Füzuli ilə Əliağa Vahidin fərqi
nə idi?
əvvəli
ötən saylarımızda
Vahidə m, atəşi həsrət
bürüyüb dovrü-bərim,
Yanıram, halıma
bir qəlbi yananım yoxdur.
Ümumiyyətlə, bədii təzad Füzulidə
olduğu kimi, Vahidin qəzəllərində zəruri bir
vasitə kimi işlənmişdir. Füzuli kimi Vahid də
bəzi qəzəllərini təzadlar üzərində
qurmuşdur. Belə qəzəllərdə bədii təzad
silsilə təşkil edir:
Narazıyam ey gül, mənə
imdad eləsən də,
Naşad eləyən
könlümü dilşad eləsən də
Sındırmısan, əl vurma
sınıq könlümə, zalim,
Viranə düzəlməz,
necə abad eləsən də.
Vəslin həvəsi indi
başımdan necə çıxsın,
Zülfündə əsirəm,
əgər azad eləsən də.
Sən bir mələk olsan da inanmaz sənə
könlüm,
Şəxsən
özünü huri-pərizad eləsən də.
Bu qəzəl Füzulinin məşhur "Tutuşdu qəm
oduna şad gördüyüm könlüm" misrası ilə
başlayan qəzəlini xatırladır. Əlbəttə
bu "xatırlatmanı" məhz bədii təzaddan eyni
üsulda istifadə etmək törədir. Bu beytlərdə təzadlı halların dolğun
bədii ifadələri olmaqdan əlavə, zidd mənalı
sözlərin də (antonimlərin) qüvvətli nümunələri
vardır. Narazı və imdad, naşad və
dilşad, viranə və abad, əsir və azad, şəxs və
huri sözlərinin ifadə etdikləri mənaların
bir-birinə zidd olması, misra və beytlərin bədii təsir
qüvvəsini xeyli artırmışdır. Belə söz təzadlarına Vahidin qəzəllərində
istənilən qədər rast gəlmək
mümkündür.
Vahidin Füzuli ənənəsini yaradıcı sürətdə
davam etdirməsi onun təşbehlərində, epitetlərində,
sinonim, omonim sözlərdən istifadə etməsində də
özünü göstərir. Eyni bir sözü bir
beytdə müxtəlif mənalarda işlətmək həm
oxucunun təsəvvürünü genişləndirir (beytin məzmunu
haqqında olan təsəvvürü), həm də beytə
bədiilik və ahəngdarlıq gətirir.
Heyrət ey büt, surətin
gördükdə lal eylər məni,
Surəti-halım görən
surət xəyal eylər məni.
Burada
"surət" sözünün üç dəfə
işlənməsi yuxarıda dediyimizi təsdiq etməkdən
əlavə, həm də sözdən ustalıqla istifadəyə
gözəl misaldır. Vahid də
öz qəzəllərində Füzulinin bu
yaradıcılıq xüsusiyyətini müvəffəqiyyətlə
davam etdirmişdir.
Əğyarə uyub, Vahidə yadlar
kimi baxma,
Yaddan o çıxarmaz, sən
onu yad eləsən də.
Bu beytdə "yad" sözünün üç dəfə
təkrarlanması heç də söz
"qıtlığından" deyil, məhz beytin bədii
məna zənginliyi və ahəngdarlığı naminə edilmişdir. Birinci dəfə
"yad" sözü "özgəsi" mənasında
işlənmişsə, ikinci halda "yaddaş" mənasında
işlənmişdir. "Yad eləsən
də" ifadəsi isə "unutsan da" mənasını
əks etdirir. Vahid belə omonim sözləri çox vaxt cinas qafiyə kimi
işlədir:
Mən vermişəm öz könlümü
yarə, özü bilsin,
İstər eləsin hicrilə
yarə, özü bilsin.
Bu
xüsusiyyət Füzulidə də vardır:
Eşqdən canımda bir pünhan mərəz
var, ey həkim!
