Milli-mənəvi dəyərlər və
müasirlik
Azərbaycanda bu siyasət uğurla
davam etdirilir
Milli dəyərlərimizin
qorunması və gələcək nəsillərə
çatdırılması bu gün daha çox aktual məsələlərdən
hesab olunur. Çünki milli dəyərlərimizin Azərbaycan
xalqının formalaşmasına təsiri böyük
olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində
də xüsusi rolu vardır. Milli-mənəvi dəyərlərimiz
xalqımızın simasında zaman-zaman yaşayıb və
bizi başqa millətlərdən fərqləndirib. Bəs bu
gün çox diqqət yetirdiyimiz, çoxmillətli Azərbaycan
xalqının mənəvi dəyəri dedikdə nə
başa düşülür?
Xatırladaq
ki, mənəvi dəyər özünün fiziki və mənəvi
varlığını qoruyub saxlamaq, yaşatmaq
üçün hər hansı sosial qrup və ya cəmiyyətin
əksər üzvlərinin doğru və lazımlı
olduğuna inanıb qəbul etdikləri ortaq
dünyagörüş, məqsəd, əxlaq normaları və
inanclardır. Bu gün dövlətin hər cür resurslardan
səmərəli istifadə yolları ilə
formalaşdırmağa çalışdığı
başlıca dəyərlər bunlardır: ədalətli
olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi
aşılamaq, qanunlara hörmət, dinə hörmət,
eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik,
yardımsevərlik. Vəkil Rövşən Qasımov deyir
ki, milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət
və incəsənət, milli ədəbiyyat, milli
özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz,
milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı,
etnos yaddaşını, millətin, xalqın
yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi
dəyərlərimizdir. Bir sözlə, milli olan bütün
nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər
sisteminə aiddir. Amma bu dəyərlər sistemi xalqın
yaddaşında və dövlət səviyyəsində təsbit
olunmazdan əvvəl Ulu Yaradan tərəfindən Qurani-Kərimdə
təqdim edilib: "Ey insanlar! Biz sizi bir kişi və bir
qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra
bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə,
sizi xalqlara və qəbilələrə ayırdıq.
(Hücurat-13)."Təsadüfi deyil ki, ümummilli lideri Heydər
Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən
önəmli ünsürlərindən biri olduğunu önə
çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə
ayrılmış cəmiyyət həm də milli-mənəvi
dəyərləri ilə seçilməlidir. "Dinimiz
xalqımızın milli-mənəvi sərvətidir"
sözləri onun dinə baxışını çox
gözəl bir şəkildə xülasə edir. O, dinimizin
ilahi əxlaqi dəyərlər sistemi olaraq mənimsənilməsinin,
xüsusilə gənclərin formalaşmasında müsbət
bir funksiya icra edəcəyini düşünürdü. Heydər
Əliyev Azərbaycançılıq dilindən, millətindən,
irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq
bütün ölkə vətəndaşlarını
ümumi vətən naminə həmrəyliyə dəvət
edirdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər
bir vətəndaşın bu torpaq üçün milli yiyəlik
hissi yaşamasını isə tolerantlığın bariz təzahürü
hesab edirdi. Əslində, dini və etnik tolerantlıq Azərbaycan
xalqının qanında, canında, kökündə var.
Milli ənənələrimizdə, mentalitetimizdə, habelə
sosial, mənəvi və dini düşüncə
laylalarımızı özündə yaşadan folklorumuzda
başqa dinlərə, millətlərə dözümlü
münasibət özünü yaşadır. Milli dəyərlərimizə
dərindən bələd olan görkəmli dövlət
xadimi Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi
yaşatmağı, təbliğ etməyi tövsiyə
edirdi. Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi
siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev
uğurla davam etdirir". Onun sözlərinə görə,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQIDK) ölkəmizdə yaşayan müxtəlif dini inanclara
sahib olan vətəndaşlarımız arasında mövcud
olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi
dəyərlərimizin qorunması və inkişaf etdirilməsi
vətəndaşlarımızda, xüsusən də
dindarlarda dövlətə inamın və dövlətçiliyimizə
dəstəyin formalaşdırılması üçün
son dövrlərdəki yenilikçi fəaliyyəti ilə əhalinin
razılığını qazanıb. Komitənin mərasimlərin
təşkili üzrə islahatlar, yerlədə, idarə və
təhsil ocaqlarında milli-mənəvi dəyərlərlə
bağlı tədbirlər konkretliyi ilə yadda qalıb:
"Mənəvi dəyərlər bu gün daha çox
ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət
qanunları kimi fəaliyyət göstərir. Adət-ənənə
ilə əxlaq arasında qırılmaz bağlılıq
var. Hər bir ənənə müəyyən əxlaqi məna
daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında
münasibətlərin pozulmasına, şəxsiyyətlə
kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ
gəlməsinə səbəb olur. Çünki milli-mənəvi
dəyərlər xalqın milli ruhunu, estetik ruhunu, estetik
duyumunu, sənətkarlıq qüdrətini özündə
yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin
mədəni irs olmaqla bərabər, eyni zamanda milli
özünəməxsusluğun ifadə vasitəsinə
çevrilib.
Xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətimizi bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq layihə, proqram yox, həyat tərzidir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur. Deyilən bu mənəvi dəyərlər dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər adət və ənənələr yaranır. Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tutulur. Belə bir faktı isə xüsusi vurğulamaq lazımdır ki, milli-mənəvi irsimizin qorunması və inkişafında H.Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehribam xanım Əliyevanın müstəsna rolu vardır. Müasir dövrdə ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də düşünülmüş şəkildə, ya da qərəzsiz - sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu ,məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənələri saxlamaq, hansı yöndə isə yenilikləri qəbul edib tətbiqinə nail olmaq düşünülmüş konsepsiya tələb edir. Bunu qəlizləşdirən məqamlardan biri də Qarabağ probleminin sülh yolu ilə həllinə çalışan Azərbaycan dövlətinin qarşısına atıla süni əngəllər, ikili standartlar, ölkənin hər sahədə sürətli inkişafına qısqanclıqdır".
Zəka
Olaylar.- 2018.- 4 aprel.- S.10.