Ölkədə söz, mətbuat azadlığı mövcuddur

və yüksək səviyyədə qorunur

 

Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkədə həlli vacib bir sıra məsələlərin yoluna qoyulması istiqamətində işlərə start verildi. Bunların içərisində ən mühüm məsələlərdən biri isə ölkədə azad, müstəqil medianın yaradılması idi. Düzdür, müstəqilliyin ilk illərində bunu həyata keçirmək o qədər də asan deyildi. Çünki Sovet dövründən qalan idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması müəyyən vaxt tələb edirdi. Digər tərəfdən azadlıq, suverenlik şüarları ilə hakimiyətə gələn qüvvələrin özləri də ölkədə fikir və məlumat azadlığının maksimum dərəcədə təmin olunmasında maraqlı deyildilər.

Mətbuata, media nümayəndələrinə qarşı basqılar artır, bəzi hallarda qəzet redaktorları döyülərək onlar avtomobilin yük yerinə atılırdı. Lakin 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikimci dəfə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi media sahəsində də bir canlanma yarandı. Ölkədə sözün həqiqə mənasında müstəqil mətbuat formalaşmağa, söz və məlumat azadlığı təmin olunmağa başladı. Çox keçmədən azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edildi. Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində ölkədə mövcud gərgin ictimai-siyasi durum, xaos, anarxiya, özbaşınalıq digər sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Söz, fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq ulu öndər 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. "Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli lider jurnalistləri dövlət mükafatları, ordenmedallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı möhtərəm İlham Əliyev də Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiqi buna əyani sübutdur. 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyaya olunan bir sıra əlavə və dəyişikliklərdə insanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Ötən ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsas dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiyyətlə, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son illərdə iki dəfə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ötən bu dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir. Ancaq təəssüflər olsun ki, Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qaralama kampaniyası aparırlar. Azərbaycanın bəzi xarici dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin əsas tərkib hissələrindəndir. Bu gün mətbuat belə qərəzli yanaşmalara tutarlı cavab olaraq Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Bu gün əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik. Bu baxımdan jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Məhz bu duyğular ərsəyə gələn yazıda obyektivliyi, qərəzsizliyi qoruyacaq, dövlətçilik prinsipləri üstünlük təşkil edəcək. Nə deyilməsi və hansı əsassız irad və ittihamların irəli sürülməsindən asılı olmayaraq reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Bu gün cəmiyyətin idarə olunmasında əsas amil olan qanunlarımız mövcuddur. Qanunlara hörmətlə yanaşmaq siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qarşısına əsas tələb kimi qoyulur. Qeyd etdiklərimiz demokratiyanın vacib elementləri olmaqla yanaşı, bu gün Azərbaycan mətbuatının vəzifələrinə də işıq salır. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yerirolunu möhkəmləndirib, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilib. Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Azərbaycan dövləti ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Demokratiyanın vacib amillərindən biri kimi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə də günümüzün əsas reallıqlarındandır. Atılan addımlar öz müsbət nəticəsini verir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu mövzularda araşdırmaların görülən işlərə dəstək olduğunu diqqətə çatdıraraq, bu inamı ifadə edir ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaq. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Göründüyü kimi Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harda yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 26 yanvar.- S.15.