Qələbəyə inamımız
bizi tərk etmir
Füzulinin işğalından 25 il keçdi
Əməkdar jurnalist, Qarabağ
Müharibəsi veteranı Əntiqə Qonaq yazır
Füzulinin 139.300 kv.km ərazisinin
yalnız 500 kv.km-i bizdədir. Rayonun 94 kəndindən 72-si erməni
quldurları tərəfindən işğal
olunub. 22 kənddə dinc
quruculuq işləri davam
edir.
Qanlı müharibə nəticəsində rayon əhalisinin 731 nəfəri şəhid olub, 281 nəfəri itkin, 1250 nəfəri isə əlildir.
Rayon əhalisi respublikamızın 50 şəhər və rayonunda, 1700 qəsəbə və kəndində məskunlaşmışdır.
Rayonun ərazisində gedən döyüşlərdə şəhid olanlardan 8 nəfəri "Milli Qəhrəman" adına layiq görülmüşdür. Onlardan 6 nəfəri Füzulidəndir.
Seymur Məmmədov, Faiq Rəfiyev, Nazim Əliyev, Pəhləvan Fərzəliyev, Bəşir Kərimov, Elxan Zülfüqarov.
Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 23 noyabr 2007-ci ildə Horadiz qəsəbəsinə şəhər status verilmişdir. Hazırda rayon mərkəzi orada yerləşir.
Bu, həqiqətən də beləydi. Müharibə zamanı döyüş bölgələrinə ata ocağıma can atdığım kimi tələsirdim. Bəzən valideynlərimin görüşünə aylarla getmirdim. Bəhanələr gətirirdim ki, işim çoxdu, vaxt ayıra bilmirəm. Bayramlar zamanı isə bu bəhanələr işə yaramırdı. Çünki ən əvvəl onların bayramlarını təbrik etməyimə alışmışdılar. Amma, əsgərlərin gözləri yoldaydı axı. Onlara bayram sovqatı aparmadan, onlardan yazı yazmadan necə rahatlıq tapmaq olardı?
Valideynlərimə bir müqəddəs yalan da uydurmuşdum: Cəbhəyə getməyimiz şərtdi. Növbəlilik sistemi var və biz sıramız yetişdikdə mütləq döyüş zonasına getməliyik. İnandıra bilmişdim onları. Belə də qəbul edirdilər. "Ehtiyatlı ol, güllənin qabağına vermə özünü" və sair bu kimi tövsiyələrini əsirgəmirdilər dualarıyla bərabər.
Bir olan allah şahiddi ki, mən 1988-cü ildən ta atəşkəsə qədər cəbhə bölgəsinə könüllü olaraq yollanmışam. Redaktordan xahiş edirdim, ezamiyyə vərəqəsi verirdi, bəzən heç rəsmi sənəd olmadan gedirdim. Sonralar milli ordu formalaşmağa başladığı vaxtlar cəbhəyə yalnız Müdafiə Nazirliyinin icazəli göndərişiylə gedə bilərdik. Bu göndərişi alınca da nə qədər əzab əziyyətimiz olurdu, saatlarla, günlərlə gözləmələrdən bezirdik, döyüş bölgəsinə yollanmaq istəyimizdən azacıq da olsa vaz keçmirdik. Nə yaxşı ki, bu cür idik: israrlı, mübariz, açıq sözlü və vətənpərvər. Əslində, bu qədər uzaqdan başlamayacaqdım. Amma son günlər Füzuli ilə Cəbrayılın işğalı ilə bağlı keçirdiyim hisslər, həmin rayonlarda olarkən yaşadığım ağrılar birər-birər film kimi gözlərim önündə canlandı və mən Cəbrayıldan yazdığım yazını o zaman rayonun komendantı olmuş polis polkovniki Rəşid Məmmədovla görüşümüzlə bitirə bildim. Yazacaqlarım yalnız bi deyildi amma. Çox faktlar vardı əlimin altında. Bacara bilmədim. Nədənsə, bu dəfə çox ağır gəldi mənə. İndi də Füzulidən yazacağım yazının yükü altındayam. Çünki bu rayonu müdafiə edən döyüşçülərlə bağlı çoxlu yazılarım var, burada o qədər sarsıdıcı hadisəylə üzləşmişəm ki, o qədər ürəkləri parçalayan səhnələrin şahidi olmuşam ki, neçə-neçə yaralı əsgərin gözlərim qarşısında əbədiyyətə qovuşmasına göz yaşı tökmüşəm ki... Çox ağırdı, həm də təskinlik tapa bilməyəcəyin qədər acizsən. Çünki bir zaman addımladığın həmin torpaqlara nə səsin çatır, nə ünün yetir...