Qoy məni dərdimlə, dərman
eyləmə, var, ey həkim!
Lakin omonim
sözlərin cinas qafiyə kimi işlənməsinə Vahidin qəzəllərində
daha çox rast gəlirik ki, bu da onun aşıq şerindən
daha çox qidalanmasının nəticəsidir. Vahidin qəzəlləri sinonimlərlə də zəngindir.
Şair sinonimləri o vaxt işlədir ki,
sinonim olmayan söz həm məzmun, həm də şəkilcə
eyni olan söz təkrarlananda təkrirə məxsus poetiklik
deyil, məhz təkrara məxsus yeknəsəqlik yaradır.
Üzündə busədən, ey gül, iki nişan yeri
var,
Birində
qırmzılqdır, birində qan yeri var.
Bu beytdəki "qırmızılıq" və
"qan yeri" yaxınmənalı sözlərdir. Əgər
"qan yeri" əvəzinə
"qrmızılıq" sözü işlənsə,
şübhəsiz, bu, təkrir yox, təkrar olardı, beyti bədii
cəhətdən zəif edərdi. Bundan əlavə,
"qan yeri" ifadəsində obrazlılıq da vardır.
Xəlqimiz yüzlərcə məclislər,
ziyafətlər görüb,
Ən gözəl, qiymətli, ən
ali ziyafət özgədir.
Bu beytdəki
"məclislər", "ziyafətlər" sözləri
sinonim olduğu kimi, "ən gözəl", "qiymətli",
"ən ali" sözləri də yaxınmənalı kəlmələrdir.
Həm də bu kəlmələr misradakı
"ziyafət" isminin sifətləridir, epitetlərdir.
Ümumiyyətlə, Füzuli lirikası kimi.
Vahidin lirikası çox zəngindir. Hər iki şairdə bədii sifətlər-epitetlər
aşiq və məşuqənin keyfiyyətlərini, halətlərini,
predmetin əlamətlərini bədiiliklə ifadə etməyə
və qəzələ zəriflik, məlahət gətirməyə
xidmət edir. Bədii sifət Füzulidə daxil
olduğu izafət tərkibində əsas yerdə durur:
"Çeşmi-xumar", "çeşmi-tər",
"güli-rəna", "ləbi-xəndan", "sərvi-xuraman",
"zülfi-pərişan" tərkiblərində
olduğu kimi. Vahiddə isə epitetlər təyin
olunan üzvdən əvvəl gəlir. Həm
də Vahidin epitetləri forma və mənaca qəzəl
yaradıcılığımızda yeniliyi ilə seçilən,
müasir səslənən bədii sifətlərdir. "Bu dilbərin nə gözəl aşiqanə
gözləri var" misrası ilə başlayan qəzəlində
Vahid məşuqənin gözlərinə on bədii sifət-epitet
verir. Bunlar aşağıdakılardır: gözəl,
aşiqanə, yeganə, qəribə, cazibəli, mahiranə,
can alıcı, dilbəranə, arifanə, şairanə. Bu on epitet altı beytlik qəzələ yeknəsəqlik
deyil, əksinə, rəngarənglik və məna zənginliyi
bəxş edir. Çünki Füzulidə
olduğu kimi, bu epitetlərin hər biri işləndiyi beytin
ümumi mənası ilə uyğunluq təşkil edir.
Hər beyt isə yeni məna çaları ifadə
edir.
Gördüm ol
xurşudi-hüsnün, ixtiyarım qalmadı,
Sayə tək bir yerdə
durmağa qərarm qalmadı.
Görəndə aşiqini min naz ilə
işarə edir,
Ümumi cəzb eyləyən
arifanə gözləri var.
