Elman Rəfiyev: “Aktyor seriallardan
qazandığı məbləği
teatrdan əldə edə bilməz”
"Cəmiyyətdən
seçilmiş, fərqli insanlarıq"
"Pantomimanın
siması, reklam üzüyəm. Bu mənim üçün ən
böyük qiymətdir"
O, çalışdığı
teatrın yalnız direktoru və aktyoru deyil, həm də
inzibatçısı və musiqi tərtibatçısıdır.
Bir gün Dövlət Pantomima Teatrından bilet əldə
etmək istəsəniz, nikbin siması ilə sizi kassada da
qarşılaya bilər.
Olaylar.az Azərbaycanda monumental pantomimanın özülünü qoyan aktyorlardan biri, əməkdar artist Elman Rəfiyevlə müsahibəni təqdim edir.
- Elman müəllim, Pantomimada vəziyyət
necədir? Teatra daxil olan andan etibarən gərgin iş rejimi
hiss olunur.
- Pantomima
teatrı yaranan gündən belə bir ad qoydular -
"Xüsusi təyinatlı teatr". Elə həmin
gündən yüksək templə işləyirik.
Uğur qazanmağımızı da məhz bu cür gərgin
iş rejiminə borcluyuq. Əgər belə çalışmasaq hər
hansı bir uğur haqqında söhbət gedə bilməz. Bəxtiyar Xanızadənin də istəyi məhz
belədir ki, onun aktyorları operativ olsunlar. Bütün teatrlar kimi bizim də vəziyyət
yaxşıdır. Bir teatrın fəaliyyəti
üçün lazım olan hər şeylə təmin
olunmuşuq. Bundan əlavə,
tamaşalar, tamaşaçı, aktyorlar da öz yerində.
Gərgin iş prosesində məşqlər gedir. Əsas odur ki, tamaşaçı ortaya
çıxardığımız işdən məmnun
qalır, biz də bu məmnuniyyətdən zövq
alırıq.
- Teatra tamaşaçı
marağında ötən illərə nəzərən irəliləmə
var?
- Bir ara kinoteatrlar məşhurlaşdığı
üçün teatra maraq azaldı. İnsanlar
popkornlar, sərinləşdirici içkilərlə film izləyir,
sonra isə artıqları orada qoyub
çıxırdılar. Teatr isə
tamaşaçıya bu şəraiti yaratmır. Nəhayət ki, bir müddət sonra onlar videoda,
elektron variantda tamaşalara baxmaqdan bezdilər və teatrlara gəlməyə
başladılar. Çünki
tamaşaçı canlı aktyor ifası görmək istəyir.
- Pantomimada uşaq tamaşaları da
nümayiş olunur. Teatrın yetərli qədər
uşaq tamaşaçısı var?
- Həftə
sonları uşaq tamaşalarına yer
ayırmışıq. Bu tamaşaları izləmək
üçün valideynlər uşaqlarını teatra gətirir.
Lakin təəssüflər olsun ki, uşaq
tamaşaçı sayının kifayət qədər
olduğunu deyə bilmərəm. Məktəbdə
oxuduğum illəri xatırlayıram, yoldaşlarımla
tez-tez tamaşalara gedərdik. Həmin illər
valideynlər də uşaqlarını müxtəlif teatrlara
aparırdılar. İndi isə onlar
teatrdan daha çox övladlarını əyləncə və
alış-veriş mərkəzlərinə, bəzi hallarda
isə kinoteatrlara aparırlar. Mən
uşaqların bu cür əyləncələrdən məhrum
edilməsinin tərəfdarı deyiləm. Bunlar, labüddür. Lakin valideynlər
övladlarını teatrlarda canlı aktyor ifası ilə tanış etməlidir. Bura elə bir məkandır
ki, aktyor və
tamaşaçı bir-birilə vəhdət içində
olur. Lakin ekran qarşısında bu vəhdəti
duymaq çətindir. Aktyor və
tamaşaçı arasında olan xüsusi enerji ekran vasitəsilə
ötürülə bilməz. Aktyor səhnədə
qaçanda tamaşaçı onun küləyini hiss edir. Onun keçirdiyi emosiyaları yaxından
görür. Soyuq monitorda isə bu
canlılığı hiss etmirsən.
- Uşaqlarda teatra marağı
yalnız valideynlər yaratmalıdır, yoxsa...
- Bu
işdə təhsil müəssisələrinin üzərinə
çox iş düşür. Məktəblərdən
teatrımıza müraciətlər olduğu vaxt sevinirəm. Bu müraciətlərin sayının çox
olmasını istərdim, çünki, uşaqların
teatrdan nə isə öyrənərək
çıxdığını görmək bir aktyor kimi məni
qürurlandırır.
O günlərdə
"Kaspi"məktəbinin rus bölməsi "Fəlakət
və insan" maarifləndirici tamaşasını izlədilər.