Füzuli haqqında ilk təsəvvürlərimi bu rayondan olan tələbə yoldaşlarımız yaratmışdılar məndə. Ötən əsrin 80-ci illərinin əvvəllərində. Daha sonra jurnalistlik fəaliyyətimlə bağlı Azərbaycan Memarlıq və İnşaat İnstitutunun son kurs tələbəsi Gülbəniz Arifqızı ilə tanış oldum və bu tanışlıq indiyədək davam edən dostluğa çevrildi. Onu bir neçə dəfə doğulduğum Xaçmaz rayonunun Maqsudkənd kəndinə də aparmışdım və bu günədək o, bizim bənövşəli bağçamızı vəsf etməkdədir. Amma dinc quruculuq illərində onunla Füzuliyə getmək imkanım olmamışdı. Bu gün sabaha salmışdım. Demə qismət müharibə dövrünəymiş. Bəlkə də, elə Füzuliyə digər rayonlara nisbətən (Ağdam istisna olmaqla) çox getməyimin bir səbəbi də bu gecikmələrimi sığortalamaq üçünmüş...
İlk dəfə Füzuliyə Novruz bayramı ərəfəsində getmişdik. Respublika Qadınlar Cəmiyyətinin bir-iki nəfər fəalı da bizimləydi. Şərafət Kələntərli və Elvina Usubova (Allah hər ikisinə rəhmət eləsin), Babək Qocayev, Gülbəniz və mən. Gülbənizin böyük qardaşı Azər də Füzuli cəbhəsində döyüşdüyündən qərara aldıq ki, ilk Novruz sovqatlarını bura aparaq. Novruz şirniyyatı və əsgərlər üçün siqaret, corab, diş fırşası, sabun və s. Füzulinin mərkəzindəki internat məktəbində yerləşən könüllülərdən ibarət "Alyanlı" dəstəsinin üzvləri ilə görüşəndə artıq gün günortanı keçmişdi. Döyüşçülər bizi görcək əllərini arxalarında gizlətməyə çalışdılar. Mənim də marağım üstün gəldi və bir yolla arxa fondan əllərinə baxdım. Yavan çörək yeyirdilər. Utandıqlarından bizdən gizləməyə çalışmışdılar. Utanacaq bir hərəkətiniz yoxdu sizin, - söylədik. Bayram axşamı gətirdiyimiz şirniyyatlar necə yerinə düşmüşdü...
Təbii ki, səngərlərə dağılışmaqdan öncə kimin hansı səmtə gedəcəyini ayırd etməliydik. İki istiqamətdə hazırlanmışdıq. Amma qulağımız çalmışdı ki, bu saatlarda girovdəyişmə olmalıdır. Xocalıdan girov götürülən dinc əhalini yanacaqla dəyişəcəkdilər.