Birinci beyt Füzulinindir. Burada xurşid-günəş
epiteti çox yerində işlənmişdir. Aşiqin
öz məşuqəsinin günəş camalını
görəndə yerə yıxılması və günəşin
görünməsi ilə əşyanın kölgəsinin yerə yıxılması hadisəsi
qüvvətli bədii məntiqlə bir-birinə
bağlanmşdır. Əgər "xurşid" bədii
sifətini başqa epitetlərlə əvəz etsək, misralar
arasındakı məntiq pozulur. İkinci beyt isə
Vahidindir. Burda da "arifanə" epiteti çox yerində işlənmişdir. Məlumdur ki, "min naz ilə
işarə etmək" yalnız ariflik əlamətidir və Vahid
gözlərin bu əlamətini məhz "arifanə"
adlandırmışdır. Lakin sözlər, misralar və
beytlər arasındakı bədii məntiq,
bağlılıq Vahiddə bəzən pozulur. Qəzəl, məlumdur ki, lirik növün
formalarından biridir. Bir janr kimi, onun da
müəyyən mövzusu və mətləbi
olmalıdır. Hər bir qəzəl
konkret bir əsər kimi oxucuya müəyyən tam bir intiba,
düşüncə bəxş etməlidir. Lakin Vahidin bəzi qəzəllərində bu qaydaya
riayət olunmur.
Bu nazənin gözəlin
yaxşı dilguşalığı var.
Heyif, öz aşiqinə
çox kəmetinalığı var.
Gözəlliyi ilə bərabər
sevimli dilbərdir,
Nə qeyrilərə
yaxındır, nə aşinalığı var.
Nə rütbə istəmə,
Vahid, nə şöhrət aləmdə,
O kəs ki rütbəpərəst
oldu, bil, gədalığı var.
Bu qəzəlin
bütün əvvəlki beytləri "nazənin gözəlin"
daxili və zahiri sifətlərinin mədhinə həsr
olunduğu halda, axırıncı beyt tamam başqa mətləbdən
bəhs edir: təvazökarlığı təsdiq, rütbəpərəstliyi
isə tənqid edir. Əlbəttə, bu ifadə
öz-özlüyündə təqdirəlayiqdir, lakin o, qəzəlin
ümumi mənası və ruhu ilə bağlı deyildir.
Axırıncı beyti əvvəlkilərlə birləşdirən
yalnız formal amillərdir: vəznin bəhri, qafiyə və
rədifdir. "Ey dost, sizin sevgili canan necə oldu?"
misrası ilə başlayan qəzəlində isə şair
öz dostuna əvvəlcə "siz" sonra isə "sən"
deyə müraciət edir. Şübhəsiz,
birinci qüsur ənənədən uzaqlaşmağın,
ikinci isə diqqətsizliyin nəticəsidir.
Bədii təzad kimi təşbeh də həm
Füzulidə, həm də Vahiddə zəruri bir vasitə
kimi işlənmişdir. Füzulinin
bütün bədii dili təşbehlərdən, məcazlardan
ibarətdir.
Hətta
"Leyli və Məcnun" poemasında Məcnunun atası
Leyli üçün elçiliyə gəldiyi zaman iki qəbilə
başçısının danışığı da təşbehlərlə
verilir. Məcnunun atası nə Məcnunun, nə
Leylinin adını çəkir. Leyliyə
ləl, Məcnuna dürr deyir.
Füzulinin təşbehləri, əsasən,
qoşmasız, ədatsız təşbehlərdir.
Bir səf qız oturdu, bir səf
oğlan,
Cəm oldu behiştə
huri-qılman.
Burada məktəbin behiştə, qızların huriyə,
oğlanların isə qılmana bənzəməsi
haqqında heç bir işarə yoxdur. Təşbehlər
qüvvətli bədii məntiq nəticəsində müəyyən
olunur. Vahid də qəzəl
yaradıcılığındakı bu ənənəvi təşbeh
yaratmaq üsulunu davam etdirərək gözəl, dolğun bənzətmə
nümunələri yaratmışdır.
