AXC – nin 100 illiyi ilə bağlı xüsusi iclas keçiriləcək

 

Deputatlar işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin hazırlanmasını təklif etdilər

 

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. Azərbaycanın dövlət himninin səsləndirilməsilə öz işinə başlayan iclasda spiker Oqtay Əsədov payız sessiyası haqqında məlumat verərək bildirib ki, parlament prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işşlərinin hüquqi bazasını yaradıb. Ümidvar olduğunu bildirib ki, yaz sessiyası da səmərəli olacaq: "Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Milli Məclis də bununla bağlı xüsusi iclasın keçirilməsini planlaşdırır. Xüsusi iclas iyunun 8-də keçiriləcək. Bu istiqamətdə aparılır". Spiker qeyd edib ki, Milli Məclisin yaz sessiyasında hökumətin, Hesablama Palatasının və İnsan Hüquqlarının müvəkkilinin hesabatı dinləniləcək. Sessiyanın qanunvericilik planının müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib ki, bu il Heydər Əliyevin anadan olmasının 95 illiyidir. İndiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistisaya qərarı verirlib. S.Novruzov prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul edilməsinı xahiş edib. O, qeyd edib ki, bu il həm də Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyidir: "Bu amnistiya aktı Qarabağ müharibəsində iştirak edənlərə, himayəsində azyaşlı uşaq olan qadınlara, yaşı 70-dən çox olan şəxslərə, radikal dini cərəyanlara qoşulmamamış dindarlara şamil edilməlidir". Komitə sədri deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Azərbaycandakı siyasi partiyalar, hüquq müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır. Azərbaycanda sözə, siyasi baxışa görən həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə etməyə cəhd göstərirlər. Bəzən adı 3 adamın yanında hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər. Biz bütün bunlara son qoymalıyıq".

Deputat Fazil Mustafa bildirib ki, Xocalı faciəsinin 26-cı ildönümünə az vaxt qaldığı bir zamanda AŞPA-da çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Sumqayıt hadisələrindən danışdı: "Görünən odur ki, ermənilər 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışır". Deputat vurğulayıb ki, əslində Sumqayıt hadisələrin erməni əsilli Eduard Qriqoryan tərəfindən törədilməsini sübut edən sənədlər var: "Bununla bağlı Respublika Prokurorluğunda zamanında ciddi araşdırma aparılıb". Deputat əlavə edib ki, Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdır: "Ermənilər Xocalı hadisəsindən bizə qarşı istifadə etmək istəyir. Fikrimcə, biz bunu nəzərə almalı və beynəlxalq mediaya çıxış imkanlarından geniş istifadə etməyliyik".

 Deputat Rövşən Rzayev bildirib ki, ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar. Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər. O, təklif edib ki, Milli Məclis adından ATƏT-in Minsk Qrupuna üzv dövlətlərinə müraciət olunsun: "Bildiyiniz kimi ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Müraciətdə bu kimi təxribatçı əməllərdən ək çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocalı soyqrımını yaşamışıq". Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına "İşğal siyasəti haqqında" qanun layihəsinin hazırlanması da daxil edilsin.

