“Heydər Əliyev Şah Abbasın

köşklərindən birinə çıxıb dedi ki...”

 

Akademik Yaqub Mahmudovla müsahibənin davamı

 

əvvəli ötən sayımızda

 

Buna görə mənə ağır hücumlar oldu. Nərimanov rayonunda, səhv etmirəmsə, 82 saylı məktəbdə Heydər Əliyev dərsliklərlə tanış olurdu, Rusiyadan gətirilən dərslikləri kənara qoydu, dedi ki, bu nədir, müstəqillik dövrünün dərslikləri ilə məşğul olmalısınız. Mənim dərsliyimi götürüb dedi ki, belə dərsliklər yazılmalıdır. O fikir mənim üçün çox qiymətli idi.

- Yeri gəlmişkən, məhz bütöv Azərbaycan xəritəsinə görə də Sizə çox basqılar olub...

- Bəli, təzyiq göstərirdilər ki, guya qonşu ölkələrdən ərazi istəyirəm. Mən heç vaxt ərazi iddiasında olmamışam, tariximizi dirçəltmişəm, Azərbaycan xalqı öz tarixinə sahib çıxmalıdır. Böyük Səfəvi imperiyam var, Ağqoyunlular mənim dövlətimdir. İçəridən də üstümə tökülüşmüşdülər. 2002-ci il idi, mənim üçün ağır dövrlərdən idi, cəbhəçilər, bütöv Azərbaycan tərəfdarlarından da heç kəs məni müdafiə etmirdi. Cənubdan, İranın xüsusi xidmət orqanları bir-birinin dalınca kitablarımı göndərirdilər ki, bu adam haqqında tədbir görmək lazımdır.

Pisikmiş vəziyyətdə oturmuşam, bir dəfə televiziyada gördüm ki, bu ölkənin səfiri Heydər Əliyevin yanına gəlib mənim kitabımı göstərdi. Ki, bu adam haqqında tədbir görmək lazımdır, prezident tapşırır, bu şəxs bizdən torpaq istəyir, iki millət, iki dövlətin arasını vurur. Heydər Əliyev götürüb kitaba baxdı, dedi, əlbəttə, mən iki dövlətin arasını vuran şəxslərə yaxşı deyə bilmərəm, amma mən tarixçini məcbur edə bilmərəm ki, tarixi saxtalaşdırsın, tarix olduğu kimi yazılmalıdır. Səfir suyu süzülə-süzülə çıxdı. Səhəri gün Şəkidə olimpiya kompleksi açılmalı idi, mən o açılışa getdim. Şəkidən seçilən deputat kimi ilk dəfə ora gedirdim, prezidentin korteji çıxanda Şəki gəncləri dövrəyə alıb onu olimpiya kompleksinə qədər müşayiət etdilər. Balaca kürsü düzəltmişdilər.

Orada Heydər Əliyev, Olimpiya Komitəsinin sədri olan İlham Əliyev və icra başçısı dayanmalı idi. Heydər Əliyevə "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" adlı kitabımı təqdim elədim, baxdı, zarafatla qayıtdı ki, sən hələ buralardasan , yəni salamatsan. 200 min insan bayraqlarla olimpiya kompleksinə axın eləmişdi. Heydər Əliyev tribunaya çıxan kimi əlinin işarəsi ilə məni çağırdı. Noyabr ayı idi, Şəkidə bərk soyuq vardı. Mən ayaq saxladım, yerdə nə qədər hökumət adamı vardı, balaca tribunaya dırmaşdılar. Birdən Heydər Əliyev baxıb gördü ki, çağırmadığı adamlar tribunadadır, mən də yetim quzu kimi aşağıda boynu bükük dayanmışam. Əsəbi halda məni çağırdı. O adamlar arxada qaldı, özü qabaqda, mən ortada dayandıq. Sağda da İlham Əliyev dayandı. Heydər Əliyev danışmağa başlayan kimi dedi ki, Şəki Azərbaycana çox tanınmış adamlar bəxş edib, Mirzə Fətəli Axundzadə, Fətəli xan Xoyski, Bəxtiyar Vahabzadə. Sonra da dedi ki, Şəki böyük alimlər də yetirib, böyük alim, böyük tarixçi Yaqub Mahmudov da buradadır. Bununla da məni təqib edənlərə qarşı nöqtəsini qoydu. Qürur hissi keçirirəm ki, sağ ikən qiymət verdiyi adamlardan biri də mənəm. Ağır məqamlarda məni qiymətləndirdi və caynaqlardan çəkib çıxardı. Həmişə çətin işlərdə şəxsən xəbər yollayırdı.

