Azərbaycan mətbuatı
inkişaf dövrünü
yaşayır
Ənənəvi
media ilə yanaşı, onlayn
media və sosial şəbəkələr
də inkişaf edir
Məlum olduğu kimi demokratik cəmiyyətlərin hərtərəfli
inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri
də fikir və söz
azadlığının təmin olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və
aşkarlığın, insan
haqlarının mühüm amillərindən
sayılır. Azad söz,
azad mətbuat olmayan
ölkədə demokratik təsisatlardan da danışmaq əhəmiyyətsizdir.
Etiraf edilməlidir ki, Azərbaycan dövləti mətbuatın hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikir və söz azadlığını təmin edib. Ölkədə azad mətbuatın hüquqi bazası formalaşıb. Amma bu o demək deyil ki, söz azadlığı sahəsində, mətbuatda heç bir problem yoxdur. Mətbuat cəmiyyətin bir hissəsi olduğundan, bu sahə də problemlərdən xali deyil. Buna baxmayaraq ölkədə həyata keçirilın tədbirlər nəticəsində mətbuatın hərtərəfli inkişafı üçün lazımi addımlar atılır. Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qazet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır. Hələ 6 avqust 1998-ci ildə ümumilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatında söz və fikir azadlığının qanunvericilik bazasının əsasını təşkil etmişdi. Ulu öndərin bu Fərmanı Azərbaycan Respublikasında mətbuata dövlət qayğısını, müstəqil kütləvi informasiya vasitələrinin inkişafını, vətəndaşların fikir, söz və məlumat azadlığın təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin insan hüquqlarına dair 1948-ci il 10 dekabr tarixli ümumi bəyannaməsində, mülki və siyasi hüquqlar haqqında 1966-cı il 16 dekabr paktında, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il 4 noyabr tarixli Avropa konvensiyasında və Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, 50-ci və 71-ci maddələrində elan edilmiş prinsiplərin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərin səmərəliliyini artırmaq məqsədi daşıyırdı. Bəs, hazırda necə, söz və fikir azadlığı baxımından ölkə mətbuatının hazırki durumunu yetərli hesab etmək olarmı? Azərbaycan mətbuatının inkişafda olduğunu deyən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, mühüm olan olan budur ki, Azərbaycanda azad medianın inkişafı üçün həm hüquqi, həm də iqtisadi baza mövcuddur. Həmsöhbətimiz qeyd etdi ki, media qanunu, həmçinin, informasiya alınmasına və yayılmasına həm birbaşa, həm də dolayısı ilə aidiyyatı olan bütün qanunlar beynəlxalq standartlara uyğunlaşdırılıb: "Qalır bu hüquqi bazadan, bu münbit şəraitdən istifadə edib normal fəaliyyət qurmaq. Media cameəsi bu hüquqi bazadan necə istifadə edir? Bu artıq başqa bir məsələdir. Təəssüf ki, Azərbaycanda medianın fəaliyyətini tənzimləyən qanunvericiliyin demokratikliyindən təkcə peşəkarlar deyil, həm də bu sahəyə təsadüfi, yaxud, fərqli məqsədlər üçün gələnlər də faydalanmağa çalışırlar. Burada artıq problem yaranır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda media siyasiləşmiş mediadır, müxtəlif siyasi, iqtisdi qruplar bu sahədə olan nizamı pozmaqda iddialıdırlar. Paralel olaraq, "reket jurnalistika" deyilən qrup fəaliyyətdədir. Siyahını uzatmaq mümkündür. Amma fikrimcə, elə sadalananlar kifayət edir ki, Azərbaycan mediasının birmənalı şəkildə qiymətləndirilməsinin mümkün olmadığı isbatlansın. Qısa ifadə etsək deyə bilərik ki, azad, demokratik ruhlu medianın inkişaf meyli güclüdür, digər tərəfdən, siyasi hakimiyyət media azadlığının inkişaf etdirilməsinə yönəlik proqram gerçəkləşdirir ki, bu da medianın inkişaf tempinə əlavə stimul verir. Əgər medianın hazırkı durumunu müqayisəli təhlil etsək, son on ildə nə qədər böyük inkişaf yolu keçdiyimizi asanca müşahidə edə bilərik". Mətbuatda fikir, söz və məlumat azadlığının durumuna gəlincə, M.