“Muğam ifa edəndə
özümü səmada
hiss edirəm”
Kamilə Nəbiyeva: "Biz hələki
ustadlarımızdan bəhrələnirik. Onlardan öyrənəcəyimiz
çox şeylər var"
Onu xüsusi
tanıtmağa fikrimizcə ehtiyac yoxdu. Səhnəmizin
düyməcik gözəlini, məlahətli səs sahibini,
özünəməxsus səhnə hərəkətləri
olan bu bəstəboy gözəli. 2011 - ci il keçirilən
Televiziya Muğam Müsabiqəsinin qalibi Kamilə Nəbiyevanı.
Onunla müsahibəyə bir az uzaqdan başladıq.
- Kamilə
xanım, əgər Muğam müsabiqəsi olmasaydı, biz
Kamilə Nəbiyeva adlı istedadlı ifaçı ilə tanış ola bilərdikmi?
-Təbii ki, yenə tanış olardınız. Amma Muğam müsabiqəsi biz gənclər üçün işıqlı qapı oldu və biz çox asanlıqla o qapını açıb, içəri daxil olduq. Amma düşünürəm ki, Muğam müsabiqəsi olmasaydı, mən bu zirvəyə çətinliklə gələrdim. Bəlkə, bu sənətə gəlişim 5 il, 10 il zaman alardı.
Muğam müsabiqəsini təşkil etdiyiniə görə, Azərbaycanın dəyərli irsinə sahib çıxdığına görə Birinci xanım Mehriban Əliyevaya öz adımdan dərin təşəkkürümü bildirirəm. Mehriban xanım və müsabiqədə əməyi olan hər kəs çox sağ olsun ki, bizlər üçün belə bir işıqlı yol açdılar. Biz də o yolda uğurla addımlamalıyıq. Hal - hazırda Ana televiziyamızda - AZtv - də solist kimi fəaliyyət göstərirəm. Bundan da çox qürur duyuram.
- Çox zaman valideynlər qız övladlarının sənətə gəlmələrinə mane olurlar. Sizdə bu mane nə dərəcə oldu?
- Mənə ən böyük dəstək ailəmdən gəldi. Atam Tahir Nəbiyev xanəndədi. İlk addımlarımı atamla atmışam. Anamın da gözəl səsi var. Segahı ilk dəfə anam öyrədib mənə. Ana babam gözəl tar ifaçısı olub. Nəsildən gəlir bu sevgi. Qardaşım babamın yolunu davam etdirir. Tarzəndi. İstedad da, dəstək də ailədən gəlib. Atam el şənliklərinə gedəndə, ağlayırdım ki, mən də oxumaq istəyirəm. Çox vaxt atamla duet oxuyurdum. Bacım da xanəndədi. Ailə qurub və bu səbəblə də sənətinə bir az fasilə verib. Həyat yoldaşı və özü - hər ikisi xanəndədi. Müəyyən müddətdən sonra yenidən səhnəyə qayıdacaq. Bacımın da gözəl səsi var. Onun da sənətdə uğurlarının olmasını arzulayıram.
- Əvvəlki
çıxışlarınızla indiki
çıxışlarınız arasında hansı fərqləri
görürsünüz?
-İnanın, bu günə qədər 1 - 2 ifam bəlkə xoşuma gəlib. Heç bir ifamı bəyənmirəm. Əvvəlki ifalarıma qulaq asanda istəmişəm ki, sosial şəbəkələrdən bütün ifalarımı silim. Özümə qulaq asanda hər zaman özümü danlayıram. Hamı deyir ki, sən öz gücünə bələdsən. Ona görə heç bir ifandan razı deyilsən.
- Müsabiqə
zamanı ustadınızın dəstəyini hər kəs, hətta
efir qarşısında izləyənlər belə
açıq - aydın hiss edirdi. Münsiflər demək olar
ki, sizin ifanızdan sonra hər dəfə Gülyaz xanıma
təşəkkür edirdilər. Müsabiqə bitdikdən sonra da onun hər zaman sizə olan dəstəyini,
sevgisini hiss edirik. Bu bağlılığın bu qədər
səmimi olması nədən qaynaqlanır?
