Azərbaycanın tərəqqi və
inkişafını təmin edən lider
Prezident İlham
Əliyevin milli inkişaf konsepsiyasının başlıca
qayəsi "sabitlikdən inkişafa doğru"
ideyasıdır
Ulu öndər
Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi
olan İlham Əliyev düşünülmüş
islahatları və müdrik qərarları ilə həyatımıza
yeni nəfəs gətirib. Bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər
daxili, istərsə də xarici siyasətində əldə
edilən hər bir uğur Ulu Öndər Heydər
Əliyevin zəkasının təcəssümü, onun irsən
qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.
Cənab İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxşaxəli iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Həm 2008, həm də 2013-cü illərdə Azərbaycanda keçirilən prezident seçkilərinə xalqın, milli elitanın və beynəlxalq müşahidəçilərin verdiyi yüksək qiymət deyilənləri bir daha sübut edir. Prezident İlham Əliyev demişdir: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictmai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq".Vəkil Rövşən Qasımov qeyd edib ki, Ulu Öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən "sabitlikdən inkişafa doğru" ideyasıdır.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz", - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. Xüsusilə, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 16-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendumlar xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ümumxalq səsvermələrinin seçicilər tərəfindən ciddi şəkildə dəstəklənməsi və pozitiv nəticələrlə yekunlaşması isə ilk növbədə cəmiyyətin Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu layiqincə davam etdirən cənab İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür.
Dərin
və universal böhrandan çıxaraq kosmik dövlətlər
sırasına daxil olan, dünyanın ən mötəbər
beynəlxalq forumlarına ev sahibliyi edən, qlobal kataklizmlərlə
çalxalanan regionda multikulturalizmin qalasına çevrilən,
sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə
inkişaf edən müstəqil Azərbaycan bu gün
hamımızın qürur mənbəyidir. Sadəcə son
üç ayda baş verənlər bugünkü Azərbaycan
reallığının ən bariz nümunəsidir. Belə
ki, 2017-ci ilin 14 sentyabr tarixində "Əsrin müqaviləsi"nin
2050-ci ilədək uzadılması ölkəmizin etibarlı
və stabil inkişaf edən dövlət kimi bütün
dünyada hüfuzunun yüksəlməsi, əhalimizin
rifahının təminatı baxımından böyük
strateji əhəmiyyət daşıyır. Habelə, cari
ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat
mərkəzinə çevrilməsi yolunda atılmış ən
mühüm addımdır. Milyondan artıq sərnişin, 17
milyon tondan artıq yük daşınması nəzərdə
tutulan bu xətt həm də təcavüzkar Ermənistanın
strateji blokadasını möhkəmləndirən
mühüm iqtisadi-siyasi qələbədir.
Ümumilikdə,
Avropa-Qafqaz-Asiya "Orta Dəhliz"inin mühüm halqasi
olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiya ölkələri
arasında ticarətin daha sürətli və daha əlverişli
olmasına şərait yaratmaqla yanaşı, regiondakı
bütün ölkələrin hərtərəfli iqtisadi
inkişafına güclü təkan verəcək, regionun
dünyada əhəmiyyətini daha da artıracaqdır. BTQ
Avropa ilə Asiya arasında daşımalarda yekun bənd
olaraq həm siyasi, həm iqtisadi, həm də strateji
baxımdan böyük əhəmiyyət daşıyır və
bu coğrafiyadakı xalqlar bundan sonra da uzun illər ərzində
bu qlobal layihədən faydalanacaq, gələcək nəsillər
onun bəhrəsini görəcəklər. Beləliklə,
BTQ polad reyslərlə sadəcə qitələri birləşdirmir,
eyni zamanda, Avrasiya xalqlarının dostluq və mehriban
qonşuluq münasibətlərini daha da möhkəmləndirir.
