“Çəkdikləri
filmlərə də qəribə adlar verirlər”
Aydın
Kazımzadə: "Yaradıcı adamın özü senzur
olmalıdır"
Ömrünün
55 ilini 120 illik Azərbaycan kino tarixinə həsr edən
Əməkdar İncəsənət xadimi, kino tədqiqatçısı
Aydın Kazımzadə ilə Azərbaycan kinosu haqqında
danışdıq.
- Aydın müəllim, necəsiniz?
- Şükür, indi yaxşıyam. İki dəfə ağır əməliyyat olundum. Görünür, yaşamaq hələ qismətimdə imiş. Qarşıdan kinonun 120 illiyi gəlir. Bu yubileyi ona görə səbirsizliklə gözləyirəm və çox sevinirəm ki, mən bu tarixi tapanda kinonun 80 illiyi qeyd olunacaqdı. Amma 80 illiyini qeyd eləməmişdən öncə məsələ qaldırdım ki, kinonun 80 yox, 98 yaşı var. O zaman aləm qarışdı bir -birinə. İndi həmin 98 olub 120. Avqust ayının 2 - də kinonun 120 illiyini qeyd edəcəyik. Bu barədə Azərbaycan Respublikasının Prezidenti , möhtərəm İlham Əliyevin sərəncamı var.
Kinoşünaslıq üç yerə bölünür: Kino tarixi, kino tənqidi və kino nəzəriyyəsi. Azərbaycanda kino tənqidçisi Ayaz Salayevi hesab edirəm. Ayaz Salayev kino tənqidini gözəl bilsə də, təəssüf ki, bu sahə üzrə məqalələr az yazır. Kino nəzəriyyəsini Aydın Dadaşov çox gözəl bilirdi. O da ki, həyatda yoxdu.
Kino tarixi bütün bu sahələrin hamısından ən çox zəhmət, əziyyət tələb edən sahədi. Həyatının yarısından çoxunu arxivlərdə, kitabxanalarda keçirməlisən. Tarixlə bağlı hər bir faktı zərrəbinlə axtarıb tapmalısan. Özü də illər uzunu. Mən "Azərbaycanfilm" kinostudiyasının tarixini yazmaq üçün 40 ildən çox material toplamışam.
Kino tənqidçisi filmə baxır və film haqqında tənqidi fikirlərini əsaslandıraraq yazır. Kino nəzəriyyəçisi filmi nəzəri baxımdan əlaqələndirir. Kino tarixçisi isə daim axtarışda olmalıdı. Mən 55 ildir ki, axtarışdayam, arxivlərdə, kitabxanalardayam. Hələ də Azərbaycan kinosunun tarixini tam araşdırıb, yekunlaşdıra bilməmişəm. Buna bir yox, bir neçə ömür lazımdı. Təəssüf edirəm ki, ardıcıllarım yoxdu.
- Bizdə bu sahədə
böyük boşluq var, deyəsən. Bu gün kino tənqidçiləri,
nəzəriyyəçiləri və
araşdırmaçıları demək olar ki, yox səviyyəsindədir.
- Mən belə deməzdim. Mədəniyyət və İncəsənət Universitetində bu sahələr üzrə mütəxəssislər hazırlanır. Yeni çəkilən filmlər haqqında məqalələr də yazılır. Mən universitetdə işlədiyim dövrdə kino tarixindən dərs keçməklə yanaşı, kadr arxası kino aləmində baş verənlərlə də tələbələri məlumatlandırırdım. Çünki, mən bu hadisələrin içərisində olurdum. Tələbələrin kinoya marağı artırdı. Amma kino tədqiqatının böyük zəhmət tələb etdiyini görüb, əksəriyyəti geri çəkildi. Ona görə də bu sahə ilə məşğul olan demək olar ki, yoxdu.
