heydər
Əliyev hələ 1997-ci ilin oktyabında gənc yazarlarla
görüşündə "Ailələr və
taleler" verilişində qaldırılan məsələlərin
gənclərimizin, cəmiyyətin mənəvi
saflığı üçün böyük əhəmiyyət
kəsb etməsini xüsusi olaraq vurğulamışdı.
Milli Məclisdə "Ailə haqqında"
qanunun muzakirəsində də məhz bu verilişə istinad
olunmuşdu. Çətinliklərim isə
çox olurdu. İndiki verillişlərdə
olduğu kimi komanda yox idi, mən həm ssenari yazır, həm
insanlarla görüşür, süjetlərin çəkilişinə
gedir, montaj edir, məktubları oxuyur, həm də təşkilati
işlərlə maraqlanırdım. Müraciət
edənləri qəbul etmək etmək üçün yer
yox idi, verilişin tərtibatı üçün problem
yaranırdı. Canlı çıxmaq istəyim
qısa bir zamanda gerçəkləşsə də sonra o
şərait təmin edilmədi və s.
-Bu verilişin öz taleyinizə də
təsiri oldumu?
-Təbii.
Veriliş mənə daha çox populyarlıq gətirdi, on il ərzində efirə çıxmamasına
rəğmən hələ də məni bu verilişlə
tanıyırlar.
-Ümumiyyətlə tale yolunuzdan
razısınızmı?
-Sükürlər
olsun, razıyam.
-Bu günkü televiziyalarda sizi
razı salan, yaxud da qane etməyən nəsə varmı? Bir
peşəkar kimi deyə bilərsinizmi ki, problemin
kökündə duran nədi?
-İndi informasiya almaq imkanı çox genişdir. CNN 24 saat xəbərlər
verir, non-stop rejimində kino, idman kanalları, elmi-kütləvi
"Diskaveri", stereo rejimdə musiqi kanalları fəaliyyət göstərir
və sairə. Hərə öz zövqünə
uyğun harada yaxşı nə var ona baxmağa
çalışır. Baxmaq və
müqayisə etmək üçün imkanlar çoxdur.
Bu gün televiziyalarımızda rəqabət bərabərlik
prinsipinə gətirib çıxarıb. Səndə oyun, mən də də oyun, səndə
ailə haqqında, mən də də ailə haqqında və
s. Demək olar ki, kanallarımızda mövzular təkrarlanır.
Televiziya ən kütləvi elektron media olaraq insanları
yaxşılığa, aydınlığa, özünüdərkə,
həyatın mənasını anlamağa, obyektivliyə
yönəltməlidir. Təəssüf ki, o bəzən
böyük miqyaslı kazinoya çevrilir. Belə olduğu halda heç vaxt sənət qiymətləndirilə
bilməz. Televiziyada göstərilən
yaxşı da, pis də təbliğatdır. Ona görə respublikada təbliğata, maariflənməyə
məsul olan şəxslər bu barədə
düşünməlidirlər. Onlardan da çox televiziya rəhbərləri və
jurnalistlər düşünməlidirlər. Yüngül
proqramlar yüksək reytinqli olur deyə baş
"sındırmaq" istəmirlər. İstəsələr
də çoxunun bacardığı elə ora qədərdir.
Həmişə demişəm, bu reytinqi
hesablayanlar məşhur bir skripka və ya fortepiano
çalanın, yaxud Qasımova bacılarının konsertinə
gələnlərdən sorğu aparsalar nəticə necə
olar? Düşünürəm ki, hər
bir halda məsuliyyət verilişi hazırlayanların üzərindədir.
Daha sanballi verilişlər fikirləşməli
və onları necə maraqli etmək barədə
düşünmək lazımdır.
-Bu gün ailə problemləri, sosial
məsələlərlə bağlı digər kanallarda
yayımlanan verilişlərə yəqin ki,
baxırsınız. "Ailələr və
talelər"lə onların oxşar, ya da fərqli tərəfləri
varmı? Sizcə, cəmiyyətin alt
qatındakı xoşagəlməz halların bu qədər
qabardılmasına ehtiyac varmı?
-O mənim
üslubum idi. Problemə və insanlara yanaşma, qoyulan
mövzular, müzakirələrin gedişi indiki verilişlərlə
müqayisədə demək olar ki, fərqlidi idi. Xoşagəlməz hallrın qabardılmasına əlbəttə
ki, ehtiyac yoxdur. Əgər hansısa
problem insanları, cəmiyyəti narahat edirsə təbii ki,
araşdırmaq, həyacan təbili çalmaq
lazımdır. Lakin indiki verilişlər
daha çox şou formasındadır. Problemlər
süni olaraq şişirdilir, eləcə də emosiyalar
süni şəkildə qabardılır. Bunlar şou verilişlərinin elementləridir.
O, insanların dərdləri üzərində qurulanda pis təsir
bağışlayır.
