Televiziya yalnız maarifləndirici
verilişlərlə tərbiyələndirmir
Olaylar.az 25 il Azərbaycan
Dövlət Televiziyasında diktor,
aparıcı kimi fəaliyyət göstərmiş
əməkdar artist Nailə İslamzadə
ilə müsahibəni təqdim edir.
- Nailə
xanım, artıq uzun zamandır ki, televiziyadan
uzaqsınız. Bu illər ərzində
yəqin ki, çalışmaq təklifləri
olub. Nədən yenidən efirlərə
qayıtmadınız?
- Bəli, 12 ildir ki, AzTv-dən uzaqlaşmışam, amma bu televiziya sahəsindən uzaqlaşmaq anlamına gəlməz. Çünki 8 il Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi olaraq və son 4 il eyni Nazirliyin maddi texniki dəstəyi ilə yaradılan KULTURAPLUS internet televiziyasının rəhbəri olaraq elə sirf televiziya işi ilə məşğulam. O ki qaldi efirə çıxmağıma, əslində öz kanalımızda efirə çıxa bilərəm, amma ümumi idarəetmə üstün gəlib hələlik. Təkliflər olub təbii, amma onların təklif etdikləri ilə mənim təkliflərim üst üstə düşməyib.
- Dövlət
Televiziyası bu günə qədər cəmiyyətdə
məktəb imici formalaşdırıb.
Özəl telekanallarda bu
məktəb nə qədər davam etdi?
- Dövlət Televiziyasının ənənələri çox qədim zamanlardan, televiziya yaranan günlərdən start götürüb. Burada elə şəxsiyyətlər işləyiblər ki, onların o vaxt qoyduqları başlanğıc indiyə kimi davam edir. Özəl telekanallar heç vaxt məktəb olmayıb, amma orada yetişən yaxşı jurnalist və aparıcılar da var.
- Bu gün efir aparıcıları həddindən artıq sərbəstdirlər. Efirin bu qədər sərbəstliyini müasirliklə əlaqələndirə bilərik? Yoxsa kriteriyaların itməsidir?
- Düşünürəm ki, bütün aparıcıları bir kateqoriyaya salib qiymətləndirmək olmaz. Bizim savadlı, yaxşı diksiyaya, efir mədəniyyətinə malik aparıcılarımız var və onlar ciddi və ya sərbəst olmağın yerini bilirlər. Amma təəssüflər olsun ki, efirdə sözünü, özünü bilməyən aparıcılarımız da yer alır və tamaşaçıları qıcıqlandırır. Televiziya yalnız maarifləndirici verilişlərlə tərbiyələndirmir. O hər gün ekranda eşidilən dili ilə, aparıcı və jurnalistlərin efirdə özünü aparmaq tərzi ilə, verilişlərdə iştirak edən ekspert və qonaqların efirdən söz deməyə haqqı və əsl ziyalı olub olmaması ilə auditoriyaya təsir edir və cəmiyyətin mədəniyyətini formalaşdırır. Ona görə də efir siyasətini televiziya işçilərinin fərdi seçimi deyil, milli və dünya mədəniyyətinin ənənələri təşkil etməlidir.
- Hər kəs aparıcıların nitqində şivədən istifadə etdiklərinə irad tutsa da, onlar bunu tamaşaçılarla səmimi olmaq üçün etdiklərini bildirirlər. Sizcə, aparıcının tamaşaçı ilə səmimi olmasına nə dərəcədə ehtiyac var?
- Elə publisistik verilişlər, tok-şoular var ki, orada aparıcı tamaşaçı ilə səmimi olmalıdır. Amma bunun dil qaydalarının pozulmasına heç bir aidiyyatı yoxdur. Ədəbi dil radio və televiziya aparıcıları və jurnalistləri üçün verilişin formatından asılı olmayaraq məcburidir. Bu o deməkdir ki, efirə çıxan hər kəs dilin müəyyən edilmiş normalarına əməl etməyə borcludur. Verilişlərdə dil xətalarına, şivəçiliyə, nitq kasadlığına bəraət qazandırmaq meyli hər bir halda yolverilməzdir. Əgər biz ədəbi dilimiz milli sərvətimizdir deyiriksə, bu sərvətə hörmət, ehtiram, sayğılı rəftar da hamının müqəddəs borcu və vəzifəsidir. Əcnəbi sözlərin işlədilməsi məsələsinə də xüsusi həssaslıqla yanaşmaq lazımdır. İstənilən vaxt, istənilən sözü alıb işlətmək, subyektivizmə yol vermək düzgün deyil.
