Ömrümün Qarabağ səhifəsi
ikinci yazı
Kəlbəcər
Ərazisi
1936kv.km. əhalisi 64932 nəfərdir.
Ermənistanla ortaq sərhədi 109 kilometrdir. 128 kəndi var.
Şəhidlərin sayı - 965 nəfər, ö cümlədən
hərbi - 216 nəfər, mülki 249 nəfər. Qarabağ
savaşında göstərdikləri igidliklərə görə
iki nəfər Azərbaycanın milli qəhrəmanı
adına layiq görülmüşdür: Səfərov Sərdar
Mədət oğlu, Şükürov Şahlar Əvəz
oğlu. 02 aprel 1993-cü ildə erməni quldurları tərəfindən
işğal edilmişdir.
İSTİSU TABORU
Bu tabor
müvəqqəti olaraq İstisu sanatoriyasında yerləşdirilmişdi.
Tabora uzun illər Ukraynanın Krivoy-Roq şəhərində
yaşamış, ordakı ev-eşiyini, gözəl şəraitini
ataraq. Xocalı faciəsinin doğma dədə-baba yurdunda təkrarlanmaması
üçün Kəlbəcərə qayıdan polkovnik
Eldar Həsənov komandirlik edirdi. "Kəlbəcərlilər
doğma yurda qayıdırlar" başlıqlı
yazımda bu vətənpərvər hərbçidən bəhs
etmişdim: "Eldar Həsənov Kəlbəcərdə
dünyaya göz açıb. Sıldırımlı qayalar,
başı qarlı dağlar uşaqlığının ilk
həmdəmi olub. Kəlbəcərdə elə yüksəklik
olmazdı ki, ora Eldarın və yoldaşlarının
ayağı dəyməsin. Hər gün keçilməz
dağ yolları ilə neçə kilometrlərlə məsafə
qət edərək məktəbə gedib. Təhsilini əla
qiymətlərlə başa çatdırıb.
Bakının ali məktəblərindən birinə qəbul
imtahanı verərkən ona qarşı edilən
haqsızlıq, qeyri-obyektivlik onu doğma respublikamızdan
çox-çox uzaqlara salıb. Əsgəri xidmətini
başa çatdırdıqdan sonra ordu
komandanlığının təkidi ilə ali hərbi təhsil
almağı qərarlaşdırıb. Polkovnik rütbəsinədək
şərəfli bir həyat yolu keçib. Özünün
etiraf etdiyi kimi, Krivoy-Roq şəhərində sayılan, ən
hörmətli iki-üç nəfərdən biri olub.
Çoxlarının qibtə etdiyi gün-güzəran
yaratmışdı özünə. Vətənin bu
ağır, dar günündə təcrübəli hərbçi
kimi ona kəskin ehtiyac duyulduğunu hiss etmiş və iki
qızını həyat yoldaşının ümidinə
qoyaraq Kəlbəcərə üz tutmuşdu. Deyirdi ki, ermənilərin
Xocalıda törətdikləri misli-bərabəri
görünməmiş vəhşilikləri televizordan seyr edəndə
həmin gecə sabahadək yata bilməyib. Bir neçə
gün özündə olmayıb və sonda qəti qərara
gəlib ki, artıq Rusiyada qala bilməz. Kim zəmanət verə
bilər ki, erməni quldurları Kəlbəcərdə də
bu cür vəhşilikləri törətməsinlər.
Anası, bacıları, qohum-əqrəbası gözü
önünə gəlib. O günədək
yaşadığı rahat və təminatlı həyata bircə
anda son qoymağı qərarlaşdırıb və doğma
yurda - el-obasına dayaq olmaq, arxa durmaq üçün Vətənə
yollanıb..."
