Milli Oyanışın başlandığı gün – 21 Azər

 

"73 il bundan qabaq Cənubi Azərbaycan tarixində əlamətdar hadisə baş verdi. "1945-ci il 12-dekabr 21 Azər inqilabı ilə tarixə düşdü. Bu inqilab Səttarxan, Xiyabani hərəkatından sonra ən geniş dairələri əhatə edən və məzmun etibarilə çox dərin xarakter daşıyan hərəkat idi. 21 Azər hərəkatı, 1905-1911- ci illər Səttarxanın başçılıgı ilə Məşrutə hərəkatı , 1918- 1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Xiyabanı hərəkatının davamı idi. Lakin bu tamamilə yeni məzmunlu inqilab idi.

Pəhləvi dönəminin Cənubi Azərbaycanda hökm sürdüyü illərdə əhalinin məruz qaldığı iqtisadi, siyasi, mədəni zülmlər elə bir sərhədə çatmışdı ki, kimlik mücadiləsi verən xalq ayağa qalxmaq üçün fürsət axtarırdı. Belə bir imkan isə müttəfiq qoşunlarının 1945-ci ilin avqust ayında Azərbaycana gəlməsindən sonra yarandı. Rza şah ölkədən qaçdı, zindanlara həbs edilən mütərəqqi fikirli milli qüvvələr azadlığa çıxdı. Bunların sırasında 21 Azər hərəkatının rəhbəri, 10 il həbsdə saxlanılan Seyidcəfər Pişəvəri də vardı. İnqilab başlamazdan əvvəl "Azərbaycan" qəzeti, Azərbaycan cəmiyyəti, Həmkarlar Şurası, İran Xalq Partiyası, Demokratiya ocağı, Azərbaycan Zəhmətkeşlər Təşkilatı, Azadlıq cəbhəsi, Azərbaycandakı antifaşist təşkilatı var idi. Lakin bunların heç birinin proqramında 21 Azərin təqib etdiyi hakimiyyət məsələsi yox idi. 21 Azər hərəkatında bu təşkilatların içərisində olan kadrların hər birinin rolu olmuşdur." Bu fikirləri Olaylar.az-a Dünya Azərbaycanlıları Konqresi Məşvərət Məclisinin üzvü, AMEA- nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, Güney Azərbaycan Elmi Araşdırmalar Şöbəsinin sabiq rəhbəri professor Əkrəm Rəhimli deyib.

O, Azərbaycan Demokrat Firqəsinin yaranmasından danışıb:

"Güney Azərbaycanda 1945-1946-cı illərdəki milli-demokratik hərəkat tarixinə 12 Şəhrivər (3 sentyabr) müraciətnaməsi kimi daxil olan sənəd əslində yeni yaranan Azərbaycan Demokrat Firqəsinin fəaliyyət proqramının tezisləri idi. Xalqa müraciət şəklində təqdim olunan bu sənəd S.C.Pişəvəri və azərbaycanlı millətsevər ziyalılar tərəfindən hazırlanmışdı.  Firqənin yaradılması və onun müraciətnaməsində irəli sürülən müddəalar ilk gündən azadlıq təşnəsi olan bir millətin bütün sinif və zümrələri, milli ruhlu insanları tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Bunu firqənin rəhbərliyi adına Azərbaycanın müxtəlif bölgələrindən, müxtəlif peşə sahiblərindən: fəhlə, kəndli, tacir, mülkədar, ziyalı, ruhani və s. gələn çoxsaylı teleqram və məktublardan bir daha aydın görmək olur. Firqənin kütlə içərisində az zaman kəsiyində böyük rəğbətlə qarşılanması onun şüarlarında xalqın istək, arzu və tələblərinin əks olunması və digər tərəfdən sinfi fərq yerinə milli birliyin ön plana çəkilməsi idi. Məsələnin məhz bu kontekstə qoyulması S.C.Pişəvərinin keçmişin səhvlərini düz nəzərə alması və milli zəminə yaxşı bələd olmasının nəticəsi və hərəkatda onun önəmli xidməti idi. Firqənin yaradılmasından 2 gün sonra nəşrə bağlayan "Azərbaycan" qəzeti 50 ildən çox bu firqənin mərkəzi orqanı kimi çap olunmuş və kütlələri firqə ətrafında toplamaqda, məram və məqsədi doğma dildə onlara çatdırmaqda əvəzsiz rol oynamışdı.

Həmin il sentyabrın 13 -ü partiyanın ilk plenumu oldu. 11 nəfərdən ibarət müəssislər komitəsi yaradıldı. Oktyabrın 2-də firqənin 1-ci qurultayı çağırıldı və qurultay iki gün davam etdi. 16 iclası olan qurultayda 277 nümayndə iştirak etdi.

