Azərbaycançılıq
ideologiyasının
təkamülündə
İlham Əliyev mərhələsi
Əvvəli ötən
sayımızda
Türkçülük, müsəlmançılıq
və müasirlik triadası bu gün Azərbaycanda klassik formulunda (və
tipologiyasında) tətbiq edilməklə qalmayıb mərhələnin
(və dövrün) tələblərinə uyğun olaraq
yaradıcılıqla
yaşanır ki, bu da Azərbaycan dövlətinin
yürütdüyü
tarazlaşdırılmış, humanist və uzaqgörən
(mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli) siyasətin
nəticəsidir.
Müxtəlif
mədəniyyətlərə, dünyagörüşlərinə
təmkinli dialoq əsasında
hörmətlə yanaşılması, qloballaşan
dünyanın çağırışlarına həssas,
anlamlı münasibət, multikulturalizm azərbaycançılıq
ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsinin, fikrimizcə, mühüm əlamətlərində
dördüncüsü hesab oluna bilər. Nə
üçün? Ona görə ki, hər hansı ideologiya, nə
qədər mütərəqqi olsa da, özünü təcrid
edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də
gələcək (perspektiv) çox müxtəlif (biri digərini
inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya
liberal münasibətlərdə olan) ideologiyalarla
hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.
Azərbaycan
xalqı (və dövlətçiliyi) tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi,
müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi
dünya miqyasında çox müxtəlif (və qaynar!)
ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur.
Və bu proseslər azərbaycançılığı
birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq
də edə bilməz.
Beşinci
əlamət Azərbaycan xalqının dünya miqyasında
milli-mənəvi, mədəni bütövlüyünün
möhkəmlənməsi üçün ardıcıl
mübarizə aparılmasıdır ki, bunun müsbət nəticələrini
görməmək mümkün deyil.
Tarixi
taleləri elə gətirmişdir ki, azərbaycanlıların
və ya Azərbaycan türklərinin bu gün yalnız beşdən biri
müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxmini
hesablamalara görə, dünya azərbaycanlılarının
beşdən dördü öz tarixi Vətənində
yüz (hətta min!) illərlə necə məskun
olmuşdursa bu gün də məskundur… Ona görə də əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş bir siyasətin -
Dünya azərbaycanlılarının həmrəyliyinin
miqyasının genişləndirilməsi siyasətinin
müasir mərhələdə Azərbaycan dövlətçiliyi tərəfindən
uğurla davam etdirilməsi
heç bir alternativ qəbul eləməyən bir zərurət
olub azərbaycançılıq ideologiyasını zənginləşdirən,
ona güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini)
bütövləşdirən konseptual hadisədir. Hər
şeydən əvvəl ona görə ki, dünyanın
harasında məskunlaşmasından asılı olmayaraq,
kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar
eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni
mental xüsusiyyətlərin,
eyni adət-ənənələrin
daşıyıcısıdırlar. Və onların eyni bir
dilləri - Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi
mövcuddur...
Əlbəttə,
qloballaşan müasir dünyada azərbaycanlıların
siyasi- inzibati sərhədləri aşaraq bir- birlərilə
sıx ünsiyyətə girmələri,
ümummilli maraqlarını
humanizm, insan hüquqları çərçivəsində təmin
etmələri yalnız milli yox, həm də insani (ümumbəşəri!) bir
ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün
millətə xasdır...
Azərbaycan
xalqının (və insanının) dünyanın
inkişaf etmiş xalqları (və insanları) ilə müqayisədə ikinci, hətta
üçüncü dərəcəli olması kompleksinin
sürətlə aradan qaldırılması baxımından
görülən işlərə (və onun uğurlu nəticələrinə),
fikrimizcə, altıncı əlamət
kimi baxmaq olar.
Etiraf
etməliyik ki, azərbaycanlılarda uzun on illər (hətta əsrlər!)
belə bir kompleks olmuşdur.
