Yunus Oğuzun özü və sözü

 

Mən yazar dostum Yunus Oğuzu uzun illərdir ki, tanıyıram. Bu yaxınlarda bir tədbirdə dediyim kimi, 30 ildir, birlikdə yol gəlirik və bu yolun bitməyəcəyinə inanıram. Bəri başdan onu da deyim ki, Yunus Oğuzla müəyyən ictima-siyasi məsələlərə, roman janrına, onun təhkiyə formasına münasibətdə fikir ayrılığımız olsa da, vətən sevgisində sabitik. Onu da deyim ki, Yunus Oğuz bir türkçü və millətçi kimi sabit-qədəmdir. Mən Azərbaycan bayrağı haqqında onun danışarkən necə kövrəldiyinin şahidiyəm. Yunus Oğuz hansı tədbirdə olur-olsun, içdəmi, dışdamı, öz türkçü və milli kimliyini daim qabardan və bundan qətiyyən çəkinməyən insandır. Bu yazımda da təkcə onun yaradıcılığından yox, həm də şəxsi dəyərlərindən söz açacam...

 

***

 

Qarlı qış günlərinin birində, yaxın dostlarımızın birinin məclisində Yunus Oğuz qulağıma pıçıldadı:

 

-İstəyirəm, Nadir Şah haqqında  dram yazam.

 

Mən ona qədər Yunus Oğuzun fəlsəfə, türkçülük, onun kökləri barədə məqalə və kitabları ilə tanış idim, həm də onu bir siyasətçi kimi taniyırdım. Ona görə də təəccübləndim və yarızarafat, yarı ciddi dedim ki,  "Nadir Şah" dramını Nəriman Nərimanov yazıb, sən roman yaz.

 

Düzü, onun roman yazacağını gözləmirdim, ona görə də adi bir həvəs və kapriz kimi qəbul elədim. Amma deyir, sən saydığını say, gör fələk nə deyir.

Yunus Oğuz dediyinin üstündə durdu və "Nadir Şah" romanını yazdı. Yəni çoxlarının, elə mənim gözləmədiyim kimi, maraqlı və oxunaqlı bir əsər ortaya qoydu. Həmin romanın kompüter variantını da mənə göndərdi və mən 30 illik dostumun bu yazısına sevinməyə bilməzdim. Ona görə də yığcam bir girişlə əsərdən parçanı "Ulduz" jurnalının ilk səhifəsində dərc elədim və həmin yıcam girişi burda təkrar edirəm:

"Yunus Oğuz Azərbaycan ictimaiyyətində daha çox  siyasətçi və türkçü kimi tanınır. Onun son kitabı da elə türkçülüklə bağlıdır və "Türkün tarixinə yeni bir baxış" adlanır. Amma qələm dostumuz son illər tarixlə bağlı əsərlər yazmaqla bizləri sevindirməyə başlayıb. "Atilla" dramını yenicə bitirmiş qələm dostum "Nadir Şah" tarixi romanına da son nöqtəni qoymaq üzrədir.

Yunus Oğuz tariximizdə boş qalan sahələrə müraciət etməklə böyük bir işin altına girib. Şübhəsiz, istənilən  tarixi əsər oxucular tərəfindən birmənalı qarşılanmır. Amma bu, əsas deyil. Əsas odur ki, ümumilli dəyər daşıyan tarixi məqamlara baş vurasan, qalanı araşdırmaçıların işidir və zövq məsələsidir. Hər halda, tariximiz təzədən yazılmalı və öyrənilməlidir. İnanıram ki, Yunus Oğuzun bu romanı tariximizi yenidən öyrənmək baxımından öz qiymətini alacaq..."

Mən bu sətirləri təzədən çap eləməklə təkrarçılıq məqsədi güdmürəm, sadəcə bir daha demək istəyirəm ki, Yunus Oğuz haqqında fikirlərim səmimi və dəyişməzdir...

