“Ana”ları bir yerə
toplayan almanax
Azərbaycanda elə bir şair
tapmazsan ki, anaya, anasına, yaxud qadına şeir və yaxud
başqa bir bədii əsər həsr etməsin. Bu da təbiidir,
çünki hər kəsin hisslərinin formalaşması,
ülviləşməsi, kutsallaşması anadan
başlanır. Zaman keçir, gələcək şair
böyüyür, məşhurlaşır, amma ana
qucağını, ana məhəbbətini unuda bilmir.
Şairlər həyatda, cəmiyyətdə mübarizə
apardıqca, enişləri, yoxuşları çoxaldıqca
o məsum və saf günlərə - analı, ya anasız
zamana qayıtmağa can atır, uşaqlıq dünyasının
ən böyük neməti olan o dövr üçün
darıxırlar. Bu səbəbdən şairlər
acılarını, ağrılarını unutmaq
üçün keçmiş xəyallara qayıdırlar.
Keçmiş xəyalların ən böyük obrazı,
hamıdan seçilən surət isə ANAdır.
Hələ bundan sonra da şairlər
onları doğacaq ANAlara şeirlər həsr edəcəklər.
Bu baxımdan gözəl
ziyalımız, şair Vüqar Sərdarovun tərtib etdiyi
"Anam yadıma düşdü" şeirlər toplusu
diqqətçəkəndir.
Tərtibçi analara, qadınlara həsr
edilən şeirləri bir
almanaxa sığışdırmağı bacarıb. O, iki
yüzdən artıq şairin "ANA, QADIN"
haqqında şeirlərini bir
kitabda toplayıb. Kimlər yoxdur bu almanaxda; tanınan və
tanınmayanlar, məşhurlar və yenicə yazmağa
başlayanlar, bir sözlə, demək olar ki, hamı var. Əgər
kimsə yaddan çıxıbsa bu tərtibçinin, hesab
edirəm ki, günahı deyil. Burada Əhməd Cavad, Əliağa
Vahid, Mikayıl Müşfiq, Nəbi Xəzri, Zəlimxan
Yaqub, Sabir Rüstəmxanlı, Əli Kərim, Aşıq
Şəmşir, Zöhrab Tahir, Nəriman Həsənzadə,
Əjdər Ol, Telli Pənahqızı və başqa nəhəng,
tanınmış imzalarla yanaşı, digər imzalar da
çoxluq təşkil edir.
Bu almanaxda hansı hisslər yoxdur - fərdi
hisslərdən tutmuş, ta bu hissi VƏTƏN səviyyəsinə
qədər qaldıran, yaxud köçə, ululuğa,
türkçülüyə bağlayan şeirlərə qədər.
Məsələn, öz yurdunda
yurdsuz qalan Abdulla Qurbani yazır:
Duman alıb dağlarımı,
Xəzan vurub bağlarımı,
İtirib xoş
çağlarımı,
Ana, Murovdan gəlirəm,
Qardan, qırovdan gəlirəm,
Yaxud;
Qərib quzutək mələrəm,
Leysan olub nur ələrəm,
Gələrəm, yenə gələrəm,
Ağlama, anam, ağlama.
Şair köç həsrətini,
vətən həsrətini ana şeirinin içində elə
ustalıqla verir ki, oxuyan dərhal yaxın keçmişdə
başımıza nələr gəldiyini anlayır.
Adil Cəmil "Anasız evin
uşaqları" adlı şeirində metaforla
danışır. Bu həm oxucunu təsirləndirir, həm də
şeirin bədiiliyini daha da gücləndirir:
Üç ana ölmüşdü
bu evdə bəli,
Hər uşaq bir ana intizarında ...
Yayın istisində, qışın
qarında
"Ana!", "Ana!" deyə
öyrəşib onlar
Ağrılı, acılı
anasızlığa...
Hətta, ustad Aşıq Şəmşir
təbiətin gözəlliyini özünün
oturuşmuş söz çələnginə bükəndə
belə anasını yaddan çıxartmır. O,
qocalığında da anasını xatırlayır:
Balasın çağırır
meşədə əlik,
Şəmşir də dinləyir əlində
çəlik,
Qartal qıy vuranda, qayada kəklik
Ötüşəndə, anam
yadıma düşdü.
Ana həm də QADINDIR. Onun
qadınlığı "Ana" sözü ilə
üst-üstə düşəndə, hər iki varlıq
bir-birini tamamlayanda, yəni vəhdəti-vücud olanda, ülviləşir, müqəddəsləşir,
zamanı və məkanı aşıb daim xatırlanır,
həzinliklə və kövrəkliklə yad edilir. Bu yadetmə
isə anlardan, saniyələrdən ibarətdir. Şairlər
isə bu anları kağıza köçürməklə əbədiyaşar
edirlər.
Anınca köhnələn doğum
ilini,
Sən əzab çəkirsən,
ah, gözəl qadın!
Süzüb şəkillərdə
incə belini
Boynunu bükürsən, ah, gözəl
qadın!
