Elman Rəfiyev: “Aktyor
seriallardan
qazandığı məbləği
teatrdan əldə edə bilməz”
əvvəli ötən
sayımızda
- Elman müəllim, "Ata
ocağı" serialında maraqlı obraz
yaratmısınız. Seriallarda rol almaq teatr aktyoruna nə
qazandırır?
-Bir
il "Ata ocağı"na çəkilmişəm və hələ
də o bir ilin uğurunu yaşayıram. Aktyor seriallara çəkilərək
aldığı məbləği teatrdan əldə edə
bilməz. Televiziya aktyoru teatra nisbətən daha tez məşhurlaşdırır.
"Ata ocağı" serialında 197 bölüm çəkildim.
Heç bir serialda bu qədər uzun müddət rol
almamışdım. Kameranın xofu var və mən o xofu
özümdə öldürdüm.
Vaxtaşırı
serialları izləyirəm. Çəkilən serialların
inkişafı məni sevindirir. İlk Pantomima
teatrı məhz Rövşən İsax, Siyavuş Hüseynli,
Əsəd İsmayılov və Elman Rəfiyevlə
yaranıb.
Rövşən İsax, Siyavuş Hüseynli bir
çox uğurlu serialların altına imza atıb. Əsəd
İsmayılov "3 bacı" serialında maraqlı
obrazı ilə yadda qalıb. Azərbaycanda
kifayət qədər uğur qazanmış aktyorlar var ki,
onlar məhz Pantomima teatrında Bəxtiyar Xanızadə məktəbi
keçiblər. İndi isə ondan
qazandıqlarımızı simicliklə xərcləyirik.
- Yeni serial təklifləri
alırsız?
- Bu
yaxınlarda yeni bir serial təklif oldu, razılaşmadım. Dəvət alsam da qonorarı bəyənmədim.
Özünə qiymət verən, illərini sənətə
sərf etmiş bir aktyor kimi az qonorarlı
çəkilişlərə getməyi
düşünmürəm. "Aramızda qalsın"dan
sonra 5 il seriallara fasilə verdim.
Hər zaman arzum olub ki, kiçik bir rol olsa belə rus və
türk serial sektoruna daxil olum. İnsan gərək nəyisə
arzulasın. Çox arzulayanda ona nail olursan.
Rusiyanın
birinci kanalının çəkdiyi Müslüm Maqomeyev adına 8 hissəli bədii filmdə
kiçik bir rolum olub. Orada Müslüm
Maqomoyevin əmisi oğlu Kamal rolunu canlandırırdım.
Aktyor kimi Azərbaycan film sektoru çərçivəsindən
kənara çıxmaq istəyirəm.
- "Ata ocağı"
serialında dramatik rol canlandırmısız. Bəs hansı janrda olan filmlərdə
çəkilmək istərdiz?
-Nağıl
və fantaziya filmlərini izləməyi sevməsəm də
böyük arzumdur ki, belə filmlərdə qeyri-adi bir
personajı canlandırım. Bundan əlavə
dedektiv filmlərində də rol almaq istərdim. Özümü dramatik janrda sınadım və
uğur qazandım. O roldan sonra ilk zəng xalq artisti Ramiz
Novruzdan gəldi. Dedi ki, Elman, sən haralarda idin, nə
üçün sənin bu janrda da istedadlı olduğunu
bilmirdik. Dedim gözləyirdim özümü göstərmək
üçün vaxt gəlsin. Çünki
universiteti bitirdiyim illərdə kino sahəsində
durğunluq dövrü yaşanırdı, bu gun isə bu sahə
inkişaf etməkdədir.
- Yəqin ki, siz də bütün
aktyorlar kimi Hollivud filmlərində rol almaq istəyərsiz.
-Qızım Los- Ancelesdə yaşayır. Hərdən
qızımla zarafat edib deyirəm ki, ingilis dilində CV-mi
düzəldib, Hollivuddan keçəndə qapıdan içəri
atsın. Bəlkə hansısa rejissorun
ayağına yapışar. Rejissorlar
şəklə baxıb, desinlər ki, baxaq görək bu
kimdir? Təbii ki zarafat edirəm. Amma
kim istəməz ki, Hollivud filmlərində
rol almasın? Niyə də olmasın?
İnsanın
nəyəsə nail olmaq üçün bir məqsədi
olmalıdır. Mən o məqsəd
arxasından getdiyim üçün uğur qazanmışam.
Küçəyə çıxanda
adımı bilməyənlər mənə pantomima deyirlər.
