Regional proqramlar
Göyçay
rayonunda uğurla icra edilir
Respublikanın digər
regionlarında olduğu kimi Göyçay rayonunda da
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramları uğurla icra edilib. Proqramın icra
edildiyi son 14 il ərzində rayonda
geniş tikinti, quruculuq və abadlıq işləri
aparılıb, yeni istehsal, ticarət və xidmət obyektləri
inşa edilib, daimi iş yerlərinin açılması
istiqamətində bir sıra tədbirlər həyata
keçirilib. Təkcə "Regionların
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının dördüncü ilinin
yekunları ərəfəsində Göyçayda daxili
istehsalı artırıb, məhsul istehsalında əsaslı
dərəcədə artım qeydə alınıb.
Hesabat
ilində Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri
üzrə istehsal olunmuş məhsul və xidmətlərin
ümumi həcmi 2016-cı ilin müvafiq dövrünə
nisbətən 7,9% və ya 31,7 milyon manat
artaraq 283,4 milyon manat olub.
Rayonun sənaye
müəssisələri və bu sahədə fəaliyyət
göstərən fiziki şəxslər tərəfindən
32,9 milyon manatlıq sənaye məhsulu
istehsal olunub və xidmətlər göstərilib, keçən
illə müqayisədə sənaye məhsulu istehsalı
2,6% artıb.
Dövlət
Proqramının uğurlu icrası nəticəsində aqrar
sahədə də müəyyən uğurlar əldə
edilib, 2016-cı illə müqayisədə taxıl
istehsalı 4654 ton, dən üçün
qarğıdalı istehsalı 3,3 dəfə
artıb. Aqrar bölmənin aparıcı sahələri olan
meyvəçiliyin və faraş tərəvəzçiliyin
inkişaf etdirilməsinə diqqət daha da
artırılıb, 62,6 min ton meyvə
istehsal edilib, meyvə istehsalı 1,4% artıb. 138,1 hektar yeni bağ salınaraq meyvə
bağlarının ümumi sahəsi 5896,2 hektara
çatdırılıb ki, bunun da 82,9%-i bar verən
bağlardır.
Ümumilikdə,
rayonda 41,6 min ton tərəvəz istehsal
edilib ki, bu da əvəlki illə müqayisədə 2,2 dəfə
çoxdur. Fərdi təsərrüfatlarda istehsal edilmiş
faraş tərəvəz məhsulunun böyük hissəsi
ixrac olunub və təsərrüfat sahiblərinə xarici
valyutada gəlir gətirib .
Kənd əməkçiləri
tərəfindən 2018-ci ilin məhsulu üçün 16049
hektar sahədə şum qaldırıb, 14739 hektar sahədə
taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə
müvafiq olaraq 282 və 122 hektar çoxdur.
Ölkə
Prezidentinin baramaçılığın inkişafı ilə
bağlı tapşırıqlarına müvafiq olaraq müəyyən
tədbirlər həyata keçirilib, ötən ilin may
ayında kumdarlara 1900 qram barama qurdu paylanılıb və 5293
kq. barama tədarük edilib ki, bu da
2016-cı ilə nisbətən 4,6 dəfə çoxdur.
Baramaçılığın yem bazasının
yaradılması istiqamətində əməli tədbirlər
görülüb, ötən il rayonun kəndlərində
Çin Xalq Respublikasından gətirilmiş 86 min ədəd,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
göndərilmiş 46,6 min ədəd tut tingi əkilib.
Rayonun
iqtisadi və sosial sahələrin inkişafı
üçün əsas kapitala bütün maliyyə mənbələrindən
29,7 milyon manat və ya 2016-cı illə
müqayisədə 1,8% çox investisiya yönəldilib,
tikinti quraşdırma işlərində istifadə
edilmiş investisiyaların həcmi 1,6% artaraq 28,5 milyon manat
olub.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramlarının uğurlu icrası çərçivəsində
əhalinin kommunal problemlərinin həlli, elektrik enerjisi, təbii
qaz və içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində də
məqsədyönlü tədbirlər həyata
keçirilib.