Ziyalıların öz ana dillərindən (və prinsip
etibarilə, mənsub olduqları xalqdan) imtina edib müxtəlif
əcnəbi dillərdə danışıb yazmaları,
özlərinə əcnəbi
soyad formaları qəbul etmələri və s. həmin
"gerilik" kompleksinin təzahürləri (və nəticələri)
idi ki, milli tarixin son mərhələsinə qədər bu və
ya digər dərəcədə davam edirdi… Ancaq bu gün
heç bir azərbaycanlı özünü nə bir rusdan,
nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən
aşağı hesab etmir. Və
milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir.
Ölkədə abadlaşan, "yeni rəmzlər"ini
yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər,
çəkilən yollar, yaradılan təhsil müəssisələri,
tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya
standartları ilə müqayisə olunan müxtəlif təsisatlar,
idmanda, mədəniyyətdə indiyə qədər bu
miqyasda görünməmiş
beynəlxalq uğurlar Azərbaycan insanını mənən, ruhən
yüksəldən, əgər belə demək mümkünsə,
onun katarsisini təmin edən elə
hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb onun (Azərbaycan insanının) gələcək
taleyini, xarakterini müəyyən edir. Və bu taleyüklü işlər, əməllər
Azərbaycan xalqının
tarixində həmişəlik olaraq İlham Əliyevin
adı ilə qalacaqdır...
Azərbaycançılıq
ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsinin yeddinci əlaməti həm
iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə
(bu sahələrin təsəvvürə gətirilməsi belə
çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin,
başqa sözlə, Azərbaycan-
Dünya dialoqunun zəngin təcrübəsinin qazanılmasıdır.
Bu isə
ilk növbədə o deməkdir ki, azərbaycançılıq
ideologiyası (və Azərbaycan xalqının milli
idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb,
"özümüz deyib, özümüz eşidək"
prinsipi ilə mövcud olmur, universallaşır,
hüdudlarını genişləndirir, ümumən insan ( və
dünya) təfəkkürü mövqeyindən
görünüb etiraf olunur… Tarixi (və cari) rəqibləri
açıq mübarizəyə çəkir, onların
hansısa gizli "laboratoriyalar"da hazırlanmış məkrli
planlarını alt-üst edir...
Beynəlxalq
"Dialoq"lara ev sahibliyi edən Azərbaycan indiyə qədər
görünməmiş bir miqyasda müxtəlif ideyaların,
ideologiyaların həmsöhbət olmasına inamla
münsiflik etdikcə azərbaycançılıq məfkurəsi
də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir,
yüksək standartlı paradiqmalara yiyələnir...
Səkkizinci
əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin
yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin
sürətlənməsi, perspektivli
özünüifadə (və özünütəsdiq) metodlarının,
üsullarının və vərdişlərinin xüsusilə
gənc nəsil tərəfindən mənimsənilməsidir.
Etiraf
etmək lazımdır ki, azərbaycançılıq
ideologiyasının gənc nəsil tərəfindən bu qədər
kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi
heç bir mərhələdə mümkün
olmamışdır…
Azərbaycanın
regionda, ümumən beynəlxalq aləmdə söz sahibi
olması, onun mövqeyi ilə hesablaşılması,
çoxstandartlılığı, xüsusilə cari
konyukturluluğu ilə
tanınan dünyanın "haqq-hesab"ından kənarda
qalıb təcrid olunmaması, çox güman ki,
doqquzuncu əlamətdir.
Və
bu əlamətin özünəməxsusluğu ondan ibarətdir
ki, Azərbaycan xalqının milli ideologiyası çevik,
elastik, diplomatik resurslara yiyələnmiş,
hər hansı "gözlənilməz" ideoloji
hücumlara qarşı müqavimət (hətta əks-hücum)
"immunitetlər"i qazanmışdır...
Nəhayət,
Azərbaycançılıq ideologiyasının təkamülündə
İlham Əliyev mərhələsinin onuncu əlaməti həmin
ideologiyanın inkişafı üçün geniş
perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın
(azərbaycançılığın) gələcəyi barədə
tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir.
Xüsusilə o mənada ki, azərbaycançılıq
ideologiyası qarşısında bu gün polemika
üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin
ideologiyanın təkamülünü ya ləngidəcək,
ya da süni şəkildə sürətləndirəcək
heç bir konyuktur müdaxilə yoxdur.
