Füzuli ilə Əliağa Vahidin fərqi
nə idi?
əvvəli
ötən sayımızda
Mən istəyən gözəlin saçları ipək kimidir,
Üzü çəməndə açılmış qızıl çiçək kimidir.
Göyün gözəlləri, aləm deyir mələkdir,
Mənim isə istədiyim, yerdə bir mələk kimidir.
Gahi rəqibə salır meylini, gah aşiqinə,
Hayan gəlir-əsir, o bivəfa külək kimidir.
Bu hüsnə bir də bəzək verməyin nə mənası,
Gözəlliyin sənə, ey gül, elə bəzək kimidir!
Bu beytlərdə
mədhi verilən gözəl məhz lirik aşiqin sevgilisidir. Mədh və
ya tərif aşiqlə məşuqənin münasibəti (məşuqənin
bivəfalığı və ya biganəliyi) fonunda qələmə
alınmışdır.
Öz hiss-həyəcanlarını, fikir və
düşüncələrini tərənnüm etməkdə
Füzuli dahi, Vahid isə ustad sənətkardır. Lakin Füzulinin təsvir və
tərənnümü mahiyyət, məzmun etibarilə lirik-fəlsəfidirsə, Vahidin təsvir
və tərənnümü lirik-fəlsəfi deyil,
yalnız lirikdir. Məlumdur ki, Füzuli həm lirik şair, həm
də filosof şairdir, mütəfəkkirdir:
Bu qəmlər kim,
mənim vardır, bəyirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən,
gülər əhli-əzab, oynar.
və
ya:
Degil bihudə gər yağsa fələkdən
başıma daşlar,
Binasın tişeyi-ahimlə
viran etdiyimdəndir.
Bu beytlərdə Füzuli kədər hissini dərin fəlsəfi
düşüncə ilə yoğurub öz oxucusuna təqdim
edir. Bu beytlərdə
ifadə olunan fikir mübaliğədir, həm də elə
mübaliğədir ki, bu, məhz dahi və mütəfəkkir
şairlərin qələmindən çıxa bilər...
Vahid isə özünün qəm, həsrət hissini
lirik-realistik üslubda belə tərənnüm edir:
Sənsiz ey şux, mənim xoş
güzaranım yoxdur,
Sən ki, yoxsan elə bil
cismdə canım yoxdur.
Bu yaman gündə mənim bircə
ümidim sənsən,
Sənsiz heç bir kəsə
aləmdə gümanım yoxdur.
Füzulinin fəlsəfi tərənnümünün
mayası kədərdir. Füzulinin kədəri bədbinlik deyil,
fəlsəfi kədərdir, "fəqrlərin" kədəridir.
"Füzuli aləmi-insaniyyətdə bütün qəmzadələrin
və möhnətkeşlərin yüklərini götürmək
üçün xəlq olunubdur" ( Firudin
bəy Köçərli).
Bu kədərlə bağlı olaraq, Füzuli qəzəlləri
ağır, təmkinli, ciddi ruha maliksə, Vahidin lirikasına
şuxluq və xəfiflik hakimdir. Əgər
Füzulinin qəzəllərində yüklü dəvə
karvanlarının ləngərli, ağır və təmkinli
gedişinin ahəngi varsa, Vahid qəzəllərində
dağ çayına məxsus itilik və həzin bir musiqilik
vardır. Siz dağ çayının
öz sahilində duran sal bir qayanı yaladığını
görmüsünüzmü? Dağ
çayı aşiq isə, sal qaya məşuqədir. Sanki dağ çayı öz sevgilisinin - qayanın
ayaqlarına yıxılıb onu yalayır, onu mədh edir,
pıçıltılarla ona öz eşqini izah edir. Fəqət qaya isə məğrurdur. O,
dağ çayına əyilmir, ona etina belə etməyir.
Vahidin qəlbindən süzülüb gələn beyt və
misralarda dağ çayına məxsus fədakarlıq,
kövrəklik və ahəngdarlıq vardır:
Sənin gözəlliyinin mübtəlasıyam,
gözəlim,
O qara gözlərinin can fədasıyam,
gözəlim.
