Füzuli ilə Əliağa Vahidin
fərqi nə idi?
Zəngin Şərq
ədəbiyyatının ən qədim və kütləvi
janrlarından biri də qəzəldir. Klassik Şərq ədəbiyyatında bu janra müraciət etməyən
məşhur şair tapmaq
çox çətindir. S.Şirazi,
Əbu Nəvas, Nizami, Nəsimi, Nəvai
və s. kimi klassik şairlər bu
janrın ən gözəl nümunələrini
yaratmışlar. Qəzəl janrı dünya ədəbiyyatına Hafiz
və Füzuli kimi dahi söz sənətkarları
bəxş etmişdir. Şərq və dünya ədəbiyyatının zəngin bir qolunu təşkil edən
Azərbaycan ədəbiyyatında da qəzəl
janrı qədim bir tarixə malikdir. O, bizim ədəbiyyatımıza
başqa xalqların ədəbiyyatından
keçmiş olsa da, getdikcə doğmalaşan
və sevilən bir janr
olmuşdur. Xəqaninin, Nizaminin,
Nəsiminin, Həbibinin və başqalarının ümumi bədii irsində qəzəl
yaradıcılığı müəyyən əhəmiyyətə
malik yer tutur. Klassik Azərbaycan
şerində inkişaf edə-edə yaşayan qəzəl janrı Füzulinin
yaradıcılığı ilə yeni bir zirvəyə çatmışdır.
Azərbaycan ədəbiyyatında qəzəlin təntənəsi Füzulidən sonra daha da artmış, təsir gücü daha da davamlı olmuşdur. Saib Təbrizi, Qövsi Təbrizi, M.P.Vaqif, M.V.Vidadi, S.Ə.Şirvani, Natəvan, Heyran xanım kimi görkəmli Azərbaycan şairləri Füzuli zirvəsini fəth etməsələr də, bu sahə də qiymətli əsərlər yaratmışlar.
S.Vurğun, S.Rüstəm, M.Seyidzadə, B.Vahabzadə, Z.Cabbarzadə və b. Azərbaycan şairlərinin lirikasında qəzəllərə də az-çox dərəcədə rast gəlirik. Lakin Azərbaycan ədəbiyyatında qəzəl janrı ilə ardıcıl məşğul olan, onun təxminən 800 illiyinə tam bir ömür həsr edən şairimiz yalnız Əliağa Vahiddir. Bizim məqsədimiz Vahidin lirikasını ətraflı təhlil etmək deyil, bu lirikanı məhz ənənəvilik baxımdan nəzərdən keçirməkdir.
Məlumdur ki, Füzulidən sonra qəzəl yazan Azərbaycan şairləri böyük sənətkarın təsirindən qurtara bilməyiblər. Daha doğrusu, onlar öz qəzəllərini məhz Füzuli üslubunda yazmağa, Füzuli ədəbi məktəbinin layiqli nümayəndəsi olmağa çalışıblar və məqsədlərinə az-çox dərəcədə nail olduqda bununla fəxr ediblər. Ölməz ədibimiz C.Cabbarlı "M.F.Axundov haqqında" məqaləsində yazır: "Şairlər, ədiblər, Füzulini ötməyə deyil, bəlkə ona yetişməyə və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırdılar. "Füzuliyanə" qəzəllər yazmaq şairlərin idealı olmuşdur" (C. Cabbarlı. Əsərləri. III cild. Azərnəşr, Bakı, 1969, səh. 382).
Bu sözlərdə müəyyən həqiqət olduğunu qeyd edib onu deməliyik ki, Füzuli qəzəl məktəbinə daxil olub bu məktəbin ənənələrini yeni tarixi-ictimai-ədəbi şəraitə uyğun sürətdə davam etdirə bilən, dahi şairimizin ümman kimi geniş və dərin yaradıcılığından öz üslubuna müvafiq incilər seçib lirikasını zinətləndirə bilən qəzəlxanımız məhz Əliağa Vahiddir. Vahidin orijinal ədəbi şəxsiyyəti, Füzulidən fərqli xüsusiyyətləri ideya-məzmun sahədə deyil, üslub, bədii dil, təsvir vasitələri, xarakter yaratmaq sahəsində özünü daha qabarıq göstərir. Vahidin qəzəl dili Füzulinin dilindən sadə, anlaşıqlı, aydın bir dildir. Onun qəzəllərində mənası çətin anlaşılan ərəb-fars sözlərinə, tərkiblərinə, ibarələrinə çox az rast gəlmək olar. Lakin bu, hələ Vahidin xidməti deyildir. Məsələ Azərbaycan dilinin Füzuli dövründəki və müasir dövrdəki vəziyyətindədir. Əgər Füzuli dövrünün ədəbi dilində ərəb-fars sözləri, tərkibləri hakim mövqeyə malik idisə və buna görə də geniş xalq kütlələrinin malı olacaq gözəl bədii nümunələr yaratmaq "düşvar" idisə, müasir ədəbi dilimiz həmin hökmranlığı devirmiş, o "düşvarı" asan etmiş, Azərbaycan xalqının öz danışıq dili - milli dili əsasında formalaşan bir dildir. Vahidin bədii dil sahəsində rolu məhz bundan ibarətdir ki, o, əsrlər boyunca qəzəl yaradıcılığı ilə "bağrı-badaş" olan bir sıra ərəb-fars sözlərini, tərkiblərini atmış, bədiilik cəhətdən onları əvəz edə biləcək Azərbaycan sözləri, tərkibləri tapıb işlətmişdir. O, müasir Azərbaycan ədəbi dilində, ərəb vəzni olan əruz vəznində qiymətli qəzəl nümunələri yaratmışdır. Vahid təkcə ərəb-fars kəlmələrini Azərbaycan kəlmələri ilə əvəz etməklə kifayətlənməmiş, izafət tərkiblərinin milliləşməsində - onların təyini söz birləşmələrinə çevrilməsində də xeyli iş görmüşdür. Məsələn:
