Ziyalı təbəqə
ilə təhsilsiz insanların
tələffüzündə
hər zaman fərqlər mövcud olub
Olaylar.az
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
aparıcı elmi işçisi Səadət Şıxıyeva
ilə Azərbaycan dilinin
orfoqrafiyasında təklif olunmuş dəyişikliklərlə
bağlı müsahibəni təqdim edir.
- Azərbaycan dilinin onlayn redaktə
proqramının, elektron sisteminin olmaması savadlı yazı
təqdim etməkdə müəyyən problemlər
yaradır. Siz bu problemlərlə
qarşılaşırsınızmı?
-
Yeni orfoqrafiyanın layihəsinin müzakirələri
zamanı hələ yanvar ayında yazdığım məqalədə
("Türkün dili tək sevgili, istəkli dil olmaz"
(moderator.az saytı, 28 yanvar 2018- ci il)) Azərbaycan dilinin imla
yoxlayıcısının qənaətbəxş səviyyədə
olmadığını bildirmişdim. İmla
yoxlayıcısı bəzən hal şəkilçilərini,
hətta dilimizdə yazılış biçiminə hələ
də alışa bilmədiyim "şeir",
"feil", "meyil" kimi sözləri belə
tanımır. Bir çox adlar həmin bazaya yerləşdirilməyib.
Azərbaycan ədəbi dilinin yazı qaydalarında ən bəlalı
və problematik məsələlərdən biri isə
durğu işarələridir. Hər kəs bir dili örnək
götürərək, o şəkildə yazır. Məsələn,
"və" dən öncə, mübtədadan sonra
vergül qoyulur. Elektron imla yoxlayıcıları mütləq
təkmilləşdirilməlidir. Bu, ana dilimizdə savadlı
yazının əsas şərtlərindəndir.
Düzgün yazının ikinci şərti isə
lüğətlərin internetə sözbəsöz
qoyulmasıdır. Halbuki mövcud lüğətlərin
çoxu skan olunduğu üçün istifadəyə
çox da yararlı deyildir. Türkiyə türkcəsində
istənilən sözün mənasını axtaran zaman
internet resursları bütün variantları təklif edir.
Örnək götürürüksə, bu kimi cəhətləri
götürək. İzahlı lüğətimiz belə
kasıbdır. Çox zaman sözün müasir ədəbiyyatda
işlənən bir neçə anlam variantı verilir,
klassik ədəbiyyatda işlənən, dialektlərdə
mövcud olan mənalar isə xatırlanmır.
Gördüyünüz kimi, ciddi boşluqlar təkcə
orfoqrafiya lüğətində mövcud deyil. Buna görə
də, gərək orfoqrafiya lüğəti təkmilləşsin
ki, onun əsasında izahlı, elektron və s. lüğətlər
hazırlansın və imla yoxlayıcıları istifadəyə
verilsin. Hazırda bizim ədəbi dilimiz müxtəlif təsirlər
altında xaotik bir vəziyyətdədir. Qənaətimcə,
bir sıra sözlərə "ərəb mənşəlidir"
deyib müharibə elan etmək olmaz. Bu layihənin müzakirəsi
zamanı təkcə ərəb mənşəli sözlərə
deyil, ərəb mədəniyyəti ilə gələn
klassik şeirimizə, əruz vəzninə və ümumiyyətlə,
keçmiş mədəniyyətimizə qarşı aqressiv
nihilist münasibəti müşahidə etdim. Son aylarda bir
neçə ziyalının: "Mənə əruz vəzni,
ərəb dili ilə bağlı heç nə lazım
deyil. Mən bu gün dilimi yenidən qurmaq niyyətindəyəm",-
iddiasını dinləyəsi və ya oxuyası oldum.
Tarixilik prinsipini qoruyan və təbii yeniləşmələri
ilə yoluna davam edən ədəbi dili köhnəlik əlaməti
sayıb, "libasını" dəyişmək istəyənlər
mənə XX əsrin birinci yarısında kommunistlərin təsiri
ilə tarı, muğamı inkar edənləri
xatırlatdı. Qəribədir, dillə belə
barbarcasına rəftar etmə ixtiyarını onlara kim verib?