Biz orda
olanda E.Həsənov bir aydan çox idi ki, İstisudakı
taborun komandiri idi. Az vaxt ərzində həm qərargahın
özündə, həm də hərbi qaravulxanalarda ciddi
nizam-intizam yaratmış, hərbi qayda-qanunları tətbiq
etmişdi. Döyüşçülərdə elə bir
inam yaranmışdı ki, ermənilər Kəlbəcərin
sərhədlərini heç bir zaman poza bilməyəcəklər.
Onun
başçılıq etdiyi taborun əsgərləri
Sarıbulaq yüksəkliyinin, Sarıyerin, Dikyurdun, Yellicənin,
Ayrımın, Söyüdlünün və adları
yadımdan çıxan digər əhəmiyyətli
mövqelərin keşiyini sayıqlıqla çəkirdilər.
Nəinki mövqeləri qorumaq, bu yerlərə gedib
çıxmaq özü bir igidlik istəyirdi. Sərt
dönüşlü qayalar, kələ-kötür dağ
yolları, daşlı-kəsəkli dolanbaclar, rəngbərəng
çınqıl daşlar və bu daşların
arasından boylanmış zərif çiçəklərlə
süslənmiş çəmənlər... Yerlə
göyü birləşdirən qatı bir duman, sis vardı.
Bir qarış yolu belə seçmək mümkünsüz
idi. Sürücü təcrübəli olduğundan fəhminə
güvənmişdi məncə. Komandır taborda bizə isti
əsgər kürkləri verəndə etiraz etmişdik. Bu
an düşünürdük ki, əgər əynimizdə
bu kürk olmasaydı nə edəcəkdik? Şaxta adamın
iliyinə işləyirdi. Ən yüksək mövqeyə
çatmışdıq. Bu mövqedə
yaşadıqlarım cəbhə bölgələrinə səfərlərim
zamanı gördüyüm ən sərt və həm də
qürurverici səhnələrdən idi. Əlimdə qeyd dəftərçəm.
Amma əlim qələm tutmurdu soyuqdan. Gözüm vərəqləri
görmürdü. İnanılmaz bir duman vardı. Mövqedə
keşik çəkən əsgərlərin adlarını
belə qeyd edə bilmirdim. Amma yaddaşıma həkk edə
bilmişdim deyəsən bəzi şeyləri. Sarıbulaq
yaylağı deyilən yerdəki mövqeləri qoruyan əsgərlərin
soyuqdan tir-tir əssələr də dişləri bir-birinə
dəyərək "anamızı, bacımızı
qoruyuruq", - deyərək bizə əsgəri təzim vermələri
bu gün də gözlərim önündədir. Hava
şaxtalı olduğundan mövqelərdə növbə
dörd saatdan bir dəyişdirilirdi. Əsgərlərin
geyimləri isti idi. Bütün bunlar Dikyurdu özlərinə
ikinci ev seçmiş əsgərlərə
göstərilən qayğının təzahürü idi.
Amma yenə də fikrimiz o cəsur gənclərin yanında
könülsüzcəsinə onlardan ayrılıb digər
mövqelərə getmək məcburiyyətindəydik...
Onu da
deyim ki, komandirin müavini Müzəffər Əliyev bizi
taborda salamladıqdan sonra kəsə yolla gedərək ön
xətdə də bizi gülərüzlə
qarşıladı və buranı qoruyan igid əsgərlər
barədə xeyli məlumat verdi.
Biz orda
olarkən cəsur komandirin igid ardıcılları ilə
tanış olmaq imkanını da qaçırmadıq.
Müəllim Arif Hacıyev, mühəndislər Arif Məmmədov,
Müzəffər Əliyev, Elman Nəcəfov, Nizami Şəbrayılov
Bakıda, Akif Xələfov isə Mingəçevirdə
yaşayırdılar. Bir neçə aydır ki, doğulub
boya-başa çatdıqları Dağ Qılıclı kəndinə
gələrək cavanlarla birlikdə dədə-babalarının
uyuduqları müqəddəs torpağı azğın
düşməndən qoruyurdular. Eyni əqidəyə, eyni məsləkə
qulluq edən bu igidlər qələbənin
yaxında olduğuna varlıqları kimi inanırdılar. Dəstə
komandiri Sabir Mikayılov döyüşçülərdən
razılıq edə-edə söyləyirdi:
-Dəstəmizin
bütün üzvləri yaxınlıqdakı Dağ
Qılıclı kəndinin sakinləridirlər. Uzaq kəndlərdən
gələnləri dəstəyə qəbul etmirik.
