Regional
proqramların uğurlu icrası sosial problemlərin həllinə
yol açıb
Artıq
14 ildir ki, uğurla həyata keçirilən Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları
ölkədə bir sıra irimiqyaslı sosial layihələrin reallaşmasına da yol
açdı. Məhz bu proqramların icrası nəticəsində
əhalinin sosial rifah halı yaxşılaşdı, məşğulluq
səviyyəsi artdı. Işsizlik problemi aradan
qalxdı. Bu günlərdə
Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər
Dövlət Proqramının icrasının yekunlarına
dair keçirilən konfransda da bütün bunlar bir daha
öz təsdiqini tapdı.
Dövlət
Proqramının icrasının yekunlarına dair keçirilən
konfransda Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyevin geniş və məzmunlu
çıxışı, eləcə də müvafiq
dövlət qurumları qarşısında qoyduğu məqsəd
və vəzifələr, verdiyi tapşırıqlara
uyğun olaraq ayrı-ayrı nazirlik və komitələrdə
toplantılar keçirilir, müzakirələr
aparılır, qarşıda duran vəzifələr müəyyən
edilir. Ötən gün Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransdakı çıxışından irəli
gələn vəzifələrin həyata keçirilməsi
ilə bağlı Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi üzrə görüləcək
işlərə dair də müşavirə keçirilib.
Müşavirəni giriş
sözü ilə açan əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov vurğulayıb
ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ
2003-cü ildə Prezident seçkiləri ərəfəsində
ölkəmizin regionlarında sürətli sosial-iqtisadi
inkişafın təmin ediləcəyi ilə bağlı bəyan
etdiyi vədlər ötən dövrdə bölgələrimizdə
dinamik inkişafın təmin edilməsində öz əməli
təsdiqini tapıb. "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunan konfransda cənab Prezident bununla əlaqədar
"Söz vermişdim ki, Azərbaycan regionlarında
sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir
ki, verilən bütün vədlər artıqlaması ilə
yerinə yetirildi. Son 14 il ərzində Azərbaycan
böyük və şərəfli yol keçmişdir",
deyə vurğulayıb. Nazir bildirib ki, dövlət
başçısının təşəbbüsü və
konkret tapşırığı əsasında regionların
sosial-iqtisadi inkişafı məqsədilə 2004-cü ilin
fevral ayında qəbul edilən ilk Dövlət Proqramı
(2004-2008-ci illər), eyni zamanda sonralar qəbul edilən ikinci
(2009-2013-cü illər) və üçüncü
(2014-2018-ci illər) Dövlət Proqramlarının uğurlu
nəticələri qeyri-neft sektorunun inkişafına da təkan
verib: "Son 14 ildə milli iqtisadiyyatda 3,2 dəfə, o
cümlədən qeyri-neft sektorunda 2,8 dəfə və
qeyri-neft ixracında 4,1 dəfə, sənayedə 2,6 dəfə,
kənd təsərrüfatında 1,7 dəfə artıma,
ölkənin valyuta ehtiyatlarının 23 dəfə
artırılaraq 1,8 milyard dollardan 42 milyard dollara
çatdırılmasına, ölkə iqtisadiyyatına 231
milyard dollar sərmayə qoyuluşuna nail olunub. Bu uğurlar
bölgələrin sosial mənzərəsini müasirləşdirən
bütün lazımi infrastruktur layihələrinin icrası,
3 mindən çox məktəbin, 600-dən çox tibb
müəssisəsinin tikilməsi və ya təmiri, 12,3 min
kilometr yolun çəkilməsi, 443 körpünün
inşası, 30 elektrik stansiyasının tikilməsi,
qazlaşdırmanın 51 faizdən 93 faizə (şəhərlərimizdə
100 faizə), fasiləsiz içməli su təminatının
26 faizdən 67 faizə (Bakı şəhərində 81 faizə)
çatdırılması və s. kimi xüsusi önəm kəsb
edən sosial nailiyyətlərin qazanılması ilə
müşahidə olunub. Bu Proqramların ən mühüm
uğurlarından biri də əsasən regionlarda olmaqla
çoxsaylı iş yerlərinin açılması,
ölkədə işsizliyin və yoxsulluğun kəskin
şəkildə aşağı enməsidir".
Səlim Müslümov qeyd edib
ki, xüsusilə ənənəvi kənd təsərrüfatı
sahələrinin dirçəldilməsi bölgələrdə
əmək resurslarının məşğulluğunun əhəmiyyətli
şəkildə artırılmasında önəmli rol
oynayıb.
