Xalq Cümhuriyyətinin humanitar
sahədə həyata keçirdiyi
islahatlar
Və həmin
dövrdə qadınların cəmiyyətdə
rolunun artırılması
Avropada,
sonra Rusiyada XIX əsrdən başlanan maarifçilik
ideyaları XX əsrin əvvəllərində Azərbaycanda
da yayılmağa başladı. Avropa və Rusiyanın bir
sıra ali məktəblərində təhsil alan yerli zadəgan,
kübar ailələrin övladları bu ideyaları vətənə
gətirdi, əsrlərdən gələn milli mədəniyyətimizə, mənəvi-əxlaqi
dəyərlərimizə söykənərək
xalqımızda milli dövlətçilik
duyğularının oyanması işinə təkan verdilər.
M.F.Axundzadə, H.B.Zərdabi, N.Nərimanovdan və digər
mütəfəkkir ziyalılardan başlanan maarifçilik
ruhu milli dirçəlişimizə zəmin yaratdı.
XX əsrin
əvvəllərində inqilabların, müharibələrin
tüğyan etdiyi, milli azadlıq hərəkatının
genişləndiyi bir dövrdə xalqımız öz taleyi
haqqında düşünməyə başladı, əsarətdən
xilas olmaq, müstəqil, azad yaşamaq, tərəqqi etmək,
yeni cəmiyyət
yaratmaq uğrunda mübarizəyə start verdi.
Tarix elmləri doktoru Sabir Gəncəli deyir ki, bu oyanış, dirçəliş müsəlman aləmində ilk dəfə olaraq Odlar yurdunda Azərbaycan Xalq Cümhuriyyətini yarandı. Onun sözlərinə görə, milli dövlətçiliyimizin şərəfli tarixini parlaqlığı ilə əks etdirilən Azərbaycan Cümhuriyyəti xalqımızın əsrlər boyu ürəyində bəslədiyi azadlıq arzularından yaranmışdı: "Bu müqəddəs istəyi həyata keçirmək üçün nə qədər qurbanlar verildi.
1917-ci ildə dünyanı lərzəyə salan inqilabi hadisələr Romanovlar istibdadına son qoyanda xalqlar azadlıq günəşinin doğduğunu zənn edib ayağa qalxdılar, öz müqəddəratlarını təyin etməyə başladılar. Azərbaycan xalqı da bu inqilab məşəlinin işığında Şərqdə ilk dəfə parlamentli milli demokratik dövlətini yaratdı. Bu sülhsevər dövlətə Azərbaycanın mükəmməl təhsil almış, vətənpərvər ziyalıları başçılıq edirdilər. Hələ Oktyabr inqilabından əvvəl onların yaratdıqları məktəblər, xeyriyyə cəmiyyətləri, nəşr etdikləri qəzet və jurnallar xalqın azadlıq uğrundakı mübarizəsinə işıq saçırdı. Təsadüfi deyil ki, 1917-ci ilin fevralında çarizmin devrilməsi xəbəri Bakıya çatan kimi Azərbaycanın tərəqqipərvər ziyalıları "Nəşri-maarif" cəmiyyəti adından 16 maddədən ibarət tərtib etdikləri məktəb haqqında məramnaməni Bakıda keçirilən Qafqaz Müsəlmanlarının I Qurultayına təqdim etdilər. Məramnamədə deyilirdi ki, bütün ibtidai məktəblərdə təhsil ana dilində aparılmalıdır. Təlim ümumi, məcburi və məccani olmalı, uşaqlar təhsilə 7 yaşından başlamalıdırlar. Hər yerdə pedaqoji təhsil verən darülmüəllimlər, qızlardan müəllim hazırlamaq üçün darülmüəllimatlar açılmalı, məktəblərin xərci dövlət xəzinəsindən olmalıdır. Yüksək səviyyədə keçən bu qurultayda ilk dəfə qadınlar da iştirak edirdilər. Tiflis müəllimlərinin nümayəndəsi Sara xanım Talışinskayanın, publisist Şəfiqə xanım Əfəndizadənin və Bakı Qadınlar Xeyriyyə Cəmiyyətinin üzvü Sara xanım Vəzirovanın qurultayda iştirakları, alovlu çıxışları böyük narazılıqla qarşılandı. Cəhalətpərəstlər qadının məclisdə iştirakına, xüsusilə çıxışına etiraz edirdilər.Azərbaycanın görkəmli ziyalıları belə çətin şəraitdə cahilliyə, mövhumata qarşı mübarizə aparırdılar. Azadlıq amalını, xalqın gözünü açan maarif və mədəniyyəti təbliğ edirdilər".
