Millət vəkilinin “Türk
dünyası”,
türk dünyasının millət vəkili
Azərbaycan
Respublikası Milli Məclisinin üzvü, fəlsəfə
doktoru Cavanşir Feyziyevin "Türk dünyası"
beş cildliyi gün üzü görüb. Bəri başdan
deyim: kitabın adına uyğun miqyası, ərəb
demiş, "mətn-mündəricə"si - içəriyi,
habelə nəfis tərtibat və mükəmməl
poliqrafiyası alqışa layiqdir. Etiraf edək, bir çox
hallarda türk dünyası adlı, ünvanlı nəşrləri
bu miqyas və səliqə-səhmanda görmrük və əlbəttə,
belə hallar yaxşı sayıla bilməz. Ona görə də,
mən bir oxucu və yazar olaraq, sayğıdəyər millət
vəkilimizə bu yüksək işinə görə öz
minnətdarlığımı çatdırır, türk
dünyası sevdalılarını, türk dünyasına
könül vermiş elm adamlarımızı,
yazarlarımızı, ictimai fəallarımızı,
oxucularımızı qutlayıram!
"Türk dünyası" dünya türklüyünün bütövlük gerçəkliyi, eyni zamanda ayrılma və birləşmə özəlliklərini gerçək olqular əsasında, dolğun bilgi rəngarəngliyi ilə əks etdirir.
Birinci kitabda: türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin özgü yaşam tərzi, gələnəkləri, universal-multikulturalist dünyagörüşü, onların çağdaş dünyadakı mövqeyi;
İkinci kitabda: türk etnocoğrafiyası, əski türk ulusları və boyları, çağdaş türk xalqları, toplumları, türk diasporu, onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolu;
Üçüncü kitabda: türklərin dövlətçilik tarixi və geneologiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları, vilayətləri;
Dördüncü kitabda: türkşünaslığın güncəl problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analtikası, türklərin kimliyinə münasibət, çağdaş türk dünyasının inkişaf potensialları və perspektivləri haqqında konkret informasiyalar;
Nəhayət,
Beşinci kitabda: türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur.
***
Beş cildliyin meydana çıxma səbəbi, məncə, ən ümumi şəkildə (müəlifin) bu cümlələr(in)də öz əksini tapıb: "İyirmi birinci yüzil... dünya xalqlarının, o sıradan türk dünyasının həyatını müsbət istiqamətə hərəkət etdirəcək bir yöndə öz perspektivlərini açır. Dünyanın ən müxtəlif ölkələrində yaşayan milyonlarla türksoylu insan - Böyük Türk Diasporu da öz tarixi yaddaşı ilə türk dünyasının bütövləşməsi amalları uğrunda qlobal fəaliyyətə qoşulmaqdadır.
Hazırda Koreya və Monqolustandan Balkan ölkələrinədək həm müstəqil dövlətlərini, həm muxtar dövlət quruluşlarını yaratmış millətlər olaraq, həm də kompakt toplumlar olaraq yaşayan türklər öz aralarındakı dərin bağlılığın hərarətini bütün qəlbləri ilə hiss edirlər. Onlar hiss edirlər ki, son iki yüz ilin tarixi-siyasi çaxnaşmalarında nə qədər bir-birilərindən uzaq düşsələr də, ayrı-ayrı regionlarda dövlət və qeyri-dövlət quruluşlarında məskunlaşsalar da, dünyanın hər yerinə səpələnsələr də, yenə ürəkləri, amalları və başlıcası Gələcəkləri birdir. Səpələnmişlərin bütövləşməsi - onların tarixi taleyidir. Dünya türkləri aydın şəkildə dərk edirlər ki, ən qədim zamanlarda olduğu kimi, bu gün də Avrasiyanın yaradıcı qüvvəsi, etnosiyasi və etnokulturoloji rəngarəngliyə malik olduqları qədər də bütövləşmə imkanlarına malik olan superetnosu məhz onlar - türklərdir!"
