AXC dövlətlərarası münasibətlərdə
yeni mərhələnin əsasını
qoydu
Qərb və region dövlətlərlə
əlaqələr düşünülmüş şəkildə
qurulurdu
Birinci Dünya müharibəsinin sonunda Böyük
Britaniyanın Azərbaycana marağı müstəsna dərəcədə
artmışdı. Bu, bir
tərəfdən, Almaniya-Türkiyə blokunun
Qafqaza meylinin güclənməsi,
digər tərəfdən isə dünya
neft istehsalının böyük
bir hissəsinin Bakının payına düşməsi
ilə bağlı idi.
Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılırdı. I Dünya müharibəsində iştirak edən ölkələr isə Bakı neftinə çox vaxt qələbəni müəyyən edən amil kimi baxırdılar. İngiltərənin baş naziri Lloyd Corcun fikrincə, müharibənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi əməliyyatların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək olmazdı. Ona görə də Yaxın və Orta Şərqdə möhkəmlənmiş İngiltərə qoşunları 1918-ci ilin mayından başlayaraq Bakı istiqamətində hərəkətə başladı. Lakin bu zaman Cənubi Azərbaycanda möhkəmlənmiş Türkiyə qoşunları onların hərəkətini dayandırdı və ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqustuna qədər mümkün olmadı. Bakıda XKS-nin hakimiyyəti devrildikdən sonra sentrokaspiçilərin ilk addımı Ənzəlidə dayanmış ingilisləri Bakıya dəvət etmək oldu. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ilk qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla min nəfərlik ikinci hərbi dəstə Azərbaycana gəldi. Şəhərin xristian əhalisi ingilisləri böyük sevinclə qarşıladı. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını görürdülər. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı.Bakıya gələn Britaniya qoşununun çoxsaylı olması haqda məlumatların şayiə olduğunu bilən Qafqaz İslam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu general Denstervil başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. Lakin 1918-ci ilin payızında ikiaylıq fasilədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin Birinci Dünya müharibəsində tam məğlubiyyəti ilə bağlı idi. 1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az əvvəl, Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciətlər qəbul etdilər. Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Rus və erməni milli şuralarının cəhdlərinə baxmayaraq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra, general V.Tomson bildirdi ki, onun "Bakıda ən bacarıqlı adamlardan biri" saydığı F.X.Xoyskinin hökuməti ölkədə koalisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır. Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln az sonra Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır. Azərbaycan hökumətində qəbul zamanı o dedi: "Mən buraya böyük müttəfiq millətlərin nümayəndəsi hesabında gəldim. Məqsədimiz məmləkətdə sülh və ədaləti bərpa etməkdir. Müttəfiqlərin qələbəsi hüquqi-ədalət və millətlərin təyini-müqəddəra-ixtiyari təmininin rəhnidir. Sülh konfransında burası bəyan ediləcəkdir. İbraz etdiyiniz hüsni-istiqbaldan naşı təşəkkürümü bəyan edirəm. Qoşunlarımız məmləkətinizdə bulunduqca hüsni-qəbul və hər dürlü müzahirət görəcəklərinə ümidvaram. Məmləkətinizin ticarət sənaətinin tərəqqisinə var qüvvəmiz ilə çalışacağıq". F.X.Xoyski ilə danışıqlar zamanı C.Miln bildirdi ki, "Azərbaycan dairəsində İngiltərə hökuməti Azərbaycan hökuməti-Cümhuriyyəsini tanıyır və qəbul edir və hökumətə müttəfiqlər komandanlığı hər barədə kömək edəcəkdir. Ayrı-ayrı millətlərin təyini-müqəddərat hüququ İngiltərə hökuməti nöqteyi-nəzərincə müdafiə edilməlidir. Sülh konfransında İngiltərə nümayəndələri bunu müdafiə edəcəklərdir. Bundan əlavə, general bəyan etmişdir ki, müttəfiqlər komandanlığı təzə təşkil edilmiş Zaqafqaziya hökumətlərinin daxili işlərinə qarışmayacaqdır. Və müttəfiqlərin yeganə məqsədi bu dövlətlərdə asayiş və müsalimətə kömək etməkdir". Əlbəttə, bu, tək general C.Milnin fikri deyildi, 1918-ci ilin dekabr ayında Cənubi Qafqaz məsələsi bir neçə dəfə Britaniya hökumətinin iclaslarında müzakirə edilmişdi. Lord Kerzon bu fikirdə idi ki, Cənubi Qafqazda sabitlik lazımdır, əks təqdirdə "anarxiya, qarma-qarışıqlıq, yaxud bolşevizm" bu regionda ingilis siyasətinə maneçilik törədə bilər. 1919-cu ilin əvvəllərindən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri Bakıda olan ingilis komandanlığı, stanbuldakı ingilis hərbi və diplomatik nümayəndəliyi, sonralar isə Paris Konfransında təmsil olunan sülh heyəti vasitəsilə həyata keçirilirdi. Dekabr ayında ingilislər Batum və Tiflisi də tutdular və 1919-cu ilin yayına qədər Qafqazda qaldılar. İngilislərin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi tədricən aradan qaldırıldığına görə, Azərbaycan hökuməti bütün işləri öz əlində toplayır, addımbaaddım tam irəliləyərək müstəqilliyini bərqərar edirdi. U.