Qan tökməyə çox mahir idi
gözlərin əvvəl,
Ol fitnəli gözlərdə
o şakər yenə varmı?
Bu beytdən göründüyü kimi Vahid də
Füzuli kimi ədatsız təşbeh yaratmışdır. O, "gözlərin cəlladdır"
demir. Gözlərin məcazi mənada qan
tökməyini - xüsusiyyətini söyləyir ki, bu
xüsusiyyətdən də bənzədilən, yəni cəlladlıq
öz-özünə meydana çıxır. Bəzən
də əksinə,
bənzəyənlərin deyil, bənzədilənlərin əlamət
və xüsusiyyəti verilir ki, yenə də işarəsiz
bənzətmə yaradılır.
Gül əgər bülbülü
incitsə vəfasız deməyin,
Qızların taqsırı
olmaz, günah oğlanda olur.
Bu beytdə bənzəyənlərin (qızla,
oğlan) bənzədilənlərə (gül,
bülbül) bənzəməsi haqqında heç bir
işarə yoxdur. Lakin birinci misrada gül və
bülbül münasibətlərinin qeyd edilməsi və
ikinci misrada qız və oğlana məhz bu münasibət
baxımından rəy verilməsi dərhal təşbehləri
ayırd edir. Qız gülə, oğlan
bülbülə bənzədildiyi kimi, onların münasibətləri
də bir-birinə bənzədilmişdir. Vahidin qəzəllərində zəngin şəkildə
rast gəldiyimiz bu cür bənzətmələr Füzulidə
olduğu kimi, çox vaxt gözəl bədii lövhələr
yaradır, bir halət, bir aləm, başqa bir halət,
başqa bir aləmlə müqayisə edilir. Füzuli
lirikasında olduğu kimi, Vahidin də lirikasında təşbehlər
bəzən silsilə təşkil edir: qəzəl başdan
ayağa bənzətmələrdən ibarət olur. Dediyimizə
Vahidin "şəhri-ruyində saçın hərbi
nizamində durar" misrası ilə başlayan misal ola bilər. Həmçinin Füzuli
lirikasına məxsus "ru", "mərdüm",
"ənduh", "dəhr", "dil" kimi sözlərə
bu qəzəldə rast gəlirik.
Vahidin qəzəlləri
istiarə, bədii sual, təkrir, məcaz və s. kimi təsvir
və ifadə vasitələrilə də son dərəcə zəngindir.
Onun qəzəllərinin geniş rəğbət
qazanmasının əsas səbəbi onların bir şer
nümunəsi kimi dolğun mənaya, yüksək bədiiliyə
malik olmasıdır. Bunun səbəbi isə
şairin istər ideya-məzmun, istərsə də bədii-sənətkarlıq
cəhətdən Füzuli ədəbi məktəbindən
səmərəli sürətdə bəhrələnməsi
ilə bağlıdır. Vahid heç bir
ədəbiyyat təlimi almayıb. Bunun əvəzində o, klassik ədəbiyyatın,
xüsusən Füzuli yaradıcılığını
müstəqil sürətdə səylə mənimsəmiş,
qəzəlin ənənəvi ölməz xüsusiyyətlərini
canına, ruhuna hopdurmuşdur. Məhz bunun nəticəsində
o, coşqun və incə hisslərinə, duyğularına, zəngin
və şairanə düşüncələrinə, habelə
sadə və mürəkkəb anlayışlarına
müvafiq bədii söz və ifadə tapmaqda nadir hallarda
müvəffəqiyyətsizliyə uğramışdır.
Mən məst yıxıldım o
dilaramı görən tək,
Evlər yıxan ol
çeşmi-xumara nə dedin bəs?
Ardı var
Sərvər Şirinov
AMEA Rəyasət Heyəti
aparatının
İctimaiyyətlə əlaqələr
şöbəsi -
Mətbuat xidmətinin əməkdaşı
Olaylar.- 2018.- 11 dekabr.-S.12.