-Taleyinizin müəyyən bir hissəsini
studiyanın gur işıqları altında keçirmisiniz. Həmin
işıq, obrazlı desəm, taleyinizin hansısa qaranlıq
bir yerinə, gizlin nöqtəsinə işıq sala bildimi? Projektorlardan süzüən güclü
işıq seli "gözünüzü
qamaşdırmadı ki"?
-Gözəl
sualdır. O işıq taleyimin bütün nöqtələrini
işıqlandırdı və hələ də
işıqlandırmaqda davam edir. Lakin
gözümü qamaşdırmadı, xəstəliyə
düçar etmədi.
-Bu günkü
teleaparıcıların çoxu özünü az qala
dünyaca məşhur ulduzlar
kimi aparır, sanki dövlətə və dövlətçiliyə
xidmət etmiş qəhrəmandılar...
-Bu
onların bəsitliyindən və komplekslərindən irəli
gəlir. Təbii ki, bizim baxımlı
verilişlərimiz, peşəkar jurnalistlərimiz var. Amma bir
çoxlarına baxanda adama elə gəlir ki, onlar "əyalət
incəsənət universitetini" bitiriblər. Çoxları burda yaxşı pul qazanmağı
sevir. Yəni peşənin
özünü yox, peşənin onlara verdiklərini daha üstün
tuturlar. Şəxsən mənim
üçün televiziya həyat tərzi idi, hər şeydən
üstün sənət idi. Axı,
veriliş onun müəllifini populyar etmək və ona pul
qazandırmaq məqsədini daşımamalıdı. Veriliş bütün tərəfləri ilə
uğurlu olanda populyarlıq öz-özünə gəlir.
Əslində indi populyar olmaq asandır. Ekranlardan tanıdığımız o qədər
insan var ki... onlarin hamısına hörmət edir və
sevirikmi?
-Televiziyada keçən günlərlə
bağlı başınıza gəlmiş maraqlı bir hadisə...
-O qədər maraqlı hadisələr olub ki, hansı birini danışım? Birini deyim: 1984-cü ildə Akademik Milli Teatrında televiziya gününə həsr olunmuş tədbirə mərhum diktorumuz Davur Əhmədov və mən aparıcılıq edirdik. Xalq çalğı alətləri orkestri səhnədə canlı ifa edirdi və səhnə kabellərlə dolu idi. "Radio marşı" çalındıqdan sonra Davur müəllimlə mən səhnəyə çıxan zaman ayağım kabelə dolaşdı və mən səhnəyə elə bil ki, qaçaraq daxil oldum. Arxadan gələn Davud müəllim "Nailə" deyə qisqıraraq məni tutmağa çalışşa da, səndələyərək özümü mikrofonun qarşısında gördüm. Zalda oturanlar gülüşdü. Birinci sırada Mərkəzi Komitənin məsul işçiləri və mərhum sədrimiz Elşad müəllim oturmuşdu. Mən özümü o qədər itirdim ki, deyəcəyim bütün sözlər yadımdan çıxdı. Əlimdə mətn də yox idi. Hələ o vaxtlardan bir dəfə də olsun əlimdə kağızla səhnəyə çıxmamışam, həmişə mətni mənimsəyib sonra çıxırdım. O qədər pərt olmuşdum ki, məni tər basdı, nə deyəcəmi bilmədim. Davud müəllim pafoslu səsi ilə "Axşamınız xeyir, hörmətli tamaşaçılar" dedi. Ondan sonra isə mənim bir səhifəlik sözüm var idi, bir kəlmə belə yadıma düşmürdü. Davud müəllim kimi, "Axşamınız xeyir olsun" dedim və bir də gördüm ki, qeyri-ixtiyari bütün mətni deyirəm. O qədər sarsılmışdım ki... indiyə qədər Allaha şükür edirəm ki, məni o vəziyyətdən çıxardı.
-Bu günlərdə
55 yaşınız tamam olub. Təbrik
edirəm. Qalan ömrünüz həmin günün
işıqlı sevgisi, xoş aurası və xoşbəxt
anlarında yaşadığınız hisslərdən məhrum
olmasın. Qoşa 5-in zirvəsindən boylananda
aşağıda nə görürsünüz?
-Çox təşəkkür edirəm. Əvvəllər bu yaşda qadınlar təqaüdə çıxardılar, indi isə, hətta, hökümət belə deyir ki, hələ cavansiz, sağlamsız, enerji dolusunuz, yəni həyat öz tamlığı ilə davam edir. Həyat mənə iki beş verib, bunu yaş kimi yox, "əlaçı" kimi qəbul edirəm. Sükürlər olsun, illərimi boşuna yaşamamışam, qazandıqlarım itirdiklərimdən çox olub.
-Daha da çox
olsun, Nailə xanım.
Züleyxa Nadir
Olaylar.- 2017.- 25 yanvar.- S.10.