Regionların simasını

dəyişdirən dövlət proqramları

 

Şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb

 

Ölkəmizdə  həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas prioritetlərindən biri Azərbaycanı müasir dünya  standartlarına uyğun, yüksək infrastruktur təminatına malik dövlətə çevirməkdən ibarətdir.

Prezident İlham Əliyevin bu istiqamətə köklənmiş  müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr Azərbaycanı dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Bu dövlət proqramlarının qarşıya qoyduğu əsas vəzifələr regionlarda yeni iş yerlərinin yaradılması, əhalinin həyat cəviyyəsinin yüksəldilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir Azərbaycanın dünya birliyinə sürətli  inteqrasiyasını xarakterizə edən əsas cəhətlərdir. Son 15 ildə dövlət proqramları çərçivəsində həyata keçirilən  irimiqyaslı layihələrə diqqət yetirsək, bir daha şahidi olarıq ki, yaradılan yeni sənaye və istehsal müəssisələri, həmçinin  iş yerlərinin  həcminə görə postsovet dövlətləri ilə müqayisədə respublikamız xeyli irəlidədir. Belə ki, bütün bölgələrdə yol infrastrukturunun yenidən qurulması başa çatdırılb, indiyədək rahat yol arzusu həsrətində olan kənd sakinlərinin istəkləri reallaşdırılıb və bu  istiqamətdə irimiqyaslı layihələr həyata keçirilib. Dünya standartlarına cavab verən yeni yolların çəkilməsi, müasir yol ötürücülərinin, körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi əhalinin sabaha olan inamını daha da artırıb. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq, bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində Azərbaycan rayonlarının siması tamamilə dəyişib.

Xatırladaq ki, bu vaxtadək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008,2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla icra olunmaqdadır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur. Beləliklə,  sözgedən Dövlət Proqramının uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratmışdı. Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün dövlət başçısının 2009-cu il 14 aprel tarixli  Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edildi. Bu Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynayıb. Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və qəsəbələrın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanıb. Bu məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul edilib. Həmin dövlət proqramının icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Artıq  ölkənin hər bir  vətəndaşı regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində baş verən inkişafı gündəlik həyatında açıq şəkildə hiss edir. Çünki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları ölkənin qeyri-neft sektorunun inkişafına təkan verib. Dövlət pqroqramları xüsusən bölgələrdə kənd təsərrüfatının dinamik inkişafını təmin edib. Belə ki, sözügedən dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı davam etdirilib. Əhalinin ərzaq məhsullarına tələbatının davamlı şəkildə ödənilməsi məqsədi ilə qəbul edilmiş dövlət proqramlarının icrası, aqrar sahənin ixracyönümlü məhsullarının istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb. Bir vaxtlar tamamilə unudulmuş pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində böyük canlanma yaranıb.

Son illər sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycanı regionun qüdrətli dövlətlərindən birinə çevirib. Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran ölkəmizin maliyyə dayaqları xeyli möhkəmlənib ki, bu da sosial sahələrin inkişaf etdirilməsi, bir sıra vacib infrastruktur layihələrinin reallaşdırılması üçün geniş imkanlar yaradıb. Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin yol infrastrukturu əvvəllki illərlə müqayisədə xeyli dəyişib. Təsadüfi deyil ki, ölkə rəhbəri yol infrastrukturunun yeniləşdirilməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişatı ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrin yol infrastrukturu yenilənməkdə davam edir. Yeniləşən və müasirləşən yol infrastrukturu öz növbəsində sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur.

Regionların sosial-iqtisadi inkişf proqramları çərçivəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı sahəsində də köklü dəyişikliklərə səbəb olub. Belə ki, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilib və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir.

Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində bölgələrdə yeni istehsal və emal sahələri yaradılmaqdadır. Belə müəssisələrin yaradılması ölkə iqtisadiyyatının inkişafı ilə paralel olaraq sahibkarlığın inkişafına təkan verir ki, bu da öz növbəsində əhalinin məşğulluq probleminin həllində əhəmiyyətli rol oynayır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu gün, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq artıq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

Hazırda sənayeləşmə siyasətinə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir, innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılır, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlər davam etdirilir. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərir.

Regionların sosilal-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişib, kənd yolları asfatlaşdırılıb, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub, rabitə sistemi yüksək səviyyədə qurulub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istfadə edilməsi əhalinin məşğulluğunu daha da artırıb. Təxminən on beş il əvvəl heç kimin təsəvvürünə belə gəlməzdi ki, doğulub boya başa çatdığım ucqar Yardımlı rayonunun Bozayran kəndində küçələr asfaltlaşacaq, küçə və xiyabanlar abadlaşdırılacaq, yol boyu işıqları bərq vuracaq, hər kəsin qapısının ağzında içməli su axacaq. Artıq kənd sakinləri yaradılmış infrastrukturla rahat həyat tərzlərini yaşamaqdadırlar. Hazırda 20 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi davam etdirlir. Sadalanan faktlar deməyə əsas verir ki, ümumilikdə dövlət proqramlarının icrası nəticəsində bütün sahələrdə böyük uğurlar qazanılıb, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olub.

 

Alim Hüseynli

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

Olaylar.- 2018.- 13 dekabr.- S.6.