1. Münəvvər eyləyən afaqı ahım atəşidir.
2. Hicran gecəsi mən çəkəni çəkməsin əğyar
Zənnimcə qiyamət günü bundan betər olmaz.
3. Məcnun nə bərabər mənə, səhralara qaçdı.
Eşq əhli odur ərsədə mərdanə dolansın.
5. Daim o qarə zülfü göz üstündə yan görüm.
Birinci misaldakı "ahım atəşi" təyini söz birləşməsinə biz Füzulinin qəzəllərində "bərqi-ah", "suzi-ah", "tişeyi-ah" və s. kimi izafət tərkibləri formasında rast gəlirik:
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.
İkinci misaldakı "hicran gecəsi" təyini söz birləşməsi, məlumdur ki, Füzulidə "şəbi-hicran" tərkibi kimi işlənmişdir. İkinci misalın ikinci misrasındakı "qiyamət günü" birləşməsinə biz Füzulidə "ruzi-qiyamət" formasında - izafət tərkibi şəklində təsadüf edirik:
Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim.
Üçüncü misalın ikinci misrasındakı "eşq əhli" təyini söz birləşməsinə Füzulidə "əhli-eşq" kimi - izafət tərkibi kimi rast gəlirik. Ümumiyyətlə, Vahid Füzuli qəzəllərində geniş işlənən "aləmi-eşq", "dərdi-eşq", "pərvanəyi-eşq", "əsiri-eşq" kimi izafət tərkiblərini çox vaxt "eşq aləmi", "eşq dərdi", "eşq pərvanəsi", "eşq əsiri" kimi - ikinci növ təyini söz birləşməsi kimi işlətmişdir. "Zulfi-siyah" izafət tərkibini isə Vahid, beşinci misaldan göründüyü kimi, "qarə zülf" kimi təyini söz birləşməsinə çevirmişdir. İzafət tərkiblərinin təyini söz birləşməsinə çevrilməsi Vahidin bir neçə qəzəli ilə deyil, bütün yaradıcılığı ilə bağlı olan ən əhəmiyyətli hadisədir. Lakin Vahid təkcə klassik izafət tərkiblərinin təyini söz birləşməsi şəklində işlətməklə də kifayətlənməmişdir. Onun zəngin qəzəl dilində biz artıq vətəndaşlıq hüququ qazanmış "gül üzlü", "qızıl çiçək", "nazlı yar", "sevgi aləmi", "süzgün baxış", "xoş gün", "çəmən çiçəkləri", "fərəhli yurd", "Vətən gözəlləri", "sevgili dildar", "ahu gözlü" və s. kimi milli formalı, aydın və lirik mənalı təyini söz birləşmələrinə geniş şəkildə rast gəlirik. Bunlarla yanaşı, Vahidin qəzəllərində az da olsa, klassik izafət tərkiblərinə də təsadüf edirik. Lakin bunlar müasir oxucu üçün asan başa düşülən tərkiblərdir. Məsələn: "Bülbüli-şeyda", "güli-rəna", "məclisi-meyxanə", "zülfi-yar", "həvəsi-badə" və s. Bu izafət tərkibləri həm də Vahid qəzəllərinin bədiiliyini artırır, klassikliyə məxsus qədimi gözəlliyi, ənənəvi bəlağəti saxlamış olur. Füzulinin dilində işlənən mərtəbə sözlərə - bir neçə kəlmədən ibarət olan izafət tərkiblərinə Vahidin dilində tək-tək hallarda rast gəlmək mümkündür. Əgər Vahidin bir qəzəlində ən çoxu üç-dörd izafət tərkibi vardırsa, Füzulinin bir qəzəlində ən azı dörd-beş izafət tərkibi vardır. Vahidin qəzəllərində saitlərin uzanması hadisəsi də azlıq təşkil edir.
Bizə Hicran günü zülmət gecə-gündüz kimidir.
Bu misrasında vəznin tələbinə görə misranı bölgülərə - fasilələrə ayıran vurğular heç bir vaxt saitin üzərinə düşüb onu uzatmır. Birinci fasilə "Hicran" sözünü, ikinci fasilə "zülmət" sözünü ikiyə böldüyü kimi, üçüncü vurğu "gündüz" sözünün "nd" samitlərinin üzərinə düşüb onu iki yerə ayırır. Və yaxud:
Bilməsəy/di ləbinin /zövqünü mey/xanəçilər.
