Ramiz Mehdiyevin əsərlərində Azərbaycançılıq
məfkurəsinin
tarixi və siyasi əsasları
(Akademikin yubileyi münasibəti ilə)
XX əsrin sonunda
Azərbaycan 70 illik fasilədən sonra yenidən öz
dövlət müstəqilliyini bərpa etdiyi zaman cəmiyyətimizin
qarşısına öz həllini gözləyən xeyli
mühüm, taleyüklü məsələ və vəzifələr
çıxdı.
Onların sırasında xalqımızın 200 illik əsarətdən sonra öz keçmişini, tarixi yaddaşını mümkün qədər obyektiv şəkildə bərpa etməsi, xalqımızın və dövlətçiliyimizin gələcək inkişaf yoluna istiqamət verəcək milli məfkurəmizin tarixi-siyasi və mədəni-mənəvi əsaslarının elmi şəkildə, müasir dünyanın reallıqlarına uyğun bir şəkildə işlənib-hazırlanması ölkəmizi narahat edən taleyüklü siyasi problemlər qədər vacib və təxirəsalınmaz idi desək, qətiyyən səhv etmiş olmarıq. Çünki, müstəqilliyini yeni bərpa etmiş və istiqlalının ilk günlərindən etibarən bir tərəfdən Ermənistanın təcavüzü digər tərəfdən isə daxili hərc-mərcliklə, separatçı təmayüllərlə üz-üzə qalmış bir xalqın keçmişini və qədəm qoyduğu inkişaf yolunun mahiyyətini ona dəqiqliklə izah edilməsi ictimai şüur uğrunda gedən psixoloji müharibədə qələbəni təmin edən başlıca amil idi. Dərin ruh düşkünlüyünə, Qarabağ münaqişəsindəki silsilə hərbi uğursuzluqların təsiri altında psixoloji ümidsizliyə qapılmış Azərbaycan xalqını onun məyusedici psixoloji vəziyyəti ilə üz-üzə qoymaq əslində onu ümidsizliyə və yeni məğlubiyyətlərə aparmaq olardı. Belə bir vəziyyətdə, 1993-cü ilin yayında ictimaiyyətin tələbi ilə hakimiyyətə qayıdan, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi, təcrübəsi və bacarığı Azərbaycan dövlətçiliyini dağılmaqdan xilas etdiyi kimi, ona yeni dövrdə etibarlı inkişaf proqramı və məfkurəsi də bəxş etmiş oldu - azərbaycançılıq.
Azərbaycançılıq ideologiyası bəzilərinin hesab etdikləri kimi təkcə siyasi zərurətin məhsulu və dövrün ictimai-siyasi tələbi kimi meydana çıxmamışdı. O, öz mahiyyəti və qarşısına qoyduğu məqsədlərin xarakteri etibarı ilə bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi demokratik ənənələrinin davam etdirilməsi, Azərbaycanın öz tarixi keçmişi ilə mənəvi bağlılığının qorunub-saxlanılması mənasına gəlirdi. Bu məfkurə həm də müasir sivil dünyada hökm sürən siyasi ideallarla və insan hüquqlarının aliliyi prinsipi ilə səsləşərək, ölkəmizə qarşı yönələn dini, milli və digər zəminlərdə meydana çıxan təhdidlər qarşısında etibarlı qalxan rolunu oynayırdı. Ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətin təcrübəsi, eyni zamanda müasir dünyada cərəyan edən proseslər bu ideologiyanın siyasi və tarixi cəhətdən nə qədər doğru, etibarlı və möhkəm olduğunu göstərməkdədir. Ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin möhkəm hüquqi və siyasi təməlinin atılması üçün əlindən gələni etdi və 1995-ci ilin 12 noyabr tarixində müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbulu bu istiqamətdə mühüm nailiyyət kimi qaldı. Bu konstitusiya Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi kimi ölkəmizin dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları üçün bərabərlik prinsipini təsbit və bəyan etmiş oldu. Həmçinin ümummilli liderin təşəbbüsü ilə bu istiqamətdə mühüm maarifləndirici tədbirlərin də görülməsi təmin edildi. İctimai fikir tədricən bölücü və dağıdıcı ideyaların zərərli təsirindən qurtuldu və onların müasir dünyada nə qədər böyük təhdid təşkil etdiyini anlamağa başladı.
Azərbaycançılıq məfkurəsi ümummilli liderin davamçısı, prezident İlham Əliyevin də 2003-cü ildən bu gün qədər davam edən siyasi xəttinin əsas ideoloji təməlini, istiqamətini təşkil etməkdədir. Ötən dövr ərzində ölkə başçısının ölkədə tolerantlığın, multikultural dəyərlərin möhkəmlənməsi istiqamətində atdığı mühüm addımları Azərbaycan cəmiyyətinin bütünlüyünü, həmrəyliyini möhkəmləndirmək işinə verilmiş dəyərli töhfə kimi qiymətləndirmək lazımdır. Bu siyasət alternativsizdir və Azərbaycanın tərəqqisinə, bütünlüyünə və sabitliyinə xidmət edən ən uğurlu, ən uyğun seçimdir.
