Azərbaycançılıq
ideologiyasının
təkamülündə İlham Əliyev mərhələsi
Azərbaycançılıq
ideologiyasının tarixi məzmununu, yaxud tarix fəlsəfəsini
aydın dərk (və ya ən azından təsəvvür)
etmək üçün
fikrimizcə, üç mühüm məqama diqqət
yetirmək lazım gəlir ki, bunlardan biri həmin ideologiyanın etnoqrafik kökləri
(qaynaqları, mənbələri, əsasları…), ikincisi, XIX
əsrin sonu XX əsrin əvvəllərinə
təsadüf edən təşəkkül və ya
formalaşma dövrü, üçüncüsü isə
XX əsrin 20-ci illərindən başlayan təkamül mərhələləridir.
Azərbaycançılıq ideologiyası, etnoqrafik
köklərini də nəzərə alsaq, heç
şübhəsiz, Azərbaycan xalqı ilə
yaşıddır. O mənada ki, hər bir xalq tarix səhnəsinə
çıxa- çıxa öz milli ideologiyasının etnoqrafik əsaslarını
da yaradır… Və bunu adət-ənənələrində,
şah əsərləri olan eposlarında, dahi mütəfəkkirlərinin
yaradıcılığında, böyük qəhrəmanlarının,
xüsusilə dövlət xadimlərinin fəaliyyətində
(və mübarizələrində!) əks etdirir.
Sübuta ehtiyac yoxdur ki, Azərbaycan xalqının "Dədə
Qorqud", "Koroğlu" kimi eposları, Nizami, Nəsimi,
Füzuli, Vaqif kimi mütəfəkkirlərinin
yaradıcılığı, Atabəylər, Şah
İsmayıl Xətai, Nadir şah kimi qəhrəman dövlət
xadimlərinin fəaliyyəti (və mübarizələri!),
mahiyyət etibarilə, azərbaycançılıq
inersiyasının bilavasitə ifadəsi, təzahürləridir.
Əgər bu zəngin, çoxşaxəli, ümumiyyətlə,
ciddi tarixi varisliyi olan "ifadə"lər (və "təzahür"lər)
olmasaydı, XIX əsrin sonu XX əsrin əvvəllərində
Azərbaycan xalqının milli ideologiyası da formalaşa,
mükəmməl müddəalarla meydana çıxa, formulə
oluna və yeni tarixi şəraitdə xalqa aydın yol
göstərə bilməzdi.
Azərbaycançılıq
ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində
təşəkkül tapıb formalaşdıqdan sonra bir əsr sürən
təbəddülatlı, lakin mənsub olduğu xalqın
iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül
yolu keçmişdir ki, onun - azərbaycançılıq
ideologiyasının təkamül tarixinin, fikrimizcə,
aşağıdakı mərhələləri mövcuddur:
1) XX əsrin
20-ci illərinin əvvəllərindən həmin əsrin 30-cu illərinin
sonlarına qədər,
2) XX əsrin
30-cu illərinin sonlarından həmin əsrin 70- ci illərinin
əvvəllərinə qədər,
3) XX əsrin
70-ci illərinin əvvəllərindən həmin əsrin
80-ci illərinin sonlarına qədər,
4) XX əsrin
80-ci illərinin sonlarından XXI əsrin 10- cu illərinin əvvəllərinə
qədər,
5) XXI əsrin
10-cu illərindən sonra...
Azərbaycançılıq ideologiyasının təkamülündə
(və milli ruhun gücləndirilməsində!)
İlham Əliyev mərhələsi XXI əsrin
10-cu illərinin əvvəllərindən başlayır.
Və bizim
günlərdə həm inamla,
böyük enerji ilə, həm də miqyasını genişləndirərək
(və təkmilləşərək) davam edir...
Müşahidələr
(və araşdırmalar) göstərir ki, müasir mərhələdə
-İlham Əliyev mərhələsində azərbaycançılıq
ideologiyasının təkamülünü
bir sıra mühüm əlamətlər şərtləndirir
ki, onlardan birincisi həmin ideologiyanın tarixinə (bu tarixin
bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə)
elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş
bir şəkildə
artmasıdır.
