Regional proqramların uğurla icrası

Neftçala rayonunu inkişaf etdirir

 

"Müasir Azərbaycanın qurucusu, inkişafın Azərbaycan modelinin müəllifi Ümummilli lider Heydər Əliyev strategiyasının layiqli davamçısı İlham Əliyev tərəfindən Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramları nəticəsində bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur". Bu fikirləri Olaylar.az -a YAP Neftçala Rayon Təşkilatı Gənclər Birliyinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ülvi Fərzəliyev bildirib.

Sədr qeyd edir ki, regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır. "Ölkə rəhbəri cənab İlham Əliyev sədrliyi ilə keçirilən 10 yanvar 2018-ci il tarixdə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı öz nitqində demişdir: " Görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir. Ancaq biz əldə edilən uğurlarla kifayətlənməməliyik, daim qabağa baxmalıyıq və növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyətimizi düzgün qurmalıyıq"

2014-2018-ci illərdə regionların sosial- iqtisadi inkişafı Dövlət proqramının Neftçala rayonu üzrə nəzərdə tutulan tədbirləri də uğurla yerinə yetirilmişdir. Bu illər ərzində rayon iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 234.7 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 191.7 milyon manatı dövlət, 43 milyon manatı isə qeyri- dövlət sektorunun payına düşür. Həmin dövr ərzində rayonda 3251 daimi yeni iş yeri olmaqla ümumilikdə 8980 yeni iş yeri açılmışdır. Xüsusilə dövlət proqramında mühüm əhəmiyyət daşıyan infrasturtur layihələr həyata keçirilmiş, rayonun 23 yaşayış məntəqəsi qazlaşdırılmış, 31 kənddə modul tipli su qurğuları quraşdırılmışdır. Rayon ərazisində 84 km uzunluğunda kəndlərarası avtomobil yolları yenidən qurulmuş, 788 yerlik 6 ədəd yeni məktəb binası inşa edilmiş, 5 modul tipli məktəb tikilərək istifadəyə verilmişdir. 1 məktəb əsaslı təmir edilmiş, 1 İnteqarsiya Təlimli İnternat Tipli Gimnaziyanın əsaslı təmiri davam etdirilir. Prezidentin sərəncamı ilə 2018-ci ildə Neftçala rayonunda daha 7 modul tipli məktəb binası quraşdırılacaq. Dövlət proqramına əsasən rayon ərazisində 110/35/6 KV-luq elektrik yarımstansiyası istifadəyə verilmiş , Neftçala rayon Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir edilmiş, Sahibkarlara Kömək Milli Fondu tərəfindən 63 nəfərə 7 milyon 283 min manat məbləğində güzəştli kredit verilib."

Ülvi Fərzəliyev Azərbaycan Respublikası Prezidentinin "Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında" 02 fevral 2015-ci il tarixli 1011 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli 84s nömrəli Sərəncamına əsasən Neftçala rayonu İcra Hakimiyyəti başçısının 10 aprel 2015-ci il tarixli 43 nömrəli sərəncamı ilə Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 hektar torpaq sahəsi "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə icarəyə vermək huquqi ilə daimi istifadəsinə ayrıldığını qeyd edir. "Tikinti işləri 2016-cı ildə tamamlanmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 24 sentyabr 2017-ci il tarixdə Neftçala rayonuna səfəri zamanı "Neftçala Sənaye Məhəlləsinin" rəmzi açılışını bildirən lenti kəsmişdir. 2018-ci ilin mart ayında Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sənaye müəssisələrindən biri olan avtomobil zavodunun açılışı olmuşdur.

Regionların sosial- iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafına yeni təkan vermək və modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı" ili elan edilmişdir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar təşkil edilmiş, dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları , torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmiş, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit və toxum , "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətindən lizinq yolu ilə, texnika, gübrə, damazlıq mal-qara almaq imkanı əldə etmişlər".

"Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2014-cü il tarixli Sərəncamı Neftçala rayonunda da kənd təsərrüfatının inkişafına müsbət təsir göstərmiş ,16 yeni taxılbiçən kombayn "Aqrolizinq" ASC-nin Neftçala rayon filialına verilmişdir. 2016-cı ildə "Aqrolizinq" ASC-nin Neftçala rayon bölməsinə 1 ədəd taxılbiçən kombayn, 2 ədəd traktor, 3 ədəd kotan, 2017-ci ildə 28 ədəd becərmə traktoru, 12 ədəd şum traktoru, 4 ədəd pambıq yığan kombayn, 2 ədəd çöp doğrayan, 3 ədəd təkərli su çəni, 20 ədəd çiyid səpən , 2018-ci ildə 2 ədəd pambıqyığan kombayn, 1 ədəd çiləyici, 2 ədəd kotan verilib".

Sədr Neftçala rayonunun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasındakı ciddi çətinliklərlə əlaqədər respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisinə 2006-cı ildə başlandığını bildirir. "Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında "Əhalinin ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı"na daxil edilmiş, kanalın 2014-2018-ci illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuşdur.

Regionların sosial- iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində Neftçala rayonunda pambıqçılıq aqrar sektorun əsas inkişaf istiqamətlərindən olmuş, 2018- ci ildə rayonun 10000 hektar ərazisində pambıq əkilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2017-ci il tarixli 151 nömrəli Sərəncamına əsasən aqropark yaradılmaqlapambıq sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədi ilə Neftçala rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 2288,65 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Rayon ərazisində iri fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar 5620 hektar torpaq sahəsi nəzərdə tutulub."

Ülvi Fərzəliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə turizm sektorunda uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirildiyini, bu hədəflərdən ikisi regionlarda turizm imkanlarının inkişafına yönəldiyini qeyd edir. "Hədəflərdən biri regional səviyyədə turizm infrastrukturunun inkişafı, digəri isə regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirməkdir. Belə ki, daha yaxşı inteqrasiya olunmuş turizm sektoruna nail olmaq üçün sağlamlıq, qış və ekoturizm kimi turizm növlərinin inkişafına investisiya qoyuluşları həyata keçiriləcəkdir.

Regionlarda turizmin inkişafına təsir edən ən başlıca amil isə infrastrukturun qurulmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bölgələrimizdə qaz, işıq, su, yanacaq, yol problemi aradan qaldırıldığı üçün turizmin inkişafı üçün də əlverişli zəmin yaratmışdır. Nümunə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 sentyabr 2017-ci il tarixli sərəncamı ilə tikintisinə başlanılmış Neftçala rayonunun Şorkənd - Beşdəli - Bankə- Şirvanlı avtomobil yolunu göstərmək olar ki, yol istifadəyə verildikdən sonra Neftçala rayonunun Şirvanlı kəndində yerləşən Xəzər dənizi kənarındakı çimərliyə qonşu rayonlardan turist axını sürətləndirmişdir. Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə yaradılmış Qızılağac Milli Parkı da Neftçala rayonuna turist axınını sürətləndirəcəkdir. Neftçala rayonunun ərazisində yerləşən Şirvan Milli Parkında və Qızılağac Dövlət Təbiət Qoruğunda mühafizə olunan quş və heyvan növləri ilə tanışlıq, müşahidə məqsədilə "Bird Watching" turizm növü üzrə turların təşkili sahəsində bir sıra işlər görülmüş, rayonda şagird və tələbələri ilə yanaşı xarici turistlərin də Şirvan Milli Parkına turları təşkil edilmiş, Parkda qorunan ceyranların müşahidəsi, palçıq vulkanları ilə tanışlıq həyata keçirilmişdir".

Sədr Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 35-ci yerə layiq görülməsi ölkəmizdə iqtisadiyyatın sürətli inkişafının göstəricisi olduğunu bildirir. "Bu hesabata görə Azərbaycan iqtisadiyyatı MDB ölkələri arasında liderliyi ilə dünyanın bütün ölkələrinin diqqət mərkəzindədir. Hətta İtaliya, Rusiya, Hindistan və Türkiyəkimi ölkələrin də iqtisadiyyatının rəqabətlilik qabiliyyəti Azərbaycandan geri qalır. İqtisadiyyatımızın bu cür inkişafında "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın böyük rolu olmuşdur. Sualınızı və müsahibəni İlham Əliyevin bir sitatı ilə bitirmək istəyirəm: "Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş kimi tanınır"

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 5 dekabr.- S.15.