Məlumdur ki, dil heç kimin şəxsi mülkiyyəti
deyil, xalqa, bizim variantda 50 milyondan yuxarı insana məxsusdur.
Bir qrup insanın müəmmalı niyyəti ilə ədəbi
dilimizin zəfərlər dolu tarixinin üstündən xətt
çəkmək nə dərəcədə doğrudur? Təbii
ki, doğru deyil və ciddi məsuliyyətsizlikdən soraq
verir. Bunu bir oxucu, bir tədqiqatçı, çoxlu sayda
araşdırmaların müəllifi, ciddi elmi nəşrlərin
redaktoru olaraq deyirəm.
- Bu cür yanaşma klassiklərimizin
irsi üçün də böyük təhlükədir...
-
Əlbəttə, elədir. Məlum olduğu kimi, müasir ədəbi
dilimizdə müəyyən sayda ərəb və fars mənşəli
sözlər var. Füzulu və digər klassiklərimizlə
əlaqəmiz həm də bu sözlər vasitəsilə
qorunur. İndi biz bu sözləri dildən tamamilə
çıxartsaq, onda, Türkiyədə olduğu kimi, hər
bir beyti ayrı-ayrılıqda müasir ədəbi dilə
çevirməli olacağıq. Bizdə isə orta
çağ yazı dili ilə müasir ədəbi dilimiz
arasında ciddi fərqlər azdır. Dildəki ərəb mənşəli
sözlər süni şəkildə təmizlənərsə,
ədəbi dilimizin tarixi və ədəbi mirasımızla əlaqəmiz
qırılmış olur. Bunu da xüsusi vurğulamaq istərdim
ki, hazırda dilimizdə mövcud olan sözlərin bir qismi ərəb
dilində işləndiyi anlamda işlənmir. Bu sözlərin
qəlibi ərəb dilindən alınıbsa da, bizdə
artıq fərqli anlamda işlənir və ərəb dilindəki
mənası ilə heç bir bağlılığı
qalmayıb. Məsələnin mahiyyətini, sözün
etimologiyasını araşdırmadan, yalnız
formasının ərəbcə olduğunu görüb onu ləğv
etmək doğru deyildir. Şəkli onun, mənası sənindirsə
və bu anlamı həmin sözə sənin şairlərin
zehni imkanları və təxəyyülünün
gücü ilə qazandırıbsa, təbii ki, artıq bu
söz sənindir, yəni artıq ərəbin deyil,
türkündür. Hətta layihənin yekun iclasından sonra
"Füzulinin dili mənim dilim deyil" kimi əsassız
iddialar da səsləndi. Bu iddianın sahibləri cilalı ədəbi
dili öz mülkiyyətləri hesab edərək,
söküb yenidən "yaratmaq", daha doğrusu, digər
qohum dilin təqlidi şəklinə salmaq istəyirlər.
Onlara nə Füzuli, Nəsimi, Xətai, nə də digər
klassiklərimiz lazım deyil. Füzulidən imtina etmək
bilirsiniz nə deməkdir? Bu, dövlətçilik və
milli-mənəvi dəyərlər sahəsində məsuliyyətini
dərk etməmək, nadanlıq və cəhalətin ifadəsidir.
Çünki təəssüflə bildirməliyəm ki,
çox zaman Azərbaycandan kənarda nə Füzuli, nə Nəsimi,
nə də Xətai bizim deyil. Füzulinin, Nəsiminin, Xətainin
o qədər iddiaçıları var ki... Belə bir vəziyyətdə
əruzla yazılmış irsin bizə lazım
olmadığını bildirmək çox təhlükəlidir,
dolayısı ilə düşmən dəyirmanına su
tökməkdir.
- Sizcə, komissiya hansı sözlərin
müzakirəsini aparmalı idi?