Azərbaycançılıq
ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsi özünəməxsus dinamizmi
ilə zənginləşməkdə, milli ictimai
şüurun əsaslarını müəyyənləşdirməkdə
və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.
Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
birgə təşkilatçılığı ilə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında "Kitabi-Dədə
Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin
200 illiyinə həsr olunmuş elmi-bədii yubiley tədbiri
keçirilib. Fondun informasiya təminatı sektoru bildirir ki, tədbirdən
əvvəl iştirakçılar teatrın foyesində təşkil
olunmuş sərgi ilə tanış olublar.
Sərgidə
"Kitabi-Dədə Qorqud"un tədqiqinə aid nəşrlər,
bu eposla bağlı məktəblilərin çəkdiyi rəsmlər,
eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən görkəmli alman şərqşünası
və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə
tərcümə edərək çap etdirdiyi "Basatın
Təpəgözü öldürməsi" boyunun 25 dildə
nəşri nümayiş olunub.
Təntənəli
yubiley tədbirində Bilik Fondunun
"Qardaşlaşmış məktəblər" layihəsinin
iştirakçıları olan məktəblilər də
iştirak ediblər. Quba şəhər 3 nömrəli tam
orta məktəbin şagirdi Flora Səlimova tədbirdə
Ümummilli lider Heydər Əliyevin "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illik təntənəli yubileyi
mərasimindəki çıxışından fraqmenti
xüsusi maraq və diqqətlə izlədiyini deyib.
"İlk dəfə idi ki, belə yüksək səviyyəli
dövlət tədbirində iştirak edirdim. Təhsil
aldığım məktəb Bilik Fondunun
"Qardaşlaşmış məktəblər" layihəsinə
qatılıb. Biz Fondun maarifçilik istiqamətində həyata
keçirdiyi layihələrdə həvəslə iştirak
edirik. Mən ilk dəfə belə böyük bir
auditoriyanın qarşısında - Dram Teatrın səhnəsində
çıxış edirdim. Doğma ləzgi dilimdə
"Kitabi-Dədə Qorqud"un "Təpəgöz"
boyundan bir fraqment oxudum. Bu, mənim üçün çox
xoş oldu".
Bilik
Fondunun Beyləqan rayonu üzrə nümayəndəsi,
N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin
direktoru Gülbəniz Cəfərova Beyləqan məktəblilərinin
Fondun xətti ilə "Qardaşlaşmış məktəblər",
"Kitabi-Dədə Qorqudun izi ilə" layihələrində
yaxından iştirak etdiklərini, "Kitabi-Dədə
Qorqud" və H.Fridrix fon Dits - 200" Beynəlxalq Şagird
Konfransında uğurla çıxış etdiklərini
xatırladıb. "Yerli ziyalılar, şagirdlərimiz Bilik
Fondunun layihələrinə böyük həvəslə
qatılırlar. Bax belə mötəbər bir tədbirə
bizim də dəvət almağımız bölgə
ziyalısına, bölgə məktəblisinə dövlətin
diqqət və qayğısının bariz nümunəsidir.
Yubiley mərasimində Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, akademik Kamal Abdullayevin
çıxışı bir məktəb direktoru kimi mənə
çox mətləbləri xatırlatdı. Doğrudan da,
ölkə başçısının müvafiq Sərəncamı
qorqudşünaslığa yeni bir nəfəs verdi, ruh gətirdi,
onun perspektivlərini müəyyənləşdirdi".
Sabunçu
rayonu 252 nömrəli tam orta məktəbin VII sinif şagirdi
Dilan Abdullayeva tədbirdə "Kitabi-Dədə Qorqud"
dastanından bir hissəni kürd dilində səsləndirib.
Dilan bu tədbirdə iştirakını ömrü boyu
unutmayacağını deyib. "O qədər xoş təəssüratla
ayrıldım ki... Məktəbdə "Kitabi-Dədə
Qorqud" dastanı haqqında eşitmişəm. Dastandan bəzi
boyları oxumuşam. Burda isə ilk dəfə mənsub
olduğum xalqın dilində - kürd dilində dastandan bir
parça oxudum. Yaşım az olsa da anlayıram ki, 25 dildə
dastanın "Təpəgöz" boyunun tərcümə
olunaraq dərc edilməsi Dədə Qorqudun bizi birləşdirməsi
deməkdir".