Tamaşada təbii fəlakət hadisəsi olan
zəlzələ və daşqın zamanı uşaqlara nə
etmək, necə qorunmaq lazım olduğu aktyorların
ifasında əyani şəkildə nümayiş etdirildi.
Uşaqlar hətta tamaşaya
qoşulmuşdular. Onlar həm öyrənir,
həm də əylənirdilər. Aktyor
üçün tamaşadan çıxan uşaqların
simasındakı məmnunluq və təşəkkür
hissini görməkdən daha dəyərli nə ola bilər?
Hərdən direktorlar şagirdlər üçün
tamaşanın məktəbdə keçirilməsini istəyir. Etiraf edirəm
ki, bu mənə sərf edir. Çünki
məktəbdə tamaşanı bir dəfə oynayıram və
ona 200 nəfər baxır. Teatrda həmin
göstəricini almaq üçün isə tamaşanı
bir neçə dəfə oynamalıyam. Lakin
mən bunu fürsət olaraq dəyərləndirmirəm.
Məktəbdə nümayiş olunan tamaşa
uşaqlara heç nə qazandırmayacaq. Şagirdin
psixologiyasında sadəcə bir düşüncə yer
alacaq: "Bura tədris aldığım müəssisədir".
Məhz bu ab-havanı qəbul etmədiyimdən
şagirdlər üçün tamaşaları teatrda təşkil
edirəm. Çünki onlar birdən-birə
teatr binasını, səhnə işıqlarını,
zalı görərək sehirli aləmə düşürlər,
daha çox öyrənir və əylənirlər.
Teatda alqışları qəbul edib hiss edirsən, başqa məkanda
isə onu sadəcə eşidirsən.
Tamaşaçının aktyora verdiyi ən
böyük dəyər, ona diqqət verməsi əl
çalmasıdır. Aktyor qəribə məxluqdur. Əgər səhnəyə çıxıb
tamaşa oynayırıqsa, deməli cəmiyyətdən
seçilmiş, fərqli insanlarıq.
- Aktyor kimi tamaşaçıya
ötürdüyünüz enerjini hər zaman geri ala bilirsiz?
İncə nöqtəyə toxundunuz. Elə vaxtlar
olub ki, tamaşanı oynayıb, müsbət enerjini
ötürmüşük, lakin, qarşı tərəfdən
o enerjini geri ala bilməmişik. Bu isə
öz enerjimizi tükəndirib. Əks
halda aktyorda öz işinə qarşı daha da həvəs
yaranır. Pantomima teatrı 25 ildir fəaliyyət
göstərir və kifayət qədər
tamaşaçısı var. Enerjini ötürən
tamaşaçılar da var, hələki öyrənməyə
çalışan yeni tamaşaçılar da.
- Pantomimanın həm direktoru, həm
də aktyorusuz, bu sizə rollarınıza hazırlanmaqda və
idarəetmədə çətinlik yaradır?
-
Teatrın yalnız aktyoru və direktoru yox, həmçinin
inzibatçısı və musiqi tərtibatçısıyam.
Hətta hərdən elə olur ki, kassadan biletləri
də özüm satıram. Bunlar heç
biri mənə çətinlik yaratmır, çünki
sevdiyim işi görürəm. İnsan gərək
sevdiyi işlə məşğul olsun. Bu
zaman heçnə dən yorulmursan.
- Bütün bunlarla bərabər
13 il nitq mədəniyyətindən dərs
demisiz. Səssiz teatrın natiq aktyoru...
-1996-cı ildə Azərbaycan Televiziyasında dublaj
redaksiyası var idi. Həmin redaksiyada "Ördəklərin macəraları"
adlı cizgi filmi səsləndi. Film bitdiyi zaman sonda belə
bir söz yazılmışdı - Filmi səsləndirdilər:
Pantomima tearının aktyorları.
Bəxtiyar Xanızadə hər zaman söyləyir ki, mənim
aktyorum tək pantomimlə kifayətlənməməli, hər
şeyi bacarmalıdır. Aktyor həm gözəl
rəqs etməyi, həm gözəl aktyorluğu, həm
gözəl rejissorluğu, həm də oxumağı bilməlidir.
Xəzər Universitetinin "Dünya məktəbi"ndə
nitq mədəniyyətindən dərs dediyim illərdə tələbələrin
böyük rəğbətini qazandım. Mənim
müəllimlik təhsilim yoxdur. Sinfə girəndə
uşaqlara dedim ki, mən müəllim deyiləm, sadəcə
gördüyüm müəllimlərin rolunu oynayacam. Görün xoşunuza gəlir? 13 il orada pedaqoq kimi böyük bir məktəb
keçdim.
Onu da qeyd edim ki, bərbərliyi də bacarıram. Biz 1988-ci ildə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində oxuyanda indi işğal altında olan
Laçına, tələbə inşaat dəstəsinə
getdik. Orada bərbər yox idi və hər
gün 4-5 nəfərin saçlarını düzəldirdim.
