Turizminin inkişafında

yeni mərhələnin başlanğıcı

 

Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və idarəetmədə islahatlarla müşayiət olunub. Prezidentin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılması da dövlət idarəetmə sistemində islahatların davamı, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyan çox mühüm bir qərar idi.

Dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyulan ilk vəzifələr mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi ziyarət məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması, turizm sektorunun sürətli inkişafının təşviq edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı idi. Bu baxımdan 2006-cı il ölkəmizdə mədəniyyət və turizm sahələrində inkişafın yeni mərhələyə qədəm qoyması ilə əlamətdar oldu. Ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələrinə böyük diqqət göstərildi, bu sahələrlə bağlı 600-ə yaxın fərman və sərəncam imzalandı. Mədəniyyət və turizm siyasətinin qanunvericilik bazası yeni sənədlərlə zənginləşdi, ayrı-ayrı sahələr üzrə dövlət proqramları qəbul edildi.

Mədəniyyətimizə diqqət və qayğıdan bəhs edərkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini vurğulamaq lazımdır. Mədəniyyətimizin himayədarı Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi mədəni irsimizin dünyada tanıdılmasında yeni üfüqlər açdı. 2007-ci ildə Qobustan qayaüstü rəsmləri, 2009-cu ildə Azərbaycan aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə xalçaçılıq sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə də Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESCO-nun müvafiq siyahılarına salınaraq ümumbəşəri irs statusu qazandı. Bu irs nümunələrimizlə bağlı fayllar Azərbaycanın birinci xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər əlaqədar qurumların birgə əməkdaşlığı ilə hazırlandı. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı (2009), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009), Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (2010) artıq ənənəyə çevrilərək müasir mədəniyyət tariximizə yeni səhifələr yazmışdır. Həmçinin Bakı Caz Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən, dünya musiqi xəritəsində Azərbaycanın adını tanıdan layihələrə çevrildi. Bu illərdə Azərbaycan musiqi sənəti ən müxtəlif janr və çalarları ilə dünya səhnələrini fəth etdi, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazandı. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə

2009-cu ildə Ü.Hacıbəylinin "Koroğlu" operası türkdilli ölkə sənətçilərinin iştirakı ilə tamaşaya qoyuldu, 2006-cı ildə Üzeyir bəyin "Arşın mal alan" operettası Vyanada, 2014-cü ildə Qara Qarayevin "Yeddi gözəl" baleti ilk dəfə ABŞ-da səhnə həyatı qazandı.

Bu gün dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, turizmin inkişafı üç başlıca məqama söykənir. İnfrastruktur, xidmət keyfiyyəti və təbliğat. Ölkə başçısı turizm sahəsini qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan etmişdir və ötən illərdə turizmlə bağlı həyata keçirilən layihələr bunun bariz göstəricisidir. Qusar rayonu ərazisində dövlət dəstəyi ilə regionun ən iri dağ-xizək turizm kompleksi - Şahdağ Turizm Mərkəzi yaradılmışdır. Qəbələdəki Tufandağ kompleksi də ölkədə qış turizminin inkişafına töhfədir. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası, 2011-ci ilin Prezident tərəfindən Azərbaycanda "Turizm ili" elan edilməsi də dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Ölkəmizin turizm imkanları hər il nazirliyin iştirakı, eləcə də sektor təmsilçilərinin dəstəyi ilə müxtəlif ölkələrdə onlarla turizm sərgisində nümayiş olunur. 2001-ci ildən etibarən Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) təşkil olunur. Turizm sənayesi imkanlarımızın tanıdılması məqsədilə dünyanın aparıcı telekanallarında reklam çarxları yayımlanır.

Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri də beynəlxalq turizm sərgilərində iştirakdır. Təkcə ötən il İstanbul, Dubay, Tokio, Berlin, Madrid, Nyu-York, London, Moskva, Paris və digər şəhərlərdə - ümumilikdə 18 beynəlxalq turizm sərgisində ölkəmizin milli stendi quruldu. 2016-cı il ölkəmizdə turizm sahəsində çox mühüm yeniliklərlə yadda qaldı. Sektorun qarşıdakı illərdə inkişafını stimullaşdıracaq fərman və sərəncamlar imzalandı. Dövlət başçısının 2016-cı il 1 iyun tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" fərmanına uyğun olaraq dekabrda "ASAN Viza" portalının təqdimatı keçirildi. Portal 2017-ci il yanvarın 10-dan tam gücü ilə fəaliyyətə başlamışdır. Viza prosedurunun sadələşdirilməsi nəticəsində 2016-cı ildə ölkəmizə gələn xarici qonaqların sayı 11 faizdən çox artdı. Ötən il xüsusilə ərəb ölkələrindən gələn turist sayında kəskin artımla yadda qalmış, bu ölkələrdən turist axını bir öncəki ilə nisbətən 8 dəfə, ayrıca Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 33 dəfə artdı. 2016-cı ildə 12 ölkənin (Körfəz ölkələri, Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya, İndoneziyas.) vətəndaşlarına hava limanlarında viza verilməsi təmin edildi. Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı və 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" xüsusi əhəmiyyətə malikdir. Atılan bu addımlar ölkə turizminin inkişafında yeni mərhələnin başlanması deməkdir. Sərəncama əsasən yaradılan Turizm Şurası bu sahədə Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirəcək. Sərəncamda Bakıda beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının ("shopping festival") keçirilməsi, ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdəki səfirliklərimizdə turizm nümayəndəliklərinin yaradılması, yeni əlverişli aviareyslərin açılması, çimərlik turizminin inkişafı, turizmrekreasiya zonalarının təşkili kimi məsələlər də öz əksini tapmışdır. Bütün bu müddəalar daha geniş şəkildə, konkret hədəf və fəaliyyət istiqamətləri göstərilməklə Strateji Yol Xəritəsində əhatə olunmuşdur. Bu proqram sənəd 2020-ci ilədək və ondan sonrakı dövr üçün ölkəmizin turizm sənayesinin hərtərəfli inkişafını nəzərdə tutur.

Turizm sənayesində 2016-cı ildə həyata keçirilən yeniliklərdən biri də "Tax free" sisteminin tətbiq olunmasıdır. Bu sistemin tətbiqi ilə xarici turistlərin ölkəmizdə daha çox alış-veriş etmələrinə müsbət təsir göstərəcək. Prezidentin 27 dekabrda imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərmanla "Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə" və Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq edilib. Sənəddə həmçinin "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxsin yaradılması və digər məsələlər əksini tapıb.

Ötən 11 ildə ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində mədəniyyət və turizm sahələrinin ahəngdar inkişafı eyni zamanda bu sahədə çalışan on minlərlə insanın, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin kollektivinin əməyinin göstəricisidir. Bu illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq göstəriş və tapşırıqlarının yerinə yetirilməsi, ölkəmizin zəngin mədəni irsinin, turizm imkanlarının daha da zənginləşdirilməsi və dünyada tanıdılması istiqamətində görülən işlər, əldə olunan nəticələr gələcəyə daha nikbin baxmağa əsas verir.

 

Məhəmməd

 

Olaylar.- 2017.- 31 yanvar.- S.12.