Ədəbi dili təbii axarından ayıran bir

sıra alınmaların tənzimlənməsi dilçilərin

ən önəmli vəzifələrindən olmalıdır

 

Olaylar.az Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva ilə  Azərbaycan dilinin orfoqrafiyasında təklif olunmuş dəyişikliklərlə bağlı müsahibəni təqdim edir.

- Səadət xanım, Orfoqrafiya Komissiyasının təklif etdiyi dəyişikliklərlə bağlı sizin etiraz etdiyiniz maddələrdə dəyişiklik tətbiq olunmadı. Zamanla demək olar ki, Orfoqrafiya Komitəsi tez-tez dildə dəyişikliklər olmasını təklif edir. Bilmək istərdik ki, bu təcrübə dünyada varmı?

- Bu müzakirələrdə Azərbaycan ədəbi dilinin gələcək taleyi və tutacağı yol müzakirə olunduğu üçün qalibiyyət də, məğlubiyyət də ədəbi dilimizə aid idi. Bu gün o yenə də kənardan edilən güclü həmlələrə mətanətə qalib gəldi. Sualınızın ikinci tərəfinə gəldikdə isə onu bildirməliyəm ki, mən Nəsimi irsi və hürufiliyi tədqiq etdiyim üçün fars dilindəki mətnlərlə mütəmadi işləyirəm. Təkcə farscada deyil, mənə məlum olan digər dillərdə də ciddi tarixi zərurət olmadan köklü dəyişikliklər edilməsini görmədim. O cümlədən orta əsrlər fars dili ilə müasir fars dili arasında da leksik səviyyədə kəskin dəyişiklik yoxdur. Bu stabillik xüsusilə şeir dilində daha qabarıq görünür. Belə ki, müasir fars və ya farsdilli oxucu həmin dildə qələmə alınmış klassik ədəbiyyatı oxuyanda başa düşür. Onun mətnin tərcüməsinə ehtiyacı olmur. X əsrdə yaranmış "Şahnamə" ilə bugünkü fars dili arasında ciddi dəyişiklik görmək mümkün olsa da, XIV əsrdə Hafizin və ya XV əsrdə Caminin dili ilə müasir fars dili arasında leksik və qrammatik səviyyədə köklü fərqlər görünmür. Təbii ki, müxtəlif ictimai-siyasi və elmi sahələrdəki dəyişikliklər dilin xüsusilə leksikasına təsirsiz qalmır, bəzi ifadələr işlənməyə bilər. Amma dilin bütün səviyyələrində əsaslı dəyişikliklər müşahidə olunmur. Biz isə, təəssüf ki, orta əsrlərdən müxtəlif təsirlər altında dilimizi dəyişə-dəyişə gəlirik. Son bir ildə irəli sürülən dəyişiklik təklifi isə, deyərdim ki, indiyədək edilənlərin ən təhlükəlisi idi. Çünki ədəbi dilin bütün səviyyələrində (fonetik, leksik, morfoloji və sintaktik) dəyişiklik etmək nəzərdə tutulurdu.

- Orfoqrafiya Komissiyasının təsdiq etdiyi dəyişiklik, yəqin ki, bir müddətdən sonra qüvvəyə minəcək. Təklif olunan dəyişiklik cəmiyyətdə böyük səs-küyə səbəb oldu, geniş müzakirələr getdi, bəzi bəndlər tamamilə ləğv edildi. Bu dəyişikliyə ehtiyac var idimi?