İnstitutu bitirəndən sonra heç kim bu sənətin arxasınca getmir. Tək təbliğat məsələsi deyil. Gərək, insanın öz canında da olsun. Mən kinoşünaslığı bitirməmişəm. Çox vaxt deyirəm ki, mən kinoşünas deyiləm, jurnalistəm. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Mənə heç bir müəllim kinonun tarixindən, nəzəriyyəsindən, tənqidindən dərs deməyib. Bu fənlərin heç birini oxumamışam. Kinoya təsadüfən gəldim. Kinoya düşəndən sonra onu sevdim, kinonu dərindən öyrənməyə başladım, ömrüm boyu araşdırmalar apardım. Təqaüdə çıxandan sonra da, 78 yaşım olmasına baxmayaraq bu işi davam etdirirəm. Kino mənim həyatımdı...
- Siz kinoya təsadüfən
gəldiniz. İndi hər kəs düşünərək və
istəyərək ali təhsil alacağı fakültələri
seçir. Amma sonda...
- Pedaqoq başqadı, mütəxəssis
başqa. Pedaqoq ümumi fənləri keçir. İxtisas dərslərini
mütəxəssislər keçməlidi. Mütəxəssislər
də Azərbaycan kinosu ilə bağlı olan dərslərə
xüsusi diqqət yetirməlidilər. Müəllimi işə
götürəndə onun hansı kitablarının, məqalələrinin
olub-olmaması ilə maraqlanmaq lazımdı. Alimdi, müdafiə
edir, kitabı yoxdu və ən əsası sonra da kitabı
olmur. Rəhmətlik Aydın
Dadaşov məsələ qaldırmışdı ki, Azərbaycan
kinosunun tarixini tədris etməyə ehtiyac yoxdu. Fikrini də
belə əsaslandırırdı ki, Moskva da Rusiya kino tarixini
tədris etmir. Özü bunu mənə demişdi və
bildirmişdi ki, onsuz da tələbələr Azərbaycan
kino tarixini biləcəklər. Mən də etiraz etmişdim ki, bu
bizim milli kinonun tarixidi. Öyrətməsək, hardan biləcəklər.
Azərbaycan kino tarixi universitetdə ətraflı tədris
olunmalıdı. Çünki, kino tarixi Azərbaycanın
vizual tarixidi. Tələbələr, elə
tamaşaçılar da sənətkarlarımızı tanımalıdırlar.
Filmlərimizə gözucu, çay içə
-içə yox, oturub diqqətlə baxmalıdırlar.
Çünki, kinonun insanlara təsiri
güclüdür. Bundan istifadə etmək
lazımdır.
- Aydın müəllim, son günlər
gənclər yeni filmlər çəkirlər, geniş təqdimat
mərasimləri keçirirlər.Təqdimatlarda sizi
görmürük.
-
Bütün bu işlərdən uzağam. Dəvət
olunan yerə gedirəm. Nələr elədiklərindən
xəbərim yoxdu, amma eşidirəm ki, nəsə
keçirildi. Çəkdikləri filmlərə
də qəribə adlar verirlər "Ağ tük",
"Qız qaçırtma" vəs. Mən
bu filmləri izləməmişəm. Nə
də təqdimatlarında olmamışam.
Son vaxtlar filmlərlə bağlı "möhtəşəm"
sözü dəbə düşüb. Filmi çəkib
qurtarmamış, "Möhtəşəm film olacaq" və
yaxud "Bu filmimiz beynəlxalq festival üçün çəkilir"
deyirlər. Belə sözləri
rejissorlardan nə H. Seyidbəyli, nə H. Seyidzadə, nə də
Şamil Mahmudbəyov deyiblər. Nə də
efirə çıxanda başlarında papaq olmayıb,
ayağını -ayağının üstünə
aşırıb oturmayıblar. Ədəb-ərkanı
həm hərəkətlərində, həm də
danışıqlarında gözləyiblər.
- Serialları necə, izləyirsinizmi?
- İndi çəkilən serialların içərisində
bəyəndiyim və izlədiyim seriallardan biri "Vicdan
haqqı"dır. Maraqlı serialdı. Çünki,
olmuş hadisədi. Bu serialda həyati məsələ
var.