Bəlalı aşiqinəm, baxma
qeyrilər sözünə,
Məhəbbət aləminin
binəvasıyam, gözəlim.
Yolunda müntəzirəm, can verim
görəndə üzün,
Cəfa çəkənlərin
əhli-vəfasıyam, gözəlim.
Elə nə zülüm
varındır, əgər dilim yansın,
Desəm cəfalarının
narizasıyam, gözəlim.
Vahid
öz hiss və duyğularını, dediyimiz kimi, sadə dillə,
səmimi ruhla tərənnüm edir. Dil sadəliyi
və ruh səmimiliyi daha çox qaynayıb qarışanda qəzəl
təbiiliyin və sadədilliyin nümunəsinə
çevrilir. Qəzəllərin bədii təsirini
artıran bu sadədillik Vahidin özünəməxsus sənətkarlıq
məziyyətidir:
Sənin hüsnündür mənim
eşqimi əfsun eləyən,
Böylə
rüsvalığa bais həmi sənsən, həmi mən.
Mən sən olsaydım əgər
qeyrə könül verməzdim,
Qoymaz idim yetişə vəslimə
naməhrəmi mən.
Əfsanəvi
aşiq surətləri olan Məcnunun, Fərhadın adına Füzulinin qəzəllərində
tez-tez rast gəlirik. Füzuli öz eşqinin şiddət və
mahiyyətini ifadə etmək üçün bu əfsanəvi
aşiqlərin adından böyük sənətkarlıqla
istifadə etmişdir:
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min
Bisütuni badə.
Versəydi ahi-Məcnun fəryadımın
sədasın,
Quşmu qərar edərdi
başındakı yuvadə.
Bu ənənəvi
vasitəni qəbul edən Vahid də orijinal və dolğun
ifadələr yaratmaq üçün ondan tez-tez istifadə
etmişdir:
Mən indi ki, varam, aləmdə
ölməyib Məcnun,
O yaxsa da deməyin öğrəbası
yoxdur onun.
Ümumiyyətlə, Füzuli lirikasının qəhrəmanı
kimi, Vahidin lirik qəhrəmanı da eşqdə sabitqədəmdir,
fədakardır, təvazökardır, təmizdir. Onların hər
ikisi hicran möhnətindən "əl əman" edir,
vüsal həsrəti ilə yanır və eyni zamanda, sevgililərin
cövr və sitəmindən zövq alırlar. Hər ikisi üçün yarın "səri-kuyi"
cənnətdən - dinin vəd etdiyi behiştdən
üstündülər. Onlar öz məşuqələrini
hurilər, mələklərə dəyişməzlər.
Lakin bütün bu bənzəmələr
heç də Vahidin Füzulini təkrar etməsi, onun
epiqonçu şair olması demək deyildir. Məsələ eşqin özünün bir
sıra ənənəvi xüsusiyyətləri ilə
bağlıdır. Şeirimizdə, ədəbiyyatımızda
əsrlərdən bəri tərənnüm olunan,
çoxdan formalaşan kamil aşiq surəti və bu aşiqin
eşqi vardır ki, onun bir sıra ölməz keyfiyyətləri
müasir şeirimizdə də mütləq öz əksini
tapmalıdır. Yoxsa, həmin ənənədən
uzaqlaşmaq şeiri (qəzəli) müvəffəqiyyətsizliyə
gətirib çıxarardı. Məsələn; Vahidin
belə bir beyti vardır:
Vahid, var
olmasa səni heç kimsə istəməz,
Canan sevər o aşiqi pullu-paralıdır.
Bu ifadənin qeyri-poetikliyi göz qabağındadır. Əlbəttə,
"canan" a belə qeyri-nəcib münasibət bəsləmək
ilk növbədə Vahidin ənənədən
uzaqlaşmasının, eşqin Füzuli zirvəsindən
xırda məişət dedi-qodularına endirməsinin nəticəsidir.