- Dəyişikliyə, əlbəttə, ehtiyac var. Ona görə ki, dil canlı orqanizmdir. Daim inkişafdadır, müəyyən dəyişmələr prosesindədir. İctimai, elmi və siyasi həyatda, ədəbi təfəkkürdə dəyişmələr baş verir və təbii ki, bütün bunlar dildə öz əksini tapmalıdır. Amma Orfoqrafiya Komissiyasına etirazın əsas səbəbi dildə oturuşmuş sözləri dəyişmək istəyi ilə bağlı idi. Xalq tərəfindən, elmi ictimaiyyət, ümumiyyətlə, cəmiyyət tərəfindən qəbulolunan sözləri dəyişmək məqsədəuyğun deyil. Çünki dəyişmə ilk olaraq, tədrisdə problem yaradır. Şagird və tələbə müxtəlif kitab və dərsliklərdə eyni qrup sözü bir neçə ildən fərqli bir şəkildə görür və sözün doğru variantının hansı şəkildə olduğunu bilmir. İkinci bir problem isə oturuşmuş sözlərin şəklinin dəyişməsi ilə nəsillərarası əlaqənin qırılmasında üzə çıxır. Dilin leksik tərkibinin mütəmadi olaraq yenilənməsi müsbət haldır. Amma köklü şəkildə, yəni böyük bir qrup sözün dildən çıxarılması və süni şəkildə başqa sözlərin dilə oturdulması artıq nəsillər arasında bir bağlılığın, təmasın qırılmasına səbəb olur. Buna sübut kimi Türkiyə türkcəsini göstərə bilərik. Təsəvvür edin ki, Türkiyədə dil o qədər sürətlə dəyişir ki, az qala baba ilə nəvə bəzi məqamlarda bir-birlərini anlamırlar. Babanın leksikonunda artıq köhnəlmiş sözlər oturub, nəvə isə yeni sözlərdən istifadə edir.

- Türkiyədə dəyişiklik dil qurumları tərəfindən həyata keçirilir, yoxsa texnoloji proses gedir?

- Texnoloji proseslə əlaqələndirməzdim. Keçən əsrin əvvəlində qəbul olunan qərara əsasən ərəb mənşəli sözlərin sürətlə dildən çıxarılması və onun yerinə öztürkcə adlanan sözlərin gətirilməsi, buna bir qədər aludəlik dildə çox müsbət nəticələrlə yanaşı, müəyyən problemlərə də yol açdı. Təsəvvür edin ki, 50-60-cı illərin tədqiqat əsərlərini oxuyanda biz daha asan başa düşürük, nəinki son zamanlar yazılan əsərləri. İstər-istəməz bəzən lüğətə müraciət etməli oluruq. Bizdə də bənzər dil inqilabı və oxşar hadisələrə start vermək istəyirdilər. Yəni Azərbaycan dilində qoşa samitlərdən ilk olaraq "y" ixtisar olunmalı idi. Gələcəkdə bu planın söz ortasında istifadə olunan qoşa samitlər üzərində tətbiq olunması nəzərdə tutulubmuş. Hətta Azərbaycan türkcəsi üçün təhlükəli olan bəzi şüarlar, iddialar belə səsləndirilir və ədəbi dilimizin əlifbasında olan 3 hərfi çıxarmağı belə düşünmüşdülər.

- Bunlar hansı hərflərdir?

- Spesifik hərflər: ə, x, q. Bu hərflər çıxarılmalı, Azərbaycan dilinin fonetik, leksik, morfoloji səviyyələrində dəyişmələr aparılmalı və beləliklə, Azərbaycan dili özünün tarix boyunca formalaşmış xüsusiyyətlərindən məhrum olmalı idi. Bu təhlükəli addımdır.

- Buna səbəb, yəqin ki, ortaq türk dili yaratmaq istəyidir.

- Ortaq türk dili fərqli bir anlayışdır. Keçən əsrin əvvəllərində də bu iddianı irəli sürənlər olub. Onlar ortaq türkcə deyəndə tatar türkcəsini, Mərkəzi Asiya xalqlarının, Qafqaz, İran və Türkiyə türklərinin hamısının anlaya biləcəyi ortaq ədəbi dil ideyasını təklif etmişdilər. Amma onu gerçəkləşdirə bilmədilər. Çünki canlı dil hər zaman qalibdir və süni müdaxilələri qəbul etmir. Düşünürəm ki, dilimiz gələcəkdə də bu çoxyönlü, müxtəlif niyyətli gizli və aşkar həmlələrə məğlub olmayacaq. Bu cür müdaxilə - mövcud sözləri, xalq tərəfindən qəbul olunmuş bir çox kəlmələri "ərəbcədir" deyə süni və kütləvi şəkildə dildən çıxartmaq və başqa bir qrup sözü dilə gətirərək, əsassız əvəzetmələr doğru qərar deyil. Sözlərin dildə oturuşması zaman istəyir. Bundan başqa, hər ərəb dilində olan kəlməni də zərurət olmadan dilimizdən çıxara bilmərik. Türkiyə dilçiləri bir əsrə yaxındır ki, ədəbi dildə təmizləmə aparır. Bununla belə, onların da ədəbi dilində yetərincə ərəb sözləri var. Bunlar elə sözlərdir ki, bizdə onun ya tələffüzə daha yatımlı variantı var, ya da türkcə qarşılığı mövcuddur..