Onu da öyrəndik ki, müharibə zonasında ən çox vaxt və məsuliyyət tələb edən iş girovların dəyişdirilməsi prosesidir. Tərəflər vaxtı, məkanı, alınacaq girov müqabilində nə veriləcəyini və dəyişdiriləcək girovları özləri müəyyənləşdirirlər. Neytral zona təyin edilir, əsirləri müşayiət edən şəxslər mütləq silahsız olmalıdırlar. Bu zaman hər hansı bir tərəfdən atəş səsi gələrsə, proses baş tutmayacaqdır. Bəzən istisnalar da olurdu. Məsələn, "Alyanlı" dəstəsinin komandiri Səməd Əbilov, Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqi Yusif Ağayev, Milli Təhlükəsizlik Nazirliyi Füzuli rayon şöbəsinin rəisi Fəxrəddin Haşımov Xocalıdan olan 14 nəfər qadın və uşağı Qırmızı Bazarın mərkəzindən, ermənilərin içindən gətirməli olmuşdular. Buna baxmayaraq, iki-bir, üç-bir dəyişdirilənlər də çox idi. İndiyədək Xocalının dinc əhalisindən 30 nəfəri, 8 şəhid cənazəsini dəyişmişdilər. Onlar deyirdilər ki, kaş əsirləri o vəziyyətdə görməyəydik. Gecə-gündüz gözlərimiz önündə onların işgəncələrdən əzab çəkmiş görkəmləridir. Çox ağrılı və hüznlü səhnələr idi. Bütün bu söhbətlərə baxmayaraq, biz elə bil özümüzü cəzalandırmaqda, yəni girovdəyişmə prosesinin ağrılı anlarını əbədilik qəlbimizə köçürməkdə israrlıydıq. Danışıqlar davam edirdi. Əslində belə bir əməliyyatda mülki şəxslərin iştirakı yolverilməz idi. Amma biz dediyimizdən dönmürdük. Çox xahiş-minnətdən sonra komandiri razı sala bildik. Çünki belə bir hadisəyə şahidlik etmək hər zaman hər kəsə nəsib olmurdu. Son dərəcə təsirli və ağrıdıcı bir səhnə idi. Füzulinin Gövşadlı kəndinə yaxın neytral ərazidə Xocalıdan olan girovların dəyişdirilməsi. Əslən Amasiyadan olan və Xocalıda məskunlaşan, girovluqdakı işgəncələrdən beli bükülmüş, oğlunun kürəyində doğmalarına qovuşan, bütün ailəsiylə əsir düşən Əli dayının ilk kəlməsi bu olmuşdu: "Nəfəsinizə qurban olum". 3 gün əvvəl onun həyat yoldaşını və qızını, indi isə oğlunu və özünü azad etmişdilər. Hələ bir oğlu da girovluqda qalmışdı. Zorla nəfəs alaraq komandirdən girovluqda qalmış oğlunun da xilasını xahiş edirdi. Əli dayı göz yaşlarını saxlaya bilmirdi. Mənsə ürək ağrısıyla fikirləşirdim ki, kişiləri ağlayırsa, deməli Vətənin dar günüdür. Amma indi Vətəni göz yaşlarıyla qorumaq dəmi deyildi, düşmən qarşısında vüqarla durmaq lazımdır. Bunu Əli dayının faciəli hekayətini onun dilindən eşitdikdən sonra daha da yəqinləşdirdim. Əli dayını yandırıb yaxan məşəqqətli yaxın keşmişi idi: Ermənistanın Amasiya rayonunda qalmış dədə-baba yurdu, doğmalarının ruhları gəzən o torpaq, əvvəlcə Şuşada, sonra Xocalıda qurduğu ev-eşik, son bir ayda pərən-pərən düşmüş ailəsi, varlığıyla yoxluğu sual altında qalmış qohum-əqrəbası, Xankəndinin həbsxanasında keçirdiyi təhqirlərlə, əzablarla, işgəncələrlə, son dərəcə vəhşi rəftarla dolu 20 gün. Mən bu səhnəni və burada şahidi olduqlarımı ən xırda nüansına qədər bu günədək xatırlayıram. Unutmaq mümkün olmayan tarixi bir faciə... Əslində müharibədə şahidi olduğum, həm də mətbuatdan oxuyub televiziyalardan seyr etdiyim məlumatların hamısı yaddaşıma hopub. Bu hadisələr heç bir zaman mənim üçün ikinci plana keçmədi, daim ürəyimin bir küncündə qaldı. Əslən İmişlinin Bəhramtəpə qəsəbəsindən olan, müharibə başlayanda Rusiyadakı gəlirli işini atıb Vətənə dönən, arxasınca cəbhəyə gələn anasına: Ana, o qıfıllı qapıları açmayınca geri dönən deyiləm, - deyən, Füzulidəki 28 iyun əməliyyatında ağır yaralanan, Semaşko adına xəstəxanada əməliyyat olunsa da həyat mücadiləsini itirən və gözlərim önündə həyatdan gedən üç uşaq atası Sahib Qarayev var beynimin o gizli köşəsində... Qızbəs ananın iş yerimə, daha sonra evimə gələrək "oğlumun son sözü nə oldu?", "onun qoxusunu səndən alıram", - deyərək məni qucaqlayaraq saatlarla söhbətə tutması, balasının qəhrindən ürəyi partlayaraq dünyasını dəyişməsi...
Oturub düşünəndə
birər-birər gözlərimin qarşısında
canlanır. Lap elə indicə
baş veribmiş kimi. Hansını dilə
gətirim, hansından
danışım?..