Heç "aşiq"lə
"pullu-paralı" sözü bir araya sığarmı?
Bundan başqa, Vahid qəzəllərində tərənnüm
etdiyi gözələ "can" deyə müraciət edir
ki, bizcə, bu söz də qəzəl kimi incə ruha malik
bir janra uyğun söz deyildir:
Mən sevdiyimi görsən əgər,
sən də sevərsən,
Aləm onu hər yerdə deyir:
"sevməli candır".
Bu beytdəki
"can" sözü bədii sifət deyil, gözəlin
zahiri cəlbedici əlamətini təyin edən təyini sifətdir.
Təsadüf deyildir ki, şair
"tanısan" yox "görsən" deyir. Bizcə, sevgilisi haqqında aləmin "sevməli
candır" deməsi ilə fəxr eləyən aşiq də
əsil aşiq deyildir. İdeya-bədii cəhətdən
qüsurlu olan bu beyt də heç şübhəsiz, Vahidin ənənəyə
riayət etməməsinin nəticəsidir. Xoşbəxtlikdən, Füzuli ənənəsinin
işıqlandırdığı yolla gedən Vahidin belə
"büdrəmələri" çox azdır, dənizdə
damla kimi bir şeydir. Vahidin ustad qəzəlxan
səviyyəsinə yüksələ bilməsi,
özünün lirik-realistik üslubunu yaratması məhz
Füzulidən dərs alması, dahi şairin ənənələrini
bacarıqla mənimsəməsi nəticəsində
mümkün olmuşdur. Vahid hələ
yaradıcılığının lap əvvəllərindən
anlamışdır ki, Füzuli ədəbi məktəbinin
layiqli davamçısı olmaq üçün ilk növbədə
zəmanəsinin, dövrünün oğlu olmalıdır.
Füzuli dövründə baş verən
bütün ictimai-siyasi hadisələri öz lirikasında
parlaq şəkildə əks etdirmişdir. Dahi şair müharibələrə, müharibə
törədən padşahlara, sultanalara, xalqı
acınacaqlı vəziyyətə salan feodallara, riyakar ruhanilərə,
mənfəətpərəst tacirlərə qarşı mənfi
münasibətini, "füqəra" təbəqəsinə
isə hüsn-rəğbətini dönə-dönə qələmə
almışdır.
Fəqr imiş, fəqr Füzuli,
şərəfi-əhli-vücud,
Özünə eyləmə
həmdəm füqəradan qeyri.
Vahidin məhz Füzuli lirikasının ictimai motivlərində
daha çox qidalanmış, Füzuli yaradıcılığındakı
realistik ünsürləri inkişaf etdirərək, gücləndirərək
onu bir üslub halına salmışdır. Lakin
Füzulinin ictimai motivli qəzəlləri ilə Vahidin eyni
motivli qəzəlləri məzmunca, ideyaca bir-birindən
tamamilə fərqlənir. Füzulinin
ictimai məzmunlu qəzəllərinə üsyan, kədər
və şikayət hakimdirsə, Vahidin belə qəzəllərinə
nikbinlik, fərəh və bəxtiyarlıq hakimdir. Çünki hər iki şairin şerlərini
şərtləndirən ideya-məzmun həyatdan mövcud cəmiyyətdən
gəlir. Füzuli sənətkarın
başlıca amalına sadiq olaraq feodalizm cəmiyyətinin
ictimai-siyasi eyiblərini göstərdiyi kimi, Vahid də müəlliminin
yolu ilə gedərək lirik şer janrı - qəzəl
janrında öz cəmiyyətinin xoşbəxt və şən
həyatından "bülbüli-şeyda" kimi nəğmələr
qoşmuşdur. Onun Bakıya, müasir həyatımıza,
sülhə, xalqımızın səadətinə,
müharibə əleyhinə qəzəllər həsr etməsi
öz yaradıcılığında Füzuli qəzəl məktəbinin
əsas ənənəsini yaşatması ilə
bağlıdır. Əgər:
Dust bipərva, fələk
birəhm, dövran bisükun,
Dərd
çox, həmdərd yox, düşmən qəvi, tale zəbun
beyti ilə
başlayan qəzəlində Füzuli idbarların rütbəsi
ali olan, biliyə yüksək qiymət verilməyən bir cəmiyyətdə
yaşadığını söyləyirsə, Vahid də
ustadının yaradıcılığındakı bu gözəl
xüsusiyyəti - ictimai motivi davam etdirərək öz
dövrünün xarakteristikasını verir:
Vahid, elə bir
dövrdə gəldi ki, cəhana,
Bir
gözdə göründü bütün insan, əcəb
oldu.