- Türklərdə bu proses necə baş verdi?

- Onlar ərəb əlifbasından latın əlifbasına keçəndə İstanbul türkcəsini əsas götürdülər. Halbuki Anadolu türkcəsini götürsəydilər, həmin 3 hərfin üçü də əlifbada yer alacaqdı. Çünki onların tələffüz tərzi bizə çox yaxındır. İstanbul türkcəsində "x" hərfi çətin tələffüz olunur və ümumiyyətlə, yoxdur. Amma Anadolu türkcəsində bu üç hərfin səs qarşılığından istifadə olunduğunu görürük. Bu sahədə söz sahibi olanlar bildirirlər ki, o əlifba mükəmməl sayılır ki, dildəki səsləri maksimum ifadə edə bilir. Əgər dildəki səslər əlifbada yetərincə ifadəsini tapmırsa, o əlifba mükəmməl sayıla bilməz. Bizim əlifbamız bu baxımdan əvəzolunmazdır. Azərbaycan dilini bu kamilliyindən məhrum edib, təqlidi dil şəklinə salmağa ehtiyac olduğunu düşünmürəm.

- "J" hərfini çıxarmaq fikri haradasa qəbul etmək olar. "J" yalnız ləhcələrdə var.

- "J" hərfi sözlərin tərkibində gəlib. Məsələn, "jurnal" sözündə. Əgər, "jurnal" sözünü istifadə etməsək, o zaman həmin hərfə ehtiyac olmayacaq. Ümumiyyətlə, dilimizdən hansısa hərfin çıxarılması fikrini qəbul etmirəm. Qoşa "y" samitindən birinin ixtisarının ardınca silsilə dəyişmələr nəzərdə tutulmuşdu. O baxımdan bu bizdə ciddi etiraz doğurdu. Orta əsrlər ədəbiyyatının tədqiqatçısı olduğumdan görürdüm ki, bu dəyişiklik əruz vəzninə ciddi zərbə vurur. Qeyd etməliyəm ki, qoşa "y" hərfinin iştirakı etdiyi sözlərdən ən çox istifadə edənlərdən biri də Məhəmməd Füzulidir. Təkcə Füzulinin türkcə divanında 50-yədək beytdə qoşa "y" hərfi yer alır. Bu beytlərdə "y" hərfinin birini ixtisar etsək, Füzulinin divanı əruz xətaları ilə dolu olacaqdır. Halbuki Füzuli o şeirləri kamil formada yazıb və bizə çatdırıb. Sonradan olunan bu dəyişikliklər nəticəsində yaranan əruz xətaları Füzulinin günahı deyildir, axı!.. Həmin layihə qəbul olunardısa, biz şairi ittihamlara hədəf etmiş olurduq. Bu tək Füzuli yaradıcılığını deyil, klassik ədəbiyyatımızı boydan-boya əruz xətalarına bürüyəcəkdi. Həm də təsəvvür edin ki, təhsildə nə qədər problemlər yaranacaqdı. Şagirdlə müəllim arasındakı anlaşılmazlıq və imla qarışıqlığı, dərsliklərin, sənədlərin, nazirlik, müəssisə, küçə və s.-nin adlarının yenidən yazılması lazım gələcəkdi və bütün bunlar dövlətin də büdcəsinə ziyan vuracaqdı. Həmin hərfin ixtisarı Azərbaycan dilinin təbiətinə əsla uyğun deyildir. Buna nə ehtiyac var?! Maraqlıdır ki, eyni anlam və eyni biçimli sözləri türk xalqlarından hər biri özünəməxsus şəkildə ifadə edir. Bu həmin dillərin spesifikası və normativləşmiş qrammatik qaydaları ilə yaxından bağlıdır, məsələn, Azərbaycan türkcəsindəki "ədəbiyyat" Türkiyə türkcəsində "edebiyat", özbəkcə "adabiyot", türkməncə "edebiyaat" və s. şəkillərdə ifadə edilir. Qoşa "y" ilə yazılan sözlərin çox az bir qismi müasir Türkiyə türkcəsində işlənir. Məsələn, "riyaziyyat", "iqtisadiyyat", "fəaliyyət" sözlərini türklər başqa sözlərlə əvəz edərək işlədir. Bu təklif qəbul olunsaydı belə, Türkiyə türkcəsi ilə ortaq olan sözlər sayca azlıq təşkil edəcəkdi. Layihənin müəllifləri "ortaq türkcə" adı altında Azərbaycan türkcəsini Türkiyə türkcəsinə yaxınlaşdırıb, sonda hər iki ədəbi dili eyniləşdirmək istəyirlər. Halbuki bu ədəbi dillərin aid olduğu xalqların hər biri öz müstəqil dövlətlərini quraraq, bu çərçivədə öz dövlət atributlarını yaratdıqları üçün Azərbaycan ədəbi dilinin xüsusiyyətlərindən məhrum olunması məqsədini izləyən belə bir layihənin gerçəkləşməsinə ehtiyac olduğunu düşünmürəm. Azərbaycan türkcəsi öz müstəqil yolu ilə gəlib, əsrlər boyunca formalaşaraq, bugünkü şəklini alıb. Leksik baxımdan zamanla dəyişikliklər olub və gələcəkdə də olacaq. Amma dilə bütün səviyyələrdə süni müdaxilə ilə inqilabi şəkildə dəyişikliklər təklifi yanlış idi...