Ancaq sözügedən məsələlərdən danışarkən bir mühüm məqamı və şəxsi unutmaq, onun zəhmətini dəyərləndirməmək və üzərindən sükutla keçmək ədalətsizlik olardı. Söhbət Azərbaycançılıq
məfkurəsinin fundamental tarixi əsaslarının
hazırlanması işində böyük zəhməti və
xidmətləri olan insandan, ümummilli lider və prezident
İlham Əliyevin sadiq silahdaşı - Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik, müasir tariximizin dəyərli dövlət və
elm xadimi, akademik Ramiz Mehdiyevdən gedir. Təsadüfi deyil ki,
ümummilli lider Heydər Əliyev istər Azərbaycana rəhbərlik
etdiyi ilk dövrdə, yəni 1969-1982-ci illərdə, istərsə
də hakimiyyətə ikinci qayıdışından sonra, yəni
1993-2003-cü illərdə Ramiz müəllimi dövlət
idarəçiliyinin ən məsul vəzifələrinə
cəlb etmiş, ona böyük etimadla
yanaşmışdır. Ona münasibətdə eyni
yanaşmanı ölkə prezidenti İlham Əliyev də
davam etdirmiş və Ramiz müəllimin xidmətləri daim
Azərbaycan dövlətinin ən yüksək mükafat və
ordenləri ilə minnətdarlıqla
vurğulanmışdır. Mən akademik Ramiz Mehdiyevin parlaq
dövlətçilik fəaliyyəti haqqında uzun-uzadı
danışmağa, onu ətraflı şəkildə şərh
etməyə ehtiyac görmürəm. Azərbaycanın
müasir siyasi tarixi ilə, dövlətçilik sistemi ilə
az-çox maraqlanan hər bir şəxs bu haqda məlumatlıdır.
Bu
yazımda mən əsas diqqəti artıq qeyd etdiyim kimi
akademikin elmi fəaliyyətinə, xüsusilə də onun azərbaycançılıq
ideologiyasının tarixi əsaslarının işlənib
hazırlanması istiqamətində ərsəyə gətirdiyi
dəyərli tədqiqatlara yönəltmək istərdim.
Müasir Azərbaycanın ictimai-siyasi fikir tarixi ilə
yaxından maraqlanan, onu araşdıran hər kəsə məlumdur
ki, akademik Ramiz Mehdiyevin bu yöndəki aktiv fəaliyyəti
müstəqilliyimizin ilk illərindən başlanır. Onun
1995-ci ildə işıq üzü görən "XX əsrin
sonlarına doğru millətlərarası münasibətlər"
("Межнациональные отношения на
исхое ХХ века") əsəri bu milli ideya, milli şüur, onun
formalaşmasının və düzgün dərkinin zəruriliyi
kimi mühüm ictimai məsələlərin
qaldırıldığı tədqiqat olaraq cəmiyyətimizdə
böyük əks-səda yaratdı. Bu kitabda mənim diqqətimi
xüsusilə cəlb edən məqam XX əsrin əvvəllərində
yaşayıb-yaratmış görkəmli Azərbaycan
maarifçilərinin və ideoloqlarının fikirlərinə
yanaşmada müəllifin tutduğu emosionallıqdan uzaq
realist, soyuqqanlı münasibət oldu. Belə ki, müəllif
həmin illərdə milli ideya məsələsi ətrafında
müəyyən obyektiv və subyektiv səbəblər
ucbatından hökm sürən emosional yanaşmaları bir kənara
qoyub, təmkinli və realist təhlil üslubunu ortaya
qoymağın vacibliyini xüsusilə vurğulamış,
istənilən bir tarixi proses və hadisənin təhlili
zamanı ideoloji məqamların, yersiz təəssübkeşliyin
kənara atılaraq həqiqətlərə istinad etməyin
qaçılmazlığını cəmiyyətimizə
izah etməyə çalışmışdır. Növbəti
illərdə isə akademikin milli ideya və müasir Azərbaycanda
dövlət quruculuğunun müxtəlif aspektlərinə həsr
edilmiş "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi",
"Azərbaycan: qloballaşma dövrünün tələbləri",
"Milli məfkurə, dövlətçilik və müstəqillik
yolu ilə", "Vətəndaş cəmiyyətinə
yol açan ideyalar", "Demokratiya yolunda: irs haqqında
düşünərkən" və digər qiymətli əsərləri
işıq üzü görmüşdür. Təbii ki, bir
neçə səhifəlik yazı çərçivəsində
akademikin sözügedən tədqiqatlarını ətraflı
şəkildə şərh edib, qiymətləndirmək
imkanımız yoxdur. Ancaq qısaca olaraq onu deyə bilərək
ki, bu kitabların hər birində müəllif müasir Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi və
sivil dünyanın tələblərinə uyğun şəkildə
inkişaf etməsi üçün iki məqamı
xüsusilə vurğulayır ki, onlardan biri
xalqımızın tarixi yaddaşını, milli
şüurunu formalaşdıran, onun özünəməxsusluğunu
təmin edən tarixi-mənəvi irsin qorunub
saxlanılması ilə, digəri də müasir inkişaf təmayüllərinin
dərki və onların rasional şəkildə əxz edilməsilə
bağlıdır. Nümunə olaraq müəllifin
demokratiya anlayışına və demokratik prosesin fəlsəfəsinə
yanaşmasını qeyd edə bilərik.