Atam 89-cu ildən bu yana bərbərə
getmir, öz saçlarını yalnız mənə etibar
edir. (gülür)
- Pantomimada ssenarini aktyorlar yazır,
hətta öz hazırladıqları tamaşalar da var. Bu isə
əlavə məsuliyyət deməkdir.
Pantomimanı 3d teatrı kimi xarakterizə edirəm. Bura
yığılan aktyorlar seçilmiş insanlardır.
Teatrımız laboratoriyadır və burada daim iş prosesi
gedir. Onu da deyim ki, hər aktyor bu prosesə davam
gətirə bilmir. Dünyada pantomima
üçün əsər yazan yoxdur. Buradakı aktyorlar isə
yazdıqlarından və oynadıqlarından zövq
alırlar. Daim axtarış içindəyik.
Tamaşaçı bizdən yeni mövzular istəyir.
Biz də bu mövzuları tapıb tamaşaya
qoyuruq.
- Pantomima tamaşaları
üçün dəyişməyən mövzu nədir?
-Nəzərə
alsaq ki, kişi və qadın arasında
heç vaxt daimi sülh olmayacaq, deməli bu mövzu illər
keçsə də hər zaman insanların maraq dairəsində
yer alacaq. Müasir cəmiyyəti narahat edən
mövzular üzərində tamaşalar
hazırlayırıq. Teatr olaraq tamaşaçını
narahat edən problemləri üzə
çıxarırıq.
- Monumental pantomimanın
özülünü qoyan bir qrup aktyor artıq bu sahədə
yoxdur. Onların teatrdan gedişi hansı problemlərə
yol açdı?
-Problem
deməzdim, onların gedişi bir müddət teatrda işi
axsadıb və biz yeni aktyorlar
çağırmışıq. Dünyanın
bütün ölkələrində xırda pantomim
truppalarında belə hadisələr labüddür. Aktyor gəlir, peşəkarlıq qazanır və
gedir. Teatrımızın qapısı gələnin
də, gedənin də üzünə daim
açıqdır.
- Yeni aktyorlarda əvvəlki
truppalarda olan potensialı görürsüz?
-Hər
aktyorun öz potensialı var. Hər aktyorun öz
dövrünə görə baxış tərzi fərqlidir.
Zəif, güclü olaraq ayırd edə bilmərəm.
Təkcə onu deyə bilərəm ki, yüksək
potensialları olmasaydı Pantomima teatrının aktyorları
ola bilməzdilər. Bəxtiyar
Xanızadə aktyorun potensialına bələd olmadan onu
teatra götürmür.
- Məşq prosesi necə gedir,
rollara hazırlanmağa nə qədər vaxt sərf edirsiz?
Məşqlər minimum altı saat davam edir. Məşqdən
sonra isə müzakirələr başlayır. Aktyor daima formada olmalıdır. Bunun
üçün isə daimi məşq şərtdir.
- Pantomimanı anlamaq
üçün dil biliklərinə ehtiyac yoxdur. Yəqinki kifayət qədər xarici
qonağınız olar.
- Bəli,
yetərincə əcnəbi tamaşaçılarımız
olur. Qonaqlarımız pantomima deyilən zaman adətən
klassik ağ-qara pantomima düşünürlər. Lakin biz bunun əksini göstərərək
onları təccübləndirməyi bacarırıq. Əcnəbilərin tamaşa və aktyorlara
qarşı hər zaman qəribə enerjisi olur. Bəzi əcnəbi tamaşaçılar sadəcə
izləyib gedirlər, bəziləri isə tamaşadan sonra
qalaraq bzimlə fikirlərini bölüşüb müzakirələr
aparırlar.
- Aktyor özünün rejissoru olmasa
rejissorun kuklasına çevriləcək demisiz.
-Bu fikri
bizə Bəxtiyar Xanızadə aşılayıb. Aktyor marionetka deyil, canlı insandı, rejissor
yalnız onu yönləndirə bilər. Pantomimada
aktyorların hər birinə rejissorluq aşılanıb ki,
aktyor özünü kənardan görməyi bacarsın.
Əgər aktyor rejissora inanmırsa, vay o
aktyorun halına. Peşəkar aktyor dərk
etməlidir ki, əgər rejissor aktyoru səhnəyə
çıxarıb təqdim edirsə, o ilk növbədə
özünü təqdim etmiş olur. Aktyorun
nüfuzu, həm də rejissorun nüfuzudur.
- Bu müsahibədə olduğu kimi
digər müsahiblərinizdə də tez-tez Bəxtiyar Xanızadənin
adını çəkirsiz.
-Bəxtiyar Xanızadə mənim ustadımdır. Elman Rəfiyev
olmağımda onun böyük rolu var. Bugünki gündə
ustadımla birlikdə Pantomima üçün
çiyin-çiyinə vuruşuruq. 31
ildir onun yanında sadiq bir dostu kimi qalmışam.
Ardı var
Nigar Orucova
Olaylar.- 2018.- 26
dekabr.- S.12.