-2003 - 2004 - cü illərdə Astara rayonunda uşaq muğam müsabiqəsində hər zaman bacımla birgə çıxış edirdik. İki il o müsabiqəyə bacımla birgə qatıldıq. Hər dəfə biz səhnəyə çıxanda Gülyaz xanım çox həyəcan keçirirdi. Və zarafatla deyirdi ki, gəlin yeri bacılara verək.
Gülyaz xanım atamın nömrəsini götürdü. İki - üç ildən sonra atamın telefonuna zəng gəldi. Zəng edənin Gülyaz xanım olduğunu biləndə çox sevindim və o qədər ağladım ki... Deməli o bizi unutmamışdı...
Gülyaz xanım atama mənim sənədlərimi təcili hazırlayıb Asəf Zeynallı adına musiqi kollecinə, ya da Bakı humanitar kollecinə verməyi məsləhət gördü.. Hər iki kollecdə dərs deyirdi və istəyirdi ki, mən onun tələbəsi olum. Həmin il sənədlərimi hazırladım və Bakı Humanitar kollecinə Gülyaz xanımın sinfinə daxil oldum. Üçüncü kursda oxuyanda Muğam müsabiqəsinin olacağını eşitdim və növbəti dəfə sənədlərimi hazırladım. Gülyaz xanım müsabiqə boyu və elə indi də mənə çox böyük dəstək verir. Bu tək müəllim, ustad dəstəyi deyil. Bu həm də bir ANA dəstəyidi. Beş ay müsabiqə boyu o məni öz evində saxladı. Hətta evində belə məni, səsimi qoruyurdu. Çox şadam ki, tanrı məni gözəl ustad, gözəl ana, rəfiqə ilə rastlaşdırdı. Hələ də Gülyaz xanımdan bəhrələnirəm. Təhsil aldığım İncəsənət Universitetində də Gülyanaq xanımın sinfindəyəm. Gülyaz və Gülyanaq xanım mənim həyatımın ən böyük şanslarıdı. Hər iki sənətkar mənim ustadımdı, mənə dayaqdı. Ömrüm boyu onlara minnətdaram.
- On, iyirmi ildən
sonra muğamımızı müsabiqədə qalib, laureat
olan xanəndələrə etibar edə bilərik? İndiki
ustadları əvəz edərək sizlər də Muğam
müsabiqəsində münsif kimi əyləşə bilərsiniz?
- Təbii
ki, bu proses hər bir insanın həyatında pillə - pillə olur. Hər kəs o zirvəyə ucalmaq istəyər.
Eləcə də mən. Əminəm
ki, digər sənət dostlarımda o cür xoşbəxt
anları yaşamaq istəyirlər. Bizlər hələki
ustadlarımızdan bəhrələnirik. Onlardan öyrənəcəyimiz çox şeylər
var.
- "Qəribəm"
mahnısı fikrimcə ən uğurlu ifalarınızdan
biridi. Qəribəm
deyə - deyə bütün qərib elləri gəzirsiniz.
Amerika səfəriniz haqqında məlumat verərdiniz, zəhmət
olamasa...
- Amerika səfəri
çox dəyərli, dünya şöhrətli sənətkarımız Alim
Qasımov və Fərqanə Qasımovanın dəstəyi
ilə reallaşdı. O məşhur rəqqası Mark
Morrisin qrupu ilə birgə "Leyli Məcnun" layihəsi
var. Çox gözəl, möcuzəvi bir quruluş
verilmişdi. Sentyabr, oktyabr aylarında həmin qrupun Azərbaycana gəlməsi
gözlənilir. İnşallah, hər kəsə
o gözəl quruluşu canlı görmək qismət olar.
Bu səfərdə mənimlə birgə digər
gənc xanəndə - Mirələm Mirələmov da
iştirak edirdi. Bizi bu layihəyə Alim
Qasımov seçib. Çox xoşbəxtik
ki, Alim müəllim, dəyərli sənətkarımız
məhz bizi layiq bildi. Bu bizim
üçün çox sevindirici haldı. Bu layihədə muğamımızla bağlı
bir yenilik də oldu. İfa etdiyimiz qəzəllərdə
bir, iki misra
ingilis dilinə tərcümə olunmuşdu. Muğamımızın
beynəlxalaq səhnələrdə daim zirvədə qalması
üçün bu çox gözəl təşəbbüsdü. Bu layihə ilə
bağlı iki dəfə Amerikada olduq. Birinci dəfə
sentyabr, oktyabr aylarında, beş ştatda
12 konsertlə çıxış etdik. Konsertlərimiz
çox uğurlu oldu. Sonuncu Amerika səfərimiz
isə yanvar ayının ilk günlərinə təsadüf
etdi. Nyu - Yorkda məşq etdik, konsert isə
Honovarda oldu. İnşallah, bu layihə hələ davam edəcək.
