Cəbrayılın işğalından 25 il keçdi

 

Ömrümün Qarabağ səhifəsi

 

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq yazır.

 

Ərazisi 1050 kv.km, 62.400 nəfərdən çoxdur. Cəbrayıl şəhərindən, Mahmudlu, Qumlaq, Xələfli, Xudafərin qəsəbələrindən və 92 kənddən ibarət olub.

Müharibə nəticəsində 366 nəfər şəhid, 196 nəfər isə əlil olub. 68 nəfər Böyük Vətən müharibəsi veteranı, 1332 nəfər Qarabağ müharibəsi veteranı var.

23 avqust 1993-cü ildə erməni quldurları tərəfindən işğal olunduqdan sonra əhalisi respublikamızın 58 şəhər, qəsəbə, rayon və kəndində məskunlaşmışdır.

Döyüşlərdə qazandıqları uğurlara görə 5 nəfər cəbrayıllı ölümündən sonra, bir nəfər isə sağ ikən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər:

Quliyev Vahid Həbibulla oğlu (yaşayır), Aslanov Şikar Davud oğlu, Quliyev Mətləb Kamran oğlu, Məmmədov Kazım Ərşad oğlu, Abbasov Vahid Əkbər oğlu.

Hazırda rayonun icra strukturu Saatlı rayonunda yerləşir.

Düz 25 ildir Cəbrayılın yoxluğunu yaşayırıq. Bir gündə iki rayonun - Füzuli və Cəbrayıl rayonlarının işğal olunduğu utancını daşıyırıq qəlbimizdə. Şox ağır yaradı. Həmin əraziləri geri alacağımız günədək sağalmayacaq bir yaradı. Amma yaralı yaşamaq da mümkün deyil axı. Mütləq yaramızı sarımalı, sağaltmalıyıq. Və onun üçün hər il bu tarixdən yazırıq. Yazırıq ki, bizimki olanı düşmənlərimizə də, dünyaya da car çəkək. Bizim olub, yenə də bizim olaraq qalacaqdır. Sadəcə tarixin üzüdönük olayları var və biz insanlar bunlardan qurtuluş yolu tapmaqda acizik. Amma usanmırıq, bezmirik, yorulmuruq, istəyimizə nail olanadək mübarizə aparmaq iqtidarındayıq.

... Yaxşı xatirimdədi. Cəbrayıl səfərimiz Ağdam və Füzulidən sonra başlamışdı. Hərbi jurnalist rəfiqəm və əksər cəbhə bölgələində mənimlə bərabər olmuş Gülbəniz Arifqızıyla Qarabağa növbəti gedişimizi məhz bu marşrut üzrə qurmuşduq. Ağdam və Füzulidəki döyüş bölgələrini birər-birər gəzib əsgər və zabitlərdən kifayət qədər müsahibə götürdükdən sonra Cəbrayıla üz tutduq. 1992-ci ilin fevral ayı idi...

Bir etiraf edim. Cəbhə bölgələrinin hansında olurduqsa, harda Qarabağın müdafiəsindən söz-söhbət düşürdüsə, fikirlər Rəşid Məmmədovun üzərində cəmləşirdi. Düzü haqqında çox eşitmişdim. Rəy söyləyənlər müxtəlif peşə sahibləri olsa da, fikirlər eyniydi: "Əsl qəhrəmandır", "İndi Azərbaycanın belə igid oğullara böyük ehtiyacı var", "Onun kimi igidlərlə çoxdan Qarabağ problemini həll etmək olardı", "Təəssüf ki, cəsarətin, mərdliyin, şücaətin, həm də hərbi təcrübənin birləşdiyi adamlar tək-təkdir".

Elə Füzulidəykən bildirdilər ki, polkovniki yerində tapmaq müşkül məsələdir. Sübh tezdən gecə yarıyadək dağı-daşı dolanır, səngərdə olan hər bir əsgərlə fərdi danışır, onlara məsləhətlərini verir, vəziyyətlə şəxsən tanış olur...

Cəbrayıl rayon Polis idarəsinə çatanda artıq gün yarıydı. Şöbənin işçiləri bildirdilər ki, neçə gündür Sirik və Nüsüs kəndlərini erməni quldurları aramsız atəşə tuturlar. Rəis kəndlərin müdafiəsinin təşkili barədə planlar cızıb. İndi də gedib ki, kəndlərin müdafiə mövqeyini möhkəmləndirsin. Bizim də şöbənin həyətində oturub rəisin yolunu gözləməkdən başqa çarəmiz qalmadı. Çünki, ən əvvəl real vəziyyətlə bağlı yalnız o bizi məlumatlandıra bilərdi. Bundan başqa da, bu əfsanəvi insanı görmədən geri dönmək ağılsızlıq olardı.

Polkovnik Rəşid Məmmədov şöbəyə dönəndə artıq toran qovuşurdu. Üst-başı toz-torpaq içindəydi. Həm də əsəbi görkəmdəydi. Sözlü adama oxşadığı ilk baxışdan bəlli idi.

