“Akademikin son əsəri”
Sabir Rüstəmxanlının ön sözü kimi...
Söz və fikir adamı, ötən əsrin 80-ci illərində "Ömür" kitabı ilə hamını ovsunlamış, xalq şair Sabir Rüstəmxanlının "Akademikin son əsəri" romanını oxuyub qurtarandan sonra bir xeyli fikirləşməli oldum: görəsən, bu kitab öz dəyərini, qiymətini alacaqmı və görəsən, biz niyə həmişə dərdimizi deyənləri, yaxşı mənada "donkixotluq" edənləri sonadək başa düşmür, yaxud başa düşmək istəmirik? Əgər mən ədəbiyyat tənqidçisi olsaydım, heç şübhəsiz "Akademikin son əsəri" romanının mövzusu, ideyası, süjeti, onun obrazları və təhkiyə özəllikləri ilə bağlı geniş bir məqalə yazardım və belə məqalələr yazılmalıdır da. Amma mənim deyəcəyim söz başqadır.
Bu əsər elə bir şəxsiyyətə həsr olunub ki, bizim nəsil onu tanıyırdı, həm özünü görmüşdü, həm çıxışlarına qulaq asmışdı, həm də cəsarətinə heyrətlənmişdi. Amma bizlər də akademik Ziya Bünyadovun (romanda Ziyad Şıxlının) şəxsiyyətini tam bilmirdik, çünki onu yaxından tanımırdıq, xarakterinin özəlliklərini, "donkixotluğunu" (ifadə S.Rüstəmxanlıya məxsusdur) duymamışdıq. " Bu dünyada mənim görəcəyim daha bir iş qalmadı" deyən lamançlı qəhrəman nə qədər sadəlövh idisə, akademik Ziya Bünyadov - bu işıqlı və ötkəm adam o qədər dərin düşüncəli, yanımcıl, xalqının bütün dərdlərilə yaşayan, millətinə canı, qəlbi ağrıyan birisiydi. Biz bunları Sabir Rüstəmxanlının son əsərində oxuyuruq. Onu da deym ki, Sabir bəyin özünün də xarakterində bir "donkixotluq" var və mən hələ gənc ikən onun odlu-alıvlu çıxışlarını eşitmişəm. Bu əsərdə müəllifin öz obrazı (Altay) verilsə də, kimliyi tam qabardılmayıb, çünki əsərin məqsədi də bu olmayıb. Azərbaycanın, eləcə də dünyanın başına gələcəyi fəlakətləri illər öncə görən Altay və onun böyük dostu Ziyad Şıxlının arzuları zaman-zaman repressiyaya uğramış millətini şad-firavan görmək olub. Bir zamanlar Qazaxıstana sürgün edilmiş insanların vətənə qayıdışı "bir gedişin bir gəlişi də var" deyiminə böyük bir işarədir.
Yuxarıda dediyim kimi, bu yığcam yazını yazmaqda məqsədim romanı təhlil eləmək yox, bu əsərə toplumun biganəliyidir. Şübhəsiz, roman haqqında kimlərsə yazıb və yazacaq da, amma böyük bir şəxsiyyətin həyatına, xalqımızın mübarizə tarixinə, savaş tarixinə, eləcə də satqınçılığın anatomiyasına həsr olunmuş və ürək ağrısı ilə yazılmış bu əsərin geniş müzakirəsinə ehtiyac var. Heç şübhəsiz bu əsəri yazanda da xalq şairi "Akademikin son əsəri"nin qəhrəmanı kimi, böyük cəsarət nümayiş elətdirib və bəzi məqamları gizli kodlarla, bəzilərini eyhamlarla çatdırmağa çalışıb.
"Akademikin son əsəri"ni oxuyun, dostlar! Yazıçı yazmağı bir
vətəndaşlıq borcu
hesab edibsə, siz də heç
olmasa bir oxucu olaraq öz
soydaşlıq borcunuzu
yerinə yetirin və çayın nəyin üstündən
axdığını öyrənin,
millət qəhrəmanlarının
çəkinmədən öz
yolundan dönmədiyinə
bir daha əmin olun. Bəzilərinin at oynatdığı
bu məmləktdə,
hələ ki, Ziyad Şıxlının
davamçıları var
və nə yaxşı ki, var!
"Akademikin son əsərini" isə millətimizi təhlükələrdən
daim qorumağa çalışan böyük
ziyalılarımızın həyatına bir baxış, bir ön sözü kimi qəbul edin...
Allah amanında, dostlar, allah
amanında, Sabir Rüstəmxanlı!!!
Fevralın ortası, 2018
Elçin Hüseynbəyli
Olaylar.- 2018.-
13 fevral.- S.13.