Ulu öndərin yaratdığı dövlətçilik

tarixi milli sərvətimizdir

 

Dahi şəxsiyyət Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlar bir daha bu reallığı ortaya qoyur ki, hər bir ölkənin inkişafında onun lideri əhəmiyyətli rol oynayır.

Milli lider dövlətin özünütəsdiqində, xarici siyasətin formalaşmasında mühüm rol oynayan əsas amildir. Liderin həyat təcrübəsi, dünyagörüşü,  siyasi iradəsi  inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsinə stimul verir, ən çətin məqamlarda düzgün yol seçməyə imkan yaradır. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və  dini qurumlar Komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan xalqı 1991-ci il 18 oktyabrda tarixi uğur qazanaraq dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin həmin dövrdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti  olmayan, ən əsası şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdu. Daxili çəkişmələr, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi, Ermənistanın təcavüzü böyük çətinliklər yaratmış, xalqın sabaha inamı  itirmişdi. 90-cı illərin  həmin çətin anlarında məhz ulu öndər Heydər Əliyev  Azərbaycanı dağılmaqdan xilas etdi. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə yeri və rolunun  artmasında, ən əsası iqtisadi böhrandan xilas olub dinamik  inkişaf yoluna çıxmasında misilsiz və müstəsna rol oynadı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi "Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu:  "1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik" fikirlər  Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı səhifələrinə işıq salmaqla yanaşı, ulu öndər Heydər Əliyevin dövlətimiz qarşısında xidmətlərinin miqyasının nə qədər böyük olduğunu təsdiqləyir. Dahi şəxsiyyət Heydər Əliyev Xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizi şərtləndirdi". Millət vəkili bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini dəyərləndirmək üçün tarixə  qısa baxış keçirmək hər zaman bir zərurətdir.  Onun uzun illər Azərbaycana rəhbərlik etməsi faktı özlüyündə Heydər Əliyev şəxsiyyətində ifadəsini tapan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hisslərinə olan sarsılmaz ümumxalq inamının təzahürüdür. Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev  ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli,  dünya birliyinin layiqli üzvü olan  Azərbaycanı yaratmaqla   xalqla hər zaman bir olduğunu, Vətənini, torpağını canından çox sevdiyini bir daha nümayiş etdirdi: "1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini yenidən təsdiqləyən ümummilli lider  Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: "Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm". Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla  ölkəmizin dünya birliyinə açılan yoluna "yaşıl işıq" yandırdı. Bu baxımdan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması vacib amil kimi önə çəkilirdi. Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərdi. Bir əsas məqamı xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il 12 mayda atəşkəs sazişinin imzalanması  ölkədə sabitliyin möhkəmləndirilməsinə, digər sahələr üzrə əhəmiyyətli addımların atılmasına  stimul verdi. Malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək,  ən əsası birgə səylər, qarşılıqlı təcrübə mübadiləsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1994-cü ilin 20 sentyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında "Əsrin müqaviləsi" imzalandı. Bununla Azərbaycan  öz iqtisadi imkanlarını dünyaya təqdim edərək, növbəti sazişlərin imzalanmasına zəmin yaratdı: "İllər keçdikcə, Azərbaycan yeni-yeni dostlar qazandı,  səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurları diqqət çəkdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərildi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün  prioritetlərin əsasında  qüdrətli respublikanın inkişaf perspektivləri- düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması,  Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması və digər  biri-birindən məsuliyyətli vəzifələr dayanırdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlinmişdir". S.Novruzov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Məhz onun təşəbbüsü ilə dünyanin müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkildi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporunun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün müvafiq dövlət komitəsi yaradıldı.  Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, dünyanın müxətlif ölkələrinə səpələnmiş soydaşlarımız Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini verir, yaşadıqları ölkələrdə həqiqətlərimizin təbiliği istiqamətində biri-birindən əhəmiyyətli uğurlara imza atırlar. Erməni yalanlarının ifşa olunmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə səylərin göstərilməsi mütləqdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayında səsləndiridyi bu fikri bir daha qeyd etmək istərdik: "Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir".

 

Alim

 

Olaylar.- 2018.- 13 dekabr.- S.11.