Çünki əsgərlərin evləri nə qədər
onlara yaxında olsa, ailələri ilə əlaqələri
sıx olar, səngərlərdə daha
arxayınçılıqla keşik çəkərlər.
Kəndimizin əli silah tutan bütün igidləri sərhədlərimizi
göz-bəbəkləri kimi qoruyurlar. Vahid, Əli və
Mübariz, Eldar Bəşirov, Asif və Mahir Şirinovlar,
Müzəffər və Rövşən Əliyev
qardaşları, bölmə komandiri Mehman Alışov, onun
müavini Rafael Zamanov, 56 yaşlı müəllim
Əliş Hüseynov, Ərzəni Abasquliyev, Mahir Muxtarov,
Rafiq Orucov, Kərəm Həşimov, Rafiq Məmmədov hərbi
tapşırıqlara can-başla əməl edirlər. Həm
də onların hərəsi bir peşə sahibi olduğundan
ortamı maraqlı edə bilirdilər. Boş vaxtlarında,
istirahət saatlarında hərə bir musiqi alətində
bacardıqları musiqi nömrələrindən
çalıb oxuyurdular. R.Əliyev Kəlbəcər rayon mədəniyyət
evinin "Kilimarası" folklor ansamblının solisti idi.
1988-ci ildə İsraildə və İraqda, 1990-cı ildə
isə Türkiyədə keçirilmiş folklor
festivallarının laureatı olmuşdu. Onun sayəsində
döyüşçülər düşmən üzərinə
hücuma da zarafatlaşaraq, deyə-gülə gedirdilər.
SARIYER
QONAQLARINI
GÖZLƏYİR
sərlövhəli
bir yazım da vardı Kəlbəcər səfərimdən.
Ondan da bir qədər bəhs etmək istərəm.
Dəlidağın
gözləri qamaşdıran gözəlliklərini
heyranlıqla yaddaşımıza yığa-yığa
Sarıbulağa tərəf üz tutduq. "UAZ"
markalı maşın 20-30 kilometrlik yolu saat yarıma qət
edir. Dağın döşündən ən uca zirvəsinə
doğru ilan kimi qıvrılan yol nə qədər təhlükəli
olsa da, təbiətin gözümüz önündə
açdığı min bir gözəllik boxçası hər
şeyi üstələyir. Bir fikir beynimizə hakim kəsilir:
Bu cür gözəlliklər uğrunda həqiqətən
vuruşmağa da dəyər, qalib gəlməyə də...hətta...gerisini
yazmaq istəmirəm.
Sarıbulağın
yanındakı qaravulxanada bizi ən əvvəl bölük
komandiri, leytenant Akif Kamalov, onun müavini, baş leytenant Ramiz
Əhmədov və taqım komandiri, leytenant Ziyafət
Tağıyev salamladılar. Əsgərlərin dincəldikləri
çadırda əsl hərbi səliqə-sahman, təmizlik
hökm sürürdü. Döyüşçülərdən
Sarvan Ağalarov, Əli Şahnəzərov, İsmət
Qasımov, Məmməd Vəliyev, Cahid Novruzov növbəyə
tələsirdilər. Zirvədə hava şaxtalı
olduğundan növbə dörd saatdan bir dəyişdirilirdi.
Artilleriya komandiri Əvəz Abdullayev bizə "xoş gəldin"
deyəndən sonra giley-güzarını gizlətmədi.