Bunun davamı olaraq ikinci geniş plenum 1945-ci il 18 noyabr tarixində çağırıldı. Bu tədbirin çox böyük əhəmiyyəti var idi. Artıq silaha silah, zorakılığa,  zorakılıqla cavab vermək xalqı üsyana çağırırdı. Bunun nəticəsində 20 noyabr tarxində milli konqres çağırıldı. Burada 724 nəfər iştirak edirdi. Konqres əsasən milli dövlətin yaradılması məsələsini irəli sürdü. Milli Məclisə seçkilər başlandı və 32 dairədən 100 nümayəndə seçildi. 12 dekabrda Azərbaycan Milli Höküməti yarandı. Bir gün sonra Təbriz, dekabrın 19-u isə Urmiya şəhəri də azad olundu. Bu hökümət Güney Azərbaycanın Həmədan və Qəzvindən başqa bütün ərazisini ələ aldı."

Ə. Rəhimli qeyd etdi ki, Azərbaycan Milli Höküməti böyük islahatlar həyata keçirdi. Bunlar siyasi-iqtisadi, demokratik və mədəni islahatlar idi:

"Bu dövrdə Azərbaycanda demokratik islahatlar tam bərqərar oldu. Azərbaycanda yaşayan qeyri-millətlərə də həm siyasi, həm mədəni fəaliyyət göstərmək üçün imkan verildi. Lakin onların fəaliyyəti Azərbaycan Milli Hökümətinin əleyhinə olmamalıydı. Onların dini etiqadlarının təmin edilməsi, məbədlərinin işə salınması, məktəblərinin açılması üçün bütün imkanlar tanınmışdı. Azərbaycan ərazisində yaşayan müsəlman olan bütün qeyri millətlərə də heç bir milli ayrı-seçkilik və məzhəb fərqi qoymadan fəaliyyət etməyə imkan verilmişdi ki, bunların hamısı siyasi azadlıqları təşkil edirdi. Məhz bu dövrdə İran tarixində ilk olaraq, qadınlara seçib-seçilmək hüququ verildi.

Güney Azərbaycanda ən böyük problemlərdən biri kəndli, aqrar məsələ idi. Kəndlərin çoxunda torpaqların böyük əksəriyyəti hökümətin əlində idi. Kəndlilər bir qul kimi işləyib onlardan az miqdarda məhsul ala bilirdilər. Milli Hökümətin gördüyü mühüm tədbirlərdən biri də mütərəqqi aqrar islahatın həyata keçirilməsi idi. Aqrar islahatlara görə, ölkədə öz mülkünü qoyub qaçan adamlar, yəni varlılar, bəylər, xanlar, hansı ki, Milli Hökümətə düşmən idilər, onlara göstəriş verildi ki, əgər 15 günə qədər ölkəyə qayıtmasalar, bütün əmlakları müsadirə olunacaq.

Digər tərəfdən Rza Şahın özünə məxsus xalisə torpaqları ikinci mərhələdə xalqa   kəndlilərə verildi.

Başqa bir cəhət də o idi ki, əlində böyük torpaq sahəsi olan, lakin onun çox kiçik hissəsini istifadə edən mülkədarlardan torpağın 90 faizi alınıb müəyyən paylarla kəndlilərə verildi.

Milli Hökümətin gördüyü mütərəqqi işlərdən biri olan aqrar- kəndli islahatı demokratik əsaslar üzərində həll olundu. Bu tək İran tarixində deyil, Yaxın- Orta Şərq tarixində görünməmiş hadisə idi.

Mədəniyyət məsələsində isə ən mühüm addımlardan biri türk dilinin dövlət dili elan olunması idi. 1946- il yanvarın 2-də fərman verildi və bununla da bütün məktəblərdə 1-dən 4-cü sinifə qədər Azərbaycan türkcəsi tədris olunmağa başlandı. Ondan yuxarı siniflərdə kitab olmadığına görə müəllim kitabı farsca oxuyurdu, lakin Azərbaycanca tədris edirdi.

Professor qeyd edib ki, savadsızlığın aradan qaldırılması mühüm məsələlərdən biri idi: "Bu dövrdə savadsızlığı ləğv etmək üçün kurslar açıldı, məktəblərin sayı artırıldı. Təmirə ehtiyacı olan məktəblər təmir edildi, dövlət universiteti yaradıldı, Dövlət Dram Teatrı, Milli Filarmoniya, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı yaradıldı, bir çox yeni mədəniyyət sahələrinin əsası qoyuldu. Bu həm də mədəni bir inqilabın başlaması idi. Mədəni inqilabda əsasən Sovet qoşunları tərkibindəki Cənubi Azərbaycana gəlmiş quzeyli azərbaycanlılar iştirak edirdi ki, əksəriyyəti ziyalılar idi. Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Arif, Qılman İkin, Süleyman Rəhimov və bir çox ziyalıların mədəni intibahda çox böyük rolları və zəhmətləri olmuşdu."

