Azərbaycan diplomatiyasında uğurlu il
2018-ci
ildə qlobal və regional
güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər
sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili
işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və
prinsiplərinə ikili yanaşmanı, həmçinin
silahlı münaqişələr,
etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar
böhran vəziyyətini daha
da kəskinləşdirib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub. Cari il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik səylərimiz davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər baş tutmuş və Azərbaycan Respublikasının xarici işlər naziri ilə Ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilib. Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir. Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul edilməsinə nail olunub. 3-6 aprel 2018-ci il tarixlərində 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib. 16-17 aprel 2018-ci il tarixlərində Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistanın-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilib. 5-6 may 2018-ci il tarixlərində Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib. İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" adlı qətnamə də qəbul olunub. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənib. Cari ildə Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub. Bununla yanaşı, 12 dekabr 2018-ci il tarixində Avropa Parlamentinin qəbul etdiyi "Vahid Xarici və Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə illik plan" adlı qətnamədə Avropa Ittifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir daha təsdiqlənib. Eyni zamanda, 11-12 iyul 2018-ci il tarixlərində Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə etmiş və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasına çıxış ediblər. 5 oktyabr 2018-ci il tarixində keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM dövlətlərinin hökumət başçılarının iclasında qəbul edilmiş Birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanmış və bu münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə səylərin artırılması üçün çağırış edilib.
Cari ildə demokratiya, insan hüquqları və qanunun
aliliyi sahələrində beynəlxalq təsisatlarla
aparılan səmərəli əməkdaşlıqla
yanaşı cari ildə mədəniyyətlərarası
dialoqun təşviq edilməsinə də
böyük önəm verilib.
26 noyabr-1 dekabr 2018-ci il
tarixlərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni
irsin
qorunması üzrə Hökumətlərarası Komitənin
iclasında Azərbaycan tərəfinin təqdim etdiyi "Çovqan-ənənəvi Qarabağ atüstü oyunu" ilə bağlı milli
hesabat qəbul olunmuş,
həmçinin "Yallı (Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi qrup
rəqsləri" adlı nominasiya Qorunmaya Ehtiyacı olan YUNSEKO-nun Qeyri-maddi mədəni irs
siyahısına daxil edilmişdir.
İl ərzində beynəlxalq təsisatların
seçkili vəzifələrinə
ölkəmizdən irəli sürülən namizədliklərin
müvəffəqiyyətlə irəliləməsi Azərbaycanın
ikitərəfli və çoxtərəfli beynəlxalq
münasibətlər müstəvisində
apardığı uğurlu siyasətinin bariz nümunəsini təşkil edib. 4-6 iyun 2018-ci il tarixlərində YUNESKO-nun
Baş qərargahında keçirilmiş
təşkilatın Qeyri-maddi mədəni
irsin qorunması üzrə
Konvensiyasına üzv ölkələrin
7-ci Baş Assambleyasında Azərbaycan
adı çəkilən Komitəyə üzv
seçilib. 7 iyun 2018-ci il
tarixində Nyu-York şəhərində
keçirilmiş BMT-nin
qadınlara qarşı ayrı-seçkiliyin aradan
qaldırılması üzrə Konvensiyasına tərəf
dövlətlərin iclasında Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi BMT-nin qadınlara qarşı
ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin
üzvlüyünə seçilib. 17-21 sentyabr 2018-ci il tarixlərində
Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin (AEBA) Baş
Konfransının 62-ci sessiyasında ölkəmiz AEBA-nın
Müdirlər Şurasının 2018-2020-ci illər üzrə
üzvü seçilib.
2018-ci ilin 26 oktyabr -
17 noyabr tarixlərində keçirilmiş
Beynəlxalq Telekommunikasiya
İttifaqının (BTİ) konfransında Azərbaycan2019-2022-ci
illər müddətinə BTİ Şurasına yenidən üzv seçilmiş, həmçinin
ölkəmizin təmsilçisi həmin müddət üzrə
təşkilatın Radio Tənzimləmə
Komitəsinə üzv seçilib.
Alim
Olaylar.- 2018.- 28 dekabr.- S.9.