“Heydər Əliyev Şah Abbasın

köşklərindən birinə çıxıb dedi ki...”

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini Teleqraf.com-a bölüşüb. Onunla müsahibəni təqdim edirik:

 

- Yaqub müəllim, Heydər Əliyevlə ilk tanışlığınız nə zaman olub?

- Əvvəlcə qeyd edim ki, Heydər Əliyev təkcə türk dünyasının yox, ümumiyyətlə, dünya tarixinin çox nadir şəxsiyyəti, Azərbaycan xalqının dahi oğludur. Onun tərcümeyi-halının bütün anları doğma vətənə, xalqa bağlı olub. Onu tələbəlik illərindən, uzaq 1957-58-ci illərdən tanıyıram. O zaman universitetə yenicə qəbul olmuşduq. Heydər Əliyev və Arif Heydərov 5 və 6-cı kursda qiyabi təhsil alırdılar, zabitlər, görkəmli insanlar idi. Biz də kənddən təzə gələn uşaqlar idik, onlara baxıb həsəd aparırdıq. Zaman gəldi, mən Tarix fakültəsində komsomol təşkilatının katibi oldum, onda Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində çalışırdı, hələ şöbə müdiri deyildi.

Heydər Əliyev ürəyinin dərinliklərində ömrünün bütün çağlarında Vətənə bağlı olub. Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı ağır basqıları dövründə də Vətən və xalq hissini qəlbində yaşadıb. Buna Tarix fakültəsinin komsomol təşkilatının katibi olanda ilk dəfə şahidlik eləmişdim.

1960-61-ci illərdə Xruşşov Çinə qarşı ağır kampaniyaya başlamışdı, o zaman tələbələrimiz içərisində xalqımıza qarşı hüquq bərabərliyinin pozulması, bizə qarşı təzyiqlərə görə ümumi narazılıq vardı. Bizim rus bölməsində oxuyan tələbələrdən biri dərsə davam eləmədi. Bir gün mənə KQB-dən zəhmli zəng gəldi ki, uşaqlarla necə məşğul olursunuz, filankəs haradadır? O tələbəni həmin qrupun sinif nümayəndəsi (sonra elmlər namizədi olmuşdu), 1990-cı il hadisələrindən sonra Azərbaycandan qaçan erməni ələ vermişdi. O, Xruşşova qarşı intibahnamə buraxmışdı, yazmışdı ki, Çinə qarşı siyasət doğru deyil, Xruşşov siyasətdə təsadüfi adamdır. Bu intibahnaməni hərbi hissələrdən birində çap elətdirmişdi və ələ keçmişdi, özünü də KQB-nin zindanına salmışdılar. Heydər Əliyev də Tarix fakültəsinin məzunu olmuşdu və fakültəyə çox bağlı idi. Mən onun millətini sevən insan olduğunu ilk dəfə o zaman gördüm. KQB-yə uzun get-gəllərdən sonra belə məsələ qoyuldu ki, Tarix fakültəsinin komsomol təşkilatının katibi kimi qapalı iclas keçirim və həmin gəncin məsələsi müzakirə edilsin.

- Bəs həmin gənc kim idi?

- Əlbəttə, adların hamısı yadımdadır, amma söyləmək istəməzdim. Qapalı iclas keçirdik. İndiki İqtisad Universitetinin binasının ikinci mərtəbəsində Tarix fakültəsinin iclas salonu yerləşirdi. İclası aparmaq mənə tapşırılmışdı. Tarix fakültəsinin komsomolçularını içəri buraxdıq, qapılar bağlandı. 6-7 nəfəri iclas üçün hazırlamışdım, Heydər Əliyev də gəlib arxada əyləşmişdi. İclası başlayanda birinci ona söz verdik. Təxminən 40 dəqiqə danışdı, gənclərə öyüd-nəsihətlər verdi, dedi ki, bu yollarla heç nə etmək olmaz, oxuyub öyrənmək lazımdır, Vətənə, xalqa xidmət etməkdən ötrü dərin elmi biliklərə yiyələnməli, yetkin şəxslər və zamanın ən bacarıqlı adamları olmalısınız. Bu cür istiqamət verdi, sonra iclas başladı.

