Regionların sosial-iqtisadi inkişaf proqramları kənd

əhalisinin kommunal problemlərini aradan qaldırıb

 

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.

Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet hesb olunur. Hazırda sözügedən dövlət proqramı iqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirməkdədir. Bu istiqamətdə 2014-2018-ci illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtləri müəyyən edilib. Bunlar orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması; vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi; kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi; taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi; istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması;  yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması; Ümumi Daxili Məhsulda qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi; ərzaq təhlükəsizliyini təmin etmək kimi amillərdən ibarətdər. Dövlət proqramında həmçinin əhalinin məşğulluq probleminin həlli prioritet hesab olunur. Proqrama əsasən dövlətin məşğulluq siyasəti əhalinin məşğulluğunun inkişafına təsir edən investisiya mühitinin yaradılmasına, vergi, gömrük, təhsil və digər müvafiq sahələrlə bağlı siyasətin daha da təkmilləşdirilməsinə, yeni iş yerlərinin açılmasını stimullaşdıran institusional mühitin formalaşmasına yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarətdir. Məhz bu məqsədlə proqram çərçivəsində məşğulluq sahəsində regional iqtisadi əlaqələrin genişləndirilməsi; ədalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı, əmək qanunvericiliyinə riayət olunmasına nəzarətin təmin edilməsi; neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan kapitalının inkişafına istiqamətləndirilməsi və elmi tutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların tətbiq edilməsi; təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması;  kənd yerlərində sosial və kommunal infrastrukturun daha da inkişaf etdirilməsi yolu ilə əhalinin miqrasiya səviyyəsinin azaldılması; qadınların və gənclərin məşğulluğunun səviyyəsinin artırılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət proqramı çərçivəsində bazar iqtisadiyyatının səmərəli və stabil fəaliyyətini təmin edən, sahibkarlıq fəaliyyətini potensial risklərdən qoruyan, iqtisadiyyatın inkişafı üçün uzunmüddətli investisiya mənbələrini yaradan səmərəli milli sığorta sisteminin formalaşdırılması ilə bağlı zəruri tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur. Ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafının təmin edilməsi baxımından iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayır ki, investisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu məqsədlə 2014- 2018-ci illər üçün dövlətin investisiya siyasətinin əsas istiqamətlərini investisiyaların qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi;  regional investisiya siyasətinin müasir inkişaf tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi; ölkədə investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi, insan kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin edilməsi; nanotexnologiyalar və azkarbonlu istehsal sahəsinə dövlət investisiyalarının qoyuluşunun prioritetləşdirilməsi; iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin sürətləndirilməsi; yaradılmaqda olan sənaye parklarına yerli və xarici investisiyaların cəlb edilməsi kimi prioritetlər təşkil edir.

Məlum olduğu kimi ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Sözügedən dövlət proqramı çərçivəsində bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldilir. Məhz bu məqsədlə dövlət proqramında sahibkarlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi gerçəkləşdirilir. Bunlar sahibkarlıq fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi işinin davam etdirilməsi; dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərinin daha da təkmilləşdirilməsi; regionlarda sahibkarların maliyyə təminatının daha da yaxşılaşdırılması; sahibkarlığın istehsal, bazar və sosial infrastruktur təminatının yaxşılaşdırılması, o cümlədən, müasir bazar infrastrukturu mexanizmlərinin (maliyyə, bank və sığorta sisteminin, fond bazarının, audit, ipoteka, lizinq, françayzinq kimi xidmətlərin) inkişafının sürətləndirilməsi; regioinlarda kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi üzrə səylərin dəstəklənməsindən ibarətdir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər dövlət proqramının əsas qayəsini təşkil edir. Proqrama uyğun olaraq innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdiriləcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərməkdədir. Odur ki, sənayeləşmə siyasəti çərçivəsində ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli və ixracyönümlü sənaye məhsulları istehsalı sahələrinin yaradılmasının təşviqi; qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi; istehsal sahibkarlığının dəstəklənməsi üzrə dünya təcrübəsində müvəffəqiyyətlə tətbiq edilən təşkilati modellərin, o cümlədən sənaye parkları və biznesinkubatorların yaradılması işlərinin davam etdirilməsi; özəlləşdirməyə açılmış sənaye müəssisələrində daha da şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi; mövcud sənaye müəssisələrində istehsalın texnoloji cəhətdən yenidən qurulması və ixtisaslı kadrlarla təminat mexanizminiın hazırlanması. Ölkənin qeyri-neft sektorunun inkişafında əsas prioritet sahə olan kənd təsərrüfatının inkişafına yönələn ardıcıl islahatlar və yeni texnologiyaların cəlb edilməsi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramında əksini tapmış kənd təsərrüfatında fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan verməkdədir. Aqrar sektorun inkişafı və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Aqrar bölmənin inkişafı istiqamətləri isə aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının stimullaşdırılması, əsas ərzaq məhsulları ilə özünü təminetmə ilə bağlı tədbirlərin davam etdirilməsi; aqrar bölməyə maliyyə dəstəyinin artırılması və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi; bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması; iri taxılçılıq və ya toxumçuluq, tingçilik, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması; regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxıl anbarı komplekslərinin (logistika mərkəzlərinin) yaradılmasının davam etdirilməsi; hər bir rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi; ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturların yaradılması; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması; torpaqların elektron texniki uçotunun aparılması və fermerlərin elektron qeydiyyat sisteminin yaradılması istiqamətində müvafiq işlərin görülməsindən  ibarətdir. Qeyd edək ki, dövlət proqramı çətçivəsində görülən işlər regionların inkişafı ilə yanaşı, ölkə iqtisadiyyatının da dayanıqlığını təmin etmiş olur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 17-21 avqust.- S.15.