Tarixçi deyir ki, bu dövrdə Cənubi Qafqazda vəziyyət çox gərgin və təhlükəli idi. Erməni millətçiləri bu vəziyyətdən
istifadə edərək öz məkrli oyunlarını yenə
də işə salmışdılar: "Onların törətdikləri
qırğınlar milli azadlıq hərəkatına ziyan
vurur, Zəngəzurda,
Qarabağda yüzlərlə Azərbaycan kəndi erməni
talançılarının hücumlarına məruz
qalır, Bakıda, Qubada, Şamaxıda soyqırımı
zamanı on minlərlə günahsız adam evindən,
yurdundan didərgin düşürdü. Erməni
daşnakları elə o zaman da min bir hiylə işlədərək
Azərbaycanın müstəqil dövlət olmasına
maneçilik törədirdilər. Ziyalılarımız
çox çətin şəraitdə milli azadlıq hərəkatına
qoşularaq mübarizə aparırdılar. Bu işdə Azərbaycanın
maarifpərvər qadınları da fəallıq göstərir,
bütün xalqı faciələrə son qoyulmasına
çağırır, maarif və mədəniyyətin
inkişafına səsləyirdilər.
Millətin bilik, siyasi və mədəni səviyyəsinin
inkişafı yolunda böyük əhəmiyyət kəsb
edən, "Əkinçi" qəzetində H.B.Zərdabinin
ürək yanğısı ilə dilə gətirdiyi
qadın mövzusunu cəhalətin hökm sürdüyü
bir dövrdə milli mətbuatımızın
yaradıcıları cəsarətlə öz qəzetlərində,
jurnallarında işıqlandırırdılar.
Bu oyanışdan ruhlanaraq Azərbaycanın az-çox təhsil
görmüş xanımları, Səkinə Axundzadə,
Nabat Nərimanova, Ziba
Qayıbova, Nigar Şıxlinskaya, Gövhər Şövqiyyə, Sara Vəkilova, Hədiyyə Məmmədzadə,
Həlimə Axundova, Münəvvər Əlixanova, Maral Nəbizadə,
Xuraman Rəhimbəyzadə, Asiya Axundzadə, Səidə
Şeyxzadə öz yazılarında, şeirlərində
qadınların təhsil almasını, öz
hüquqlarını anlamasını, teatra, incəsənətə
meyil etməsini vacib sayırdılar. Münəvvər
xanım Əlixanova "İşıq" qadın
jurnalında yazırdı: "Əgər biz öz
hüquqlarımıza malik olmaq istəyiriksə, lazım və
vacibdir ki, qeyrət edərək ciddi bir surətdə müttəfiq
olub öz əməl və arzularımızı kəndi əql
və fərasətimizlə ələ gətirək. Gərək
hamımız tamam bacarıqlarımızı hərəkətə
gətirib iş dalınca yüyürək, öz
yaralarımıza ittihad ilə məlhəmlər qoyaq. Bunu da bilməliyik ki, tək əldən səs
çıxmaz, hər bir əqdamatda birlik böyük rol
oynayır". Münəvvər xanım
bu dəyərli məqaləsinin axırında qeyd edirdi ki,
qadınları cəhalətdən elm, mədəniyyət, tərbiyə
çıxaracaqdır. "Bizə elm ilə
bərabər azadəlik də vacibdir". 106 il bundan əvvəl deyilmiş bu sözlər bu
gün də aktualdır".
Sabir Gəncəli
bildirib ki, Azərbaycanın ilk maarifpərvər
qadınlarından Şəfiqə xanım Əfəndizadənin
xalqı maarif və mədəniyyətin inkişafına səsləyən
çağırışları "Şərqi-rus",
"Açıq söz", "Azərbaycan" qəzetlərinin,
"Dəbistan", "Məktəb", "Dirilik",
"Şərq qadını" və başqa mətbuat
orqanlarının səhifələrindən eşidilirdi:
" H.B.Zərdabinin ömür-gün yoldaşı, görkəmli
maarifçi Hənifə xanım Məlikova Şəfiqə
xanımın Şərq aləmində əks-səda salan
publisistik fəaliyyətinə yüksək qiymət verərək
deyirdi: "Qadın təhsili məsələsində sən
Həsən bəydən daha çox iş görə biləcəksən".
