Litvada Azərbaycan yazarının
Qarabağ
mövzusunda əsərləri
nəşr edilib
Elçin Hüseynbəylinin
yaradıcılığında ağ və qara
Bu
yaxınlarda tanınmış Azərbaycan
yazıçısı, dramaturq və publisisti Elçin
Hüseynbəylinin "Boz eşşəyin məktubları"
adlı seçilmiş hekayələr toplusu Vilnüsdə
litvaca nəşr olunub. Kitaba müəllifin 1998-2014-cü illərdə
yazdığı 16 hekayəsi salınıb. Bunlardan
altısı - "Boz eşşəyin məktubları",
"Gözünə gün düşür", "İlk
öpüş", "Şimallı gəlin",
"Qocanın axdığı gün", "Qaracanın
qara başı" - Qarabağ savaşı mövzusunda qələmə
alınmış və diqqəti cəlb edən məşhur
əsərlər sırasına daxildir.
Əsərləri
orijinaldan Litva dilinə Dünya karay türklərinin
ünlü simalarından biri, görkəmli Litva ictimai-mədəni
xadimi və diplomat, Litvanın Azərbaycan və Türkiyədəki
sabiq səfiri, Azərbaycan Yazıçılar Birliyinin fəxri
üzvü Halina Kobetskayte və Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri, tanınmış ədəbiyyatşünas-araşdırmaçı,
publisist və mütərcim Mahir Həmzəyev tərcümə
ediblər.
Kitabda
ayrıca məqalədə yazıçının həyat
və fəaliyyəti haqqında ensiklopedik məlumatlar
verilib, həmçinin tərcüməçilər tərəfindən
yazılmış ön söz çap edilib. "Elçin
Hüseynbəylinin yaradıcılığında ağ və
qara" başlıqlı ön sözdə
yazıçının Azərbaycan ədəbiyyatının
inkişafına verdiyi töhfələr, milli söz sənətimizə
gətirdiyi ədəbi yeniliklər haqqında təhlillər
və ümumiləşdirmələr təqdim olunub.
Azərbaycan
yazıçısının Avropada necə təqdim
olunmasını bilmək üçün "Boz eşşəyin
məktubları" kitabına yazılmış ön
sözün tərcüməsini oxuculara təqdim edirirk.
Elçin Hüseynbəyli Azərbaycanın populyar yaziçi-dramaturqu və publisistidir. O, 1961-ci il dekabrın 23-də Azərbaycanın Cəbrayıl rayonunda doğulub. 1989-cu ildə E.Hüseynbəyli M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakultəsini fərqlənmə diplomu ilə bitirib. Bakıya qayıtdıqdan sonra o, uzun illər müstəqil mətbuatda çalışıb. Sonralar, özü dediyi kimi, aktiv jurnalistikadan çəkilib, çünki "jurnalistika iqtisadi qurumlardan çox asılı vəziyyə düşmüşdü və ondan alət kimi istifadə edirdilər".
Təbii ki, E.Hüseynbəyli publisistikadan əl çəkmədi və daha çox bədii yaradıcılıqla məşğul olmağa başladı. Onun publisistik əsərləri "Cənab XXI əsr" kitabında (2005) toplanıb. Bu ad rəmzi məna daşıyır, çünki E.Hüseynbəyli bir yazıçı kimi XXI əsrdə formalaşmağa başlayıb, halbuki ədəbiyyata Azərbaycanın milli dirçəlişi dövründə və müstəqilliyi ərəfəsində gəlib.
E.Hüseynbəyli 20-dən çox kitabın müəəlifidir. Onların arasında "Balıq adam"(2004), "On üçüncü həvari-141-ci Don Juan" (2007), "Şah Abbas" (2008), "Metro vadisi" (2009), "Yovşan qağayılar" ( 2005 və 2013), "Azıx" (2013), "Aişə" (2013) və s. kimi romanlar var. Yazıçı-dramaturqun "Fanatlar", "İki nəfər üçün oyun", "Labirint", "Axırı sakitlikdir", "İmperator ", "Adəm və Həvva", "Qaçaq qocalar" kimi pyesləri Azərbaycan teatrlarında oynanılmaqdadır. Yazıçının son romanı "Yenə iki od arasında" adlanır və Qarabağ tarixinə həsr olunub.
O, bir sıra yerli və beynəlxalq ədəbi ödüllərə layiq görülüb. Əsərləri ingilis, rus, fransız, ərəb, gürcü, alman, polyak, ukrayna, fars və s. dillərə çevrilib, Türkiyə, qazax, tatar və özbək türkcələrinə uyğunlaşdırılıb. Onun Litva dilinə tərcümə olunmuş bir neçə hekayəsi 2013-16-cı illərdə "Metai", "Literatūra ir menas", "Šiaurės Atėnai" və başqa ədəbi-bədii dərgilərdə nəşr edilib.
