Gəlimli-gedimli dünyanın 2018-ci ili
Hər ötən
il insan ömrünün
yaşantısıdır. İnsan taleyinə hopmuş
bu yaşantıda sevinc,
sevgi dolu təbəssümlə
yanaşı, kədərli məqamlar, qəmli notlar da özünü
büruzə verir. Həyat o zaman şirin
olur ki, sevinc bol olsun,
xoş anlar heç bir zaman insanı tərk etməsin. Amma taleyin oyunları
insanı uçuruma doğru
çəkəndə həyatın
amansızlığını ram etmək
bəzən çox çətin olur. Və bir-birini əvəz edən illər insan ömrünün möcüzəli, rəngarəng
və ağ-qara naxışına çevrilir. Bu naxışın mərkəzində dayanan isə qazanclar və itkilərdi. Hər ilin
sonunda dönüb arxaya baxanda qazancla itginin qeyri-bərabər olduğu
görünür.
2018-ci ilin son günlərini yaşayırıq, 4-5 gün sonra ona "əlvida" deyəcəyik. Nəyi qazanmışıq, nəyi itirmişik fərqinə varacağıq. İtirdiklərimizin müqabilində qazandıqlarımız həyatımızın uğuru sayılacaq. Yaşadığımız 365 günün hər biri ömrümüzün xatirəsinə çevriləcək. Xoş xatirələri, naxoş hadisələri özünə hopduran 2018-ci ilin son yolçuluğu başlayacaq. Bu yol onu əvvəlki illərin sırasında yer tutmağa aparacaq. Ötən ilin sevinci gələn ilin xoş aurasına qarışacaq, kədəri yeni ilin gözəlliklərində itib-batacaq. Nə gözəl!
Əslində məqsədim bu yaşantılardan yazmaq deyil, bütövlükdə Azərbaycanda ötən il baş verən olaylar fonunda daha qabarıq görünən məqamlardan söz açmaq fikrindəyəm. Olayların bəzisi Azərbaycan xalqının taleyinə qırmızı xətlə yazılan, onu müəyyən istiqamətə yönləndirən qlobal hadisələr, bəzisi isə üzərinə kədər çökmüş, qəm ələnmiş məqamlar oldu. İnsanı ruhlandıran, onu yaşamağa həvəsləndirən xoş hadisələr də ölkə gündəmində yer aldı.
***
İlin ən tarixi məqamı aprelin 11-də
keçirilən prezident
seçkisi oldu.
İlham Əliyev seçicilərin
86,02 faiz səsini qazanaraq 7 il müddətinə yenidən Azərbaycan Respublikasının prezidenti
seçildi.
2018-ci ildə Azərbaycanın taleyinə 100 ildən sonra işıq salan üç hadisəni xalq heç bir zaman unutmayacaq. Hər kəsin yaddaşına hopan, möhtəşəmliyi ilə seçilən 100 ilin paradı və Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər hələ çox danışılacaq. Ötən ilin 28 mayı, əvvəlki illərin eyni günü ilə müqayisədə sonrakı günə qürurla keçdi. Həmin gün Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam oldu. 100 il əvvəlin 28 may gününü 100 il sonranın 28 may tarixi "alqışladı". Həmin gün yaşıl donlu, al duvaqlı, mavi gözlü sevgilimin - Azərbaycanımın yubiley günü idi. 100 il idi yol gözləyən sevgili Cümhuriyyətim 28 mayda özünün şərəfi, ləyaqəti və qüruru ilə yaddaşlara hopdu.
Bir ay sonra Azərbaycanın Baş Meydanında 100 ilin paradı keçirildi. İyunun 26-da Silahlı Qüvvələrin 100 yaşı tamam oldu. 100 yaşın təntənəsi Azadlıq Meydanından dünyaya boy göstərdi. Bu təntənə ədalətsiz dünyanın güc sahiblərinə bir mesaj, kar - kor olmuşlara çağırış idi. Bu, müstəqil Azərbaycan dövlətinin səsi idi. Bu, Azərbaycan adlı məmləkətin var olduğunun təntənəsi idi.
Sentyabrın 15-də Bakının Baş Meydanında keçirilən daha bir parad isə Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyinə həsr olunmuşdu. Bu möhtəşəm parad Allahın Azərbaycan xalqına bəxş etdiyi lütfün nümunəsi, Anadolu türkünə ünvanlanan sevgi payı idi. 100 il əvvəl bu şəhərdə qardaşlığın tənətənəsi qalib gəlib. Bakı rahat nəfəs alıb, düşməndən azad olub. Bakının azadlığı Azərbaycanın azadlığı deməkdi. Bu azadlığın 100 yaşını həmin gün iki qardaş ölkə Azadlıq Meydanında qeyd etdi.
***
2018-ci il Azərbaycan mədəniyyətindəki itgilərlə də yaddaşlara hopdu. Fevral ayında "Kökdən düşmüş piano"nun qaynanası "kökdən düşdü" - respublikanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişdi. Daha bir xalq artisti, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladov 69 yaşında haqq dünyasına qovuşdu. Zərnigar xanımın və Fuad Poladovun vəfatı təkcə Azərbaycan incəsənətində boşluq yaratmadı, tamaşaçı qəlbində də kədər yuvası qurdu. Əsil sənətkar titulunun daşıyıcıları əbədiyyətə qovuşsalar da, əbədi sevgi qoyub getdilər. Hələ uzun illər teatr və kino sahəsində onların yeri görünəcək. Hər iki azman sənətkarımız nur içində yatsınlar!