Tədbirə
Astaradan qatılan N.Gəncəvi adına orta məktəbin
XI sinif şagirdi Şəbnəm Qurbanzadə deyib ki, belə
bir tədbirdə iştirak etmək ona nəsib olduğu
üçün çox sevinir. "Mən zala daxil olanda, belə
möhtəşəm bir tədbirə
qatıldığıma görə çox qürur duydum.
Kamal Abdulla, Anar kimi yazıçılarla, nazirlərlə,
görkəmli dövlət və mədəniyyət xadimləri
ilə bir tədbirdə iştirak etmək, hələ
onların qarşısında çıxış etmək
bir Astara məktəblisi üçün məsuliyyətli və
sevindirici idi. Talış dilində "Kitabi-Dədə
Qorqud"dan bir hissəni oxudum. Bu, mənim üçün həm
də gözlənilməz idi. Qəlbimdə belə bir istək
yarandı - "Dədə Qorqud" dastanının tərcümə
olunmadığı dil qalmasın! Qoy bütün dünya Azərbaycanın
bu möhtəşəm abidəsi ilə tanış olmaq
imkanı qazansın".
Qəbələ
rayon Nic qəsəbə 1 nömrəli tam orta məktəbin
şagirdi Ronaldo Köçəri udi xalqının təmsilçisi
kimi səhnəyə qalxıb, udi dilində dastandan bir
parçanı səsləndirib. "Türkiyə, Almaniya,
Rusiya, İran, Gürcüstan, İtaliya və digər
ölkələrdən gəlmiş alimlərin,
qorqudşünasların iştirak etdiyi bir yubiley tədbirində
Qəbələ məktəblisi kimi iştirakım məni
çox sevindirdi. Xüsusilə Dram Teatrın səhnəsinə
çıxmağım, ana dilimdə - qədim udi dilində
"Dədə Qorqud"dan seçmələri səsləndirməyim
heç vaxt yadımdan çıxmayacaq. Tədbirdəki
musiqi nömrələrindən böyük zövq aldım.
Dastan haqqında çoxlu yeni biliklər əldə etdim. Nicə
qayıdanda dostlarımla bölüşəcəyim çox
şey var".
Bakıdakı
46 nömrəli məktəbin şagirdi, Nicat Fərəcullayev
"Kitabi-Dədə Qorqud" və H.Fridrix fon Dits - 200"
Beynəlxalq Şagird Konfransında da maraqlı məruzə
ilə çıxış edib: "Bilik Fondunun təşkil
etdiyi Şagird Konfransı mənə çoxlu dostlar
qazandırdı. Bizi "Dədə Qorqud" birləşdirir.
Yubiley tədbirində isə mən dastandan bir fraqmenti ivrit
dilində oxudum. Çox xoşbəxtəm ki, ilk dəfə
bu möhtəşəm dastanı belə yüksək səviyyəli
tədbirdə ivrit dilində məhz mən səsləndirdim".
2015-ci il bitir. Artıq dünya ədəbiyyatının
və mədəniyyətinin əvəzsiz abidəsi olan
"Kitabi-Dədə Qorqud"un tədqiqata
cəlb olunmasının 200 ili tamam oldu. İl ərzində həm
ölkə daxilində, həm də xaricdə Respublika
prezidentinin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk
tərcüməsi və nəşrinin 200 illiyinin qeyd
olunmasına dair imzaladığı Sərəncama əsasən,
müxtəlif tədbirlər keçirildi. Lakin
bu, yekun deyil, hələ qarşıdakı onilliklərdə
də bu Sərəncamdan irəli gələn məsələlər
tədqiq olunacaq, qorqudşünaslıq daha da inkişaf
etdiriləcək, şaxələnəcək. Bir məktəblimizin
dediyi kimi - Qoy
"Dədə Qorqud"un tərcümə
olunmadığı dil qalmasın"!
Nizami Cəfərov
Olaylar.- 2018.- 25 dekabr.- S.6.