Azərbaycan dili gözəl dildir ona zərbə vurmaq lazım deyil

 

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir.

 

Olaylar.az bununla bağlı Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Musayevanın fikirlərini öyrəndi.

 

Nəsimi adına Dilçilik İnstitutu təklif edir ki, deyilişi ilə yazılışı fərqlənən sözlərdəki səddin minimuma endirilməsinin əleyhinə olduğunu bildirib. "Dünya dillərindən hansında söz tamamilə yazıldığı kimi oxunur ? Əksəriyyətində ədəbi dil ilə danışıq fərqlənir. Mən rus, fransiz, ingilis dillərinə bələdəm onlarda da bunu görməmişəm. Ərəb dilində bu ola bilər, amma biz əksər ərəb sözlərini dəyişikliklərlə qəbul etmişik, onda gərək "zabit" sözünü dəyişib "dabit" edək, "tüllab" sözünü pis mənada deyil, "tələbələr" sözü əvəzinə işlədək s. Azərbaycan dili gözəl dildir ona zərbə vurmaq lazım deyil".

 

Azərbaycan dilini ərəbmənşəli sözlərdən təmizləməyə ehtiyac olmadığını xüsusi vurğulayan Kəmalə xanım qeyd etdi ki, türk dilində ərəbmənşəli sözlər Azərbaycan dilindən daha çoxdur. "Onlar bununla mübarizə aparırlarmı?! Bizim dil artıq formalaşıb. Hətta ərəb dili kimi zəngin lüğət tərkibinə malik dildə alınma sözlər vardır! Bütün dünya dillərində vardır, bəzi Azərbaycan alimləri evrika edib adlarını tarixə yazmağa çalışa bilərlər, lakin buna yol vermək olmaz!"

 

Kəmalə xanım Azərbaycan dili üzərində aparılan bu dəyişiklik dilimizin inkişafı,kimi deyil, dilimizin tənəzzülü kimi qəbul edir. "Avropalaşa-avropalaşa, müasirləşə-müasirləşə necə bir çox mənəvi-əxlaqi dəyərlərimizi itirdiksə, dilimizi göz görə-görə itirəcəyik!

 

Nəsimi adına Dilçilik İnstitutunda işləyən alimlərin fikirləri ilə digər təhsil elm müəssisələrində işləyən alimlərin fikri ilə eyni olmaya bilər 3-4 alimin fikri ilə belə bir xətanın baş verməsi düzgün deyil. Ümid edirik ki belə layihələr bütün Azərbaycan alimlərinin fikirlərini ortalığa çıxaracaqdır" - deyə, Kəmalə Musayeva bildirib.

 

Qeyd edək ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Orfoqrafiya komissiyasının təqdim etdiyi layihədə bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə s). Bundan başqa, "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklif olunur.

 

Layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi s.

 

Layihəyə görə, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq "y" bitişdirıcisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi s.

 

Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.

 

Layihədə göstərilir ki, vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin-Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət  s. sözlərin bu cür sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır.

 

Nigar Adil

 

Olaylar.- 2018.- 7 fevral.-  S.11.