Ömrün illəri həyatın keçməkeşləri ilə tərs mütənasibdi. Elə adam var ki, yaşadığı ömürdə həmin mütənasiblik hiss olunmur. Üstəlik də çevrəsindəkilər üçün heç bir məna kəsb etmir. Amma elə insanlar var ki, onların hər günü, hər saatı ömür tarixinin yaddaşına hopur. Bu amansız dünyanın qovhaqovunda Allahın ömür payını uzun müddət daşıya bilmirlər. Sanki dünyanın ən ağır yükünü daşıyırmışlar kimi yorğun düşürlər. 2018-ci ildə həyatın ağırlığından yorulan, yarı yolda qalan Aşıq Vüqar Mahmudoğlu 47 yaşında gözlərini yumdu. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmudun oğlu yanvarın 10-da əbədiyyətə qovuşdu. O çox da uzun olmayan ömrünə təkcə Azərbaycanda deyil, İran, Türkiyə, Gürcüstan, eləcə də Orta Asiyada bir sənətkar damğası vura bilmişdi.
Zalım dünyanın amansızlığından yorulan Anar Nağılbaz Azərbaycanda "repin atası" kimi qəbul olunurdu. Atalar uzun ömürlü olurlar. Atalar yorulmurlar. Atalar güclü olurlar. Atalar ürəkli olurlar. Amma repin atasının gücü tükəndi, yoruldu, ürəyi zəiflədi, ömrü qısa oldu. Nağılbaz nağıl kimi baxdığı həyata "əlvida" dedi, 44 yaşında gözlərini əbədi yumdu.
2018-ci ildə jurnalistlərdən Rauf Talışinski və Orxan Camal ölüm şərbətini içdilər. Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camal çox uzun ömür yaşamadı, isti yay günlərində Mərkəzi Afrikada silahlı qrup olan "Vaqner" barədə sənədli film çəkərkən qətlə yetirildi. Onun ölümü dünyada çox böyük əks-səda verdi.
***
2018-ci il Azərbaycanın iqtisadi həyatına və siyasi arenasına da öz "damğasını" vurdu. Ötən il həyata keçirilən iqtisadi siyasət ölkənin inkişafına təkan verdi. Ölkə iqtisadiyyatına investisiya cəlb olunması sahəsində kompleks tədbirlər görüldü. Azərbaycanın da iştirakçısı olduğu bəzi qlobal layihələr həyata vəsiqə aldı. Dünyada iqtisadi gərginlik davam etdiyi halda ölkəmiz özünün stabil inkişafını qoruyub saxlaya bildi. Bu da onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı "işığını" ilbəil artırır. Amma iyulun 2-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkə ərazisində tam bir gün işıq olmadı. Stansiyada baş verən partlayış təkcə iqtisadiyyata ziyan vurmadı, insan resursları daha çox zərbə aldı. Sadə xalq mənən zədələndi. Bu, çox pis haldı. "Azenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev postunu itirdi. Bu isə işıqsızlıqdan "yanan" insanlarının odunu söndürdü.
2018-ci il vəzifə pilləri ilə addımlayan bəzi şəxsləri yerindən tərpətdi. Uzun illər vəzifə kreslosunda oturan yaşlıları gənclər əvəz etdi. Bəzi məmurlar təqaüdə göndərildi, bəziləri işini yarıtmadığı, etimadı doğrultmadığı üçün tutduğu vəzifədən azad edildi. Bakı Dövlət Universitetinin pektoru Abel Məhərrəmovun "olayı" isə yəqin ki, uzun müddət dillərdən düşməyəcək. Elm ocağına rəhbərlik edən akademik özünün şərab biznesi ilə ifşa olundu. İyul ayında Gəncə şəhər icra başçısı Elmar Vəliyev məruz qaldığı silahlı hücumdan ağır yaralandı, uzun müddət xaricdə müalicə aldı. İcra başçısı sağalıb normal həyata qayıtsa da, ona açılan atəşin düyünü hələ də tam açılmayıb.
Siyasi arenanın müxalifət cəbhəsində durğunluq əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də davam etdi. Bir-iki azsaylı mitinq nəzərə alınmazsa, varlığı o qədər də bilinməyən müxaliflərin fəaliyyəti diqqəti cəlb etmədi. Özlərini böyük hesab edən, "ana müxalifət" adlandıran AXCP və Müsavat yenə də dil tapıb birləşə bilmədilər. Biz sözlə, müxalif cəbhə dedi-qodularla, bir-birini ittiham etməklə ili başa vurdu.
2018-ci ilin "son akkordunu"
Nərmin adlı qız vurdu. Özünü
cəmiyyətdə psixoloq
kimi tanıdan Nərmin Şahmarzadə adlı gəncin Milli Qəhrəman Mübariz İbrahimovu "qəddar"
adlandıraraq "qəhrəmanlıq"
nümayiş etdirmək
cəhdi uğursuzluqla
nəticələndi. İctimaiyyətin təpkisi ilə
üz-üzə gələn
Nərminin gündəm
yaratmaq həvəsi onu yerlə-yeksan etdi.
***
Hər ötən il
gedəndə özünün
izini qoyur və nəsə aparır. Gələn hər il isə bu izlərin
üzərində bərqərar
olur, ötən ilin apardıqlarının
yerini doldurmağa çalışır. Mən də çalışdım
ki, gəlimli-gedimli dünaynın 2018-ci ilinin
apardıqlarından və
bəzi izlərindən
söz açım.
Son yolçuluğun mübarək,
2018!
Gəlişin mübarək, 2019!
Züleyxa NADİR
Olaylar.- 2018.- 27 dekabr.- S.10.