-
Bilindiyi kimi, siyasi durum, elm və texnologiyanın
inkişafı müəyyən dəyişmələrlə
müşayiət olunur, nəticədə dilə yeni
sözlər daxil olur. Bu neologizm və alınmalar kortəbii
və pərakəndə şəkildə olmamalı, tənzimlənməli,
dilin təbiətinə
uyğunlaşdırılmalıdır. Buna görə də,
son illərdə dilə daxil olaraq işləkliyi artan
sözlər də, zənnimcə, müzakirəyə cəlb
edilməli idi. Məsələn, müəyyən alınma
frazeoloji ifadələrin və tək-tək leksik vahidlərin
müzakirəsinə ehtiyac var. Bilindiyi kimi, biz hər zaman
"fəxr etmək" demişik. "Fəxr" ərəb,
"etmək" isə türk mənşəli
sözdür. Hazırda daha çox bu ifadənin
qarşılığı olan "qürur duymaq" işlədilir.
Yenə də "qürur" ərəb, "duymaq"
türk mənşəli sözdür. Nə dəyişdi?
Eyni tipli sözlərdir. "Şiddət"
sözünü biz üstünlük dərəcəsində
işlədirik. Amma indi "şiddət" "təzyiq"
mənasında işlənir. Bu sözün
yaratdığı məna və assosiasiya bizim bildiyimiz
"şiddət"dən fərqlidir. "Təzyiq"
sözünü biz "kiməsə təzyiq göstərilir"
kimi işlətdikdə daha rahat anlayırıq. Bu
sözün ətrafında müəyyən bir təsəvvür
və anlam qatları yaranır. "Məcburiyyətində
olmaq" ifadəsində də birinci tərəf ərəb,
ikinci tərəf isə türk mənşəli
sözdür. Hazırda ifadənin qarşılığı
kimi "zorunda qalmaq" işlədilir. "Zor" fars mənşəli
sözdür. Yenə də biz burada heç nə
qazanmırıq. Bəzən də öz doğma sözlərimizin
yerinə Türkiyə türkcəsini təqlidlə ərəbmənşəli
sözləri işlədirik. Məsələn,
"baxmayaraq" sözünün yerinə "rağmən"ə
meyllilik görürəm. Biz də ədəbi mətnlərdə
"rəğmən" sözünü işlətmişik,
amma "rağmən" şəkli hazırda lüzumsuz
görünür. "Hədəf" sözü bizdə
"nişangah" mənasını verdiyi halda, Türkiyə
türkcəsində "məqsəd" mənasını
qazanır. Bu səpkili sözlər çoxdur.
Düşünürəm ki, bu kimi təzahürləri
Dilçilik İnstitutu tənzimləməlidir. Komissiyanın
müzakirəyə təqdim edəcəyi məsələlər
arasında Azərbaycan orta əsrlər ədəbi mətnlərinin
elmi əsaslı transkripsiya qaydaları da olmalı idi.
Çünki bu mətnlərin transfonoliterasiyasında
çox ciddi problemlər və boşluqlar mövcuddur.
Türkiyə türkcəsində bütün səslərin
qalınlığı, incəliyi, uzunluğu və s. məxrəcləri
elmi-tənqidi mətnlərdə işarələnib. Məsələn,
sağır nun, eləcə də ərəb dilində bir
neçə şəkli mövcud olan müxtəlif məxrəcli
"s", "t", "z" hərfləri müəyyən
şərti işarələrlə fərqləndirilir. Bizdə
isə bu sahədə boşluq mövcuddur.
- Azərbaycan dili və xalqı
kabel televiziyası vasitəsilə yayımlanan
çoxsaylı türk verilişlərinin, filmlərinin
qarşısında acizdir.
-
Burada acizlik təkcə sayda deyildir və say heç də əsas
göstərici deyil. Acizlik həm də keyfiyyətdədir.
Bizim televiziya kanalları, təəssüf ki, nə
zövqlü verilişlər, nə də mənəvi- əxlaqi
dəyərlər aşılayan
düşündürücü seriallar təqdim edə bilir.
Bununla da, televiziya kanallarımız
tamaşaçısını itirir. Halbuki bu kanallar ədəbi
dilin imkanlarının nümayişi, təbliği və gənc
nəslə düzgün nitqin təlqinində mühüm
rol oynaya bilərdi. Keyfiyyətsiz və ədəbi dil
pozuntuları ilə müşayiət olunan verilişlər
kanallarımızı, təəssüf ki, belə bir
funksiyadan məhrum edir.