Elçin Hüseynbəyli oxuculara daha çox hekayələrilə tanışdır. Onun ilk hekayələri "Gənclik" və "Ulduz" jurnallarında çıxıb və axır illər sonuncu nəşrin baş redaktoru olub. Tənqidçilər qeyd edirlər ki, hələ ötən əsrin 90-cı illərində onun həm hekayə, həm də publisistik yaradıcılığında "təbii çılğınlıq və çeviklik özünü büruzə verirdi. Ədəbi prosesdə fərqlənmək istəyi və orijinallığı isə yazıçının öz üslubu və təhkiyəsi olduğunu göstərirdi".
Müasir Azərbaycan ədəbiyyatının məşhur söz ustalarından olan yazıçı Anar Elçin Hüseynbəylinin yaradıcılığına həsr etdiyi məqaləsində onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi kimi dəyərləndirərək vurğulamışdır ki, "...Elçinin timsalında ədəbiyyatımızda istedadlı, maraqlı, bənzərsiz, orijinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir..."
Elçin Hüseynbəyli erməni işğalı altında olan bölgədə anadan olduğuna görə Qarabağ mövzusu da ona çox doğmadır. Ona görə də yazıçının əsərlərində gerçəkliklə səsləşən dramatizm özünü göstərir. Amma yazıçının yaradıcılığında birbaşa müharibədən danışılmır. Bu əsərlərdə daha çox həyəcan, müharibədən əziyyət çəkmiş insanların əzabı, vətən həsrəti, öz yurdlarına qayıtmaq ümidi əksini tapır. Onu da qeyd etmək lazımdır ki, öz soydaşlarının hiss və duyğularına həssaslıqla yanaşan yazıçı erməniləri aşağılamır, amma onlardan incikliyi də unutmur. Müsahibələrinin birində yazıçı doğulduğu Cəbrayıl rayonunun Mahmudlu kəndində keçirdiyi uşaqlığından danışır. Gördüyümüz kimi yazıçının mentalitetinə lirizm və romantika məxsusdur. Baxmayaraq ki, müəllif uşaqlığı ilə çoxdan vidalaşıb, amma uşaqlığının keçdiyi kənd barədə uşaq sadəlövhlüyü ilə elə səmimi danışır ki, ona valeh olursan və ədalətsizliklə üzləşən insan qəlbinin kövrəkliyini duymaya bilmirsən. Bu emosional qat Elçin Hüseynbəylinin yaradıcılığının özəlliyidir və ona bir açardır. Ünlü ədəbiyyat tənqidçisi Vaqif Yusifli təsadüfən qeyd eləmir ki, Qarabağ mövzusunda yazdığı hekayələrdə insanın savaşla qarşıdurması dominantlıq təşkil edir. Və həmin insan ya işğal altında olan, susuz qalan, çiçəkləməyən armuda görə kədərlənir, ya kimsəsiz qalmış qoyun və eşşəyin dərdini çəkir, yaxud da nəyin bahasına olur-olsun öz doğma yurdunda dəfn olunmağa can atır.
Elçin Hüseynbəylinin Qarabağ mövzusunda yazdığı hekayələri "Ağ-qara" kitabına (2014) nahaqdan salınmayıb. Kitabın adını izah edən müəllif yazır ki, "kitabın adı təsadüfi seçilməyib. Ağ-qara yazıçının ovqatını əks etdirir. "Ağ hekayələr"i oxuyanda adamın bir gözü ağlayır, biri gülür, "qara hekayələr"i oxuyanda isə adamın ürəyindən qara qanlar axır. Hər bir halda bu yazılar doğma Qarabağ haqqındadır: onun indiki ağrı-acıları, xoş xatirələri ilə birgə". Ən başlıcası isə, həm "ağ", həm də "qara" hekayələrdə sönməz bir ümid işığı yanır ki, Qarabağdan qovulmuşlar nə vaxtsa mütləq doğma yurdlarına qayıdacaqlar...
Bu kitaba Elçin Hüseynbəylinin öncələr Litvada nəşr olunan, eləcə də ilk dəfə çevrilən hekayələri daxildir və onların bəziləri bayaqdan söhbət etdiyimiz mövzuya həsr olunub: "Boz eşşəyin məktubları", "Gözünə gün düşür", "Qocanın axdığı gün", "Qaracanın qara başı", "Qoca və Araz"...
Müharibə ilə birbaşa bağlı olmasa da, E.Hüseynbəyli başqa hekayələrində də Qarabağ mövzusuna toxunur. Məsələn, "Şimallı gəlin". Doğrudan da bu hekayələri oxuyarkən bir gözün ağlayır, o biri gülür. Bu effekt təkcə əsərlərin mövzusu, qəhrəmanların xarakteri ilə bağlı deyil, həm də müəllifin təhkiyəsilə əlaqədardır.