Şəfiqə xanım XX əsrin əvvəllərində
qadın hüquqşünaslığına aid müsahibələrin
birində deyirdi: "1916-cı ildə Bakıda Cəlil Məmmədquluzadənin
"Ölülər" komediyası ilk dəfə səhnəyə
qoyulmuşdu. Tamaşa qurtaranda mən yaxın
lojada bir qadının ağladığını
gördüm. "Niyə ağlayırsan?" deyə
soruşanda o, göz yaşını silib dedi: "Necə
ağlamayım?! O yazıçı mənim həyatımı
haradan bilir?.."Bu kədərli hadisə
ilə əlaqədar Şəfiqə xanım
"Açıq söz" qəzetində "Ölülər"
haqqında bir müsahibə" sərlövhəsi ilə
çap etdirdiyi məqalənin axırında yazırdı:
"Dünyada olan zülmlərin həpsini biz ünas
(qadın) tayfası çəkir. Gələ-gələ
düşünürdüm ki, iştə "Ölülər"
faciəsinin həyat və məişətimizdə bir inqilab
törədəcəyi ... aşkardır".
O, bildirib
ki, 1918-ci il sentyabrın 15-də Bakının erməni və
bolşevik hərbi birləşmələrindən azad edilən
tarixi gündə demokratik ruhlu mətbuatımızın ailəsində
şərəfli yer tutan milli azadlıq və müstəqil
dövlətimizin ilk mübariz orqanı "Azərbaycan"
qəzeti qadınlarımızın həyatına,
azadlıq, tərəqqi yollarına mayak kimi işıq
saçmağa başladı: "Azərbaycan" qəzeti
Şəfiqə xanım Əfəndizadənin əqidəsi,
arzusu, publisistik fəaliyyəti üçün geniş
meydan oldu. Bu azad, milli duyğular tərənnümçüsü
mətbu orqanın redaksiya heyətinə üzv seçildi.
Qadınların həyatı, mübarizəsi,
hüquqları, təhsili, maariflənməsi haqqında bir
sıra dəyərli məqalələr, hekayələr
yazdı. Qəzetin 5-ci sayında onun
"Təşkilatın qadınlara təsiri",
"Seçki və qadınlar", "Milli bayram və
qadınlarımız" (1919, 5 iyun), "Vətən bizim
anamızdır" (1919, 25 iyun), "Analar! Qızlarınızı oxudunuz!" (1919, 25 iyul) və başqa məqalələri mətbuat
tariximizdə dəyərli səhifələrdir.
Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini
elan edərək millət, din, sinif, cins
ayrılığı gözləmədən öz ərazisində
yaşayan bütün vətəndaşlara hüquq bərabərliyi,
azadlıq, dinc həyat bəxş edirdi. Ürəyi xalq məhəbbəti
ilə döyünən ziyalılardan təşkil olunmuş
Azərbaycan Xalq Cümhuriyyəti az vaxtda
böyük işlər gördü. M.Ə.Rəsulzadə
demişkən, ilk növbədə xalq azadlığın,
milli müstəqilliyin şirinliyini dada bildi. Maarif və mədəniyyətin inkişafı
üçün özül qoyuldu. Azərbaycan
parlamentinin qəbul etdiyi əsasnaməyə görə
qadınlar seçki hüququna malik idilər. 4 fəsildən, 116 bənddən ibarət olan bu əsasnaməyə
görə, 20 yaşına çatmış respublikanın
bütün vətəndaşları Müəssislər Məclisinə
seçkilərdə iştirak edə bilərdilər. Azərbaycanın ziyalı qadınları dövlətin
verdiyi hüquqlardan, maarif və mədəniyyətin
inkişaf etdirilməsi üçün yaratdığı
şərait və imkanlardan istifadə edərək mədəni
tədbirlərdə fəal iştirak edir, qadın azadlığı
hərəkatını genişləndirir, milli azadlıq hərəkatına
və respublikanın müstəqilliyinə maneçilik
törədən qüvvələrə qarşı
mübarizə aparırdılar. Qadın hərəkatının
veteranlarından Ceyran Bayramova sonralar xatirələrində
yazırdı ki, Azərbaycan parlamentində ilk dəfə
müsəlman qadını ictimai-siyasi işlərdə
iştirak etməyə başlamışdı. Bu dövrdə maarifpərvər qadınlar milli məktəblərin
yaradılmasında fəal çalışırdılar.
Cümhuriyyətin qurucularından olan Nəsib bəy
Usubbəyovun xanımı Eynulhəyat ilk milli qız gimnaziyasında
dərs deyir, Maarif Nazirliyinin inspektoru işləyirdi.
