Müstəqilliyi reallığa çevirən
şəxsiyyət
Heydər
Əliyev müasir Azərbaycan dövlətinin
yaradıcısıdır
Müstəqilliyini
qazandıqdan iki il sonra xalqımız yenidən onu
itirmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən
Ermənistan silahlı qüvvələrinin təcavüzü
nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən
dövlət rəhbərliyində olan səriştəsiz
adamların yeritdikləri səhv siyasət və daxildə
gedən siyasi çəkişmələr,
separatçılar hərəkatı müstəqilliyin
beşiyindəcə boğulması təhlükəsini
reallaşdırırdı.
Lakin
böyük siyasi təcrübəyə malik olan Heydər
Əliyevin ölkədə hakimiyyətə
qayıdışı ilə bu təhlükə sovuşdu. Belə
bir ağır və mürəkkəb dövrdə xalqın
təkidli tələbi ilə böyük siyasi təcrübəyə
malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin
qorunub saxlanmasına və möhkəmləndirilməsinə
xidmət edən başlıca amil oldu. Onun hakimiyyətə
qayıdışından sonra ağır vəziyyətdə
olan ölkənin problemləri mərhələ-mərhələ
həll olunmağa başladı. Gəncədə baş verən
hadisələrin qarşısı dinc yolla alındı.
Separatçı Əlikram Hümbətovun elan etdiyi qondarma
Talış Muğan Respublikası Heydər Əliyevin xalqa
müraciəti və sadə insanların təzyiqi ilə ləğv
olundu. Sadvalçıların separatçı hərəkətlərinin
və qondarma Car-Balakən Respublikası yaratmaq cəhdlərinin
qarşısı alandı. Ayrı-ayrı şəxslərə
və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr
zərərsizləşdirildi. Cinayətkar ünsürlər
cəmiyyətdən təcrid edildi və cəzalandırıldılar.
Ölkədə əmin-amanlıq, sabitlik yarandı.
İnflyasiya dayandırıldı, aqrar sahədə islahatlara
başlandı. Azad bazar iqtisadiyyatına keçidlə
bağlı özəlləşdirməyə geniş meydan
verildi.
Xatırldaq ki, 1993-cü ilin iyununda Azərbaycan parlamentinin sədri seçilən Heydər Əliyev ölkədə yaranmış siyasi böhranın və hakimiyyət boşluğunun aradan qaldırılmasına nail oldu. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Ölkədə peşəkar parlament yaradıldı. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanaraq onun tam dəstəyini alırdı. Məhz bu səbəbdəb xarici siyasətdə mühüm nailiyyətlər əldə olundu. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kreditlər verməyə, investisiya qoymağa başladılar. 1994-cü ilin sentyabrında Azərbaycanda yaranan sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, Bakıda "Əsrin müqaviləsi" adlandırılan neft sazişi imzalandı. Bir sözlə, müstəqillik reallığa çevrildi və qorunub saxlandı. Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır. Hazırda dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Azərbaycançılıq ideyası şüurlara hakim kəsilmiş, milli birlik və həmrəylik təmin edilmişdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan inanılmaz uğurlara imza atmışdır. Planetin bu kiçik dövləti dünyanın ən böyük dövlətləri üçün nümunəyə, Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir.
Ən böyük regional layihələrin ünvanına çevrilən Azərbaycan həm də sülh dövlətidir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə bu sülh çox kövrək olacaqdır. Münaqişənin nizamlanmasına dair ölkəmizin qətiyyətli mövqeyi məlumdur. Azərbaycan Prezidenti bu mövqeyi dəfələrlə bəyan etmişdir. "Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülübdür. Yəni danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ ancaq mərhələli yolla həll oluna bilər. Bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir. İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada bütün infrastruktur bərpa olunacaqdır və ondan sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcəkdir. Biz hər zaman demişik ki, əlbəttə Dağlıq Qarabağın statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi bütövlüyündən kənarda görmürük və heç vaxt Azərbaycan dövləti buna razı olmayacaqdır".
Bu gün
müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan
Respublikası bütün dünyada
demokratik, hüquqi,
dünyəvi dövlət nüfuzu
qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu
olan təməl qanunumuz
dünyanın ən demokratik, ən
mükəmməl konstitusiyalarından biridir
və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır.
Yurdumuzda
hökmranlıq edən sabitlik, həyata
keçirilən daxili islahatlar
xarici ölkələrlə əlaqələrimizin
genişlənməsinə müsbət təsir göstərir.
Özünün xarici
siyasətini bərabərlik və qarşılıqlı mənafe
prinsipləri əsasında quran Azərbaycan
Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə
çevrilb.
Alim
Olaylar.- 2018.- 12 dekabr.- S.5.