Bilirsiz, "Türk dünyası" beş cildliyinin bir millət vəkili, alim və Mətbuat Şurası İdarə Heyətinin üzvü olan nüfuzlu, xeyirxah aydınımız tərəfindən yazılması özlüyündə kitabın missiya və mandatına uyğundur. Elə müəlliflər var, ideolojik olaraq, elə müəlliflər var, bilgi yetərsizliyi baxımından, elə müəlliflər də var, imzası belə toplum tərəfindən xoşgörülmədiyindən yazdıqları yazıldığı yerdən çox da uzağa getmir. Bu anlamda, Cavanşir müəllimin "Türk dünyası" bir türk dünyası hadisəsi olacaq deyə ümid edir, buna inanıram. Bu ümid və inam onun hələ bir öncəki - "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabına bəslənən münasibət timsalında təcəlla edib. - Həmin kitab qısa zaman kəsiyində daha beş dəfə, fərqli ölkələrdə, fərqli dillərdə işıq üzü gördü. "Türk dünyası" isə "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli"ndən daha əhatəli, çoxşaxəli və çoxcildli olduğu üçün, elə bilirəm, daha çox diqqət cəlb edəcək. Üstəlik, beşcildliyin müəllifinin imzası artıq türk dünyası oxucusuna daha yaxın, daha çəkici və doğma imzadır.
"Türk dünyası" ilə ilkin tanışlıq belə, deməyə əsas verir ki, müəllif sevgi ilə peşəkarlığı bir arada tutmağı bacarıb; türk dünyasının ən önəmli coğrafiyasında yerləşən ölkəni təmsil etsə də, bütün türk ölkə və topluluqlarını dərin məhəbbətlə qucaqlamağı bacarıb, nəinki "səninki, mənimki" ayrımçılığına getməyib, daha çox bəlli tarix, gərgin bugün(kü dünya geçəklikləri) üzərindən belə bütövlüyə, BÖYÜK GƏLƏCƏYə səsləniş edib və bu səslənişin əsaslarını göstərib.
Heç kəsə sirr deyil ki, qardaş ölkə və topluluqlarda çıxan türk dünyası ünvanlı bir çox nəşrlərdə hansısa xalqın, ölkənin, liderin daha önplana çıxarılması halları mövcuddur; dr.Cavanşir Feyziyevin beş cildliyinin ana xəttini isə türkün şanlı ortaq keçmişi və o keçmişin ortaq gələcəyə dönüşdürləməsi potenisalının özü təşkil edir; müəllif özününküləşdirmir, ötələşdirmir; müəllif nə pafosa varıb, nə də bədbinliyə qapılıb - məhz alim kimliyi ilə yazıb. - Elə bilirəm, bu məqamlar da əsəri fərqli qılan amillər kimi çıxış edir. Başqa bir amil isə Cavanşir müəllimin poliqlot olması ilə bağlıdır; çox dil bilmək, daha çox şans, daha çox qaynağa yetişmək və mətnləri orjinalda oxumaq imkanı yaradır. Təsadüfi deyil ki, hər cildin sonunda çoxsaylı ədəbiyyat siyahısı verilib və o ədəbiyyatlar ayrı-ayrı dillərdədir.
Cavanşir müəllimin beş cildliyi, necə deyərlər, bir institutun bir neçə illik işi səviyyəsindədir.
Üstəlik, burada bir neçə elm sahəsinə aid məqalələr yer alıb; çoxsaylı qaynaqlara istinad edilib və sanki "elmlərin qardaşlığı" çələngi, güldəstəsi (yaxud sayğıdəyər alim və şairimiz Əhməd Qəşəmoğlunun sözü ilə desək), "ahəngyolu" meydana gətirilib.