Akademik təbii
olaraq demokratik inkişaf yolunu hər bir müasir, dünyəvi
və hüquqi dövlətçilik qurmağa
çalışan cəmiyyətin ən düzgün hərəkət
istiqaməti olaraq qəbul edir, bu prosesin bütün səviyyələrdə
irəliləməsi üçün təhsil, hüquq və
ictimai fikirdə müvafiq dəyişikliklərin
aparılması üçün fəallığı zəruri
sayır. Lakin eyni zamanda o, haqlı olaraq demokratik cəmiyyətin
kor-koranə, sadəcə arzularla və istəklərlə,
bir anda qurulmasını da mümkün hesab etmir.
Çünki, demokratikləşmə cəmiyyətin ictimai
şüuru, dövlətin idarəçilik institutların təkmilləşməsi,
həmçinin onun iqtisadi imkanlarının genişlənməsilə
həmahəng cərəyan etməli olan bir prosesdir və əgər
kimlərsə onun zor gücünə, yaxud inqilablar, xarici təzyiqlər
vasitəsilə həyata keçə biləcəyi qənaətindədirsə
həmin adamlar çox ciddi səhvə yol verməkdədirlər.
Xüsusilə də əgər söhbət Azərbaycan kimi
ərazilərinin bir qismi işğal altında olan, mürəkkəb
geosiyasi məkanda, güc mərkəzlərinin
maraqlarının kəsişdiyi məkanda yerləşən
ölkələrdən gedirsə, bu zaman məsələyə
yanaşmada ancaq sağlam təfəkkür və
ölçülüb-biçilmiş formullar
özünü göstərməlidir.
Əks təqdirdə ölkənin davamlı inkişaf yolunda irəliləməsinə ciddi maneələrin yaranması, sabitliyin pozulması və hətta dövlətçiliyin belə təhlükə altına düşməsi qaçılmaz olacaq. Son illərdə həm MDB məkanında, həm də Yaxın Şərqdə cərəyan edən proseslər akademikin siyasi reallıqları nə dərəcədə düzgün qiymətləndirdiyini, onun milli məfkurənin demokratik inkişafa bağlı komponentini nə qədər ehtiyatla ölçüb-biçdiyini bir daha sübut etdi. Haqqında danışdığım proseslər göstərdi ki, demokratikləşmə problemini bir inqilabla, yaxud hərbi müdaxilə ilə həll etməyə çalışan cəmiyyətlər son nəticədə nəinki uğur qazanmadılar, əksinə əldə etdikləri nailiyyətlərin bir çoxundan da məhrum oldular. Azərbaycan isə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə təkamül yolunu, islahatlar istiqamətini əsas götürərək qısa zamanda ciddi uğurlar qazanmağı bacardı. Bir vaxtlar Azərbaycanın ümumiyyətlə müstəqil dövlət kimi öz varlığını qoruyub saxlayacağına inanmayanlar indi onunla birgə böyük regional əhəmiyyətli layihələr həyata keçirməyə can atır, əməkdaşlıq qurmağa çalışırlar. Mən qətiyyən şübhə etmirəm ki, zaman keçdikcə və dünyanın siyasi reallıqları bizə bütün çılpaqlıqları ilə aydın olduqca akademikin bu məsələyə yanaşmadakı fikirləri daha da böyük dəyər qazanacaq və demokratiya prosesinin mahiyyətinə hələ də xəyal və utopiyalar pəncərəsindən yanaşanlar reallıqları daha yaxşı anlaya biləcəklər.
Cahangir
Hüseynov
tədqiqatçı
alim, hüquq elmləri üzrə fəlsəfə doktoru
Ardı var
Olaylar.- 2018.- 19 aprel.- S.6.