Hazırladığım tələbələr çıxış elədi. Onlarla qərar vermişdik ki, həmin gənci kəskin tənqid edək, amma universitetdən qovulmasına imkan verməyək. 6 nəfər bir-bir durub tənqid elədilər, onun istedadlı olduğunu önə çəkdilər, həqiqətən əlaçı tələbəydi. Dedilər ki, töhmət verilsin, biz onun tərbiyəsini öz üzərimizə götürürük. 6-cı çıxışçıdan sonra dedim ki, təklif var, məsələ səsə qoyulsun və şiddətli töhmət elan olunsun, komsomolçular məsələni öz üzərinə götürür. Bunu deyəndə rektor dedi ki, nə üçün uşaqlara öz fikirlərini deməyə imkan vermirsən, hamı onu pisləyəcək, icazə ver, komsomolçular sözünü desin. Söylədim ki, axı hazırlıq mərhələsi qurtarıb, dedi, xeyr, sən komsomolçuları tanımırsan. Dedim, buyurun. O an zal püskürdü. Uşaqlar çıxış eləməyə başladı ki, bu necə vəziyyətdir, Xruşşov indi peyda olub, vaxtilə Stalin idi rəhbər, indi pis olub, biz kimin yolu ilə getməliyik və s. Salon qaynayırdı.

O zaman 4-cü kurs tələbəsi idim və əyri adamları da tanıdım. Mən Rəsul Rza ilə işləmişəm, deyirdi, ağzı əyri adamları boynunun topundan tanıyıram. 1937-ci ildə adam satan yaşlı kişilər qabaqda oturmuşdular və ayağa qalxdılar ki, bu komsomolçuların hamısının ailəsi yoxlanılsın, onlar doğru adamlar deyillər, onlar barədə tədbir görülsün. Ürəyimdə də deyirəm, milləti qırdıran bunlar imiş. Arxadan qabırğamın üstündən barmaq möhkəm basdı, döndüm ki, Heydər Əliyevdir. Dedi ki, mənə bir də söz verin. Tribunaya çıxdı, dedi ki, bayaqdan bütün çıxışlara qulaq asıram və sonuncu komsomolçuların çıxışından çox məmnun oldum. Komsomolçular öz yoldaşlarını bu cür müdafiə etməli, lazım gəlsə, düz yola çəkməlidirlər, onların mübariz mövqeyindən çox xoşum gəldi. Dedi ki, uşaqlar siz başa düşməlisiniz ki, bu, doğru addım deyil, yoldaşınızı müdafiə edin, onu yola gətirin və sizin mövqeyinizi tamamilə müdafiə edirəm, əvvəlki təklifi səsə qoymaq olar. Düzünü deyim, hamımız qorxmuşduq. Tarix fakültəsini bitirsə də, KQB-dən gələn adam idi, tələb də edirdilər ki, bu uşaqların ailələri yoxlansın, deyirdik, deyəsən, axırımızdır.

Heydər Əliyevin çıxış edərək komsomolçuları müdafiə etməsindən, əvvəlki təklifi səsə qoymaqla bağlı fikrindən sonra hamımızın ürəyinə sərin su sərpdi. O zaman başa düşdüm ki, Heydər Əliyev daxili aləminə görə millətinin keşiyində duran Azərbaycan oğludur. Beləliklə, o gənci qovulmağa qoymadıq və Tarix fakültəsində təhsilini davam etdirdi. Yəni mənim Heydər Əliyevlə bağlı ilk ürəyimin başında qalan xatirə bundan ibarətdir ki, çətin anda diplomunu aldığı Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alan gənclərin arxasında bu cür durdu.