"Qız atası" serialı da maraqlıdı. Amma o serialda təkrarçılıq
halları tez-tez baş verir. Orda da qoyulan
problemlər bu gün çox aktualdı. Belə
seriallarda xırdaçılığa getmək olmaz. Olmasın 150 bölüm, olsun 50 bölüm. Yığcam olanda qoyulan problem daha da
qabardılır və tamaşaçıların yadında
qalır. Əvvəlki seriyalar yadımda
qalmayıb. Filmə baxanda hiss edirsən ki, 6 ssenarist
oturub bir gecəyə süjetləri qururlar.
Amma əvvəllər kinostudiyada ssenarilər
yazılanda birinci, ikinci, üçüncü,
dördüncü variantlar yazılırdı və
onların hamısı müzakirə olunurdu və çox
zaman yenidən işlənilməsi üçün qərar
qəbul edilirdi. İşləyə -işləyə
normal, baxımlı ssenari alınırdı.
- Aydın müəllim, əvvəllər
incəsənət sahəsində senzura var idi. Və yaradıcı şəxslər hər zaman
azad mühit arzulayırdılar. İndi
incəsənətdə azadlıq var. Amma yaşlı nəsil
bu azadlıqdan narazıdı. Düşünürsünüzmü,
kaş indiki azadlıq o zaman olardı. Yoxsa, o zaman da
azadlıq olsaydı, vəziyyət bugünkü kimi
olardı?
Elə
senzuranın nəticəsidir ki, vaxtilə çəkilmiş
"Koroğlu", "Dəli Kür",
"Axırıncı aşırım", "Kəndlilər"
və.s filmlərə əl gəzdirilib. "Bir cənub
şəhərində", "İstintaq", "Bizim Cəbiş
müəllim", "Ad günü" filmlərinə isə
nə yaxşı ki, senzuranın əli çatmayıb.
Bu gün yaradıcı adamın özü senzur
olmalıdır. Nəyi demək olar, nəyi demək olmaz
-bunu hər kəs bilməlidir. Son illər
Azərbaycanda "Hökmdarın taleyi", "Cavad xan"
və.s tarixi filmlər çəkilib. Belə
filmlərin sovet dövründə çəkilməsi
müşkül məsələ idi. İndi
bu filmlərdə tarixi həqiqətləri görə
bilirik. Azadlıq budur, senzuranın olmaması budur!
Bu gün
yaradılan filmlər
müstəqil Azərbaycanımızın çiçəklənməsinə,
bütün dünyada tanıdılmasına xidmət etməlidir.
Gənclərimizin zövqlərinin artmasına,
onların layiqli vətəndaş kimi formalaşmalarına
kömək etməlidir. Buna görə də
yaradıcı insanlar böyük mövzulara müraciət
etməli, xırda məişət mövzularına az diqqət yetirməlidirlər.
İndi də müstəqilliyi hərə bir cür
anlayır. Nə istəyirəm onu edirəm, yazıram kimi
düşünmək olmaz. Hətta o
zamanın müğənnilərinə baxanda
görürük ki, tərpənmədən oxuyurlar. Vaqif Mustafazadəni bığlarına görə səhnəyə
çıxmasına icazə vermirdilər. İndi baxırsan ki, cavanlar saqqal saxlayırlar.
Hətta filmdə baş rolu oynayan, təzə
evlənən oğlanın saqqalı var. Cavanlar da belələrinə
baxıb, nümunə götürürlər. Sənətlər arasında kino ən güclü
təbliğat vasitəsidir. "Vicdan
haqqı" serialında əsas qəhrəmanların
üzləri həmişə təmiz olur. Mən serialların əksinə getmirəm. Seriallar bizim kino üçün əhəmiyyətlidi.
Amma bəzi nüansları nəzərə
almaq lazımdı. Özümüzü kənar
müdaxilələrdən qorumalıyıq.