Belə ki, rayon əhalisinin içməli su,
elektrik enerjisi və təbii qazla təchizatının
yaxşılaşdırılması sahəsində bir
sıra işlər görülüb. Azərbaycan
Respublikası Prezidentinin Sərəncamlarına müvafiq
olaraq "Azərsu" ASC tərəfindən rayonun 15 kənd
yaşayış məntəqəsinə içməli suyun
verilməsi üçün tədbirlər
görülüb, kəndlərin ərazisində 148 bulaq
quraşdırılaraq bürövlükdə 28656 nəfər
əhalinin içməli su ilə təminatı
yaxşılaşdırılıb, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış
məntəqəsində modul tipli sutəmizləyici
qurğular o cümlədən, 101 ədəd bulaq
quraşdırılıb. Rayon əhalisinin, müəssisə
və təşkilatların elektrik enerjisi ilə təminatının
etibarlılığının artırmaq üçün
ötən il şəhər və kənd yaşayış
məntəqələrində istifadəyə yararsız 12
transformator daha güclü transformatorlarla əvəz edilib,
Ərəbcəbirli, Yalman, Çaxırlı,
Mollahacılı, Şıxbəy, Bəydövül, Qaraməryam
və Çayarxı kəndlərində 22,6 km uzunluğunda
elektrik naqilləri yükünü özü daşıyan
kabellərlə əvəz olunub.
Əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması üçün 9 ədəd
yeni tipli qaz tənzimləyici şkaflar
quraşdırılıb, 1243 p.m müxtəlif diametrli qaz
boruları yeniləri ilə əvəz edilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramları çərçivəsində rayon ərazisində
tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər
görülüb.
1970-ci ildə
istifadəyə verilmiş, tam yararsız vəziyyətə
düşmüş, ümumi sahəsi 2 hektar olan 1500 yerlik
şəhər stadionunda əhalinin asudə vaxtının səmərəli
təşkili, idman-sağlamlıq tədbirlərinin yüksək
səviyyədə keçirilməsi üçün
2016-cı ildən başlanılmış əsaslı yenidən
qurma işləri davam etdirilib, yeni işıqlandırma
sistemi, oturacaqlar və idman avadanlıqları quraşdırılıb,
basketbol və voleyboll meydançaları, sanitar
qovşağı istifadəyə verilmiş,
idmançılar üçün soyunub-geyinmə otaqları
inşa edilib.
Ümumi ərazisi
6 hektar olan Əli Kərim adına şəhər
parkında əsaslı təmir işlərinə
aparılıb, yeni giriş qapıları inşa edilib,
işıqlandırma sistemi quraşdırılıb. Əli Kərimin abidəsi parkın mərkəzinə,
daha münasib yerə köçürülüb, parkda
göyçaylı şairlərin dəfn olunduqları ərazi
abadlaşdırılıb, Soyqırım abidəsi Şəhidlər
xiyabanına köçürülüb. Bayraq
meydanında aparılan yenidənqurma işləri başa
çatdırılıb, Heydər Əliyev parkının ərazisi
1500 kv.m.-ə yaxın artırılıb. Avtovağzal binası qəzalı vəziyyətdə
olması ilə əlaqədar 2015-ci ildə
sökülüb, rayon sakinləri və qonaqlar həmin ərazidəki
primitiv qaydada düzəldilmiş müvəqqəti avtostansiyadan
istifadə edirlər. Sərnişin
daşınması üçün heç bir
rahatlığın olmaması vətəndaşların
haqlı narazılığına səbəb olduğu
üçün rayon icra hakimiyyətinin təşəbbüsü
ilə ötən il şəhərin Natəvan küçəsində
yeni 120 yerlik gözləmə zalı olan avtovağzal binasının
tikintisinə başlanılıb və yaxın vaxtlarda
obyektin istifadəyə verilməsi nəzərdə
saxlanılır.
Göyçay-Bərgüşad
avtomobil yolunun Yuxarı Şirvan kanalına qədər olan 2
km-lik hissəsi yenidən qurularaq genişləndirilib, dörd
zolaqlı olmaqla yeni asfalt örtüyü vurulub, həmin ərazidə
yol kənarlarında baxımsız vəziyyətdə olan
ticarət və xidmət obyektlərinin qarşısında
lazımi səliqə və səhman işləri
aparılıb. Kərpic zavodunun
yaxınlığında fərdi layihə əsasında
ünvan göstəricisi inşa edilib.
Olimpiya İdman Kompleksinin qarşısında müasir
memarlıq uslubunda vaxt göstəricisi inşa edilib, ətrafı
abadlaşdırılıb, yeni çəmənlik
salınıb və gül kolları əkilib, gecə
işıqlanması təmin edilib. Bu ərazidə həmçinin
Göyçay şəhərinə giriş qapıları
inşa edilib, qapılara şəhərin adı, həmçinin
rayonun simvolu olan nar maketi vurulub.