Qondarma Car-Balakən respublikasının yaradılması barədə təxribatlar başlamışdı. Mən BDU-da Tarix fakültəsinin dekanı idim, mənə xəbər gəldi ki, cənab prezident göstəriş verib, təcili Balakənə get. Prezident Aparatından təxminən 10 nəfəri sərəncamıma verdilər, Şeyx Şamilin büstü önündə çıxış elədim. Rusiyadan gələn Duma üzvləri, onları müdafiə edən başıqırxıqlar dəstəsi ordaydı. Biz qondarma respublikanı dağıdıb Azərbaycan bayrağını qaldırdıq, bütün rayon boyu yürüş etdik. Bu hadisənin üstündən bir neçə gün keçəndən sonra Heydər Əliyev xəbər göndərdi ki, İrana səfərimiz var, Yaqub Mahmudov getmək istəyirsə, gəlsin.

- Neçənci il idi?

- 1994-cü il idi.

- İranın barəsində tədbir görmək istədiyi Yaqub Mahmudov İrana səfər edən nümayəndə heyətinə salındı?

- Bəli, heç unutmuram. Bizim səfərimizi Rəştə salmışdılar. Biz təyyarədə narazılıq etməyə başladıq. Mən də dedim ki, biz Təbrizə getməyib Rəştə getsək, Cənubi Azərbaycanı təhqir edərik. Bu sözüm Heydər Əliyevə çatdırıldı. İran tərəfinə bu barədə bildirildi. Dedilər ki, Təbrizə getsəniz, təhlükəsizliyinizə zəmanət vermirik. Heydər Əliyev gülərək dedi ki, bizi Təbrizə aparın, sizin təhlükəsizliyinizə mən zəmanət verirəm. Təbrizə aparmadılar, amma İran körfəzində Kiş adasına getdik.

Orada Heydər Əliyevin böyüklüyünü bir daha gördüm. İranın o vaxtki səfiri hər addımda bizi mənfi mənada müşayiət edirdi. Şah Abbasın İsfahanda tikdiyi kompleksi görmək böyük arzum idi. Həmin səfərdə bu kompleksi görə bildim, dünyaya baxışımda dəyişiklik oldu. Şah Abbasın tikdirdiyi saray kompleksinin içində mikroavtobuslarla gəzirdilər, mərmi atmışdılar, məscidin günbəzinə sancılmışdı, amma məscidi dağıda bilməmişdi, çox təsirləndim. Heydər Əliyev də sağlam adam idi, pilləkənləri sürətlə çıxırdı, biz də ona güclə çatırdıq. Hər yerdə də Heydər Əliyevə deyirlər ki, bu kompleksi İran şahı Şah Abbas tikdirib. Axırda əsəbiləşib dedim ki, niyə prezidentimizə düz məlumat vermirsiniz, Şah Abbas Səfəvi hökmdarıdır, onun vətəni Azərbaycandır, o, Ərdəbildəndir. Səfir də qayıtdı ki, niyə millət davası salırsan, cənab prezident İrana gəlib.