Füzuli ilə bağlı ağrılı və sarsıdıcı hadisələr
də çoxdu. Çünki hər səfərimizdə
gözlənilməz bir
hadisəyə şahidlik
etməli olurduq.
Füzulinin Xələfşə, Cuvarlı,
Gövşatlı, Arış,
Yuxarı Divanallar, Veysəlli, Çimən,
Qaradağlı və
digər döyüş
gedən kəndlərində
və Məngələnata
yüksəkliyində olmuşdum. Dağlar gözəli
Qacarın isə sorağını eşitmişdim.
Qacara gedən yol keçmiş Hadrut və Ağdərə rayonlarının ərazisindən
keçdiyindən ən
təhlükəli yollardan
sayılırdı. Buna görə də, "Alyanlı" kəşfiyyat
rotasının döyüşçülərindən
Babək Qocayev, Zahid Hacıyev, Vidadi Əliyev, Şahin Xanəliyev, İltifat Hüseynov və dəstənin həkimi Mirzə Cəfərovun müşayiəti
ilə gedəsi oldum Qacara. Döyüşçülərin
atmaca və zarafatları təhlükəli
yolun xofunu qətiyyən hiss etdirmədi.
Xəzəz, Ocaqlı və
Cəlal dağlarının
ətəyinə sığınmış
dağlar gözəli
Qacar həqiqətən
möhtəşəm idi.
Yaşıllıqlar qoynunda
yaşamını sürdürən bu kənd naxələf
"qonşular" tərəfindən
dəfələrlə güclü
hücumlara məruz qalmasına baxmayaraq, bir dəfə işğal olunmuş, tez bir müddətə
quldurlardan təmizlənmişdir.
Son aylar ermənilərin
hücumları xeyli kəskinləşmiş, kənddə
xeyli ev
dağıdılmışdır. Amma kəndin müdafiəçiləri
sayıqlıqlarını itirmir, düşmənin hücumlarını mərdliklə
dəf edirdilər.
Ən əsas yük isə əfsanə topçu Novruz Əliyevin üzərinə
düşürdü. Onun igidliyi dillərdə dastan idi. 61 yaşlı bu kişi kəndin
müdafiəçiləri arasında yeganə təcrübəli topçu
idi. Bəzən növbə vaxtında
dəyişdirilmədiyindən günlərlə ac-susuz postda qalır, amma mövqeyi başsız qoyub geri dönmürdü.
Biz orda olarkən
bildirdilər ki, 4 gündür müntəzəm
postdadır. Nədənsə
yerinə adam
göndərən olmayıb.
Yaxşı insan sözünün
üstünə gələr,
- demişlər. Üz-gözündən yorğunluq yağsa da, bizimlə söhbətdən boyun qaşırmadı. Yeganə oğlu
Bəhruza peşəsinin
sirlərini öyrətmiş,
onu gənc topçu kimi yetişdirmişdir. Əli Əsədov
və İlyas Mehdiyev də onun yetirmələri idi. Artıq onların da şagirdləri var, - dedi. Gərək hərə bildiyini
kiməsə öyrətsin.
Onsuz da hərbi mükəmməl
bilən, texnikadan yaxşı baş çıxaran mütəxəssislərimiz
azdır. Olanlardan da
istifadə etmirlər.
Gileylənməkdə haqlıydılar təbii ki.
Həmin dövrdə Aran Qarabağ da düşmən təcavüzünə
məruz qalırdı. Müharibənin dağıntıları indiyədək
təhlükəsiz saydığımız
ərazilərdə də
görünürdü. Buna baxmayaraq, vuruşanlar
yalnız könüllülər
idi. Səfərbərliyə
alınmış əsgərlərin
könüllülərlə birgə xidmət göstərməsi, müdafiəni
bərabər təşkil
etmələri qələbənin
rəhni ola
bilərdi.
Bəli, o zaman bütün yazılarımız qələbəyə
böyük inam notlarıyla bitirdi. Döyüşçülərlə hər görüşümüzdə
onların əhval-ruhiyyəsini
yüksəltməyə, ruh
düşkünlüyünü aradan qaldırmağa çalışırdıq. Ümidimizi heç itirmirdik. Elə indi də itirmirik.
Qələbəyə inamımız
bizi heç tərk etmədi...
Olaylar.- 2018.- 22-28 avqust.- S.14.