- Bu yaxınlarda tanınmış yazıçı Seyran Səxavət efirdə Azərbaycan dilinin qaydalarının kobud şəkildə pozulması ilə bağlı geniş bir məqalə ilə çıxış etmiş, məqalə publikanın geniş marağına səbəb olmuşdu. Siz bu barədə nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki, nə yazıb doğu yazıb. Seyran Səxavət dəyərli şairimiz, nasirimiz, söz xiridarımızdır. Yazır "Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan keçirirlər. Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq?" Ürəyi yanır ki, yazır. Hələ o yalnız verilişlərdə ədəbi dil normaları, leksik normalar və leksik vasitələrdən istifadə haqqında yazıb, nitq mədəniyyəti məsələlərinə də toxunsaydı daha sərt yazı çıxardı. Çox gözəl təhlil edib, səhvləri bir-bir göstərib və faydalı təkliflər verib. Əməl edən olsa. Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Milli Teleradio Şurası da arada bəyanatlar yayır, müəyyən monitorinqlər keçirirlər. Amma Seyran Səxavətin yazısı "həyəcan təbili" çaldı, eşidən olsa...
Bizim bəlamız ondadır ki, çox vaxt efirdə olan insanlar yersiz zarafatların, yerində və düzgün deyilməyən sözlərin fərqinə varmırlar. Bu peşə etikasının pozulması çox vaxt aparıcıların subyektiv yanaşmasından irəli gəlir. Onlar unudurlar ki, min ölçüb bir biçməlidirlər, ağzından çıxartdığı lazımsız söz və etdiyi hərəkət ilə auditoriyaya, bütövlükdə cəmiyyətə zərər vururlar.
- Çoxu
aparıcılıqla diktorluğu
qarışdırır... Bu barədə
fikirləriniz maraqlı olardı.
- 90-cı illərin ortalarına qədər ancaq diktor sözü vardı. Təbii ki, onlar da, içi mən qarışıq, aparıcılıq edirdik. Yeni il, Novruz şənlikləri, dövlət tədbirləri... Mətnlər yazılır və diktorlara təqdim olunurdu. Mətnə əlavələr etməyə icazə verilmirdi. Diktorlar 3 mərhələli müsabiqə yolu ilə ciddi cəhdlə, bütün yoxlamalardan keçdikdən sonra işə qəbul olunurdu. Sonradan isə aparıcılar meydana çıxdi. Elə mən özüm də ilk aparıcılardan oldum. "Ailələr və talelelər" verilişinin həm müəllifi, həm də aparıcısı idim. Başqa verilişlərdə başqalarının yazdığı mətni oxusam da, müəllifi olduğum verilişdə öz sözümü deyə bilirdim. Amma bəzi kanalların bəzi aparıcıları öz sözünü deyə bilməyi bayağılıqla qarışdırdılar və ən əsası odur ki, onlara mane olan olmadı.
- Uzun zaman "Ailələr
və talelər" verilişinin
aparıcısı olmusunuz. Ailələrin
problemlərini fərqli formatda təqdim etmisiniz. Bu gün
ailələrin problemləri çılpaqlığı ilə
efirdə təqdim edilir. O verilişlərə
baxırsınızmı heç?
- O verilişlər mənim iş saatıma düşdüyü üçün izləyə bilmirəm. Bəzən umduğum səviyyəni, səmimiliyi görmədiyim üçün izləməyə can da atmıram. Amma "Bizimləsən" verilişinə baxıram və getdikcə müsbətə doğru dəyişdiyinə sevinirəm. Arada özüm də ekspert qismində iştirak edirəm. Burada peşəkar, öz işini bilən bir komandanın işlədiyini deyə bilərəm. Aparıcı Zaur Baxşəliyev illər boyu təcrübə yığaraq səmimi,doğurdanda insanların etibar edə biləcəyi bir ortam yarada bilib. Həftədə beş gün 2-3 saat təbii həyatı ilə yaşayan, qurma olmayan verilişin aparıcısı olmaq az iş deyil və yüksək peşəkarlıq tələb edir, Zaur bunun öhdəsindən bacarıqla gəlir. Ən əsası Zaur rola girmir,verilişdə hiss etdiyini yaşayır.
- Efirimizin
sabahı haqda nə düşünürsünüz?
Hara gedirik?
- İndiki televiziyanın əsas rolu əyləndirməkdir, sonra informasiya, maarifçilik isə sonda gəlir.Televiziyanın milyonlarla auditoriyası var. İnternet televiziya da sürətlə inkişaf edir, amma hələ ənənəvi televiziyanı üstələyə bilmir. Hər kəsi razı salacaq bir televiziya yaratmaq çətin məsələdir, lakin mən nikbinəm, düşünürəm ki, nöqsanların qismən də olsa aradan qaldırılacağı gün çox da uzaqda deyil.
Nigar Adil
Olaylar.- 2018.- 15-17 dekabr.- S.11.