Göründüyü kimi, bu misrada da heç bir sait uzanmır. Vahidin qəzəllərində, əsasən, qalın saitlər uzanır:
Fələk büküb belimi intiqam alır məndən.
***
Küyində mənə zülm
eləyəndən biri
qalmıb.
Birinci misrada "intiqam" sözünün "a" saiti,
ikinci misrada "küyində" sözünün
"ü" saiti uzanma
hadisəsinə məruz
qalmışdır. Füzulinin
qəzəllərində isə
qalın saitlərdən
əlavə, incə saitlərin də uzanmasına tez-tez rast gəlirik:
Bir-birilə
çəkişir gərdi-rəhinçün
müjələr,
Gərinə
qanlar düşəcəkdir
oların arəsinə.
Bu beytin birinci misrasındakı "bir-birilə"
ifadəsinin üçüncü
"i" saiti , ikinci misrasının
"arəsinə" sözündə
isə "a" saiti
tələffüz zamanı
uzanmalıdır. Ümumiyyətlə, Vahid misranın fasilə edilən yerlərində çox vaxt bir sait
əvəzinə iki sait işlədir ki, bu da
onun qəzəllərində
uzanma hadisəsinin qarşısını alır.
Və bu "tədbir" nəticəsində qəzəl
heca vəznində yazılmış kimi görünür.
Vahidin qəzəl
dili aydın və sadə olmasından başqa, səlis və axıcıdır. Bu cəhətdən
onun dili aşıq şeirimizin rəvan dili yaxınlıq təşkil
edir. Vahid Füzulidən fərqli
olaraq öz qəzəllərini, əsasən,
əruz vəzninin oynaq, sürətli bəhrlərində yazmışdır.
Həm də xalqımızın
danışıq sözləri,
ifadələri, idiomları
bu bəhrlərə ustalıqla tabe edilmişdir. O öz
qəzəllərini elə
sadə və səmimi söyləyir ki, oxucu sanki
bir sənət xadimini deyil, öz yaxın müsahibini dinləyir, öz dostunun ürək sözlərinə
qulaq asır.
Mənim istəklim o üç nazlı gözəldən biridir,
Həmi göyçək, həmi
on yeddi yaşından
iridir.
Belə bir dilbər
üçün can verən
aşiq ölməz,
Bəxtəvərdir o, bu dünya
ayaşadıqca diridir.
El yığıldı yarımın
başına pərvanə
kimi,
Elə bildim gözəlim eşq-məhəbbət piridir.
Sadə
dildə bu qədər incə qəzəllər ki, yazır
Bu yetər Vahidin haqqındakı: "el şairidir".
Bu qəzəlin axırıncı
beytindən aydın olur ki, Vahid
qəzəllərinin dili
üzərində şüurlu,
yaradıcı surətdə
işləmiş, onun
sadə, obrazlı və xəlqi olmasına həmişə
diqqət yetirmişdir.
Vahidin qəzəllərində
real müaşiqə münasibətini
şərtləndirən hərəkət,
fəaliyyət daha çoxdur. Sanki Füzuli öz qəzəllərini
hər hansı bir gözələ (çox vaxt sevgilisinə) "baxa-baxa"
yazmışsa, Vahid, əksərən,
öz qəzəllərində
gözəli ayrıca
deyil, lirik qəhrəmanla onun arasında olan müaşiqəni, sevgi əlaqəsini tərənnüm
etmişdir.
Heyrət
ey büt, sürətin gördükdə
lal eylər məni,
Sürəti-halım görən surət
xəyal eylər məni.
Göründüyü kimi, Füzuli bu beytdə önündə dayanmış
şəkil misallı
bir gözəldən
bəhs edib onun gözəlliyi qarşısında özünün
də lal, cansız şəklə düşdüyünü söyləyir. Vahidin qəzəllərində isə,
adətən, aşiqlə-məşuqənin
sevgi münasibəti tərənnüm olunur:
Ey gül, səni axır, bilirəm, öyrədən oldu,
Saldın məni hicranə, bu bilməm nədən oldu.
Sən böylə vəfasız da deyildin, bilirəm mən,
Zənnimcə səni bu işə təhrik edən oldu.
Göründüyü kimi, Vahid bu
beytlərdə sevgililər
arasında baş vermiş real münasibəti
əks etdirmişdir. Belə "əks
etdirmə" Vahidin qəzəllərinə həmişə
bir hərəkətlilik,
dinamiklik gətirir.
Bu məhz onun
üslub xüsusiyyətlərindən
biridir. Əlbəttə, Vahid də
öz qəzəllərində
gözəli, onun zahiri və daxili keyfiyyətlərini mədh eləyir. Lakin bu "mədh" məhz sevgi münasibətinin tərənnüm fonunda verilir:
Ardı
var
Sərvər Şirinov
AMEA Rəyasət
Heyəti aparatının
İctimaiyyətlə əlaqələr şöbəsi
-
Mətbuat xidmətinin əməkdaşı
Olaylar.- 2018.- 7 dekabr.- S.12.