- Sonra yolunuz harada kəsişdi?

- Demək olar ki, həyatımın bütün anlarında Heydər Əliyevin fəaliyyətini sözün əsl mənasında rəğbətlə izləmişəm. Heydər Əliyevin kim olduğunu Rəsul Rza ilə birgə yaşıl ensiklopediyanı buraxanda bildim. Biz ora Azərbaycan Xalq Cümhuriyyəti, 28 apreldə Azərbaycanın işğal olunması, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Bütöv Azərbaycan, "Azərbaycan məqaləsi", Azərbaycanın parçalanması kimi məsələləri daxil etmişdik. O zaman bizi yoxlamağa başladılar. İrəvana və Moskvaya xidmət edən özümüzdən olan dönüklər ensiklopediyanın üstünə tökülüşdülər. Rəsul Rzanı rus əleyhinə çalışan, ermənilərin düşməni, pantürkist kimi damğalayırdılar. Belə məlumat çatdırmışdılar ki, ona ən yaxın kömək edən də Yaqub Mahmudovdur. Mən də Bakı Dövlət Universitetindən incik düşmüşdüm.

- Niyə?

- 24 yaşım vardı, tarix elmləri doktoru elmi dərəcəsi verilməsi barədə Elmi Şura yekdilliklə qərar çıxarmışdı. Nəinki o adı verdilər, məcbur etməyə çalışdılar ki, bu elmi dərəcədən rəsmi şəkildə imtina edim. Guya elmi işim o səviyyədə deyil. Mən də bunu yazmadım. Elmi Şuranın üzvü olan ermənilərdən biri dedi ki, bu günlərdə Ermənistanda Merzelyan adlı biri akademiyanın müxbir üzvü olub, niyə bu cavan oğlana elmi dərəcə verməyək? Məni belə sındırmışdılar, onların tələb etdiyi arayışı vermədim, qiymətlərimin hamısı "5" olsa da, heç iş də vermədilər. Ensiklopediya üzərində işləyəndə də belə incik vəziyyətdə idim. Yeri gəlmişkən, ürəyimin dərinliyində atamın qisası dururdu. 1930-cu ildə atam Göynük Şəki üsyanının başçılarından biri olub. Ona güllələnmək cəzası veriləndə lələmin köməyi ilə güllələnmədən yaxa qurtarıb və meşələrdə qaçaq həyatı keçirib. Xülasə ensiklopediyada tariximizi müdafiə etməyə başladıq.

İçəridən bizə qarşı basqılar edilirdi. Stepan Şaumyanın oğlu Levon Şaumyan Moskvada "Böyük Sovet Ensiklopediyası"nın baş redaktorunun birinci müavini idi və sovet ideologiyasının "baş qəhrəmanı" idi. Onu bizə qarşı qaldırdılar və Azərbaycana gətirdilər. İlk Azərbaycan xəritələrini hazırlamaqdan ötrü Ukrayna Ensiklopediyasının baş redaktoru, şair Mikola Bajanın köməyi ilə xəritələr gətirdik. Xəritələrimizi doğratdılar, çox ağır şəraitdə çalışırdıq. 1969-cu ildə Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi oldu. Ürəyimdə arxayınlıq vardı ki, onu universitet həyatından tanıyıram. Rəsul Rza isə böyük mütəfəkkir, mübariz insan idi. O zaman Moskva və İrəvana bağlı qüvvələr dəfələrlə Moskvanın əli ilə ensiklopediyanı yoxlatdırıb bizi həbs etdirmək istəyirdilər. Ensiklopediyanın dağıdılması təhlükəsi yarandı. Mən Heydər Əliyevin xalqının dahi oğlu olduğunu ikinci dəfə onda anladım. Bizi Mərkəzi Komitəyə çağırırdılar.

