Füzuli ilə Əliağa Vahidin fərqi idi?

 

Əvvəli ötən saylarımızda

 

Bu beytdə "evlər yıxan" ifadəsi çox yerində işlənmişdir. Kəşf olunmuş ifadədir. Əvvəla, bu ifadə məcazi mənalı söz birləşməsi kimi, beytin bədiiliyini, təravətini artırır. İkincisi, əvvəlki misradakı hal ilə məntiqi bağlılıq təşkil edir: Naz ilə aşiqi yıxan o dilaram bir çoxlarını da bu hala salıb evini yıxmışdır. Üçüncüsü, "evlər yixan" ifadəsi "o dilaramın" qüdrət iqtidarını göstərən gözəl bədii sifət-epitetdir. Dördüncü, "evlər yıxan" ifadəsi milli dilimizin qaymaq idiomu olan I növ təyini söz birləşməsidir. Nəhayət, bu birləşmədəki "yıxan" sözü birinci misradakı "yıxıldım" sözü ilə birlikdə aşiq məşuqənin funksiyasını təyin edir: aşiq yıxılan (təsir edilən), məşuqə yıxandır (təsir edəndir). Bu kəlmələrin təkrir olmasını da qeyd etmək lazımdır. Vahidin qəzəlləri belə sənətkarlıq məziyyətləri ilə çox zəngindir. Vahidin məhəbbət lirikasında tərənnüm olunan gözəlin, eşq aləminin şairanə incə xüsusiyyətləri, halları məhz elə şairanəlik, incəlik bəlağətlə ifadə edilir ki, oxucunun hissləri ehtizaza gəlir, ürək telləri titrəyir:

 

1. Çeşmi-zəmanədən sənə afət toxunmasın

Daim o qarə zülfü göz üstündə yan görüm

 

***

 

2. Xəbərin yox, gözəlim, könlüm edib qan zülfün,

Eyləmə gül üzünə bir pərişan zülfün.

Əl vuranda sən ona naz ilə, könlüm üzülür,

Nazəninim, daha tərpənmə səbadan zülfün.

Daima məst gözün fitnələr öyrətmiş ona,

O səbəbdən eləyib aləmi heyran zülfün.

 

***

 

3. İcazə ver baxım, ey gül, o qarə gözlərinə

Vurulmuşam, edim, aşikarə gözlərinə

Kəməndi-ah ilə səyyadlar dalınca düşər,

Bu naz ilə əgər etsən işarə gözlərinə.

 

***

 

4.  Zülfün əcəb ahəstə yatıb tər sinən üstə

Tərpənsə xəta baş verəcək, qoyma oyansın.

 

***

 

5. Gül incədirsə, gözəlim, sən güldən incəsən,

 

İncə nəzakətin qədər incə düşüncəsən.

Hər oynadanda xəm qaşını, qan olur könül,

Sanki bu fikirlə əl atırsan qılınca sən.

 

Beləliklə, qeydlərimizdən aydın olur ki, Vahid Füzuli qəzəl məktəbinin ənənələrini yeni tarixi-ictimai-ədəbi şəraitdə ləyaqətlə davam etdirən ustad qəzəlxandır. O, Füzuli ənənələrini müasir şeirin tələblərini öz qəzəl yaradıcılığında birləşdirə bildiyi üçündür ki, özünün bədii irsi qəzəl yazan müasir şairlərimiz üçün bir örnəyə çevrilibdir. "Naşıyam mən hələ Vahid kimi ustadə görə" - deyən şair Zeynal Cabbarzadə həmkarlarının mövqe fikirlərini çox gözəl ifadə etmişdir. Ədəbi ictimaiyyətimizin yekdilliklə təsdiq etdiyi kimi, Vahid, həqiqətən , Füzuli yadigarı idi... Şair özü təvazökarlıqla yazırdı:

 

                                      Deyirdim əhli-qələm, Vahid, əfv edərsə məni,

                                      Böyük Füzulimizin yadigarı mən özüməm.

 

Şair, qəzəl janrına sadiq qalmaqla yanaşı, əsərlərinin ideyalılığı, nikbinliyi onun sevilməsinə səbəb oldu.

 

Sərvər Şirinov

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr şöbəsi -

Mətbuat xidmətinin əməkdaşı

 

Olaylar.- 2018.- 13 dekabr.- S.16.