Yarım saat keçmişdi ki, bir adamı gətirdilər ki, bu da İranın böyük tarixçisidir, sənə o cavab verəcək. Mən də dedim ki, nə cavab verəcək, Şah Abbas Ərdəbildə doğulub, türkdür. Həmin tarixçi də dedi ki, ağa sən düz demirsən, Şah Abbas Kaşanda basdırılıb, onun Azərbaycana nə aidiyyəti var? Dedim, Kaşan da, İsfahan da Şah Abbasın qılıncının altında idi. Belə deyişməmiz oldu. Sonra bizi İsfahan metallurgiya kompleksinə aparırdılar, mən yolda şuluqluq saldım. Dedim Şah Abbas İsfahanda çaharbağ saldırıb, İsfahandan keçən çayın məcrasını dəyişdirib bağı dörd yerə bölüb. Xan çinardan tutmuş hansı bitkilərimiz varsa, hamısını aparıb orada əkdirib. Dedim, bizim prezidentimizi niyə Şah Abbasın bağına aparmırsınız. Bayaqdan deyirsiniz, İran şahıdır, aparın da o bağa. Bir də gördüm kortej dayandı, yönünü bağa çevirdilər. Bayırda 55 dərəcə istiydi, Şah Abbasın saldırdığı bağda isə su fırlanır deyə 18-20 dərəcə temperatur vardı, cənnət idi. Heydər Əliyev Şah Abbasın köşklərindən birinə çıxdı. Mən də tarixçi kimi zövq aldım ki, bir vaxtlar Şah Abbasın çıxdığı köşkdə indi Heydər Əliyev dayanıb.

Heydər Əliyev dedi ki, çox səfalıdır, Şah Abbas çox gözəl bağ salıb, adam burada bir dondurma yesə, yaxşı olar. Bizə dondurma gətirdilər, onun dadını unutmamışam, baldan hazırlanmış dondurmaydı, hamımız yedik, qurtaranda Heydər Əliyev üzümüzə baxdı, dedi, mən belə görürəm, camaat bu dondurmadan birini də istəyir. Xülasə ikinci dəfə dondurmadan yedik, sonra İsfahan metallurgiya kombinatına getdik. Mənim xatirələrim bitib-tükənən deyil.

- Bayaq Rəsul Rza ilə birgə ensiklopediyaya Xalq Cümhuriyyəti dövrünü saldığınızı söylədiniz. Heydər Əliyevin AXC ilə bağlı hansı tapşırıqları olmuşdu?

- Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini çox yüksək qiymətləndirirdi. Mən BDU-da Tarix fakültəsinin dekanı olanda bir qrup tarixçini dəvət etdi. O cümlədən sovet dövründə akademik olan və sovet rejiminin məddahları ora dəvət olunmuşdu. Dedi ki, Stepan Şaumyan haqda məlumatın dəqiq olmasını istəyirəm, bizim xalqa qarşı soyqırımı, deportasiyalar olub və bu məsələni aydınlaşdırmaq lazımdır. Sovet dövrünü araşdıran tarixçilər tökülüşdülər ki, soyqırımı çətin məsələdir, 1905-ci ildən erməni-müsəlman qırğını olub. Mən 31 mart 1918-ci il soyqırımı üstündə möhkəm dayandım.

Dedim, soruşunuz, əsasınız nədir? Bildirdim ki, əsas ondan ibarətdir ki, soyqırımı dövlət səviyyəsində həyata keçirilib. Şaumyanın başçılıq elədiyi Bakı Soveti erməni hakimiyyəti idi, ətrafındakılar ermənilərdən ibarət idi, dövlət səviyyəsində soyqırımı həyata keçirilib. Bir neçə gün sonra Heydər Əliyev 31 martın Soyqırımı Günü kimi qəbul olunması barədə sərəncam verdi.

Arxiv İdarəsinin keçmiş rəhbəri Ataxan tələbə yoldaşımdır, onunla tarix fakültəsində xeyli mübahisə elədik, dedim, axı İstiqlal Bəyannaməsində neçə yerdə yazılıb ki, ad Azərbaycan Demokratik Respublikası yox, Azərbaycan Xalq Cümhuriyyətidir. Bununla bağlı Heydər Əliyevin yanında müzakirəmiz oldu və ona bu məsələni çatdırdıq.