Ələsgərli vəziyyəti belə dəyərləndirib: "Beynəlxalq təşkilatların belə bir baxışı var ki, onlayn media alternativ fikir mənbəyidir. Müasir dövrün ifadə azadlığını internetsiz təsəvvür etmək imkansızdır. Azərbaycanda ənənəvi media ilə yanaşı, onlayn medianın, sosial şəbəkələrin inkişaf dövrü yaşanır. Azərbaycan o ölkələrdəndir ki, burada internetə dair xüsusi qanun yoxdur. Xüsusi qanun yoxdursa, deməli məhdudiyyətlər də yoxdur. İndi Azərbaycanda internetin inkişafdan qalması yox, infrat dərəcədə inkişaf etməsi, tam məhdudiyyətsiz olması narahatlıq doğurur. Bu faktın özü, ifadə azadlığının hansı mərhələdə olmasını aydın göstərir". Millət vəkili, professor Musa Qasımlı bildirdi ki, müstəqillik illərində Azərbaycan mətbuatı böyük bir inkişaf yolu keçib. Onun sözlərinə görə, həm çap, həm də elektron KİV-ləri özlərinin cəmiyyətdə yerini tutublar: "Son illərdə xüsusən elektron saytlar çap məhsullarını sıxışdırmağa başlayıb. Ölkəmizdə mətbuat azaddır, senzura mövcud deyil, jurnalist öz fəaliyyətində tamamilə sərbəstdir, ona hökm edən, "bunu yaz, onu yazma", "belə yaz, elə yazma" göstərişi verən yoxdur. Təbii ki, mətbuatda müxtəlif meyllər mövcuddur. Amma mənim fikrimcə, hansı ideoloji, siyasi baxışlar hakim olmasından asılı olmayaraq, mətbuat Azərbaycan dövlətçiliyinin keşiyində durmalı və müstəqilliyin müdafiəsi mətbuatımızın ana xətti olmalıdır". M.Qasımlı mətbuatda söz azadlığının durumuna toxunaraq bildirib ki, Azərbaycanda söz azadlığı toxunulmazdır və jurnalistlər istədiklərini yaza bilirlər, senzura və heç bir nəzarət mövcud deyil. Millət vəkili hesab edir ki, sadəcə bəzən mətbuatda söz azadlığından sui-istifadə hallarına rast gəlinir: "Mətbuatımızda senzuranın olmamasından istifadə edərək bəzən hətta dövlət-milli maraqlarımıza zidd olan fikirlərə rast gəlinir. Ayrı-ayrı şəxslər, məmurlar təhqir edilir, yalan informasiyalar yayılır. Bu, ölkəmizdə söz, mətbuat azadlığından sui-istifadə etməyin nümunəsidir. Hesab edirəm ki, jurnalistlər öz yazılarında məsuliyyətli olmalıdırlar". Xatırladaq ki, Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə edilməsi sahəsində müəyyən çatışmazlıqlar mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur. Xatırladaq ki, Azərbaycanın dövlət siyasətinin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynalxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir. Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşları vətənpərvərliyi yüksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə olmalıdır. Mətbuat Şurasının (MŞ) sədri, deputat Əflatun Amaşov deyir ki, mətbuatdan gözləntilər çoxdur: "Bu, həmişə belə olub. Əlbəttə, gözləntiləri doğrultmaq hər zaman mümkün olmur. Amma ümumən Azərbaycan mediası inkişafdadır. İnkişaf hansı səviyyədədir, təbii, konkret qiymətləndirmə meyarları da yoxdur. Burada obyektiv və subyektiv dəyərləndirmələr ola bilər. Düşünürəm ki, nə müsbət cəhətləri sadalayıb arxayınlaşmaq, nə də mənfi meylləri qabardıb bədbinliyə qapılmaq lazımdır. Mediamız bazar münasibətləri sistemində özünü yetərincə təsdiqləməyib. Bu onun özünümaliyyələşdirmə imkanlarına mənfi təsir göstərir" deyən Ə.Amaşov hesab edir ki, ancaq işini bazara uyğun tənzimləyən kütləvi informasiya vasitələrimiz də var. Dediyinə görə, son illər onların sayı artmaqdadır: "Bu baxımdan xüsusən onlayn medianı fərqləndirmək mümkündür. Digər tərəfdən, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti aparıcı xətti təşkil edir. Dövlət dəstəyi prinsip etibarilə ona yönəlib ki, media öz işini dövlət və cəmiyyət üçün prioritet olan məsələlərə kökləyərək qursun. İnkişafı şərtləndirən, ona təkan verən cəhətlərdən biri də budur. Media nə qədər cəmiyyətə yaxındırsa, cəmiyyətin problemlərinin həllini hədəf seçibsə, dövlət siyasətinin ictimailik faktorunu qabarda bilirsə, demək ki, inkişafdadır".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 31 avqust.- S.15.