***
Bir məqama da vurğu yapmaq istərdim. Bir neçə ildir türk dünyasında mədəni inteqrasiya mövzusunda yazılar yazan, konfranslarda çıxış edən, müxtəlif türk ölkə və topluluqlarında səfərdə olan, 4 mindən artıq kitablıq şəxsi kitabxanası olan, özü də kitablar yazan 45 yaşlı bir qardaşınız kimi, etiraf edirəm: "Türk dünyası"nda elə faktlara rast gəldim, mənimçün yenilik oldu. "Türk dünyası" beş cildliyində çoxsaylı ədəbiyyatdan istifadə edildiyini artıq yazdıq, onu da qeyd edək ki, müəllif burada, habelə türk dünyasına xidmət baxımından müəyyən işlər görmüş şəxs və qurumlara münasibətdə də qədirşünaslıq örnəyi göstərib. Mənimçün çox xoşdur deyim, çalışdığım Atatürk Mərkəzinin, mənsubu olduğum Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) nəşrlərinə, çalışmalarına da, "Türk dünyası"nda yer verilib. Bütün bunlara, eləcə də, DGTYB-nin nəşrlərinə önsöz yazarı, redaktor, məsləhətçi və rəyçi olaraq davamlı dəstək verdiyinə, bir sözlə, türk birliyi yönündə çalışmalara diqqət və qayğı göstərdiyinə görə sayın millət vəkilimizə şəxsim adına şükranlığımı yetirirəm.
***
Yəqin ki, beş cildliyin məziyyətləri haqqında hələ çox yazılacaq, sahə mütəxəssisləri məqalələr həsr edəcək, tənqidçilər öz görüşlərini paylaşacaq və əlbəttə, hansısa özəl məqam, hadisə, ad, ünvan beşcildlikdə əhatə olunmamışsa, belə faktın üzə çıxarılması vacibdir, ümumi işimizin (- ən azından əsərin növbəti nəşrlərində nəzər alına biləcək fikirlər baxımından- ) xeyrinə olardı. Bununla belə, beş cildliyin AMEA Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunması müvafiq təhsil və mədəniyyət ocaqlarımızda sanballı vəsait, dərslik kimi istifadə edilməsini, habelə qardaş türk xaqlarının türkcələrinə çevrilərək yayınlanmasını vacib qılır, deyə düşünürəm. Düşünürəm ki, 1000 say hazırda bizdə pis tiraj sayılmasa da, hamı üçün yetərli olmaya bilər və bununçün "Türk dünyası"nın pdf formatda "e-kitabxana"larda yerləşdirilməsi də işin xeyrinə olar.
***
Yüzillər öncə Gəncəli NİZAMİ - heç vaxt Gəncədən uzaqlara getmədiyi deyilən "dünya şairlərinin kapitanı" öz nəsihətnamələri, bəşəri çağırışları ilə (Tanrının, onun sonuncu elçisinin, zəmanə padişahının vəsfi ilə süslənmiş), "Xəmsə"sini yazmışdısa və də farsca yazmışdısa, XXI yüzilin 18-ci ilində, 55 il öncə Şəkidə doğulmuş, hazırda Bakıda yaşayan, neçə-neçə ölkələrdə olmuş, beş dil bilən Cavanşir Feyziyev, məhz öz doğma dilimizdə və türk birliyinə xidmət edən (necə deyərlər) milli beşcildlik yazmağa ehtiyac duyub (əlbəttə, bu haqlı, deyərdim, təxirəsalınmaz ehtiyacdır)! Bu beşcildliyin çox yerində sivilizasiyalar, mədəniyyətlərarası dialoq və işbirliyində, tarixi və çağdaş ipək yolunda, xalqların, mədəniyyətlərin qaynayıb-qarışmasında türk xalqlarının rolunu qeyd edərək, bu fonda günümüzdəki dünya və bölgə gerçəkliklərinin tablosunu verərək... Bu yerdə, mərhum şairimiz Fikrət Sadığın sözü yadıma düşür: "...Türk özünü qorumur, Tanrı türkü qorusun"!..
Və nəhayət: mənim yetkim olsaydı,
ortaq türk bayrağına bürünmüş bu nəfis
beşcildliyi - dr.Cavanşir Feyziyevin "Xəmsə"sini
türk dünyasının ortaq ödülünə təqdim
edərdim. Əlbəttə, bununçün belə bir
ödülün özü təsis edilməlidir...
Əkbər Qoşalı
Olaylar.- 2018.- 16 avqust.- S.14.