- Sizcə, zamanında apostrof da
qoşa "y" qədər müdafiə olunsaydı, qalib
gələrdimi?
- Bəli,
qalib gələrdi. Qənaətim belədir ki, apostrofu dilimizə
qaytarmaq lazımdır. Müəyyən sayda sözlər
vardır ki, onların tələffüzü çox ciddi
problem yaradır. Apostroflu sözlərin
yazılışı bizə həmin sözlərin
anlamını daha sürətli dərk etmək, eyni zamanda
dil və nitq mədəniyyəti baxımından çox
lazımdır. Xüsusilə klassik şeirin oxunuşunda
apostrofun yoxluğu problem yaradır. Bəzi kəlmələr
apostrofsuz şəkli ilə məna fərqi və
anlaşılmazlıq yaradır. Məsələn, "bəchr("39")zən"
sözünün apostroflu tələffüzündə birinci
"ə"də uzunluq var, amma apostrofsuz
yazılışda bu olmur və tamamilə başqa söz
alınır. "Quran" sözünün tələffüzündə
də eyni vəziyyətdir. "Qurchr("39")an"dan
apostrofu götürüb, yeni vurğu və şəkli ilə
onu "Quran" kimi tələffüz edirik. Bu isə tamamilə
yanlışdır. Müqəddəs kitabımızın
adı "qurmaq" , "düzəltmək"
sözündən yaranan "quran" sözü ilə eyni
məxrəcdə deyilir. Həm dil mədəniyyəti, həm
də sözlərin vurğusunu, hecasını düzgün
göstərmək, həm də söylənilən və ya
yazılan fikri daha sürətli anlatmaq baxımından
apostrofa ehtiyac var. Həmin sözlər çox böyük
sayda da deyil ki, insanlar onu əzbərləyə bilməsinlər.
Ziyalı təbəqə ilə təhsil almamış
insanların tələffüzündə hər zaman fərqlər
mövcud olub. Hazırda apostrofun götürməsi ilə
bütün təbəqələrə məxsus insanların
danışığı bir-birinə yaxınlaşıb və
bəsitləşib. Nəticə etibarı ilə sözlər
və anlamlar itirilib. Apostrof, bir sıra dilçilərin iddia
etdiyi kimi, sadəcə işarə, vurğu və ya
bölgü bildirən əlamət deyil. O, ərəb əlifbasındakı
"eyn" hərfi və ya həmzə dayağının
qarşılığıdır. "Eyn" hərfinin səslənişi
ərəblərə xas spesifik məxrəcli olduğu
üçün onu alaraq istifadə etdiyimiz sözlərdə
apostrofla əvəz etmişik. Əslində sovet
dövrünün ilk illərində kiril və latın
qrafikalı yazıda apostrofla işlənən sözlər
daha çox idi. Zamanla onlar azaldı. Apostrofun
götürülməsi fərqli sözlərə əsassız
şəkildə eyni şəkil və tələffüzü
gətirməklə yanaşı, mənanı da dəyişdi,
tədrisdə ciddi problemlərə yol açdı. Həmin
sözlərdəki uzunluqların səbəbi və hecanın
yerinin fərqini bilməyən şagird və ya tələbəyə
bunu anlatmaq uzun və əsəbi bir prosesə çevrilir.
Halbuki apostrof bu funksiyanı çox asanlıqla icra edirdi.
Apostrof işarəsi rus dilində də var, alınma sözlərdə
yerini qoruyur. Bəzən isə bu dildə durğunu, sözlər
arasında bölgünü göstərmək
üçün apostrofdan istifadə edilir. İngilis dilində,
Türkiyə türkcəsində, fərqli funksiyaları
olsa da, apostrofun xüsusi yeri var. Bu deyilənlərə belə
yekun vura bilərəm ki, nitq mədəniyyətimizi və
tarixilik prinsipini qorumaq, tədrisdə apostrofla bağlı
yaranmış boşluqları və gərəksiz problemləri
aradan qaldırmaq niyyəti ilə apostrof yerinə
qaytarılmalıdır!
Nigar Adil
Olaylar.- 2018.- 28 dekabr.- S.12.