Həmin vaxt qədim-qayım dostum təklif elədi ki, kitaba ön sözü də mən yazım, amma fikirləşdim ki, Yunuz nasir kimi ədəbiyyat aləminə ilk qədəm qoyduğundan ön sözü də samballı bir ədəbiyyatşünas yazsa, daha yaxşı olar. Belə də oldu. Və dövrümüzün bilim və fikir adamı, ədəbiyyatşünas - akademik Nizami Cəfərov kitaba genişürəkli və səxavətli ön söz yazdı. Sonra onun Atatürk Mərkəzindəki təqdimat mərasimində də iştirak və çıxış eləyib dostumuzu qutladıq.

 

***

 

İkinci bir haşiyə çıxım.

 

Yunus təpərli və diqqətcil adamdır. O dost dediyi adamın xeyir-şərində  həmişə onun yanında olur, tək buraxmır.

 

Yunusla xeyli xarici səfərlərimiz də, olub məmləkətimizə də gen bol səfərlər etmişik və həmişə özünün dostluğunu sövq-təbii nümayiş etdirib. Onunla qarlı-şaxtalı, boranlı-yağışlı Xızı səfərimiz isə ayrı bir söhbətin mövzusudur və həmin səfər barədə bir zamanlar yazmışam...

Yuxarıda demişdim ki, Yunus Oğuz harda olur-olsun öz kimliyini qabardan və düşmənlə döş-döşə gələn adamdır. Londona səfərimiz zamanı Trafalqar meydanından keçirdik. Bizimlə birgə ermənilər, gürcülər və başqa millətin da nümayəndələri vardı. Bir nəfər asfaltın üstündı qraffiti ilə məşğul idi və müxtəlif ölkələrin bayraqlarını çəkirdi. Onların arasında Azərbaycan bayrağı da vardı, amma ermən bayrağı yox idi. Ermənilərdən biri cırnadı və qayıtdı ki, bəs  erməni bayrağı onların arasında niyə yoxdu? Yunusun hazırcavablığı hamımıza ləzzət elədi və gülməyimizə səbəb oldu:

 

-Erməni bayrağı var da, o dey orda.

 

-Harda? -erməni kaıxdı

 

-Rus bayrağının içində.

 

Təbii ki, həmin erməni deməyə söz tapmadı, eləcə pərt və məyus oldu...

 

Buradaca qeyd edim ki, tarixi romanlara bizim fərqli baxışımız var. Yunus romana epos təfəkkürü ilə yanaşır və bədii təhkiyəyə daha çox üstünlük verir. Bəndəniz isə tarixi romana akademik yanaşır, yəni tarixi faktları daha çox qabardır. Yunus "bir tarixi cümlədən   roman yazmaq olar" deyir, mənsə "çox tarixi cümlədən" deyirəm. Amma özü demiş, heç zaman bir-birimizi qısqanmamışıq, çünki hər ikimiz Azərbaycana, onun tarixinə xidmət edirik. Necə xidmət edirik, burası bizim yox, ədəbiyyatşünasların işidir.

 

***

 

Bu yazını mən çoxdan başlamışam və onu davam etdirməyə Yunusun son iki romanının təsiri oldu. Çünki həmin əsərlərin bədii redaktoru oldum və onları təhlil etməyə geniş imkan yarandı. Onu da deyim ki, buna qədər Yunus Oğuzun "Əmir Teymur", "Təhmasib Şah", "Cadugər və Şah arvadı" romanları işıq üzü gördü və bir neçə xarici dilə tərcümə olunaraq, böyük uğur qazandı. Sözüm bunda yox, gələk mətləb üstünə.