Bəzən olurdu ki, iclasları yarımçıq qoyub çıxırdıq. O ağır şəraitdə Heydər Əliyevin himayəsi nəticəsində nəinki işdən çıxarılmadıq, bizə partiya töhməti belə verilmədi. Hətta Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı döş nişanını Rəsul Rzanın sinəsinə taxdı. O zaman gördüm ki, Azərbaycan üçün Heydər Əliyev kimdir. Dəfələrlə həyatda onunla rastlaşdım. Ən ağır anlarımda Heydər Əliyev məni müdafiə edib.

- Hansı anlar idi?

- 1999-cu ildə 60 yaşım tamam olurdu, Bakı Dövlət Universitetində məsələ qoyuldu ki, hökmən yubiley keçirilməlidir. Mən etiraz elədim ki, Dağlıq Qarabağ erməni tapdağında ikən yubileyimin keçirilməsi doğru olmaz. Təkid elədilər, dedim, onda dövlətin mənə münasibətini bilmək istəyirəm. O zaman universitetə Abel Məhərrəmov rəhbərlik edirdi və bildirdi ki, yubileylə bağlı verdiyimiz təklif keçmədi, detalları soruşmayın.

Mən də dedim, əgər belədirsə, yubileyin keçirilməsinə etiraz edirəm. Məni dilə tutdular, yubileyim keçiriləsi oldu, adətən, universitetdə yubiley tədbiri 1 saat olur, mənim yubileyim 4 saatadək davam elədi. İnsanlar axın edirdi, nə qədər gül-çiçək, təbrik ünvanlanırdı, bunlar mənə xeyli ruh verirdi. Amma ürəkdən sınmışdım. Axı Heydər Əliyev məni tanıyırdı. Mən heç kəsə heç nə deyən adam deyiləm. Anlamırdım ki, nə baş verir. Sən demə, yuxarı dairələrdə oturan bəzi adamlar istəmirmiş ki, bəzi ziyalılar parlasın, gələcək üçün "təhlükə" olsun. Hər addımda bizi "vururdular". Doğum günümdən 3 gün sonra zəng gəldi ki, saat 20:00-da "Xəbərlər"ə bax. Televizoru açdım, gördüm ki, fərman oxunur, elmin inkişafında, ölkənin ictimai-siyasi həyatında fəal xidmətinə görə Yaqub Mikayıl oğlu Mahmudov "Şöhrət" ordeni ilə təltif olunsun.

Məsələni araşdırdım, məlum oldu ki, Heydər Əliyev o zaman məsələni öyrənib, Prezident Aparatında mənim işimi kənara atan, mənə mane olan adamı çağırıb və tapşırıb ki, Yaqub Mahmudovun "Şöhrət" ordeni ilə təltif edilməsi ilə əlaqədar fərmanı yaz gətir. Bir daha əmin oldum ki, Vətən, xalq üçün çəkilən əmək batmır. Heydər Əliyev məni təltif edən zaman çıxış elədim. Məni sınmağa qoymadığına, basqı və təzyiqlərə rəğmən, qoruduğuna görə təxminən 18 səhifəlik "Vətəndaş etirafı"mı yazıb göndərdim. Diktorlar onu oxuyana kimi nəfəsləri qaralırdı. Fəaliyyətimi davam etdirdim, Azərbaycan tarixi dərslikləri, tarix konsepsiyasının dəyişdirilməsi ilə məşğul oldum. Mənə qarşı qonşu ölkələrdən təzyiqlər başlandı. Bütün tədqiqatlarım və dərsliklərimin üstündə Bütöv Azərbaycanın xəritəsi var. Orada yer adları göstərilib, rəng olaraq bütöv Azərbaycan, Həmədan, Qəzvin, Urmiyadan tutmuş Borçalı mahalı, Dərbəndə qədər ərazilər əks olunub. Dədə Qorqud dastanları harada formalaşıbsa o ərazi bütöv Azərbaycan ərazisidir.

 

Ardı var

 

Olaylar.- 2018.- 13 dekabr.- S.8.