İndi efirlərdə sanki dəb halını alıb
cırıq cinslə çıxmaq. Qızlar köynəyin
uclarını bağlayıb, qarnı açıq halda bəzi
seriallarda çəkilirlər. Nəyə
lazımdı bunlar? Bunu geyinən cavan
qız, gəlindi. Nəyə görə
mən efirdən və ya metroda oturanda
qarşımdakının dizdən yuxarı cırıq
şalvarını, ayaqlarını görməliyəm.
Niyə? Mən xəcalət
çəkirəm. Onlar bu haqda heç
düşünmürlər də. Üstəlik
bunları filmlərə də gətirirlər və təbliğ
edirlər.
- Azərbaycan kino tarixinə məxsus
arxiv sənədlər Moskvada daha çoxdu, deyəsən. Başqa hansı ölkədə Azərbaycan
kinosunun tarixinə aid materiallar var?
-
Özümüzdə daha çoxdu. Mərkəzi
Komitənin qərarlarının hamısı burdadı,
Moskvada deyil. İnqilabdan əvvəlki
arxiv də ölkəmizdə var. Ermənilərlə
bağlı, kinoya aid olmayan sənədlər başda Moskva
olmaqla, İngiltərədə də, Fransada da var. Amma
kinomuza aid inqilabdan öncə olan bəzi sənədlər
Leninqradda və Moskvada saxlanılır. Özümüzdə
kifayət qədər sənədlər var. Kinoya aid daha
çox material inqilabdan öncə yayımlanan "Kaspi"
qəzetində yer alıb. O qəzet kinonun tarixini
araşdırmaqda, yeni məlumatlar, sənədlər tapmaqda
mənə çox kömək edib. İnqilabdan
öncəki dövrü ordan tapmışam. Sadəcə diqqətlə oxumaq lazımdı.
İnqilabdan sonrakı dövrü isə öz
arxivimizdən tapmışam.
- Aydın müəllim, kinonun 120
illik tarixində elə faktlar varmı ki, onları əldə
etdikdən sonra yayımlamaqğa ehtiyac duymamısınız,
ya ehtiyat etmisiniz?
Elə bir hadisə olmayıb. Əksinə, bu illər
ərzində bir cümlə belə tapanda uşaq kimi
sevinmişəm. Bu işin çətinliyi
ondadır ki, sənin üçün hazır heç nə
qoymayıblar. Cümlə-cümlə
axtarıb, hansısa yeni məlumat əldə eləmişəm.
Kinonun tarixini yazanda mən, inanmazsan, ayda bir
cümlə tapıb yazırdım. Kinonun
tarixini məndən qabaq yazan olub. Amma o dərinliklər
yox idi. Mir Cəfər Bağırovun
hakimiyyəti illərində kinoda nələrin olduğuna
dair heç bir məlumat yox idi. Sonuncu kitabım
"Kino və zaman" da mən Mir Cəfər
Bağırovun 30 -40 cı illərdə "Azərbaycanfilm"in
vəziyyəti ilə bağlı Moskvaya yazdığı məktublar
və Moskvanın Mərkəzi Komitəyə
yazdığı məktubları toplayıb, üzə
çıxartmışam.
- Aydın müəllim, 120 illik tarixin
araşdırmaçısı kimi əməyiniz dəyərləndirilirmi?
- Kinoda işlərim, 55 illik fəaliyyətim
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi,
dövlətimiz tərəfindən həmişə qiymətləndirilib.
Əməkdar incəsənət xadimiyəm,
prezident təqaüdçüsüyəm, müxtəlif təşkilatların
laureatıyam, "Zirvə" mükafatına layiq
görülmüşəm, 25 -dən çox kitabım nəşr
olunub. Həm dövlətimizin, həm də
xalqımızın diqqətindəyəm! Belə gözəl
ölkədə bundan artıq insan nə
lazımdır!?Yalnız işləmək və yazıb
yaratmaq! Mən də bu işlə məşğul oluram!
Nigar Adil
Olaylar.- 2018.- 24
aprel.- S.12.