Söz və fikir azadlığının
təminatında
müasir medianın rolu danılmazdır
Etiraf edək ki,
söz və fikir azadlığının təminatında
müasir medianın rolu kifayət qədərdir. Azərbaycanda
isə müasir medianın inkişafı üçün
lazım olan bütün şərait mövcuddur. Onu da
xatırladaq ki, azad fikirliliklə medianın ictimai məsuliyyətinin
bir birini tamamlaması vacib məsələlərdən biri
kimi gündəmdə durur. Bu baxımdan yeni mediya sahəsindəki
fəaliyyət xüsusilə aktuallıq kəsb edir. Bura online saytlar, ənənəvi medianın online
variantları, internet televiziyalardan tutmuş sosoial şəbəkələri
və sair aid etmək olar.
Ekspertlər
hesab edirlər ki,
"yeni media" anlayışı bir qədər
fərqli xarakter daşıyır. Məsələn,
ənənəvi medianın online versiyasından
danışırıqsa, burada peşəkar mediadan söhbət
gedə bilər. Amma sözügedən məsələdə
sosial şəbəkələr və hazırda gündə
biri meydana çıxan xəbər portalları ilə
bağlı müəyyən problemlər ortaya
çıxır. Burada fərq odur ki,
media qurumunun və jurnalistin dünyada qəbul olunmuş
standartları var. Jurnalist material hazırlayarkən müəyyən
prinsipləri gözləməlidir. Təsvir
edilən mövzu barəsində araşdırma aparmaq, tərəflərin
mövqelərinin nəzərə alınması, faktların
düzgün yoxlanılması, obyektivlik və qərəzsizliyin
təmin olunması kimi prinsiplər ictimai məsuliyyətdən
doğur. Amma yeni mediada çox vaxt bu
prinsiplər gözlənilmir. Bu barədə
hələ ictimai məsuliyyət hissi və mədəniyyəti
tam formalaşmayıb. Yeni medianın sosial şəbəkələr,
bəzən də xəbər saytları kimi formalarında,
informasiyanın dövlət sirrinə aid olub-olmaması, onun
qadağan olunmuş informasiyalar kateqoriyasına daxil olub-olmaması,
kommersiya sirri anlayışı, şəxsi həyatın
toxunulmazlığı və sairlə bağlı
qanunvericilikdə nəzərdə tutulan müddəalara
çox vaxt məhəl qoyulmur. Sosial məsələlər
üzrə ekspert Mirzə Manafov hesab edir ki, sözügedən
sahədə əsas məsuliyyət vətəndaş cəmiyyətinin
üzərinə düşür: "Hər kəs öz məsuliyyətini
anlamalıdır ki, cəmiyyətdə normal münasibətlər
formalaşsın. Yəni söz və media
azadlığı həm də hər kəsdən məsuliyyət
tələb edir. Burada diqqətə
çatdırmaq istədiyimiz məqam odur ki, özünü
azad görmək istəyən insan başqasının
azadlığına da sayğılı davranmalıdır.
Çünki söz azadlığı, fikir
plüralizmi və ümumiyyətlə, demokratiya həm də
cəmiyyət qarşısında məsuliyyət deməkdir.
Bu gün mediada söz azadlığı məsələsini
siyasiləşdirməyə çalışan bəzi siyasi
qruplar "demokratiya", "demokratikləşmə"
adı altında hər cür xaosu, mətbuatda söz
özbaşınalıqlarını "azad fikir" adı
altında təqdim etməyə çalışırlar. Həmin qruplar cəmiyyətin çağdaş səviyyəsinə
uyğun dünyagörüşü sərgiləyə,
baxışlarını, özünüifadə
formalarını yeniləyə bilmirlər. Onlar
demokratiyanı küçə, qarşıdurma və anarxiya
kimi qavradıqları kimi, söz azadlığını da
"əlində bobmba olan meymun" misalı
anlamaqdadırlar. Halbuki demokratiyanın mahiyyətini
açan istər nəzəriyyə, istərsə də təcrübi
nümunələr sübut edir ki, demokratiya, yaxud söz
azadlığı anlayışı anarxiya və
özbaşınalıq kimi başa düşülməməlidir.
Əfsuslar olsun ki, cəmiyyətimizdə bəziləri
"demokratiya", "fikir plüralizmi" deyəndə məhz
bu cür başa düşür. Bu
cür qavrama isə ilk olaraq ondan irəli gəlir ki, müəyyən
qrup insanlar hələ keçid dövründə demokratiya
anlayışının, söz azadlığının
mahiyyətin təhsil və maariflənmə yolu ilə anlaya
bilməyiblər. Ümumiyyətlə,
ilkin keçid dövrlərində bu anlayışların
mahiyyəti insanlarımıza təhsil və maariflənmə
yolu ilə tam çatdırılmayıb. Buna görə də bəziləri hələ də
bu təhsilsizliyin və maarifsizliyin əziyyətini çəkir.