Yenidən Amerikaya səfərimiz gözlənilir.
- Alim müəllim və Fərqanə
xanımla bir səhnəni bölüşmək necə bir
hissdi?
- Alim Qasımov kimi sənətkarla bir dövrdə yaşamağın
özü böyük xoşbəxlikdi. Hələ
üstəlik onunla bir səhnəni bölüşmək
tamam başqa, sözlə ifadəsi mümkün olmayan
gözəl hissdi, duyğudu.
Bizim üçün Alim müəllim və
Fərqanə xanımla bir layihədə olmaq şərəfdi.
Düşünürəm ki, sənətçi
dostum Mirələm Mirələmov da mənimlə eyni fikirdədi.
- Qərb ölkələrində gənc
muğam ifaçılarına qarşı münasibət necədi? Yəqin ki, onlar üçün də
gəncləri görmək və eşitmək yenilikdi.
Düşünüəm ki, onlar da hər dəfə eyni səsi
və simaları görməkdən məmnun deyillər.
- İnandırım sizi bizim muğamı o qədər
diqqətlə dinləyirlər ki... və hədsiz çox
sevirlər. Olduğum ölkələr içərisində mənim
fikrimcə muğamımız ən çox Fransada sevilir.
Onlar sadəcə musiqini eşidirlər. Oxuduğumuz qəzəllərdən heç nə
başa düşmürlər. Hətta qəzəllərdəki
mənanı anlamasalar belə, dəfələrlə bizim
ifamız zamanı
ağladıqlarının şahidi olmuşam.
Azərbaycanımızı, mədəniyyətimizi qərib
ölkələrdə təqdim eləməkdən qurur
duyuram. Bu
günə qədər İtaliya, Fransa, Avstraliya, Amerikada 3 dəfə
olmuşam, İsveçdə, Makedoniya, Ukraynada, Səudiyyə
Ərəbistanında, Almaniya, Hollandiya və digər ölkələrdə
muğamımızı sevdirə bilmişəmsə
özümü çox xoşbəxt hiss edərəm. Olduğum hər bir ölkədə gənclərə
qarşı həmişə səmimi münasibət his
etmişəm.
- Bəzi professional sənətkarlara
nisbətən sizin orkestrlə yetərincə
ifanız var. Səsinizin və sənətinizin
gücünü göstərə bilirsiniz?
- Hər
xanəndə orkestrlə oxuya bilməz. Çox dəyərli
sənətkarlarımız - Şövkət xanım,
Rübabə xanım, Sara xanım hamısının orkestrlə
ifaları var. Səid Rüstəmov adına
Xalq şalğı orkestrı və Əhsən Dadaşov
adına "Xatirə" ansamblında Dövlət
televiziyası ilə birgə çox layihələrimiz var.
Bir müddət hamı elə düşündü ki, biz
artıq muğam ifa etmirik. Əslində bu bizim
üçün yenilik oldu. Orkestrlə ifa
asan deyil. Dövlət televiziyasının
solisti olduqdan sonra biz orkestrlə ifa etməyə
başladıq. Bu mənim
üçündə bir sınaq oldu.
- Orkestrlə ifa zamanı yaşanan
hisslərlə üçlüklə ifa zamanı yaşanan
hisslər arasında nə kimi fərq var?
- O hisslər
tamam başqa hisslərdi. Onu sözlə ifadə
eləmək çətindi. Hər
müşaiyətlə ifanın özünə görə
çətinliyi var. Bizim əsas işimiz bildiyiniz kimi
üçlükdən ibarətdi.Üçluklə ifa
etdikdən sonra orkestrlə ifa etməyin özü də
böyük cəsarətdi.
- Geyimləriniz hər zaman diqqət
çəkir. Bu diqqət qapalı və eyni
zamanda dəbi bir arada təqdim etməyinizlə
bağlıdı. Təbii
ki, geyimlərinizdəki gözəlliyi, uğurlu rəng
seçimini gizlətmək olmaz. Səhnə
geyimlərinizlə məşğul olan modelyeriniz varmı?