Vahidin ictimai məzmunlu qəzəllərində
yaxşı cəhət məhz bundan ibarətdir ki, o,
xalqımızın xoşbəxt həyatı haqqında
ümumi, şüarvari şəkildə danışmır,
bu məzmunu da qəzəlin bədii tələbləri səviyyəsində
işləməyi bacarır. İctimai motivli qəzəllərində
də Vahid gözəl bədii lövhələr çəkir,
dolğun ifadələr yaradır:
Biz neyləyirik cənnəti,
ya bağı-behişti,
Öz
bağımız, öz solmayacaq cənnətimiz var.
Bu bədii lövhə predmetlə hissin uyğunluğu
ilə çəkilmişdir. Füzulinin ictimai
motivli qəzəllərində isə şairin ictimai gözəllik
idealı, istəyi həyatın eybəcərlikləri və
çirkinlikləri ilə üzləşir və beləliklə
də, bədii təzad yaranır. Hisslə
hadisənin, əhvali-ruhiyyə ilə predmetin paralel, uyğun
ifadəsinə biz Füzulinin yalnız məhəbbət
mövzulu qəzəllərində rast gəlirik. Həm
də bunu təkcə vüsal çağlarının deyil,
Hicran gününün tərənnümündən ibarət
olan beytlərdə də görürük:
Yüksəlir
göylərə bil ahi-fəğanım sənsiz,
Nəyə lazımdı keçir ömrü zəmanım
sənsiz.
Bu bədii
üsulu mənimsəyən Vahid də "Yoxdur" rədifli
gözəl bir qəzəl yazmışdır:
Sənsiz ey
şux, mənim xoş güzəranım yoxdur,
Sən
ki yoxsan elə bil cismdə canım yoxdur.
Bu
yaman gündə mənim bircə ümidim sənsən.
Sənsiz
heç bir kəsə aləmdə gümanım yoxdur.
Səbrü
aramımı əldən qəmi-Hicranın alıb,
Bir
də qəm çəkməyə cismimdə təvanım
yoxdur.
Bu beytlərdəki uyğunluq, paralellik məzmun və
ifadə tərzindədir. Məşuqənin olmaması ilə
aşiqin keçirdiyi hiss və həyəcanlar uyğunluq təşkil
edir: yar yoxdur. Aşiqin xoş güzəranı,
cisimdə canı, səbri, aramı, gümanı, məkanı
və s. yoxdur. Gözəl şer nümunəsi
olan bu qəzəldəki bədii lövhə hisslə, əhvalla
hadisənin paralelliyi əsasında qurulub. Yarın
olmaması ilə aşiqin fərəh və sevincinin
olmaması təbiidir... Burada hicranı yaradan səbəb
hələ təzadı yarada bilmir. Çünki
məşuqənin aşiqə münasibəti haqqında
heç bir qeyd yoxdur. Bəlkə məşuqə
aşiqə əks münasibət bəsləmir; başqa bir
yerə səfər edib və aşiq də bu
ayrılığa dözməyərək yaniqli bir şəkildə
fəğan edir? Təzad yalnız bu qəzəlin
axırıncı beytində vardır:
Ardı var
Sərvər Şirinov
AMEA Rəyasət Heyəti
aparatının
İctimaiyyətlə əlaqələr
şöbəsi -
Mətbuat xidmətinin əməkdaşı
Olaylar.- 2018.- 8-10 dekabr.-S.12.