Sarıbulaq yaylağına işarə edərək deyirdi:
-Bir-iki il
bundan əvvəl bulağın başında adam əlindən
iynə atsaydın yerə düşməzdi. Bir içim su
üçün növbələr uzanardı. Bu yerlər o qədər
toy-nişanın, şadlıq məclislərinin şahidi
olub ki... Aran rayonlarının çobanları
heyvanlarını buraya gətirərdilər. İndi isə
yalnız Kəlbəcər, Beyləqan və Bərdə
çobanları buradadırlar. Onların dağlarda
olmaları döyüşçülərə mənəvi
arxadır. Sağ olsunlar, hər həftə əsgərlərə
qurban kəsirlər. Amma Kəlbəcərin səfasını
dadıb cəfasından qorxanlara üzümü tutub demək
istəyirəm: - Heç nədən çəkinməyin,
buraların müdafiəçiləri sərhədlərimizi
göz bəbəkləri kimi qoruyurlar. Həmişəki kimi
gəlib həm dincəlsinlər, həm də
döyüşçülərə mənəvi dayaq
olsunlar. Yoxsa, müharibə qurtarandan sonra yenidən buralarda
dincəlməyə üzləri gəlməz.
Azərbaycan
Dövlət Tibb Universitetinin 5-cü kurs tələbəsi,
Göyşəli Məqsəd Məmmədov isə həm
döyüşür, həm də əsgər və zabitlərin
sağlamlıqları qayğısına qalırdı.
Dəlidağın
zirvəsinə doğru qalxdıqca, ətrafımız
sis-dumana bürünür. Göz-gözü görməsə
də, sürücü maşını fəhmlə idarə
edərək bizi ən yüksəklikdəki mövqeyə
çatdırır. İyul ayının sonları
olmasına baxmayaraq, burada havanın temperaturu müsbət 3 dərəcə
ancaq olardı. Orduya yeni çağırılmış əsgərlərdən
Zabil Məhərrəmov. Cümşüd Şahbəndəyev,
Musa İbrahimov, Yusif Məsimov, Qələndər Zeynalov,
Üzeyir Həsənov soyuqdan bumbuz olsalar da, bizi hərbi
qaydada salamlayır və sərhədlərimizi göz bəbyi
kimi qoruyacaqlarını bildirirlər. Biz də
apardığımız kiçik sovqatları əlbəəl
əsgərlərə veririk və arxa cəbhənin daim
onları düşündüyünü nəzərlərinə
çatdırırıq.
Şaxtalı
havaya rəğmən dağın başına məxmər
kimi döşənmiş növbənöv çöl
çiçəkləri bura özgə bir gözəllik
verir. Təbiətin yaratdığı bu zərif güllər
əsgərlərin ən yaxın həmdəmidir.
Dözümlülük, mərdlik dərsini sanki bir-birinə
öyrədirlər. İnam və iradə olan yerdə isə
bütün çətinliklərə sinə gərmək
mümkündür.
Qayıtmaq
vaxtı idi. Yolumuzu çobanlar kəsir. Bərdəli Yusif
İmanov və Kəlbəcərdən olan Eyyub Məmmədov
gəlişimiz naminə qurban kəsmək istəyirlər.
Savaş başlayandan burada gördüyümüz ilk
qadınlarsız deyirlər. (Mənimlə BDU-nun baş elmi
işçisi Elvina Usubovamı nəzərdə tuturdular).
Vaxtın azlığını səbəb göstərərək
qurban kəsimini növbəti gəlişimizə saxlayır
və vədələşib ayrılırıq. Ürəyimiz
dağlarda, gecəsini gündüzünə qataraq
torpaqlarımızın keşiiyini çəkən mərd
döyüşçülərdə qalır. Bizə
rahatlıq verən başlıca nüans isə doğma
yurddan uzaqlarda yaşayan əksər kəlbəcərlilərin
dədə-baba ocaqlarına geri dönmələri, əsgərlərlə
çiyin-çiyinə sərhədləri qorumaları idi.