Bu "bəziləri" "vətəndaş
jurnalistikası"na, sosial şəbəkələrdə
statuslar yazmağa iddialıq nümayiş etdirə-etdirə
söz azadlığı ilə bağlı sırf
savadsızlıq nümayiş etdirirlər". O, həmçinin
əlavə edib ki, demokratiya və söz azadlığı
ilə bağlı nəzəriyyələr isə sübut
edir ki, əslində demokratiya cəmiyyət
qarşısında bacarıq və məsuliyyət tələb
edir: "Bu baxımdan tam əminliklə deyə bilərik ki,
nə demokratiya küçələrdə anarxiya, nə də
ki söz azadlığı mediada təhqir, böhtan, istənilən
şəxsin şərəf və ləyaqətinni
alçaldılması demək deyil. Bir
çoxları bunu hərfi olaraq məhz anarxiya kimi başa
düşür. Cəmiyyəti də bu
cür yanlış düşüncə ilə
çaşdırmaq olmaz. Bu gün sosial şəbəkələrdə
"ziyalı", "siyasi ekspert", "jurnalist" və
sair adlarla fəaliyyət göstərən bəziləri
anlamalıdırlar ki, onların "söz
azadlığı" ilə bağlı düşüncələri
ən azından ziyalılıq deyil. Çünki
belə düşünənlərdə cəmiyyət
qarşısında məsuliyyət hissi yoxdur. Əgər
belələrində məsuliyyət yoxdursa, onlar heç vaxt
söz azadlığı və demokratiya
daşıyıcısı ola bilməzlər.
Bu cür insanlar yalnız görüntü
xatirinə populizmlə çıxış edə bilərlər
ki, kütləni məsuliyyətsizliklərə sürükləsinlər.
Bu isə istənilən cəmiyyət üçün
arzuolunmazdır və ciddi fəsadlara səbəb ola bilər. Bunu anlamaq
lazımdır ki, "azadlıq" anlayışı da bu
baxımdan cəmiyyət qarşısında məsuliyyətlə
ölçülür. Azad olmaq eyni zamanda özün və
cəmiyyət qarşısında məsuliyyət
şüuruna və düşüncəsinə malik olmaqla
mümkündür...". Ekspertlər bu
xüsusiyyətləri nəzərə alaraq deyirlər ki,
sosial şəbəkələr və həmin xəbər
portallarının media adını qazanması bir az şərti xarakterlidir. Bu barədə fikirlərini
bildirən ekspert Müşfiq Ələsgərli də qeyd
edir ki, sadalananlar tirajlanmasına görə media qurumu
sayılsalar da, peşə kodeksinin tələblərinə əməl
etmək baxımından mediadan fərqlənirlər: "Bu
baxımdan da "yeni media" anlayışının dəqiqləşdirilməsi
və dəyişdirilməsi ilə bağlı dünyada
müzakirələr davam etməkdədir". Hər
halda, fakt odur ki, yeni media vasitələri mövcuddur və
hazırda informasiyanın daha sürətlə
yayılması ilə məşğul olurlar. Bu isə ictimai məsuliyyət kontekstində bir
sıra aktual məsələləri və problemləri
önə çəkir. Bu baxımdan
qanuni tənzimləmələrin olması məqsədəuyğundur.
Müşfiq Ələsgərli deyir ki, media ilə
bağlı qanunvericiliyə, yaxud ölkədə mövcud
olan digər qanunlara da dəyişikliklər etməklə
hüquqi tənzimləmələr mümkündür:
"Azərbaycanda da bu zərurətdən irəli gələrək
sözügedən sahədə qanunvericiliyə dəyişiklik
edildi: "KİV haqqında" qanuna və media
qurumlarında yayılan informasiyalara baxsaq, burada
informasiyanın ictimai məsuliyyəti nəzərdə
tutulur. Birbaşa olaraq jurnalistin və media
qurumunun tərifində də göstərilir ki, orada
informasiyanın yayılmasından nə dərəcədə
fayda götürülməsi məsələsi aktualdır.