-Hələ də öz səhvlərimizin bataqlığında çabalayırıq,-dedi. Qarabağın dağlıq hissəsindəki ermənilərin silahlanmasına uşaq sadəlövhlüyü ilə göz yumduq, allaha pənah apardıq, nəticəsi hamımıza bəllidir.Qonşu Füzuli rayonu da belə səhvlərin ucbatından indi təhlükəli vəziyyətdədir. Ermənilər yaşayan kəndlərlə qarşı-qarşıyadır. Təhlükə başlarının üstünü alıb. Bu da bir həqiqətdir ki, bircə ölümə çarə yoxdur. Hərbi mütəxəssisləri yığıb vəziyyətdən çıxış yollarını tapmaq olar. Hərbin öz sərt qanunları var və bunları tətbiq etməkdən ötrü möhkəmlik, qətiyyət tələb olunur. Bizdə çatışmayan da budur. Hərbi mütəxəssislərin təcrübəsindən kifayət qədər istifadə olunmur. Nə isə... Sözümün canı odur ki, hərbi əməliyyatların yerinə yetirilməsində erməni yaraqlılarının səriştəsi daha çoxdur. Buna görə də, hər dəfə hücum zamanı böyük zərər vururlar. Cəbrayılda işlədiyim 4 il müddətində gəldiyim qənaət budur: nə itirmişiksə, müdafiə zamanı olub, hücumda nə yaralanan olub, nə də ki, ölən. Biz isə öz kəndlərimizi erməni quldurlarından təmizləmək əvəzinə durub gözləyirik ki, onlar nə vaxt hücum edəcəklər. Bu, düzgün mövqe deyil. Birlik kəlməsini eşitmək indi hamımızı bezikdirib. Çünki əməli işdə birlik yoxdur, yalnız sözdədir. Əgər bütün əməliyyatlar vahid komandanlıq altında, özü də bacarıqla aparılsa, işğal altında olan torpaqlarımızı quldurlardan təmizləyərik, məqsədimizə çatarıq. Ürəkağrıdan bir faktı da qeyd eləmək istəyirəm. Respublikanın rəhbərləri arasında elələri var ki, Azərbaycanın xəritəsini belə bilmirlər. Telefonda məlumat verirəm ki, ermənilər yenə də basqın ediblər. Soruşurlar: Ermənistandan hücuma keçiblər? Daha bilmirlər ki, Cəbrayıl Hadrutla həmsərhəddir, Ermənistanla yox. Gərək vuruşanda da düşmənini tanıyasan, gücünü düzgün müəyyənləşdirəsən, sonra da lazımi qüvvəylə qarşısına çıxasan və qalibiyyət qazanasan.

Cəbrayıl rayonunun Qubadlı, Zəngilan, Füzuli, Hadrut rayonları ilə və qonşu İran İslam Respublikasıyla 100 kilometrlik sərhədi var. Bunun tən yarısı, yəni 50 kilometr ərazisi Hadrutun 12 kəndi ilədir. Rayon camaatının dincliyi də məhz bu ərazidən pozulur. Özü də müntəzəm. Əsl təhlükə mənbəyi bu ərazidir. Ötən ilin mayında ermənilərin də yaşadıqları azərbaycanlı kəndlərində pasport rejimi yoxlanılarkən Dolanlar, Zamzur, Arakül və Banazur kəndləri quldurlardan təmizləndi. Noyabr ayında rus hərbçiləri ermənilərlə birgə həmin kəndlərə basqın etdilər. Bu hücum zamanı təkcə Zamzur kəndində 7 nəfər sakin, 2 nəfər milis işçisi həlak oldu. Amma Zamzur yenidən quldurlardan təmizləndi. İndi kəndə Azərbaycan milisi nəzarət edir.

Hər axşam ermənilər yaşayan Ağcakənd, Tsur, Hintağlar kəndlərindən güclü hücumlar olur. Həmin hücumlar milis işçilərinin şücaəti, qəhrəmanlığı sayəsində dəf edilir. Cəbrayıl camaatında təhlükəsizliyinə inam artır. Bu inamı isə onlarda igid polkovnik R.Məmmədov və onun rəhbərliyi altında xidmət edən mərd oğullar yaradıblar...

Yuxarıda qeyd etdiklərim Qarabaq savaşından yazdığım "Vətən, səndən keçmək olmaz!" kitabından götürülüb. O zaman qələbəmizə inam böyük idi. Hər dəfə cəbhə bölgələrində Rəşid Məmmədov, Şirin Mirzəyev, Əliyar Əliyev, Elman Hüseynov, Vəzir Orucov, Mehdi Abbasov, Əlif Hacıyev, Aqil Quliyev, Quliyev Vahid, Aslanov, Quliyev Mətləb, Məmmədov Kazım, Abbasov Vahid, Rasim İbrahimov və başqa igidlərimizlə görüşüb söhbətləşdikcə qələbəyə inamımız çox artırdı. İndi onlar şəhidlik zirvəsinə yüksəliblər. Ruhları nigaran-nigaran göylərdə başımız üzərində dolaşır. Sanki bununla bizlərə: Qələbəyə inamınızı bir an da olsun itirməyin, inam olan yerdə məqsədə çatmaq mümkündür-mesajını verirlər. Onların ruhlarını şad etməksə bizim can borcumuzdur.

 

Olaylar.- 2018.- 22-28 avqust.- S.10.