Qəlbimizi
sıxan hallarla da şox rastlaşmışdıq.
Baxımsızlıq ucbatından axaraq Tərtər
çayına tökülən İstisuyun, dağların
döşünə səpələnmiş müxtəlif
növ qiymətli daşların, yamaclarda bitən
saysız-hesabsız dərman otlarının, qızıl
ehtiyatlarının qayğısına qalacaq və bu sərvətlərdən
kəlbəcərlilərin yaşayış səviyyələrinin
yüksəldilməsi
üçün istifadə edəcəklər.
Bütün bunların qələbəmizdən sonra
olacağına elə inanmışdıq ki...
KƏLBƏCƏRƏ YENƏ
GEDƏCƏKDİM...
Kəlbəcərdə
olarkən müxtəlif zümrədən olan insanlarla
qarşılaşdıq. Amma onların hamısını birləşdirəcək
şeylər vardı: bulaq suyutək təmiz və şəffaf
qəlbli, dağ vüqarlı, əzəmətli və qeyrətli...
Saflığın içindəydik,
dürüstlüyün, gerçəkliyin, sədaqətin
bariz nümunəsi olan bu dağ adamlarından ayrılmaq istəmirdik.
Qəribə bir rahatlıq çökmüşdü
içimizə, təsvirə gəlməz hisslər vardı
qəlbimizdə. Amma ən qısa zamanda geri dönəcəyimizə
söz verib istəmədən, könülsüz olaraq Kəlbəcərdən
və kəlbəcərlilərdən, buranı qoruyan
döyüşçüləərdən və hərbçilərə
maddi və mənəvi dayaq olan əhalidən
ayrıldıq... Məşhur bir nəğmədə
deyildiyi kimi: "Ayrıldıq, ayrılmaq istəmədən
biz"...
Amma vədimizə əməl edə bilmədik. Çünki yağı düşmən bizdən çevik tərpənmişdi. Onlar bizim istəklərimizi də belə içimizdə boğmağı bacardılar. Amma... bu hələ son demək deyil ki... Laqeydliyimizlə, soyuqqanlılığımızla, biganəliyimizlə və vecsizliyimizlə vidalaşmalı, gərəksiz bildiyimiz hər şeydən qurtulmalıyıq. Lazımsız şeyi atarlar, əzizləyib saxlamazlar...
Bu fikirlər, bu düşüncələr 25 il bundan öncəki hadisələrin təsirindən yaranmışdı. Qələmə aldığım yazılarım başdan-başa buna köklənmişdi. Ayrı cür düşünə də bilmirdik. Bütün bunlar azmış kimi 2014-cü ilin iyulunda Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyən Rusiya vətəndaşı Dilqəm Əsgərov, Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov erməni silahlı qüvvələri tərəfindən əsir götürülmüşlər. Güllələnərək öldürülən Həsən Həsənovun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn edilmişdir. İşğal altında olan Dağlıq Qarabağda keçirilən qanunsuz məhkəmə ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum ediliblər. Çox təəssüflər ki, onları doğma yurdlarına qaytarmaq hələ də mümkün olmamışdır.
Amma 25 ildir doğma torpaqlarımız
işğal altında olsa da, bu, Vətənimizin bir
parçası olan ərazilərimizdən vaz keçəcəyimiz
anlamına gəlməz. 25 il bizim üçün çox
uzun bir rəqəm olsa da, tarix üçün elə də
böyük zaman kəsiyi deyil. Möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin uzaqgörənliyivə
yürütdüyü düzgün siyasət nəticəsində
tezliklə torpaqlarımız erməni işğalından
azad ediləcək və biz əzəli-əbədi
torpaqlarımıza yenidən qovuşacağıq...
Əməkdar
jurnalist,
Qarabağ
Müharibəsi veteranı Əntiqə Qonaq yazır
Olaylar.- 2018.- 11 aprel.- S.14.