Bu gün
ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni
şərait imkan verir ki, azərbaycançılıq
ideologiyasının keçdiyi
tarixi yol hərtərəfli, dərindən və geniş
müzakirələr əsasında necə varsa o cür
araşdırılıb öyrənilsin, xüsusilə gənc nəslin Azərbaycan
xalqını, Azərbaycan dövlətini müstəqilliyə gətirib
çıxaran milli ideologiya, onun hansı müzakirələrdə,
mübahisələrdə və münaqişələrdə
formalaşdığı, eləcə də Əli bəy
Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski,
Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məmməd
Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə
İbrahimov kimi müxtəlif
miqyaslı və mövqeli milli ideoloqların təfəkkür
tərcümeyi-halları haqqında kifayət
qədər aydın (və mükəmməl) təsəvvürləri
olsun. Halbuki bu imkan əvvəlki mərhələlərdə
ya yox idi, ya da müxtəlif səbəblər üzündən
bu və ya digər dərəcədə məhdud olmuşdu.
Azərbaycan
Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli sərəncamı
ilə "türk xalqlarının mədəni inteqrasiyasının məfkurə
kimi təşəkkül
tapmasında mühüm rol oynayan, müasir cəmiyyət
quruculuğunda demokratik prinsiplərin
ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli
sürən və müstəqil milli dövlətçiliyin
nəzəri əsaslarının hazırlanmasında
yaxından iştirak edən… görkəmli ictimai xadim"
Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi
müasir Azərbaycan dövlətçiliyinin (və Prezident
İlham Əliyevin), ilk növbədə, milli ideologiyanın
tarixinə münasibətinin
göstəricisidir. Və bu sözləri cənab
Prezidentin bir sıra digər sərəncamları (xüsusilə,
azərbaycançılıq ideologiyasının banilərindən
biri olan, uzun illər adının çəkilməsi belə qadağan edilmiş Məmməd
Əmin Rəsulzadənin yubileyinin keçirilməsi
haqqındakı sərəncamı) barəsində də demək
olar. Onların hər biri, bir tərəfdən,
milli ideologiya klassiklərini geniş ictimai miqyasda
tanıtmağa; ikinci tərəfdən, milli ictimai
şüuru zənginləşdirməyə, onun polifoniyasını
təmin etməyə; üçüncü tərəfdən
isə, milli ideologiyanın
köklərini, mənbələrini (və ümumən
tarixini!) onun müasir təzahür
texnologiyaları ilə
üzvü vəhdətdə - bir bütöv
halında təsəvvür eləməyə münbit (və
rəsmi!) şərait yaradır.
Məlum
olduğu kimi, istər təşəkkül dövründə,
istərsə də müxtəlif təkamül mərhələlərində,
xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən
70-ci illərinin əvvəllərinə,
yəni Heydər Əliyev dövrünə qədər azərbaycançılıq
ideologiyası həm ölkə daxilində, həm də
ölkə xaricində (mühacirətdə)
biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət
göstərmişdir. Ölkə daxilində bu ideologiya
get-gedə məhdudlaşdırılmış, hətta
tamamilə unutdurulması üçün hər cür cəhdlər
edilmiş, az-çox təzahürləri isə müxtəlif
mənəvi-ideoloji istiqamətlərə (məsələn,
liberal vətənpərvərlik) yönəldilməklə
amorflaşdırılmış və ya
"simasızlaşdırılmışdır"… Xaricdə (mühacirətdə)
isə sosial bazası olmayan romantik xəyallara
çevrilmişdir… Və bütün hallarda Azərbaycan
xalqının milli
ideallarının qarşısını həm administrativ
(aqressiv!), həm diplomatik
(aldatma!), həm də ekspressiv (şirnikləndirmə!)
yolları ilə məhz Sovet-
sosialist ideologiyası kəsmiş,
lakin milli idealları məhv etmək mümkün
olmadığı kimi, milli ideologiyanı da sona qədər
unutdurmaq, yaddaşlardan silmək
mümkün olmamışdır.