Eyni zamanda, nazirlik tərəfindən
respublikanın bütün regionlarını əhatə edən
aktiv məşğulluq tədbirləri, o cümlədən
bütün rayon və şəhərlərdə əmək
yarmarkaları təşkil edilir. Dövlət
başçısının müvafiq Sərəncamına əsasən,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
icra olunan özünüməşğulluq proqramı çərçivəsində
yaradılan kiçik ailə təsərrüfatlarının
da 84 faizi regionlar
üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı
sahələrini əhatə edir: "Azərbaycan Prezidenti cənab
İlham Əliyev özünüməşğulluq
proqramını çox böyük gələcəyi olan,
işsizliyin aradan qaldırılması istiqamətində
önəmli təşəbbüs olan proqram kimi yüksək
dəyərləndirib. "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda cənab Prezident bir daha "Bu il biz
özünüməşğulluq proqramını daha da
böyük həcmdə icra edəcəyik. Bu
proqramı biz demək olar ki, keçən il
icra etməyə başlamışıq. İlkin
nəticələr müsbətdir. Bu il isə atılan
addımlar, aparılan islahatlar nəticəsində kifayət
qədər böyük - 30 milyon manatdan çox vəsait
olacaq və 6 min, bəlkə də 7 min ailə
özünüməşğulluq proqramına cəlb ediləcək.
Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən
çox gözəl layihədir, gözəl təşəbbüsdür",
deyə vurğulayıb. Qarşımızda duran əsas
vəzifə dövlət başçısının bu sahədə
tapşırığına uyğun olaraq, cari il ərzində
7 minə qədər
aztəminatı ailəyə aktivlər verməklə
onların kiçik ailə təsərrüfatlarını
qurmalarını təmin etməkdir. Proqrama cəlb
ediləcək ailələrin 83 faizinin regionlarda yaşayan ailələrdən
ibarət olması nəzərdə tutulur".
Bölgələrdə
işçi qüvvəsinin əmək bazarının tələblərinə
uyğunlaşdırılması işlərindən bəhs
edən S.Müslümov bildirib ki, 2007-ci ildə Bakı şəhərində,
2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə
Naxçıvan şəhərində yaradılan Regional
Peşə Tədris Mərkəzləri bu sahədə
önəmli rola malikdirlər: "Son illərdə həmin
Mərkəzlərdə əsaslı təmir və yenidənqurma
işləri aparılıb, onların maddi-texniki bazası
gücləndirilib: "Əsas vəzifələrimizdən
biri də bölgələr üzrə peşə
hazırlığı mərkəzləri şəbəkəsinin
daha da genişləndirilməsidir. 2014-2018-ci illərdə
regional inkişaf üzrə Dövlət Proqramına
uyğun olaraq, regionlarda əmək bazarının mütəmadi
öyrənilməsi sisteminin yaradılması istiqamətində
də məqsədyönlü işlər aparılıb.
Həmçinin gənc kadrların iş axtarmaq
bacarıqlarının inkişafına dəstək məqsədilə
BMT İnkişaf Proqramı ilə birgə Bakı,
Sumqayıt, Gəncə şəhərlərində, son illərdə
isə Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzləri
yaradılıb. Məşğulluq mərkəzlərinin xidmətlərinin
daha səmərəli vasitələr, daim yenilənən informasiya
bazası üzərində formalaşdırılması
yönündə işlərə ilk olaraq
İsmayıllı rayonundan başlanılmaqla, son illərdə
bu rayonda müasir iş metodlarına əsaslanan ilk pilot mərkəz
qurulub".
Nazir
diqqətə çatdırıb ki, ötən dövrdə
əlil və şəhid ailələri üçün inşa
olunan çoxsaylı fərdi və çoxmənzilli
yaşayış binalarının böyük əksəriyyəti
bölgələrin payına düşür: "O cümlədən
son bir ildə müharibə əlilləri və şəhid
ailələrinə təqdim edilən 315 mənzil və fərdi
yaşayış evindən 65 faizə qədəri
regionlardadır. Ümumilikdə indiyədək nazirliyin xətti ilə 6100 nəfər
əlil və şəhid ailəsi nazirlik tərəfindən
mənzillə təmin olunub ki, onlardan 93,5 faizinə və ya
5703 nəfərinə son 14 ildə mənzil verilib. Hazırda daha iki rayonda - İmişli və
Şamaxı rayonlarında çoxmənzilli yaşayış
binalarının, eyni zamanda bölgələrdə fərdi
yaşayış evlərinin tikintisi işləri davam
etdirilir".
