Ölkədə aqrar sektorun inkişafı

prioritet istiqamət kimi önə çəkilib

 

İqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün

 

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət uğurla davam etməkdədir. Qətiyyətlə demək olar ki, artıq ölkədə qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın neftdən asılılığını tamamilə aradan qaldırıb.

Milət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, cənab İlham Əliyev prezidentliyinin ilk ilindən başlayaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən olan aqrar sektorun inkişafını təmin etməyi əsas vəzifə kimi müəyyən etmişdir. Bu vəzifənin yerinə yetirilməsinə nail olmaq üçün ilk növbədə ölkədə infrastrukturun yaradılmasına böyük ehtiyac yaranmışdır. Məhz Prezidentin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" bu problemin həllində əsaslı dönüş yaratmışdır: "Belə ki, regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə qəbul edilmiş bu dövlət proqramı çox uğurla həyata keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün ilk növbədə daha çox ehtiyac duyulan infrastruktur və emal sənaye obyektlərinin yaradılması, habelə digər sahələrin inkişafını təmin edən tədbirlər icra edilmişdir. Proqramda nəzərdə tutulan bütün bu tədbirlərin vaxtında yerinə yetirilməsi isə ilk növbədə 2002-ci ildə təməli qoyulmuş və 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması olmuşdur. Bunun nəticəsində 2005-2007-ci illərdə Azərbaycan Respublikası dünyada analoqu olmayan 25-35 faiz illik iqtisadi artıma nail olmuşdur". Onun bildirdiyinə görə, ölkədə yaranmış böyük və davamlı maliyyə imkanlarından daha səmərəli istifadə etmək üçün yeganə düzgün siyasi və iqtisadi qərar həmin vəsaitin Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramları çərçivəsində xərclənməsi idi. Hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, İlham Əliyevin 15 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafına, yoxsulluğun azaldılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və müxtəlif sahələrin inkişafına dair qəbul olunan çoxsaylı dövlət proqramları vaxtında atılmış addımlar idi. Həmin sənədlərin icrası nəticəsində ölkəmizin davamlı və dinamik inkişafının möhkəm təməli qoyulmuşdur. Bununla da Azərbaycan qloballaşan dünya iqtisadiyyatında dinamik inkişaf edən, digər ölkələrin iqtisadiyyatının möhkəmlənməsinə töhfələr verən və siyasi sabitliyini təmin edən bir ölkə kimi özünəməxsus mövqe tutmuşdur: "Bununla yanaşı, qeyd etmək lazımdır ki, zamanın çağırışlarına uyğun olaraq, hazırda innovasiyalar tətbiq etmədən ölkə iqtisadiyyatını inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə müasir dünya təcrübəsinə yiyələnərək respublikamızda istehsal olunan məhsulların daha çox elmi tutumlu olması istiqamətində geniş işlər aparılır. Əlbəttə, yenilik dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Belə yeniliklərdən biri Sahibkarlığa Kömək Milli Fondunun yaradılması idi. Bu fond tərəfindən indiyə kimi sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilib, bu hesaba 163 min yeni iş yeri açılıb. İnvestisiya təşviqi mexanizminin tətbiqi sayəsində isə özəl sektor qeyri-neft sektoruna 2,5 milyard manat sərmayə qoyub. Bu sərmayələr nəticəsində ölkəmizdə dünya standartları səviyyəsində rəqabətədavamlı müxtəlif çeşiddə sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən sənaye parkları və aqroparklar inşa edilir". Komitə sədri bildirib ki, müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq dəyəri 3,6 milyard dollar olan Sumqayıt, Balaxanı, Qaradağ, Gəncə, Mingəçevir, Pirallahı və digər sənaye parklarının və məhəllələrinin yaradılması qərara alınmışdı. Bunlardan bir çoxu artıq fəaliyyət göstərir. Bu ilin may ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, "Cənub qaz dəhlizi"nin və Sumqayıt Polipropilen Zavodunun açılışı oldu. Mingəçevirdə 750 nəfərin işlədiyi 2 böyük iplik fabriki məhsul verməyə başladı. Bu şəhərdə toxuculuq və tikiş fabriklərinin istifadəyə verilməsi istiqamətində də işlər sürətlə davam edir. Yaxın zamanda Sumqayıtda azot zavodunun istifadəyə verilməsi isə respublikamızı bu məhsulun idxalından azad edəcək və onun bir hissəsini xaricə satmaq imkanı yaradacaq. Bu müəssisələr tam gücü ilə işlədikdə həm də on minlərlə insan daimi və yüksək maaşlı işlə təmin olunacaq: "Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkilmişdir. Dövlətin maliyyə dəstəyi ilə hazırda 30 rayonda 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə böyük işlər görülür. Aqroparkların beşində birinci mərhələ üzrə işlər başa çatdırılıb və yaxın zamanda 14 aqropark istifadəyə veriləcək. İstifadəyə verilmiş aqroparklarda məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən bitkiçilikdə 2-3 dəfə, heyvandarlıqda isə 4-5 dəfə çoxdur. Müstəqilliyinin ilk dövrlərində iqtisadiyyatın inkişafını təmin etmək üçün xarici investorlara böyük ehtiyacı olan ölkəmiz indi xarici ölkələrə investisiya qoyur. Hazırda Türkiyənin, Gürcüstanın, Ukraynanın, Rumıniyanın və digər ölkələrin bir çox müəssisələri Azərbaycanın sərmayəsi əsasında fəaliyyət göstərir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmirdə inşa etdiyi "Star" Neft Emalı Zavodu 2019-cu ilin yanvar ayından tam gücü ilə fəaliyyət göstərəcək. Davamlı və dinamik inkişafla dayanıqlı iqtisadiyyatı təmin etmiş Azərbaycan modeli qloballaşan dünya iqtisadiyyatının çağırışlarına uyğun olaraq daim təkmilləşir və zamanın tələbinə cavab olaraq modernləşir. İqtisadiyyatın Azərbaycan modelinin baslıca xüsusiyyətindən biri də yalnız bu gün üçün yox, həm də gələcək üçün möhkəm təməl yaratmaqdır. Bu məqsədlə "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması haqqında müqavilə imzalanmışdır. Bu gün abadlaşan bölgələrimiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı, tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya Mərkəzi, çəkilmiş 11 min kilometrdən çox yol, 250 mindən çox köçkün üçün salınmış 100-ə yaxın təzə qəsəbə, yeni yaradılmış enerji infrastrukturu, dinamik inkişaf edən və şaxələndirilən iqtisadiyyat - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmiş sistemli islahatlarla daim təkmilləşən iqtisadiyyatın Azərbaycan modeli dayanır. Bu modelin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərfindən müasir tələblərə uyğun modernləşdirilərək inkişaf etdirilmişdir".

 

Nurlan 

 

Olaylar.- 2018.- 27 dekabr.- S.6.