Qürbət ellərdəki vətənsizin son arzusu
Vətən nədi?
Vətən səni qoynuna alıb nəfəsini içinə
çəkən ana kimi əziz və doğma olan
torpaqdı, məmləkətdi. Vətən səndən
üz çevirməyən
diyardı. Vətən vətənsizliyin həsrətini
çəkənlər üçün cazibə qüvvəsidir. Vətənsiz
insan yad sularda üzüb, ancaq böyüməyən
balıq kimidi. Ayağını basdığın
torpağın məhrəmliyini canında hiss edirsənsə
demək ki, vətəndəsən, ana qoynundasan, nəfəsini ciyərinə çəkən
insanın ürəyinin başındasan.
Vətənsizlik isə torpağında gəzdiyin, yaşadığın ölkənin havasını udub, suyunu içsən də içində bir nisgil gəzdirməkdi. Ki... o nisgil bir ömür səni didib-parçalayır. Vətənsizlik alnında "mühacir" damğası olmaqdı. Qürbət çörəyini yeyir, amma başında vətən havası dolaşır vətənsizin - mühacirin. Arzusu, istəyi vətənə dönmək olar, olmasa, ölürkən son arzusu bir ovuc vətən torpağının qəbrinə səpilməsidir. Son nəfəsinə kimi bir arzusu olar mühacirin- vətənsizin: "xoş gəlmisən vətəninə" deyərək qarşılayan birisinin boynuna sarılmaq.
Zaman-zaman dünyanın müxtəlif yerlərinə mühacirət etmiş həmyerlilərimiz bu hisslərlə yaşayıblar, bu istəklə son nəfəslərini veriblər. Onların arasında məşhurlar da çoxdu, adlarını çəkmək istəmirəm. Amma bu yazıda Azərbaycanın məşhur şairi, maarifçisi, mənəvi sərvəti Seyid Əzim Şirvaninin mühacir nəticəsindən - Fatma Quliyevadan söhbət açacam. Bir zamanlar Şirvani demişdi: "Seyyida, ölmərəm, aləmdə səsim var mənim". Bəli, ölməz şairin doğrudan da səsi SÖZ olaraq təkcə Azərbaycanda deyil, dünyanın çox yerində eşidildi. Amma şair yəqin ki, yatsa yuxusuna da girməzdi ki, onun xələflərinin səsi, SÖZü yox, özləri dünyaya səpələnəcək, pərən-pərən düşəcəklər. İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə "vətənsizlik" statusunu qazanacaqlar.
Seyid Əzimin nəticəsi Fatma Quliyeva 1941-ci ilin fevral ayında Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Ana nənəsi Seyid Əzimin doğma qızı Seyid Fatma olub. Elə ona da ana nənəsinin adını qoyublar. Bu gün Fatma xanımın 77 yaşı var. Özbəkistan vətəndaşlığı olmayan 77 yaşlı Fatma Quliyeva Daşkənd şəhərində şəraiti olmayan bir yataqxanada "vətəndaşlığı olmayan şəxs" kimi uzun illər yaşayıb. Bu barədə 2013-cü ildə jurnalist Aida Eyvazovaya danışarkən deyib: "Ailəmizdə belə bir ənənə var idi. İndi də belədir. Biz ancaq azərbaycanlılarla ailə qururduq. Digər xalam Səadət isə 1938-ci ildə İrana sürgün olur. Anamı Düşənbədə Ərdəbilin Nəmin kəndindən olan Əminağa Əhəd olu Quliyevə ərə verirlər. Sonra müharibə vaxtı atam Əminağa müharibəyə getdi. Ordan əlil olaraq qayıtdı, Daşkənddə yaşayırdıq. Rəhmətlik atam babamın şerlərini bütün məclislərdə oxuyardı. Məni xalam Düşənbəyə aparıb yenə İrandan olan azərbaycanlıya ərə verdi. 1966-cı ildə Daşkənddə zəlzələ olanda anamgil köçüb gəldilər Düşənbədəki qohum-əqrabanın yanına. Sovet hökuməti o vaxt zəlzələdən ziyan çəkən insanlara mənzil verirdi. Bizimkilər yenə də Düşənbəni seçdilər. 1992-ci ildə Düşənbədə dava başladı. Evimiz-eşiyimiz əldən çıxdı. İncidirdilər bizi. İmkanı olan köçüb gedib özünə gün ağladı. Biz yenidən Daşkənddəki qohumların yanına qayıtdıq. Seyyid Fatma ilə Seyyid Həcərin də qəbirləri qaldı Düşənbədə.Yenə köçkünlük, yenə evsiz-eşiksizlik. Qaldıq kirayə evlərdə. Son olaraq sığınacaq kimi yataqxanada qaldıq".