- Geyimlərim
üzərində
gənc və gözəl əl qabiliyyəti olan
Gülşən xanım çalışır. Çox istedadlı modelyerdi. Bir
çox sənətkarlar da onunla işləyir. Rəngləri özüm seçirəm. Təbii ki, Gülşən xanımla da məsləhətləşirəm.
Geyimlərimdə ən çox qırmızı rəngdən,
ən az isə qara rəngdən istifadə edirəm. Mən hər
zaman səhnədə və eləcə də gündəlik
həyatımda əsasən
dəbdə olanı deyil, mənə yaraşan geyimlərdən
istifadə edirəm. Mənim üçün dəb
mənə yaraşan geyimdi.
- Muğam sizin üçün
hansı rəngdədi?
-
Muğam ifa eləyəndə gözümü yumuram. Özümü səmada, ulduzların arasında
hiss edirəm. Bu hal məndə dəfələrlə
olub. Birdən ayılııb
özümü konsert salonunda görürəm
(gülür). Muğamımızı
yaşıl, qırmızı rəngə bənzədirəm.
- Sizin ifanızda türk musiqiləri
var. Bu
ifalarınız necə qarşılanır?
- Əslində birmənalı
qarşılanmadı.Çoxları yaxşı baxmadı. Amma mən
bunu bacarıramsa və özümdə o ifanı
görürəmsə niyə də etməyim? Uşaqlıqdan ən çox Türk
mahnıları ilə böyümüşəm.
İbrahim Tatlısəs ən sevdiyim sənətkarlardandı.
Heç kim mənim içimdəki bu istəyi
boğa bilməz. Heç vaxt
bacarmadığım işin qulpundan
yapışmamışam. Bacardığım
bütün ifaları edəcəm.
-Duet ifalarınız yetərincədi.
Ən çox hansı mahnınız sevilir?
-Daha
çox Mirələm Mirələmovla duet ifa etmişəm. Bizim ifamızda ən çox sevilən "Ay
qız" musiqisidi.
-Bir az da konsertdən
danışaq...
- İnsanı həyatıboyu arzuları müşaiyət
edir. Bir neçə arzum var həyatda. Onlardan biri bu yaxınlarda həyata keçdi. Konsertə gələn ustad qonaqlarım,
tamaşaçılarım hamısı konsertdən razı
qaldılar. Şükürlər olsun ki,
uğurlu konsert oldu. Konsert "Vətəni sevməyən
insan olmaz" adlı solo və Əliağa Sədiyevin
rəhbərliyi ilə həyata keçdi. Ürəyim
istəyən ifalarımı etdim. Hətta
türk ifalarım da oldu. Hamı təəccüblə
yanaşdı. Növbəti hədəfim isə
artıq Heydər Əliyev adına
möhtəşəm sarayda solo konsert verməkdi. Çalışacam ki, o arzumu da
reallaşdırım. Daha bir arzum isə
"Leyli və Məcnun" operasında Leyli obrazını
yaratmaqdı. Bu arzumun da reallacağını hiss edirəm.
Bu obraza özümü hazır hiss edirəm.
- Məcnun kimi görmək istərdiniz?
-
Çox vaxt Mirələm Mirələmovla "Leyli və Məcnun"dan
parçalar ifa etmişik. Onunla və ya operamızda
çalışan digər dəyərli Məcnunlarla -
İlkin Əhmədov,
Səbuhi müəllim və başqaları da mənim
sevdiyim xanəndələrdi.
-Sosial şəbəkələrlə
aranız necədi, səhifələrinizi özünüz
idarə edirsiniz?
-
Facebookda iki fan səhifəm var. Onları
tanıdığım dostlarım idarə edir. İnstagram səhifəmi isə özüm idarə
edirəm. Youtube - a bütün ifalarımı Almaniyada
yaşayan rəfiqəm Gülnar xanım yerləşdirir. Çalışıram ki, sosial şəbəkələrdən
uzaq olum. Tamaşaçılarımdan
çox razıyam. İfalarımın,
şəkillərimin altından heç vaxt məni incidəcək
sözlər yazmayıblar. Buna görə
özümə və tamaşaçılarıma minnətdaram.
Nigar
Olaylar.- 2017.- 31 yanvar.- S.13.