- Səadət xanım, 2013-cü ildə bir qrup alınma sözlərin yazılışında dəyişiklik olmuşdur. Komissiya sonuncu dəfə həmin sözlərə yenidən dəyişiklik təklif edərək, 2013-cü ildən əvvəl necə yazılırdısa, həmin variantda yazılmasını təklif etdi. Sizcə, bu, komissiya üzvləri və onların fəaliyyətinin ciddiliyinə şübhə yaratmırmı?

- Təbii ki, hər dörd-beş ildən bir eyni qrup sözlərin dəyişilməsi komissiyanın fəaliyyətinə etimadsızlıq və ümumiyyətə, imla qaydalarına etinasızlıq yaradır. Eyni zamanda bu kimi dəyişikliklər Azərbaycan dilçilik elmi və elmi fikrinə də inamsızlıq formalaşdırır. Alınma sözlər mütəxəssislər tərəfindən müzakirə olunaraq, dilin təbiətinə uyğunlaşdırılmalı, konkret bir şəkildə qəbul edilərək, dildə yerinə oturdulmalıdır. Hər bir neçə ildən bir rəhbərlik dəyişdikcə bir qrup sözün taleyi ilə oynamaq isə arzuolunmazdır. Bu kimi hallar orfoqrafiya qaydalarını söz oyununa çevirir. Son illərdə Azərbaycan dilindəki alınma sözlər arasında cilalanmalı, nizamlanmalı olan, dilə daxil olsa da, oturuşmayan sözlər var. Həmçinin kortəbii şəkildə dilə daxil olan elə söz və söz birləşmələri vardır ki, onların üzərində işləmək, istifadəsinin məqbul olub-olmadığı haqqında təkliflər irəli sürmək daha yaxşı olardı. İnsanlarımız, çox təəssüf ki, oxumağa çox meylli olmadığı üçün sözləri göz yaddaşı ilə deyil, qulaq yaddaşı ilə alır, istifadə edirlər. Buna görə də ədəbi dili təbii axarından ayıran bir sıra alınmaların tənzimlənməsi dilçilərin ən önəmli vəzifələrindən olmalıdır. Azərbaycan ədəbi dili hazırda ləhcələrin, digər türk xalqlarının, Avropa mənşəli sözlərin təsiri altındadır və bu təsirlər nəzarətsiz qaldığından mən bu təzahürləri ədəbi dilimizin gələcəyi üçün müəyyən təhlükə mənbəyi kimi görürəm.

 

Ardı var

 

Nigar Adil

 

Olaylar.- 2018.- 25 dekabr.- S.14.