Bu, bir azərbaycanlı qadının qürbətdə keçən ömrünün bəzi məqamlarıdı, alnına hopan tale yazısıdı. O, illərlə bu taledən qaçmaq istəyib, amma bacarmayıb, ona boyun əyib. Vətənsizlik havasını udub, vətənsizliyin suyunu içib, amma bir gün olsun delə azərbaycanlı olduğunu untmayıb, ana dilinə xilaf çıxmayıb. İçində bir istək cücərərək kök atıb. Ki... bir gün baba yurduna dönsün, Azərbaycan torpaqlarına qədəm bassın, vətən havasını udub, suyunu içsin.
Fatma xanım ziyalı bir qadındır. Ali təhsil alıb, Düşənbə Dövlət Universitetini bitirib, pensiyaya çıxana qədər məktəblərdə müəllim olub. Ona görə də yaşadığı ölkənin qanunlarına hörmət edib, kənar bir addım atmayıb. Bir gün Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə müraciət edərək, ona Azərbaycan vətəndaşlığının verilməsini və Daşkənddə evlə təmin olunmasını xahiş edib. Hörmətli səfir Fatma xanımı himayəyə götürüb, bir insan, bir həmyerli olaraq ondan köməyini əsirgəməyib. Təkcə mənəvi dəstək olmayib, həm də maddi yardımını əsirgəməyib, ona bayramlarda, xüsusi günlərdə sovqatlar göndərilməsini təşkil edib. Fatma Quliyevanın evsizlikdən dolayı illərdi çəkdiyi əziyyətlərinə son qoymaq üçün azərbaycanlı iş adamlarına müraciət edib. Səfirin müraciəti cavabsız qalmayıb. Azərbaycanda yaşayan xeyriyyəçilər Nazim Musazadə, Mirfalah Cabbarov və Cavid Səbzəliyevin dəstəyi nəticəsində Fatma xanım üçün Daşkəndin Sergeli rayonunda üç otaqlı mənzil alınıb. Fatma Quliyeva evinə köçərkən ona göstərilən bu dəstəyə, habelə dahi şair Seyid Əzim Şirvani irsinə diqqət və qayğıya görə səfir Hüseyn Quliyevə, iş adamlarımıza öz minnətdarlığını bildirib.
Seyid Əzim Şirvaninin xələfi indi rahat mənzildə yaşayır, amma onun içində bir nisgil, bir həsrət var: Azərbaycana gəlmək, burada son nəfəsini vermək. Fatma Quliyeva bu arzusunun reallaşacağına çox inanır, ümid edir:
-İnanıram ki, Azərbaycanın yeni seçilən Prezidenti İlham Əliyev səsimi eşidəcək, mənim Vətənə qayıtmağıma şərait yaradacaq və ən nəhayət mənim də, övladlarımın da qürbətdə keçən həyatına son qoyulacaq. Ümidimə söykənərək əminəm ki, Azərbaycanın dövlət başçısı ədəbiyyatımızın klassiki olan Seyid Əzim Şirvani nəslinin qürbətdə qalan xələflərinə sahib çıxacaq və biz tarixi Vətənimizə qayıdacağıq. İndi mən ahıl yaşdayam, daha qürbətdə qalmaq istəmirəm, məqsədim Azərbaycana, Şamaxıya getmək, Azərbaycan vətəndaşlığı almaqdır. Bir də Prezidentdən umacağım kiçik bir mənzildir, ailəmizin Azərbaycanda mənzil almağa imkanı yoxdur. "Ölüm haqdı" deyirlər, ulu babamın yatdığı qəbristanlıqda torpağa tapşırılmaq isə müqəddəs istəyimdi".
Səməd
Vurğun yazmışdı:
"Vətənsiz də insan olan
insan kimi yaşayarmı"?..
Züleyxa Nadir
Olaylar.- 2018.- 14-16 aprel.- S.13.