 

 

 

Öncə bədii redaktoru olduğum  birinci romandan - "Atabəy Eldəniz"dən başlayaq və öz təhlilimə keçməzdən əvvəl hörmətli akademik Nizami Cəfərovun romana giriş sözündən bir epizodla tanış olaq:

 

"...Romanın bir ideya- estetik məziyyəti tarixi faktlara sona qədər sədaqətliliyi, mənbələrin verdiyi kifayət qədər zəngin məlumatlara əsaslanmasıdırsa, digəri həqiqətləri zədələmədən, təhrif eləmədən Atabəylər dövrü tarixinin ideya (və iddia!) münaqişələrilə dolu fəlsəfəsini ortaya çıxarmaq, həmin münaqişələrin xalqların taleyinə, eləcə də ayrı- ayrı tarixi şəxsiyyətlərin formalaşmasına necə təsir etdiyini göstərmək cəhdidir..."

 

***

 

"Atabəy Eldəniz" romanında Yunus Oğuz çox sevdiyi və daim bəhrələndiyi təsəvvüf elminin daha dərinliyinə enir və Baş Dədənin dilindən maraqlı əhvalatlar nəql edir. Baş Dədənin fikrincə, insan öz tarixini daha yaxşı bilməlidir.

 

Roman maraqla oxunur. Çünki təhkiyə də, süjet də, intriqa da oxucunu öz arxasınca apara bilir.

 

Bəri başdan qeyd edim ki, romanı oxuya-oxuya müəllifin gözündən yayınmış məqamlara da, korrektə xətalarına da düzəliş elədim. Və bu mənada oxucular və vicdanım qarşısında təmizəm.

 

Yenidən romana qayıdaq.

 

Şəmsəddin Eldənizin qul həyatı, Bağdada gedən karvandakı arabadan yıxılması çox maraqlı təsvir olunub və vizual xarakterlidir. Həmin dövrün ab-havası, hökmdarlar arasında intriqa, xaşxaşilərin ruhu və yaşam qaydaları mənə inandırıcı təsir bağışladı. Düzdü, bir neçə məqamda polemikalarımız da oldu. Məsələn, mən o fikirdəyəm ki, 12 -ci əsrdə insanlar "siz"lə danışmayıblar, hökmdaralara da "sən" deyə müraciət ediblər, amma Yunus Oğuz bununla razılaşmır və hesab edir ki, müasir oxucuyla bəzən başa düşdüyü dildə təmas qurmaq vacibdir. Eldəniz, ya Eldəgiz məsələsi də xırda mübahisə doğurdu, Amma yenə də hərə öz fikrində qaldı.

Bir fikirlə yaradıcı adamların əksəriyyəti razılaşır ki, yazıçı bir əsəri bitirəndən sonra çox nadir hallarda kənar fikirləri nəzərə alır. Əsər yazıldı, qurtardı, çünki ona qədər özü bu barədə xeyli düşünüb-daşınır, hər şeyi saf-çürük edir.

Mömüinə Xatunun Eldəniz tərəfindən xilas olması əsl Şərq vriantıdır. Həm orta əsrlər, həm də ondan əvvəlki dövrlər idarəçilikdə və qətllərdə adətən zəhərdən istifadə edirdilər. Bu məqam romanın vacib məqamlarından birdir və müəyyən mətləblərə, münasibətlərə açar rolu oynayır.

 

Əsərdə Atabəy Eldənizin hakimiyyət yolları ardıcıllıqla verilib.

 

Xaşxaşılər və onların həyat tərzi, fədailərin özünəməxsus döyüş tərzi və düşüncəsi, hakimlərinə sadiqliyi diqqəti çəkir. Onlar yapon ninzalarını, Fransa, İspaniya gizli polisini, sovet xəfiyyəsini xatırladır. Hamısının insanlara münasibətdə öz üsulu var.  Onlar bir yerə xüsusi məqsədlə gedir (romanın dili ilə desək "sızır") və zamanı çatanda aldıqları tapşırığı yerinə yetirirlər: öz ölümləri bahasına olsa belə, bir növ xarici antikəşfiyyatçılar, cəsuslar kimi.