Mən pantomimanın siması, reklam üzüyəm.
Bu mənim üçün ən böyük
qiymətdir. Bu adı qazanmaq üçün illərimi sərf
etdim. Bu
teatrda mən şöhrət qazandım. Qazandığım
şöhrətdən isə zövq alıram.
- Hərdən şöhrətdən
bezib öz köşənizə çəkilmək istəmirsiz?
-Mən
bu sənətə tanınmaq, seçilmək, şöhrət
üçün gəlmişəm. Şəxsi
avtomobilim olmasına rəğmən məni metroda da,
küçədə cəmiyyət arasında gəzən yerdə
də görə bilərsiz. Çünki avtomobillə
gəzdiyim vaxt öz şöhrətimi təkcə onunla
daşımış oluram, cəmiyyət
içində olduğum zaman isə insanların xoş
münasibəti mənə gözəl təsir edir.
Hər
şeylə seçilməyi sevirəm . Hətta geyimimlə də. Pozitiv
insanam, rəngarəng geyinirəm. Metroda
isə baxıram hər kəs qara rəngdə geyinib. Boz-qara geyimləri görmək insanda ruh
düşkünlüyü yaradır. Doğrudur,
bəzən "bunun yaşına bax, geyiminə bax" kimi
ifadələr eşidirəm, lakin belə ifadələrin mənim
üçün əhəmiyyəti yoxdur. Biz sənət adamları seçilməyi
bacarmalıyıq.
- Dediniz ki, qızınız Los
Ancelesdə yaşayır. Övladlarınızdan
bu sənəti davam edən var?
- İki övladım bir nəvəm var.
Övladlarımdan heç biri peşəmi davam etdirmir. Qızım
Amerikanın Miçiqan ştatında magistraturanı
qırmızı diplomla bitirən yeganə azərbaycanlıdır.
"Four Seasons" otelinin meneceridir. Hər kəs elə bilir ki, qızım əcnəbi
ilə ailə həyatı qurub. Bu həqiqəti
əks etdirmir. Kürəkənim də
qızımla birlikdə Xəzər Universitetini fərqlənmə
diplomu ilə bitirib.
Oğlum uşaq vaxtı bir sıra reklamlarda rol alıb,
lakin o da turizm və otelçiliyə yönəldi. Baxmayaraq ki,
ona aktyor və aparıcı olması üçün təkliflər
gəldi, lakin heç birini qəbul etmədi.
Çünki özünü bu sahəyə aid hiss etmir. Ümumiyyətlə
gənclərdə maraq otel və tuzim sahəsinədir.
- Gənclərin turizm və
otelçilik kimi sahələrə yönəlməsinin səbəbi
taetrda az gəlirin olmasıdır, yoxsa...
-Teatr elə
sənətdir ki, onu məvacib üçün seçmirsən.
Mən 10 yaşından teatrla məşğulam.
Aktyor daim öz üzərində işləməli
və hərəkətdə olmalıdır. Bundan əlavə dublyaj və başqa işlərlə
məşğul oluram. Sən kamil sənətçisənsə,
sənin ruzin var. Əgər aktyor dolana bilmirsə deməli, o
zəif aktyordur.
- Sosial şəbəkələrdə
aktiv istifadəçisiz
- Bəli,
facebook və instagram sosial şəbəkələrinin aktiv
istifadəçisiyəm. Bugünki gündə
instagramda 8344 izləyicim var. Bu qədər insanın məni
izləmək istəməsi çox dəyərlidir. Xaricdə hər bir aktyorun prodüsseri, meneceri onun
piari ilə məşğul olur. Mən isə
özümün həm meneceri, həm də
piarçısıyam. Bu piarı sosial
şəbəkələrdə artırmağa
çalışıram.
- Bu şəbəkələrdə
hansı paylaşımların olmamasını istərdiniz?
Heç bir maraq daşımayan paylaşımları
görəndə qıcıqlanıram. Bir də
görürsüz yediyi- içdiyi bütün təamları
paylaşırlar. Yuxudan oyananda da, yatanda da
şəkil çəkib yayımlayırlar. Axı bu kimə lazımdır? Çəkdikləri
şəkillərə "foto by..." sözlərini yazan
istifadəçilər də var. Bir vətənpərvər
insan kimi xarici dildə yazılmış ifadələri qəbul
etmirəm. Hər sözün dilimizdə
qarşılığı olmasına rəğmən xarici
dildən yerli-yersiz istifadə edilməsinə qarşıyam.