O, Azərbaycan Demokratik Respublikasının adını çevirib Azərbaycan Xalq Cümhuriyyəti qoydu. Bu, mənim ən ciddi xatirələrimdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərini keçirdi, beynəlxalq konfrans baş tutdu. O zaman Heydər Əliyev tapşırıq verdi ki, AXC ilə bağlı ensiklopedik lüğət hazırlamaq lazımdır. Qürur hissi keçirirəm ki, Heydər Əliyev çox ağır, Vətənə sağ qayıtmadığı səfərə çıxanda Təhlükəsizlik Şurasının iclasını keçirib və tapşırıq verib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopedik lüğətini çıxarın.

Soruşublar ki, kimə tapşıraq. Mənim adımı çəkib ki, filankəsə mənim adımdan tapşırın. Tarix fakültəsinin dekanı olaraq AMEA Tarix İnstitutunun mütəxəssislərini cəlb edib 2 cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" hazırladıq. Çox şadam ki, işi başa çatdırdıq və o ensiklopediya İlham Əliyevin göstərişi ilə çap olundu. Sonuncu nəşri 2014-cü ildə oldu. İlham Əliyev onun bütün səhifələri ilə tanış oldu və Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə möhtəşəm abidə qoyuldu. Bu, Heydər Əliyevin vəsiyyəti idi.

Heydər Əliyev deyirdi ki, mən sovet dövründə maraqlanırdım ki, bu Şaumyan kimdir, Tarix İnstitutundan mənə sənədlər verirdilər, az qalırdım, bu Şaumyanın yubileyini keçirim. Prezident İlham Əliyev isə atasının, dahi Heydər Əliyevin yolunu dönmədən, uğurla gedərək tarixçilərlə məsləhətləşdi və AMEA Tarix İnstitutu İlham Əliyevin sayəsində bütün tarix konsepsiyasını dəyişdirdi. Soyqırımı cəlladı, daşnak Şaumyan və dəstəsinin qalıqları Bakının mərkəzindən götürüldü. Heydər Əliyevin vəsiyyəti idi, İlham Əliyev onu yerinə yetirdi. Soyqırımlarının, İrəvan xanlığının tarixini araşdırdıq, bütün dünyaya yaydıq, həmin materiallar ərəb, ingilis, ispan və digər dillərə tərcümə olundu. Bu işlər Heydər Əliyevin vaxtından başlayıb. İlham Əliyev bu gün Tarix İnstitutunun arxasında durur, atasının mövqeyini cəsarətlə, qətiyyətlə müdafiə edir və uğurla davam etdirir. Dünyadakı mürəkkəb şəraitdə tarix elmimizin bütün əsərləri onun təşəbbüsü, tapşırığı və çağırışları ilə çap edilir. Mənim fikrimcə, bugünkü dünyada Azərbaycan Prezidenti İlham Əliyev müasir inkişafın Azərbaycan modelinin müəllifidir.

Bu modelin tərkib hissələri çoxdur, iqtisadi inkişaf, davamlı olaraq irəli getmək və sairlə bağlıdır. Amma onun ən mühüm tərkib hissəsi Azərbaycançılıq məfkurəsinin qalib gəlməsi və milli tariximizin dirçəlişidir. Bu, çox böyük nailiyyətdir. Xalq öz tarixinə sahib çıxarsa, onu məğlub etmək olmaz. Tarixinə sahib çıxmayan xalqlar isə tarix səhnəsindən silinib gedir. Biz öz tariximizə sahib çıxırıq, bu, o deməkdir ki, bizim xalqımız tarixinin sahibi olduğu üçün heç zaman məğlub olmayacaq və 1918-ci ildəki soyqırımı, Xocalı faciəsi təkrar olunmayacaq. Çünki biz yolumuzu dəyişə bildik, tariximizə sahib çıxdıq.

 

Olaylar.- 2018.- 14 dekabr.- S.12.