 

İlk baxışdan romanda obraz və surətlər çox görünür. Amma onların çoxu yardımçı personajlardır, yəni romanın ideyasına, süjetinə xidmət edir. Əslində isə aparıcı obrazlar bir neçədir: Atabəy, Möminə Xatun, Qutluq bəy, əsəri nəql edən Baş Dədə, Baş imam, Xəlifə və s.

 

Romanda el dili, xalq dili, zərb məsəllər çoxdur.

 

Məsələn:

 

"Bir kişinin qolunda bir el birləşər, bir alim ətrafındasa el-oba, dünya inkişaf edər".

 

"Dəvəyə minən qoyunlar arasında gizlənə bilməz".

 

"Qurd öz qonşusunu yeməz".

 

" Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz".

 

"Qoca öküz baltadan çəkinməz".

 

"Tələdən qorxan quş qırx il haça ağacın üstünə qonmaz".

 

"Kəməndlə dağ əyilməz". s.

 

Romanda çox adamın nəinki bildiyi, heç eşitmədiyi "batin  batil elmi" haqqında Baş Dədənin dilindən nəql edilir. Baş Dədəd deyir ki,  əsl batinlər elmi sevərlər, yalançı batinlər isə qətli və qan-qadanı. Batil elmi isə seçilmişlərə aiddir.

 

Romanda 12-ci əsr adət-ənənləri, geyimi təsvir olunur. Bəzi epizodlarda oxucu, sanki kinoya baxır, çünki təsvirlərdə vizuallıq var.

 

Möminə Xatun, Atabəy Eldənizin xarakteri əsər boyu müxtəlif  istiqamətlərdə açılır. Yəni situasiya onların xarakterinin açarı rolu oynayır ki, bu da müasir romançılıqda vacib şərtlərdən biridir.

 

Ümumən, roman həm bədii düşüncə, həm də tarixə fərdi baxış mənasında maraq doğurur...

 

***

 

Yunus Oğuzun son əsəri "Ovçu" romanıdır. Bu əsər milli qəhrəman, mahir kəşfiyyatçı və komandir Murad Mirzəyevin və dostlarının fədakarlığından bəhs edir.

 

 

 

Məlum aprel savaşına ilk fundamental reaksiya baxımından bu roman qiymətlidir. Burada Muradın gənclik illəri, sevgisi, vətən eşqi, göstərdiyi qəhrəmanlıqlar fərqli təhkiyə üslubunda qələmə alınıb. Yəni müəllif qəhrəmanının həyatına xronoloji ardıcıllıqla yox, situasiyanın diqtə və tələb etdiyi hadisələr fonunda işıq sala bilib.

 

"Ovçu"nun vacib məqamlarından biri də müharibədəki epizodların hərb qanunlarına uyğun işlənməsidir. Əsərdə həm ali baş komandanın, həm müdafiə nazirirnin, həm dövlət məmurlarının, həm də döyüşlərə məsul generalitetin döyüş hazırlığı və müharibə səviyyəsi dəqiqiliklə təsvir olunur. Ən əsası isə müharibəni doğuran səbəblər, Azərbaycan ordusunun qısa müaddətli hücum səbəbləri motivləşdirilir.

 

İnanıram ki, bu əsər  Azərbaycan hərb tarixində yaşayacaq və hərbi hissələrimizin kitabxanalarında öz layiqli yerini tutacaq.

 

Əsər haqqında bu yığcam qeydlərimi, sayğılı oxucular bu yaxınlarda nəşr ediləcək "Ovçu" romanı vasitəsilə genişləndirə biləcəklər.

 

Sizə bir  sirr də açım: Yunus Oğuz daha bir tarixi roman üzərində işləyir və bu əsərin də geniş oxucu kütləsi qazanacağına əminəm...

 

Hələlik bu qədər...Qalanların sonra yazaram...Təzə romanlardan sonra...

 

 

Elçin Hüseynbəyli

 

Olaylar.- 2018.- 7 fevral.-  S.9.