Qüdrət Həsənquliyev vəkillərin sayının artırılmasını təklif edib: "Hazırda Azərbaycanda hər 100 nəfərə 8 vəkil düşür. Bosniya Hersoqovinada isə 34 nəfər düşür. Avropa ölkələrində isə vəkillərin sayı bizdən 40-45 dəfə çoxdur. Kollegiyaya üzvlüklə bağlı 2 minə qədər müraciət olmuşdu, çox təəssüf ki, cəmi 600 nəfər keçid balı topladı".Deputat təklif edib ki, vəkilliyə keçid balı 60 baldan 50-yə endirilsə, xeyli sayda yeni üzvlər Vəkillər Kollegiyasına seçilə bilər. "Bizim elə rayonlar var ki, orada 1 hakim var, amma vəkil yoxdur. Vətəndaş hüquqları bizi ciddi şəkildə düşündürməlidir. Biz elə etməliyik ki, hər rayonda heç olmasa 3 hakim, 4-5 vəkil olsun. Hətta bu müraciət edənlərin hamısı belə, Kollegiyaya üzv olunsaydı belə, yenə biz Avropa ölkələrindən 20 dəfə geri qalacaqdıq. Ona görə burada radikal qərarlar qəbul etmək lazımdır".Q.Həsənquliyev həmkarı Siyavuş Novruzovun amnistiya təklifini dəstəkləyib: "Həm mərhum prezident Heydər Əliyevin 95 illiyi, həm Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə amnistiyanın verilməsi çox yaxşı olardı. Həmçinin bu il mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Mən o fikirdəyəm ki, geniş amnistiya vermək bizim milli maraqlarımız baxımından çox vacibdir. Xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərlərinə amnistiya tətbiq oluna bilər. Amma bu, o demək deyil ki, həmin şəxslər hamısı azadlığa buraxılmalıdır. Həmin şəxslərin cəzaları yüngülləşdirilə bilər".

Millət vəkilinin qaldırdığı məsələyə aydınlıq gətirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, ötən il "Məhkəmə Hüquq Şurası haqqında" qanuna dəyişiklik etdik. Dəyişikliyə əsasən, tək hakim olan rayonlarda hakim məzuniyyətə gedirsə, Məhkəmə Hüquq Şurası həmin rayona hakimləri ezam edə bilir. Yəni belə bir səlahiyyəti var. Əlbəttə ki, hakimlərin sayı ilə bağlı problem hələ qalmaqdadır. Bu istiqamətdə işlər gedir. Vəkillik insititutu ilə bağlı Avropadan geriyik. O, Vəkillər Kollegiyasına qəbuldakı keçid balının aşağı salınması təklifinə etiraz edib: "Azərbaycanda hüquqşünasların Vəkillər Kollegiyasına qəbulda nəzərdə tutulan balı 60-dan 50-yə endirsək, əminəm ki, deyəcəklər ki, bunu daha da endirin, 40 bal olsun. Konstitusiyada yazılıb ki, əhaliyə keyfiyyətli hüquqi yardım göstərək. Keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 balı toplaya bilmirsə, bağışlayın, bu, qeyri-ciddi məsələdir. Axı o balı toplamaq çətin deyil. Bütün buna baxmayaraq bu sahədə işlər gedir, dövlətin nəzarətindədir. Yaxın vaxtlarda bu sahədə ciddi irəiləyişlər olacaq".

"İşğal olunmuş ərazilər haqqında" qanun layihəsinin hazırlanması qəbul olunmasına ciddi ehtiyac var. Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə etirazlarımıza baxmayaraq, hələ qanunsuz səfərlər edilir, Azərbaycandan icazə alınmır. Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həlini öz üzərinə götürən ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin təmsilçiləridir. Ona görə belə qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə "İşğal olunmuş ərazilər haqqında" qanun layihəsinin hazırlanması qəbuluna ciddi ehtiyac var. Biz nəhayət, belə bir qanunu qəbul etməliyik". Deputat Qənirə Paşayeva İraqdakı Azərbaycan səfirliyində olarkən İraq yetimxanalarında saxlanılan azərbaycanlı uşaqlarla da görüşdüyünü xatırladıb: "Həmin yetimxanalarda azərbaycanlı uşaqlar var. Onların ölkəyə gətirilməsinə çalışmaq lazımdır. Həmin uşaqların valideynlərinin beyinləri İŞİD terror qruplaşması tərəfindən yuyulub onlar öz övladlarını atıblar". Q.Paşayeva bu yaxınlarda 20 Yanvar faciəsinin ildönümünün qeyd edildiyini xatırladıb. "Ölkəmizə çoxlu turistlər gəlir. Yaxşı olardı ki, Şəhidlər xiyabanında bələdçi qoyulsun ki, onlar bu faciə barədə turistlərə məlumat verə bilsinlər. Çünki orada ingilis dilində lövhə yoxdur". Sonra deputatlar gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

 

Alim

 

Olaylar.- 2018.- 2 fevral.- S.12.