Elçin
Hüseynbəylinin ilk hekayələri əyani şəkildə
nümayiş etdirdi ki, onlar Azərbaycan ədəbiyyatında
mövcud olan təhkiyəçilikdən çox fərqlənir.
Həmin təhkiyəçilikdə hadisələr
ardıcıllıqla göstərilir və bir-birilə
sıx bağlıdır. Amma yeni nəslin təmsilçisi
olan E.Hüseynbəylinin hekayələri yığcam cümlələrlə
yazılır, sanki teleqraf cümlələridir və
atılıb-düşürlər. Ona görə də mətn,
elə bil, kəsilə-kəsilə gedir, yaxud titrəyir.
Müəllif hekayələrini kino dilinə salır, montaj
edir. O, müxtəlif "kadrları" bir-birinə
yaxınlaşdıraraq, oxucuya düşünmək, hadisələri
təkbaşına izləmək imkanı yaradır. Müəllif
öz kino təcrübəsini oxucularla da
bölüşür. Məsələn, "Şimallı gəlin"
hekayəsində o, istehzayla oxucuya xatırladır ki, belə
bir süjetə hansısa bir filmdə rast gəlib. Ümumən,
istehza və özünü istehza müəllifin üslubu
üçün xarakterikdir. O, oxucunu hadisələri müəlliflə
birgə, özü də kənardan, izləməyə dəvət
edir. "Sevgi oyunları"nda, "O gözəllər ki,
vardı" hekayələrində olduğu kimi. Müəllif
qəhrəmanın komik hərəkətilə ciddi hərəkətini
eyniləşdirməkdən çəkinmir. Bu, oxucuya təhtəlşüur
düşünmək, oxu prosesini sürətləndirmək,
hətta təhkiyəçiyə gülmək imkanı
verir. Qəhrəmanlara və oxuculara məhəl qoymayan
yazıçı nəinki onların arasında, hətta
özü ilə obraz arasında məsafə saxlayır,
sanki göstərmək istəyir ki, onun qəhrəmanları
başqa dünyada, ən azı başqa bir məkanda və
zamanda yaşayırlar. Müəllifin bu istəyi
üzündən qəhrəmanların bəziləri həddən
artıq rasional görünürlər, bəzən süni təsir
bağışlayırlar, ziddiyyət təşkil edirlər,
məlum hadisələr təkrar olunur.
Orijinalda
yazıçının dilində bəzi kobud ifadələrə
rast gəlinir, bir regiona aid dialektdən istifadə olunur ki,
onlar da tərcüməyə yatmır. Buna axmayaraq,
Elçin Hüseynbəylinin hekayələri litva
oxucularının qiraət palitrasına zəngin çalar
qatır.
Son 25 ildə,
demək olar ki, Azərbaycan və Orta Asiya yazarlarından
heç kimin əsəri litva dilinə tərcümə edilməyib.
Nə orijinal Litva ədəbiyyatında, nə də tərcümə
olunmuş əsərlərdə Qarabağ mövzusu ilə
bağlı heç nə yoxdur. Tək-tük yazılara rast
gəlmək olar ki, onlarda da insan faciəsinə milli prizmadan
baxılmır. Elçin Hüseynbəyli isə bu
mövzulardan qaçmır. Bu istehzalı münasibət
"Qara çadralı qadın", "Şimallı gəlin",
"Nənəm, babam və kommunizm" hekayələrində
də var. "Şimallı gəlin" hekayəsində
müəllif azərbaycanlı oxuculara üzünü tutub
deyir ki, "bu, bir azərbaycanlı kimi" sizə xüsusən
lazımdır. Elçin Hüseynbəylnin hekayələrini
oxuyarkən, qismən də olsa, Azərbaycan ədəbiyyatından
xəbər tutur və xalqın hazırkı durumunu təsəvvür
edirik.
Qeydlərimizi
tanınmış ədəbiyyatşünas və tənqidçi
Vaqif Jusiflinin belə sözlərilə tamamlamaq istərdik:
"Ədəbiyyatda istedad başlıca amildir, ancaq
istedadlı olduğunu sübut eləmək üçün
bir az da cəsarətli olmaq lazımdır və Elçin
Hüseynbəylidə bu cəsarət dozası qədərincədir.
Bu cəsarət ona imkan verib ki, layiq olduğu yeri tutsun və
yazılarında da daxili azadlığını, sərbəst
söz demək missiyasını qoruyub saxlasın..."
Litva dilindən Litva Ədəbi
Tərcüməçilər İttifaqının
üzvü Mahir Həmzəyev
tərcümə edib.
Vilnüs - Bakı, mart 2018-ci il.
Olaylar..- 2018.- 31 mart.- 2 aprel.- S.13.