Yaxud qeyd edilir ki, jurnalist ictimai önəm
daşıyan informasiya yaydığı zaman kifayət qədər
məsuliyyətli olmalı və o informasiyanın gətirə
biləcəyi nəticələri nəzərə
almalıdır. İnformasiya yayılarkən
onun ictimai önəmi, nə dərəcədə dəyərli
olması media qurumunun fəlsəfəsində öz əksini
tapıb. Amma çox təəssüf ki,
bizdə bu məsuliyyət hissi bir kənara qoyulur. Əslində yeni mediada yayılan informasiyaların
çoxu şəxsi xarakter daşıyır. Onların ictimai yükündən danışmaq
olmaz. Amma bəzən elə olur ki, ictimai
yükü olan informasiyaları da yayımlamağa girişirlər.
Belə bir keçid etdikdə, mütləq
ehtiyatlı olmaq və bu zaman media, jurnalist
qarşısında qoyulan tələbləri nəzərə
almaq lazımdır". Dünya
praktikasında da yeni mediada təhqir və böhtana yol verilməsi,
şəxsi həyata müdaxilə və sair məsələlərə
görə məsuliyyət nəzərdə tutulur. Bizdə də bu məsələdə bir qədər
fərqli olsa da, müəyyən məsuliyyət nəzərdə
tutulur. "KİV haqqında" qanunda bu
barədə nəzərdə tutulan məqamlardan başqa,
ayrı-ayrı qanunlarda da bu barədə məsuliyyət nəzərdə
tutan maddələr var. Müşfiq Ələsgərli təklif
edir ki, informasiya yaymaqla bağlı bu müddəaları
vahid bir məcəllədə birləşdirmək də məqsədəuyğun
olardı. Bu məsələdə əsas
məqamlardan biri odur ki, ictimaiyyətdə, yeni media istifadəçiləri
arasında ictimai məsuliyyətlə bağlı geniş
maarifləndirmə işi aparılmalıdır. Yeni mediadan istifadə halları xeyli genişlənib.
Bu gün artıq vətəndaş
jurnalistikasından söhbət gedir. Bu da
yenu mediaya aid ictimai məsuliyyəti artırmış olur.
Orta Asiya və Güney Qafqaz Söz
Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət
bildirir ki, Azərbaycanda fikir azadlığı və media
azadlığı üçün demək olar ki,
"bütün gərəkli şərait yaradılıb.
Söhbət dövlətin bu yöndə
üzərinə düşəni etməsindən gedir.
Yəni bu gün hətta bizi tez-tez tənqid etməyə
alışmış bir çox beynəlxalq təşkilatlar
belə, ölkəmizdə ifadə və media
azadlığı məsələlərində yetərincə
yüksək standartlara uyğun hüquqi bazanın
mövcudluğunu etiraf edirlər. Bu, məsələnin
bir tərəfidir və yaxşı göstəricidir. Ancaq təəssüflər olsun ki,
yaradılmış əlverişli şəraitdən
sui-istifadə halları da yox deyil. Ölkəmizdə
elə kəsimlər var ki, onlar fikir və media
azadlığından çox zaman şəxsi nəfslərini
təmin etmək, hətta arzuolunmaz kampaniyalar aparmaq
üçün istifadə edirlər. Bu
baxımdan deyərdim ki, ölkə mediasının ictimai məsuliyyətini
anlamadığı hallar da az deyil". Bu baxımdan
yeni media ilə bağlı vəziyyəti də şərh
edən Azər Həsrətin fikrincə, yeni mediada ictimai məsuliyyət
məsələsi ənənəvi media ilə müqayisədə
daha bərbad durumdadır: "İstər ana dilimizdən
istifadə məsələsində, istərsə də
jurnalistikanın qızıl prinsiplərinə sədaqət
baxımından yeni media çox zaman xeyli geridə qalır. Təbii ki, bu da zamana bağlı məsələdir
və yəqin ki, artıq yeni media sahəsində də
özünütənzimləmə prosesini başlamaq
lazımdır. Düşünürəm
ki, bu yöndə Mətbuat Şurasının üzərinə
əlavə vəzifə düşür".
Bu sahədə
konkret yeni media ilə bağlı qanunun qəbulunun lazım gəlib-gəlməməsinə
toxunan ekspert bildirir ki, yeni media ilə bağlı qanunun qəbulu
ilə bağlı hələlik ciddi bir addım
atılmayıb: "Amma düşünürük ki,
artıq belə təşəbbüslərin zamanı
çatıb. Burada söhbət yeni media sahəsində
hansısa məhdudiyyətlərin tətbiqindən getmir.
Bizim istəyimiz yalnız odur ki, yeni mediadakı
hərc-mərclik aradan qaldırılsın. Bunun üçünsə, təbii ki, bəlli bir tənzimləyici
sənədə ehtiyac var".
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 27 yanvar.- S.15.