Sankt-Peterburqda ali təhsil almış ilk
müsəlman qızı Səlimə xanım Yaqubova
Bakıda Birinci Ünas Türk Gimnaziyasının müdiri təyin
edilmişdi. Onun evi əsl ziyalı
ocağına çevrilmişdi. Burada
Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Abdulla Şaiq,
Ömər Faiq Nemanzadə kimi işıqlı simalar
toplaşır, milli mədəniyyətimizin sabahını
düşünürdülər. Görkəmli
maarif xadimi Mədinə xanım Qiyasbəyli 1918-ci ildə
Qazax qəzası xalq məktəblərinin inspektoru təyin
olunmuşdu. O, bir il sonra Bakıda
öz mənzilində pedaqoji kurs açmış, Azərbaycanın
ilk maarifpərvər qadınları - Şəfiqə
xanım Əfəndizadəni, Xədicə xanım
Ağayevanı bu nəcib işə cəlb etmişdi.
Müfti əfəndi Qayıbovun qızı Gövhər
xanımın Bakıda öz mənzilində təşkil
etdiyi 80 nəfərlik pedaqoji kursda o dövrün
tanınmış pedaqoqları - Hüseyn Cavid, Abdulla
Şaiq, Camo Cəbrayılbəyli, Xudaverdi Kələntərli,
Səriyyə xanım Əhmədova, Nəimə xanım
Qazıyeva dərs deyirdilər.
Gəncədə ziyalı qadınlar xeyriyyə cəmiyyəti
yaratmış, şəhərin mədəni həyatında
fəal iştirak etmişlər. Bu işdə Xədicə xanım
Ağayeva, Cavahir xanım Rəfibəyli, Həcər
xanım Şeyxzamanlı, Bilqeyis xanım Qazıyeva
böyük səy göstərir, qızların təhsilinə
kömək edir, qadınlar üçün teatr
tamaşaları keçirir, daşnakların törətdikləri
qırğınlar nəticəsində kimsəsiz, yetim
qalmış, qaçqın düşmüş
uşaqları öz himayələrinə alırdılar.
Qadın müəllimlərə olan ehtiyacı qismən
ödəmək üçün əvvəllər rus
qız gimnaziyalarını, Tiflis Nücabə Qızlar
İnstitutunu, hətta H.Z.Tağıyevin qız məktəbini
və ikiillik pedaqoji kursları bitirmiş qızlar ibtidai məktəblərdə
dərs deməyə cəlb olunmuşdular". Sabir Gəncəli
deyir ki, həmin dövrdə Azərbaycanın tərəqqipərvər
qadınları - Məryəm xanım Bayraməlibəyova Lənkəranda,
Gövhər Şövqiyyə Şamaxıda, Nazlı
Tahirova Naxçıvanda, Maral Nəbizadə Şəkidə,
Bülbül Kazımova Gədəbəydə, T.Ağayeva,
Yaqut Ağayeva, Fərdmuş Paşayeva Gəncədə, Səidə
Şeyxzadə, Sara Vəzirova, Hənifə Məlikova, Qərib
Soltan, Zərri Şahtaxtinskaya, Rəhilə Hacıbababəyova
və başqaları Bakıda xalq maarifinin inkişafına
çalışırdılar.
İllər
bir-birindən çətin, əzablı gəlsə də,
həyat eşqi, yaşamaq, qurub-yaratmaq amalı
qadınlarımızı daim yüksəlməyə
ruhlandırmışdı: "Cümhuriyyətin
yarandığı gündən bəri tariximizi göz
önünə gətirəndə ürəyimiz qürur
hissi ilə dolur. Keçilən yolların
çətinliklərinə, əzab-əziyyətlərinə
baxmayaraq, Azərbaycan qadınları ürəklərində
vətən, ailə, övlad məhəbbəti cəmiyyətimizin
ön sıralarında olmuş, dünya mədəniyyətinin
ən yüksək səviyyəsinə qalxmışlar.
Tale ötən əsrin 90-cı illərində ikinci dəfə
xalqımıza öz müstəqilliyini əldə etmək
şansı verdi. Ulu öndər
Heydər Əliyev başda olmaqla xalqımız şər
qüvvələrə qarşı mübarizədən qalib
çıxdı, müasir dövrün müstəqil,
qüdrətli dövlətini yaratdı".
Füzuli
Olaylar.- 2018.- 17
aprel.- S.4.