Səlim
Müslümov həmçinin son 14 ildə Naxçıvan,
Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan,
Xaçmaz, Yevlax şəhərlərində regional bərpa
mərkəzlərinin, Bakı
Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan
istehsalat sahəsi və Gəncə şəhərində
filialının istifadəyə verildiyini, Bakı və
Naxçıvan şəhərlərində Uşaq Bərpa
Mərkəzlərinin yaradıldığını bildirib:
"Gələcəkdə digər bölgələr üzrə
də yeni regional bərpa mərkəzlərinin
yaradılması nəzərdə tutulur. Eyni zamanda, son illərdə
Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq
Bərpa Mərkəzində yüksək standartlar səviyyəsində
reabilitasiya şəraiti yaradılıb və
hazırda bölgələrdəki
ayrı-ayrı bərpa mərkəzlərində də
müasir tələblərə uyğun reabilitasiya şəraitinin
qurulması işləri aparılır. Onların, o cümlədən
Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa
mərkəzlərinin, Mərdəkan Müalicə
Pansionatının əsaslı təmirdən sonra cari il ərzində istifadəyə verilməsi
planlaşdırılır.
Nazir
vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə
2010-2012-ci illərdə Naxçıvan, Gəncə və
Yevlax şəhərlərində əlilliyi olan şəxslər
üçün yaradılan
Regional İnformasiya Mərkəzləri həmin bölgələrdə
qeyd olunan şəxslərin İKT-dən istifadə
imkanlarına yiyələnmələrində, ümumən cəmiyyətə
inteqrasiyasında xüsusi önəm kəsb edir:
"Əlilliyi olan şəxslərin protez-ortopedik xidmətlərlə
elə yaşadıqları bölgədə təminatı
üçün son illərdə bu yöndə səyyar xidmətlərə
başlanılıb. Təkcə ötən il regionlarda 1011 nəfər
əlilliyi olan şəxsə səyyar qaydada belə xidmətlər
göstərilib, həmçinin müvafiq hallarda onlara
reabilitasiya vasitələri, o cümlədən əlil
arabaları elə yaşadıqları rayon və ya şəhərdə
təqdim edilib".
Nazir bildirib ki, sosial xidmətlərin
regionlar üzrə əhatə dairəsi də genişləndirilib. Sosial sifarişlər üzrə icra olunan layihələrin
əksər hissəsi regionları əhatə edir. Bu
layihələr çərçivəsində eyni zamanda
ölkənin müxtəlif rayon və şəhərlərində
günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzləri
fəaliyyət göstərir, çətin həyat şəraitində
olan uşaqlar, lazımi hallarda ailələri reabilitasiya
yönümlü sosial xidmətlərlə təmin edilirlər:
"Bölgələrdəki sosial xidmət müəssisələrində
müasir tələblərə uyğun şərait
yaradılması işləri də aparılır. Bu il Gəncə şəhərindəki Pensiyaçıların
Ərazi Sosial Xidmət Mərkəzi də əsaslı təmirdən
sonra istifadəyə veriləcək. Yeni sosial
xidmət müəssisələrinin yaradılması işlərinin
davamı olaraq, Qobustan rayonunda penitensiar müəssisələrdə
cəza çəkməkdən azad olunmuş şəxslər
üçün Sosial Adaptasiya Mərkəzinin də cari il ərzində
istifadəyə verilməsi nəzərdə tutulur".
S.Müslümov dövlət
başçısının tapşırıqları əsasında
hər ay bölgələrdə vətəndaşların qəbulunun
həyata keçirildiyini, regionların sakinlərinin
müraciətləri ilə əlaqədar müvafiq tədbirlərin
görüldüyünü də diqqətə
çatdırıb.
Müşavirədə
Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasının
dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransdakı çıxışından irəli gələn
vəzifələrin həyata keçirilməsi ilə
bağlı Nazirlik tərəfindən görüləcək
işlər ətraflı müzakirə olunub. Qeyd
edilən Dövlət Proqramının icrasının
beşinci ilində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi üzrə həyata keçiriləcək
tədbirlər nəzərdən keçirilib. Bununla əlaqədar nazirliyin yerli struktur bölmələrinin
aidiyyəti üzrə təkliflərini də təqdim etmələri
tapşırılıb. S.Müslümov regionlarda əmək
bazarının monitorinqi, sosial müdafiə, tibbi-sosial
reabilitasiya və aktiv məşğulluq tədbirlərinin təşkili
və s. aidiyyəti məsələlərlə əlaqədar
müvafiq
tapşırıqlar da verib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2018.- 7 fevral.-
S.15.