Azərbaycançılıq
ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin
ikinci mühüm əlaməti
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə
ölkə, eləcə də dünya miqyasında layiq
olduğu bir ehtiramla, intellektual-
analitik həssaslıqla
yanaşılmasıdır. Və bu, ona görə zəruridir
ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının bir-birindən
əsaslı şəkildə fərqli olan iki-
üçüncü və
dördüncü təkamül
mərhələsinin lideri (müəllifi!) olmaqla
yanaşı, bu gün davam edən
beşinci mərhələsinin perspektivlərini də
müəyyənləşdirmişdir.
Heydər Əliyevin tarixi xidmətlərinin həm
ölkə, həm də dünya miqyasında yüksək
qiymətləndirilməsi, geniş təhlil (və təbliğ)
olunması azərbaycançılıq ideologiyasının,
Azərbaycan xalqının milli ideallarının təntənəsi
deməkdir. Və heç də təsadüfi deyil
ki, bugünkü siyasi leksikonda
"heydərəliyevçilik" anlayışı "azərbaycançılıq"
anlayışının yeni tarixi şəraitdəki məzmununu
(və mahiyyətini!) ifadə
edir. İstər Sovet
dövründəki məlum (və mürəkkəb!)
şərtlər daxilində, istərsə də müstəqillik dövrünün
ondan heç də az mürəkkəb
(və ziddiyyətli!) illərində ümummilli lider Azərbaycanı
Azərbaycan və Azərbaycan xalqını Azərbaycan
xalqı edəcək
bütün milli mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi
üçün hər cür
tədbirləri görməklə azərbaycançılıq
ideologiyasını legitimləşdirə, reallaşdıra,
beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham
Əliyevin cəsarətlə (və
qürurla!) "bizim siyasətimiz -
bizim işimizdir" deməsinə
əsas verə bildi.
Üçüncü
mühüm əlamət, heç şübhəsiz, azərbaycançılıq
ideologiyasının tərkib hissələri olan
türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə,
heç birinə digərindən daha böyük
üstünlük vermədən, bir bütöv halında qəbul
edilərək xalqın milli mənafeləri naminə həyata keçirilməsidir. Bu məsələ ona görə
çox əhəmiyyətlidir
ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə (azərbaycançılıq
ideologiyasının təşəkkül tapıb
formalaşdığı XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq) gah
türkçülüyə, gah müsəlmançılığa,
gah da müasirliyə əlahiddə
üstünlük verilməsindən irəli gələn
ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olmuşdur. Və bunun da mənfi
nəticələrini, xüsusilə milli
inteqrasiyasının,
mütəşəkkilliyin süni olaraq
pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki,
həmişəlik öz yaddaşına yazmışdır.
İlham
Əliyevin siyasi-ideoloji fəaliyyətində
türkçülük Azərbaycan xalqının öz mənşəyi
etibarilə türk etnosundan yaranması həqiqətinin milli
ictimai dərkindən başlayıb müasir türk
dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq
aləmdə türk dünyasının ortaq
maraqlarının cəsarətlə müdafiəsinə qədər
gedir. Və təsadüfi deyil
ki, Azərbaycan Prezidenti türk dünyasının öndə
gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir.
İslam
(müsəlman) dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni,
həm də ictimai- siyasi xarakterində bütün
parlaqlığı ilə təzahür edir. İlham
Əliyevin müsəlman xalqlarına qarşı
müəyyən beynəlxalq
dairələrdə aparılan mürtəce, antihumanist
kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını
bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman
ölkəsi olaraq inkişafı buna sübutdur.
Və eyni zamanda bugünkü Azərbaycan xalqı
dünyaya açıq, müasir dünyanın iqtisadi,
sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən,
onun (müasir dünyanın) qlobal
idarəçiliyində get-gedə güclənən
imkanları səviyyəsində iştirak edən xalqdır.
Türkçülük,
müsəlmançılıq və müasirlik triadası
bu gün Azərbaycanda
klassik formulunda (və tipologiyasında) tətbiq edilməklə
qalmayıb mərhələnin (və dövrün) tələblərinə uyğun olaraq
yaradıcılıqla
yaşanır ki, bu da Azərbaycan dövlətinin
yürütdüyü
tarazlaşdırılmış, humanist və uzaqgörən
(mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli) siyasətin
nəticəsidir.
Ardı var
Nizami Cəfərov
Olaylar.- 2018.- 22-24 dekabr.- S.6.