Əkrəm Rəhimlinin sözlərinə görə, Amerika müəllifi Con Fonun Milli Hökümətə münasibəti yaxşı olmasa da "Rza şahın 20 ildə görmədiyi işi bu hökümət bir ildə həyata keçirdi" deyib:

"Milli Hökümət 1 il ərzində iqtisadiyyatı dirçəltdi. Fəaliyyəti dayanmış fabriklər, zavodlar işə salındı, onlar xammalla təmin olundu. Dövlətin özünün təşəbbüsü ilə milli sənaye müəssisələri, o cümlədən toxuculuq müəssisələri yaradıldı. Milli kapital dövlət tərəfindən himayə olunmağa başladı.

Həmin istehsal olunan malın ixracaat bazarının yaradılması yönündə də mühüm işlər görüldü. Bununla da təkcə Azərbaycan bazarında deyil, bütün İran bazarında da mallar satıldı.

44- ildə quraqlıq nəticəsində böyük qıtlıq yaranmışdı. Buna baxmayaraq Milli Hökümətin 45-46 -cı illər aqrar islahatı ilə torpaqların kəndlilərə verilməsi nəticəsində böyük məhsul bolluğu yaranmışdı. Nəticədə Azərbaycan özünü taxılı ilə təmin edə bilmişdi.

Mühüm işlərdən biri də abadlıq işləri idi. Təbriz şəhəri tamamilə simasını dəyişmişdi. Küçələrdə asfalt salınmış, Təbrizə su, bütün rayonlara, hətta kəndlərə yollar çəkilmişdi. Bir sözlə o dövrdə Azərbaycanın abadlaşdırılması işi sürətlə aparıldı. O zaman dövlətin maliyyə vəsaiti çox məhdud idi. Lakin, məhdud maliyyə ilə bu işləri görə bilmişdilər. 21 Azər hərəkatı dövründə Təbrizdəki bankda cəmi 18 milyon tümən pul var idi. Amma hərəkat qalib gələn kimi bunun 16 milyonu dövlət rəsmilərinin əli ilə Tehrana qaçırılmışdı. Cəmi 2 milyon tümən qalmışdı ki, bunun müqabilində isə bankın əhaliyə 8 milyon borcu var idi. Ancaq, dövlət müxtəlif yollarla, istiqrazlar, pulu əvəz edən sikkələr buraxmaqla, kooperativlər yolu ilə, vergilərdən yığılan pullar və digər vasitələrlə əldə edilən kiçik maliyyə ilə mədəniyyət, maarif islahatlarını, abadlıq işlərini apara bilmişdi."

Ə. Rəhimli çox zaman 21 Azər hərəkatına düzgün yanaşılmadığını bildirdi:

"Hərəkata gedən yolun sovet yardımı ilə olduğunu iddia edirlər. Bu tamamilə yalandır. Çünki hərəkatın milli zəmini olmasa, xalq onu dəstəkləməsə xarici qüvvələr nə qədər dəstəkləsə də hərəkat baş tutmazdı. Doğrudur, inkar etmirik ki, sovetlərin hərəkata köməyi olmuşdu, ancaq bu həlledici yox, təsiredici kömək idi.Silah vermək şərt deyil, silahı əldə tutan adam lazımdır. Əgər o insan ona hazır deyilsə, onun qəlbində bu yoxsa, silah verməklə nə dəyişəcəkdi?

Silah sovetlər tərəfindən İspaniyaya, Əfqanıstana, Yunanıstana və Avropanın sosialist ölkələrinə də verildi, lakin nəticə əldə olunmadı."

Əkrəm Rəhimli son olaraq qeyd etdi ki, 21 Azər hərəkatı bugünki dövrümüzdə geniş miqyasda qeyd olunmalıdır. Bu hərəkatın ildönümü məktəblərdə, universitetlərdə xatırlanmıaldır. Belə hərəkatı qeyd etmək bizə ona görə lazımdır ki, Milli Oyanış davam etsin, cənub məsələsi gündəmdən düşməsin. Bu bizim keçmişimiz, bugünki günümüz və gələcəyimizdir...

 

Nigar Orucova

 

Olaylar.- 2018.- 15-17 dekabr.- S.13.