Çörçill sonralar öz xatirələrində yazırdı ki, Cənubi Qafqaza daxil olmuş 20 minlik Britaniya Ordusunun yardımı ilə Gürcüstan, Ermənistan və Azərbaycan tam müstəqil olmalı idi və bu müstəqil dövlətlər İrana və Türkiyəyə bolşeviklərin gözlənilən müdaxiləsinin qarşısındadurmalı idilər. Azərbaycan xarici siyasətinin qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan parlamen tinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: "Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər müqabil dostluq və həmrəylik yapmadan yaşaya bilməzlər". Azərbaycan hökuməti Bakıya gəldikdən sonra Dağlılar Respııblikası ilə əməkdaşlığı inkişaf etdirmək üçün 1918-ci ilin oktyabr-noyabr aylarında bir sıra müqavilələr bağladı. İki dövlət arası bağlanmış müqaviləyə əsasən, Azərbaycan hökuməti ciddi maliyyə çətinlikləri ilə qarşılaşmış, Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım göstərmiş və o, Denikinin təcavüzünə məruz qaldıqda əlində olan bütün vasitələrlə ona yardım göstərəcəyini bildirmişdi. 1919-cu il mart ayının əvvəllərində general Tomsona etiraz notasında Azərbaycan hökuməti bəyan edirdi: "Dağlılar üçün ağır bir zamanda Azərbaycan hökuməti onlara lazımi köməklik göstərməyi özünə borc sayır".Təkcə Dağıstanı deyil, bütün Qafqazı hədələyən ağ və qırmızı Rusiyasına münasibətdə Azərbaycan hökumətinin mövqeyi respublika XİN-nin Kuban hökumətindəki səlahiyyətli nümayəndəsi C.Rüstəmbəyova məktubunda öz əksini tapmışdı. Orada deyilirdi: "Bizim hökumətin fikri belədir: kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və i.a., Azərbaycan istiqlaliyyətinə qəsd edən hər kəs onun düşmənidir".
Cənubi Qafqazın üç yeni respublikası - Azərbaycan, Gürcüstan və Ermənistan arasında sülh və sabitliyin yaradılması çox çətin oldu. Müstəqilliyin ilk günlərində Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcud vəziyyəti dəyişmək cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstan hökumətinin xariıci işlər idarəsinin başçısına yazırdı: "Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir". Azərbaycan hökumətinin ciddi səyi ilə Qarayazıdakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az sonra isə məsələnin müzakirəsi 1919-cu il aprelin 25-də Tiflisdə işə başlayan Qafqaz konfransının gündəliyinə daxil edildi. Lakin 1919-cu ilin iyununda, Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz konfransı öz işini dayandırdı. Denikin ordusunun Dağıstan üzərinə hücumu və Cənuba doğru irəliləməsi Azərbaycan-Gürcüstan əməkdaşlığını zərurətə çevirdi. Yaranmış vəziyyətdə Ümumqafqaz həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası Gürcüstanla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-cu il iyunun 16-da iki dövlət arasında üç il müddətinə hərbi-müdafiə paktının imzalanması Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli diplomatik addımı hesab edilməlidir. Bu pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqaviləni bağlayan tərəflər öz öhdələrinə bir-birinə hərbi yardım göstərmək borcunu götürmüşdülər. Eyni zamanda müqavilənin 10-cu bəndində göstərilirdi ki, "bu müqavilə barədə rəs mi mə lumat verildikdən sonra Ermənistan iki həftə ərzində bu müqaviləyə qoşula bilər". Həmin müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təsdiq edildi.16 iyun hərbi-müdafiə paktına uyğun olaraq, tərəflər hərbi-texniki saziş imzaladılar və birgə hərbi Şura yaratdılar. İngilis komandanlığının Azərbaycan-Gürcüstan müdafiə paktına münasibəti əvvəlcə mənfi idi, lakin sonralar dəyişdi. Britaniyanın Şərqi Avropa və Qafqazda olan qüvvələrinin baş komandanı general C.Miln Denikinin Cənuba doğru hərəkəti ilə razı olmadığı barədə baş nazir N.Yusifbəyliyə radioteleqram göndərdi.Müstəqilliyin ilk günlərindən Gürcüstan Respublikası ilə qurulan diplomatik əlaqələr çox çətin və ziddiyyətli bir yol keçsə də, 1920-ci ilin əvvəllərində normal məcraya düşdü. Hər iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən de-fakto tanındı. İranla münasibətlərdə də əvvəlki narazılıqlar, daha çox isə anlaşılmazlıqlar 1919-cu ilin ortalarından etibarən öz yerini əməkdaşlıq meyllərinə verməyə başladı. Həmin ilin payızında yaradılan birgə Azərbaycan-İran komissiyasının gərgin işi nəticəsində iki dövlət arasında münasibətlərin bir sıra tərəflərini əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayının 20-də iki dövlət arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandı.
Nurlan
Olaylar.- 2018.- 19 aprel.- S.4.