Bundan
başqa proqram çərçivəsində şəhərin
Ə.Səmədli, Həbibi, Ş.Qurbanov, İ.Coşqun,
Ə.Cavad küçələrində və 13 çoxmənzilli
yaşayış binalarının həyətlərində
44 min kv.m-dən artıq yeni asfalt örtüyü
salınıb, şəhərin park və
xiyabanlarının, mövcud bağların
abadlaşdırılması istiqamətində xeyli işlər
görülüb, şəhərin bir çox küçələrində
yeni yaşıllıqlar və çəmənliklər
salınıb, 10 mindən artıq qızıl gül kolu əkilib.
Rayon icra
hakimiyyətinin inzibati binasında, şəhərin mənzil
fonduna daxil olan 11 ədəd 5 və 10 ədəd 2 mərtəbəli
binalarında əsaslı təmir işləri
aparılıb. Hesabat dövründə şəhər təsərrüfatının
idarə edilməsinin təkminləşdirilməsi, şəhərin
təmiz və səliqəli saxlanılması, məişət
tullantılarının vaxtında daşınması,
küçə və məhəllələrdə
sanitar-gigiyenik və ekoloji tələblərə əməl
edilməsi istiqamətində xeyli işlər
görülüb, əvvəlki illərə nisbətən
bu sahəyə cavabdeh olan müəssisə və təşkilat
rəhbərlərinin fəaliyyəti müsbətə
doğru dəyişib. Şəhərdə
ticarət, sanitariya qaydalarını pozanlara, ərazini
çirkləndirənlərə qarşı mübarizə
xeyli gücləndirilib. Rayon əhalisinə kənd təsərrüfatı
məhsulları satışında lazımi qayda
yaradılması üçün tədbirlər
görülüb, rayon Gigiyena və epidemiologiya mərkəzinin
və Baytarlıq idarəsinin qaldırdıqları iddia əsasında
uzun illər keçmiş Avtonəqliyyat müəssisəsinin
ərazisində fəaliyyət göstərən ən adi
sanitar və baytarlıq qaydalarına cavab verməyən
bazarın fəaliyyəti dayandırılmış, əhalinin
rahatlığını təmin etmək üçün
şəhərin M.Hüseynzadə küçəsində
örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarı
istifadəyə verilib.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında
Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi rayonumuzun da inkişafında ciddi
dönüş yaradıb. Son 14 ildə rayon üzrə
ümumi məhsul buraxılışı 6 dəfə, sənaye
məhsulunun həcmi 8,3 dəfə, kənd təsərrüfatı
məhsulları istehsalı 3,6 dəfə, əsas kapitala
yönəldilmiş investisiyalar 28,3 dəfə artıb.
Birinci dövlət proqramı qəbul edildikdən sonra rayonda
2984 yerlik 14 məktəb binası istifadəyə verilib, 5124
şagird yerlik məktəb binası əsaslı təmir
edilib və ya yenidən qurulub, 5 məktəbdə 576
şagird yerlik əlavə sinif otaqları inşa edilib. 9 min
nəfər əhalinni yaşadığı 5
yaşayış məntəqəsini birləşdirən Ləkçıplaq-Şıxəmir,
7 min nəfər əhalinin yaşadığı 6
yaşayış məntəqəsini birləşdirən Cəyirli-Yenikənd
avtomobil yolu, Göyçay-Ucar avtomagistralı çəkilib,
əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması üçün
Göyçay çayının məcrasında səviyyə
qaldıran qurğu, Yuxarı Şirvan kanalı üzərində
3 mq.v gücündə su elektrik stansiyası inşa olunub.
Həmçinin proqramın uğurlu icrası nəticəsində
bir sıra infrastruktur obyektləri istifadəyə verilib,
Göyçay şəhərinin su təchizatı və
kanalizasiya sistemi yenidən qurulub, rayon mərkəzi də
daxil olmaqla 44 yaşayış məntəqəsi
qazlaşdırılıb. Emal müəssisələrində
əsaslı yenidənqurma işləri aparılıb, ən
müasir avadanlıqlarla təmin olunaraq ixrac
yönümlü məhsul istehsalına başlanılıb.
Ötən illər ərzində Heydər Əliyev və Gənclər
Mərkəzləri, Olimpiya İdman Kompleksi, Şahmat məktəbi,
Musiqi məktəbi, YAP rayon təşkilatı
üçün inzibati bina istifadəyə verilmiş,
genişmiqyaslı abadlıq və quruculuq işləri
aparılıb.
Üçüncü Dövlət Proqramında
Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin
yerinə yetirilməsi sahəsində 2017-ci ildə də
müəyyən işlər görülüb.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 14-16 aprel.- S.15.