Bu gün
dünyada milli və dini zəmində baş verən
qarşıdurmalar, axan nahaq qanlar, insanların bu
münaqişələr ucbatından öz yurd-yuvasından
didərgin düşməsi hamını, eləcə də
bəşəriyyətin bir parçası olan
xalqımızı narahat etməyə bilməz. O səbəbdən
zərurət var ki, sahib olduğumuz tolerantlıq təcrübəmizi
və multikulturalizm dəyərini bütün xalqlara
aşılayaq və bu yolla dünyada sülhün və əmin-amanlığın
bərqərar olmasına öz töhfəmizi verək. Məhz
bu missiyanı həyata keçirmək məqsədilə
ölkə başçısı cənab İlham Əliyev
2016-cı ili multukulturalizm, 2017-ci ili isə İslam həmrəyliyi
ili elan etmiş, bu istiqamətdə ölkə daxilində və
xaricdə məqsədyönlü işlərin
aparılması üçün müvafiq göstərişlərini
vermişdir. Eyni zamanda, bu sahədə respublikamızın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar
fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz onun rəhbərliyi
ilə ardıcıl şəkildə sivilizasiyalararası
dialoqun qurulması sahəsində dünyanın
tanınmış elm və mədəniyyət xadimlərinin
də iştirak etdiyi bir sıra mötəbər tədbirlərin,
konfransların və beynəlxalq forumların Azərbaycanda
keçirilməsinə nail olunmuşdur. Onların bir
neçəsini xatırlatmaq yerinə düşərdi.
2007-ci ildə keçirilən "Heydər Əliyev və
Azərbaycanda din siyasəti: gerçəkliklər və
prespektivlər" mövzusunda beynəlxalq konfransı,
2009-cu ildə keçirilən "Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" mövzusunda beynəlxalq konfransı, 2008-ci ildə
keçirilən "Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır"
mövzusunda konfransı, 2009-cu ildə keçirilən
"Sivilizasiyalararası dialoq: Azərbaycandan
baxış" mövzusunda konfransı, 2010-cu ildə
keçirilən Dünya Dini Liderlərin Bakı Sammiti,
2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, 2017-ci ildə keçirilən "Dövlət və
din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi"
mövzusunda II Beynəlxalq Bakı Forumu və digər tədbirlər
öz miqyas və əhəmiyyətinə görə,
regional və qlobal əhəmiyyətli layihələrdir.Sadalanan
faktlardan bir daha aydın olur ki, dövrümüzün
mühüm çağırışlarından olan
multikulturalizmin Azərbaycanda tarixən formalaşmış zəngin
ənənələri və möhkəm ictimai dayaqları
mövcuddur. Qarşıda duran vəzifə bu hərtərəfli
potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və
tərəqqisinin vacib elementinə çevirmək, sahib
olduğumuz təcrübəni regional və qlobal məkanda
uğurla paylaşmaqdır.
Bu gün
Azərbaycan dövlətçiliyinin ən mühüm
problemi ölkənin ərazi bütövlüyünün təmin
olunmasıdır. Ermənistann təcavüzü nəticəsində
işğal altına düşmüş ərazilərimizin
azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin
bərpa olunması, sayı bir milyona çatan və uzun
müddətdən bəri məşəqqətli
köçkün həyatı sürən
soydaşlarımızın doğma yurd-yuvalarına
qayıtması Azərbaycan dövlətinin
qarşısında çox məsul bir vəzifə, ən
vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin
banisi, müasir Azərbaycanın memarı, böyük
öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla
davam etdirən möhtərəm Prezident İlham Əliyev
xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil
dövlətimizə böyük itkilər gətirmiş təcavüzə
son qoyulması üçün çoxşaxəli və səmərəli
hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir
ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu,
Ermənistanın işğalçı və təcavüzkar
siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi
deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar
tərəfindən qəbul edilən qərar və qətnamələrdə
Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsi faktı birmənalı şəkildə dəfələrlə
təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl
çəkməsi tələb olunmuşdur.
Beləliklə,
sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan
hüquq və azadlıqlarına, qanunların aliliyinə
hörmət prinsiplərinə prioritet istiqamət kimi
müstəsna dəyər verən müstəqil Azərbaycanın
iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi,
dünyəvi və demokratik dövlət imicinin
formalaşmasında, onun möhkəm təməllərinin
qoyulmasında görkəmli dövlət xadimi Prezident
İlham Əliyevin xidmətləri əvəzsizdir və daim
tariximizə qızıl hərflərlə
yazılacaqdır. Azərbaycan xalqı İlham Əliyevə
inanır, onun daha xoşbəxt gələcək vəd edən
daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.
Günümüzün bu reallığı beynəlxalq siyasətçilər,
ekspertlər tərəfindən də təsdiqlənir. Azərbaycanda
həyata keçirilən siyasətin alternativi yoxdur.
Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf
strategiyasının müəyyənləşdirilməsinə
geniş imkanlar açır. Bu günümüzün daha bir
reallığı isə ondan ibarətdir ki, Azərbaycan
sürətli inkişaf yolunda inamla irəliləyir, onu
qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Alim
Olaylar.- 2018.- 27 dekabr.- S.9.