- Şəhərin müxtəlif
yerlərində yerləşən restoran adları da həmçinin...
-Bəli.
Təkcə sosial şəbəkə deyil,
restoranların əksəriyyətinin adı ingilis dilindədi.
Öz dilimizdə bir restoran var idi, keçən
dəfə yanından keçirəm və baxıram ki, dəyişib
xarici ad qoyublar. Bunun nəyə gərək
olduğunu anlamıram. Halbuki Azərbaycan
dilində olduğu zaman əcnəbidə maraq yaranacaq ki,
görəsən bu adın mənası nədir. Gəlin özümüz olaq. Çox
vaxt deyirlər ki, qızın Amerikada yaşayır. Sən niyə getmirsən? Bu
mümkün deyil. Mən adımı, həyatımı
Azərbaycanla qazanmışam. Niyə
gedim ki? Heç bir ölkədə hər
şey mükəmməl deyil. Onu qeyd edim
ki, Amerika və Türkiyədən fərqli olaraq Azərbaycanda
bir çoxlarının öz şəxsi mənzili var.
- Elman müəllim, masanızın
üstündə çoxlu qəzet və kitablar görürəm.
-Bəli,
insanlar daha çox saytlardan məlumat, xəbər
toplamağı sevirlər, mən isə qəzet
oxumağı. Qəzet oxumaq vərdişi mənə
yəqinki atamdan keçib. Bir neçə
ay əvvəl çap mediasının ləğv
olunub-olunmaması ilə bağlı xəbərlər
eşitdim. Heç vaxt çap
mediasının ləğv olunmasının tərəfdarı
olmaram. Qəzet mədəniyyətdir.
Telefonla nə isə oxumaqdan zövq ala bilmərəm.
Məktəbdə oxuyanda müəllimlərimiz
bizə təlqin edirdilər ki, dünya xəbərlərini
qəzetlərdən tapın, öyrənin və dərs kimi
danışın.
Teatrda müxtəlif janrlarda tamaşa
oynadığım kimi, kitablarda da müxtəlif janrlara
müraciət edirəm. Dedektiv janrı həm aktyor, həm də
oxucu kimi hər zaman diqqətimi çəkib. Dünya ədəbiyyatı ilə yanaşı
yerli ədəbiyyatı da oxuyuram. Bu
yaxınlarda Kamal Abdullaın "Yarımçıq
qalmış əlyazma"sını oxudum, mənə
böyük təsir etdi. Davamlı olaraq Cəlil
Məmmədquluzadənin əsərlərinə nəzər
yetirirəm. Cəfər Cabbarlı, Mikayıl
Müşfiqi xatırlayın. Cavan
yaşlarında Azərbaycan ədəbiyyatında silinməz
iz qoydular. Bugünki gündə də
bizim istedadlı yazarlarımız var. Sevindirici haldır ki,
inkişaf gedir, amma cəmiyyətin qəzet və kitab
oxumağa marağı itib.
- Sizcə
oxuma vərdişinin azalmasında sosial şəbəkələrin
nə dərəcədə rolu var? Əvvəlki
illərdə metroda qəzetlər oxunurdu, sonra bu, yerini
kitablara buraxdı, indi isə smartfonlara. Bu
gün cəmiyyət içində olduğun zaman baxırsan
ki, hər kəsin gözü əlində tutduğu
smartfondadır. Mən də bunun aludəçisiyəm.
Lakin daha çox işlərim üçün
istifadə edirəm. Düzgün istifadə
etdiyin müddətdə bunun yalnız xeyrini görəcəksən.
- Elman müəllim, son olaraq Pantomima
sevənlərə və oxuyuculara nə demək istərdiz?
-Həyatda
bir şüarım var daim irəli. Həyatda hər
zaman pozitiv olun və pozitiv qalın. Özümə
aid olan iki aforizmi qeyd etmək istərdim. "Çalış
bu günü layiqli yaşa, sabah bu gün olmayacaq". İkinci aforizmim isə ustadına kəc baxanlara
aiddir. "Səni mən eliyən biz
olmuşuq. Bizə hörmət elə".
Nə qədər ki varam, məni mən edən
tamaşaçıya minnətdar olacam.
Nigar Orucova
P.S Elman Rəfiyev müsahibənin
sonunda dedi ki, mən aktyor kimi rolumu oynadım, indi isə
rejissorum sizsiz. Məni təqdim edin.
Ümidvaram ki, aktyoru olduğu kimi təqdim
etməyi bacardıq.
Olaylar.- 2018.- 27
dekabr.- S.13.