Söz və mətbuat
azadlığı demokratik
cəmiyyətin əsas göstəricisidir
Son illər cəmiyyət həyatının
bütün sahələrində əsaslı
keyfiyyət dəyişiklikləri hiss olunur. Bu mənada ölkə mətbuatı, KİV sahəsində
görülən işlər, həyata keçirilən tədbirlər
xüsusi qeyd edilməlidir.
Ümumiyyətlə, Azərbaycan XX əsrin 90-cı illərində
tarixində ikinci dəfə müstəqillik
əldə etdikdən sonra mətbuata, onun sərbəst, müstəqil şəkildə
fəaliyyətinə diqqət artdı. Qeyd
edilən istiqamətdə müsbət tendensiya
günümüzdə də davam edir.
Millət vəkili Rəfael Cəbrayılov deyir ki, respublikamızın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Parlamentari hesab edir ki, mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır: "Əslində, bunu müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğal olunan bir dövlətdə xalqın milli maraqları tələb edir. Digər tərəfdən, bu gün demokratik cəhətdən özünün ən yüksək inkişaf mərhələsinə çatmış bir çox dövlətlərdə də müharibə şəraitində medianın milli maraqları nəzərə alması, xüsusən də hərbi sirrin yayılmaması ilə bağlı sərt hüquqi və mənəvi normalar mövcuddur. "Dövlət sirri haqqında" qanuna əsasən, Azərbaycanda da hərbi sirrlərin yayılmasına yol verilmir. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda yayılması məhdudlaşdırılan informasiyaların dairəsi dəqiqliklə göstərilib. Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanunun 1-ci maddəsinə əsasən, (Əsas anlayışlar) "dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır". Qanunun tələbinə əsasən dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir. Həmin qanun dövlət sirrini mühafizə etməyə məsul şəxsləri və icra strukturlarını, hərbi sirr təşkil edən məlumatları sadalayır, eyni zamanda, milli qanunvericiliyimiz bu sirrin yayılmasına görə məsuliyyət müəyyən edir. Hazırda bir çox ölkələrdə hərbi sirlərin mətbuatda yayılması cinayət hesab edilir və qanunla cəzalandırılır. Hələ II Körfəz müharibəsi zamanı ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell Qətər dövlətindən "Əl-Cəzirə" telekanalının müharibə haqqında informasiyalarına nəzarət edilməsini xahiş etmişdi. ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polisin qara dərili gənci öldürməsi geniş etirazlara səbəb oldu. ABŞ hakimiyyətinin həyata keçirdiyi tədbirlər göstərdi ki, bu ölkədə sosial narazılığı artıran materiallardan söhbət getdikdə, media əməkdaşlarının informasiya əldə etmək və yaymaq hüququ daha sərt şəkildə məhdudlaşdırılır, jurnalistlər təzyiqlərə, həbslərə məruz qalırlar. KİV-lərin ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Bu baxımdan ölkə mediası Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməlidir. Əlbəttə, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr nisbətən fərqli mahiyyət kəsb etməlidir. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Yayımlanması qanunla tənzimlənməyən xəbər milli maraqlara xələl gətirirsə, onun yayılması mənəvi-etik baxımdan yolverilməz sayılmalıdır. Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri isə tamamilə obyektiv xarakter daşıyır.Daha dəqiqi, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir. Bütün bunlar da sırf peşəkarlıqla bağlı məsələlərdir. Azərbaycanda jurnalist adına iddia edən təbəqənin peşəkarlıq səviyyəsinin lazımi səviyyədə olmaması etiraf olunası reallıqdır. Dövlət başçısı İlham Əliyev də çıxışlarında bu məqama xüsusi diqqət çəkmişdir. Söhbət ondan gedir ki, Azərbaycanın inkişafının hazırkı mərhələsində mətbuatın keçid dövrü üçün xarakterik olan bəzi ziyanlı vərdişlərdən əl çəkə bilməməsi, fəaliyyətində qeyri-obyektivliyə, qərəzə, tərəfkeşliyə yol verməsi, qanunların aliliyini gözləməməsi cəmiyyətdə ciddi narahatlıqlar doğurur.Mövcud vəziyyət həm də qeyri-sağlam rəqabətlə şərtlənir. "Yağışdan sonrakı göbələk" kimi artan çoxsaylı internet saytları, qəzetlər oxucu auditoriyası toplamaq üçün yalan, əsassız, sensasiya xarakterli "xəbər"lərə, daha dəqiqi, dezinformasiyalara geniş yer verirlər. Lakin bu rəqabət keyfiyyətsiz, qeyri-obyektiv, müxtəlif mənbələrdən dəqiqləşdirilməmiş, qərəzli, qanunların tələblərinə, milli maraqlara zidd "məhsul"un istehsalı və yayımı hesabına aparılmamalıdır. Nəzərə almalıyıq ki, hazırda bütün planeti öz təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə təhdidlər də doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi aşınma prosesinə rəvac verə bilər. Milli mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunması zərurəti həm də müxtəlif dünyagörüşü və həyat tərzlərinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə bağlıdır. Xalqımız yalnız zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyətini qorumaqla gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər. Lakin bu proseslərdə heç də bütün kütləvi informasiya vasitələri yaxından iştirak etmirlər. Bəzən mətbuatda Azərbaycanın mənəvi-əxlaqi dəyərləri ilə uzlaşmayan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən yazılara rast gəlinir. Yəni mətbuat ictimai rəyi mütərəqqi ruhda kökləmək əvəzinə, əks mövqe tutur, cəmiyyət qarşısındakı məsuliyyət hissini, vəzifələrini unudur". Millət vəkili deyib ki, yaranmış vəziyyət hərbi sirrlərin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsini tələb edir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25 sentyabr 2014-cü il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Belə bir sərəncamın imzalanması təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə təyinatlı obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədi daşıyır. Sərəncama əsasən, "Müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının yaradılması və hərbi birliklərə, hissələrə hamilik haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 9 yanvar tarixli 667 nömrəli Fərmanına uyğun olaraq yaradılan müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədi ilə həmin zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görməlidirlər.
Yeni dünya düzəninin diktə etdiyi qaçılmaz reallıqlar fonunda hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun təbii-bioloji ehtiyatlarından, iqtisadi potensialından, dünya siyasətindəki rolundan asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Milli təhlükəsizlik problemi özlüyündə mürəkkəb struktura malik olmaqla, dövlətin milli maraqlara hədəflənən müstəqil və qətiyyətli siyasət yürütməsini, habelə ictimai quruluşun, insan hüquq və azadlıqlarının qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini özündə ehtiva edir. Bu mənada, yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə bütün məsələlərin inzibati yolla tənzimlənməsinin qeyri-mümkünlüyü nəzərə alınmaqla, jurnalistlərin xəbər yayımında ehtiyatlı davranmaları, bu zaman milli təəssübkeşlik mövqeyi nümayiş etdirmələri yeni dövrün diktə etdiyi obyektiv reallıqdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 28-30 yanvar.- S.15.