(Əjdər Ol, "Gözəl
qadın")
Bu kitabda təkcə "Ana"ya həsr
edilmiş şeirlər yox, ananın dilindən gileylənən
şeirlər də az deyil. Ana üçün oğlunu,
övladını görməmək onu itirməyə bərabərdir.
Bu giley sevməkdən, övladını
ağrı-acılarla böyüdüb boya-başa
çatdırmağı xatırlamaqdan irəli gəlir.
Bu baxımdan almanaxda Əli Kərimin
məşhur "Qaytar ana borcunu" şeiri də yer
alır.
... Ana bilsəydi əgər böyütməzdi
oğlunu,
Yox, bunu yandım dedim, yenə
atmazdı onu -
Bir gözəl, bir sevimli oğul
böyütdü ana,
Ürəyində ağlayıb,
gülmək öyrətdi ona.
Təbiidir, övlad valideynləri
üçün nə etsə övladlıq borcunu heç
zaman qaytara bilməyəcək. Bu borcu yalnız sən öz
övladına verməklə ödəyə bilərsən.
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu
qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü,
adını, sözünü qaytar geri!
Qaytar onun borcunu.
O borc sənin özünsən,
özünü qaytar geri!
Şair bu yaşamı, bu dərdi,
bu hissi keçməsə, yaşamasa, düşünürəm
ki, belə güclü şeir alınmazdı. Bəlkə də
belə gileylər şairin öz başına gəlib, amma o
bunu ümumiləşdirəndə, artıq hamı tərəfindən
qəbul olunur, sevilir, çünki ana gileyi bir deyil, iki deyil,
üç deyil. Onlarla, yüzlərlədir. Amma, əbəs
yerə deməyiblər ki, ana qarğışı müstəcəb
olmaz.
Övlad nə qədər
yaşlı olsa da, yenə ana üçün uşaqdır,
cocuqdur. Övlad elin ağsaqqalıdır, amma ana ona yenə
körpə kimi baxır, fikirləşir ki, görəsən
gecə üstü açıq yatmadıki...
Başım üstdən yellər
ötür.
Necə ağır illər
ötür,
Daşqın gəlir, sellər
ötür,
Ömrüm keçir ağır
gündə,
Saçlarıma düşür dən
də,
Qocalıram, ana, mən də.
(Eldar Həsənli, "Qocalıram,
ana, mən də")
Yaxud, Səməd Qaraçop
anasının nəşini torpağa tapşıranda şeirin
sonunu harayla deyil, muğayıtla bitirir:
... Suyunda gözlərimi suvardım,
Odunla ürəyimi bişirdim, torpaq!
Anam mənə tapşırdı səni,
Anamı sənə
tapşırdım, torpaq!
Heç bilən varmı şəhid
anası nələr yaşayır?
Bunu şəhid analarından soruşun! Övladı
şəhid olan ana da şəhid olur. Övlad bir dəfə
şəhid olur, ana isə gündə yüz dəfə. O,
düşmənlə xəyallarında vuruşur, şəhid
olur, dirilir, yenə vuruşur. Bunu mən yazdım. Xuraman isə
belə yazır:
Şəhid anasının kədəri,
qəmi,
Özü də şəhiddir dərdlər
içində
Şəhid oğulların
anaları da
Şəhid dərd yaşadır
daim içində.
yaxud, Fikrət Qocanın "Şəhid
ruhunun anasına pıçıldadıqları" kimi:
Pəncərənə düşən
kölgə
mənəm, ana!
Ürəyində qalan "bəlkə"
mənəm, ana!
Bu el, elat, - bütün ölkə
mənəm, ana!
Mən həmişə yanındayam,
canındayam.
Hansı səviyyədə və vəziyyətdə
olmağımıza baxmayaraq övlad həmişə
valideyninin nəfəsinə, sözünə, nəsihətinə
möhtacdır.
Mən öz nəslimizə zirvəyəm,
tacam,
Biləydin mehrinə mən necə
acam,
Hər şeydən tox canım, sənə
möhtacam,
Düşsəm ayağına, izin nə
deyir?
(Flora Xəlilzadə, "Sənə
möhtacam")
Anaya həsr edilən şeirlərdə
bölünmüş Azərbaycan da incəliklə verilir,
ayrılığın nisgili, sanki ana imiş günahkar, ona
giley olunur. Zöhrab Tahir kimi:
O tayın, bu tayın qulağı səsdə
Qulağım tutulub bu son nəfəsdə
Qoyun tüfəngimi sinəmin üstə,
Ölsəm, tüfəngimi
götürsün anam!
Analarda hissetmə çox
güclüdür. Övladının başına bir iş
- xoş, ya bədbəxt hadisə gələrsə bunu ilk
olaraq analar hisslə, fəhmlə bilərlər. Bəlkə
bu ona görədir ki, ana bətnindən övladlar cismani
ayrılsalar da, heç zaman ruhən ayrılmayacaqlar. Bətndə
övladına verdiyi fiziki və ruhi bağlılıq ölənə
qədər davam edəcək, öləndən sonra isə
ananın göylərdəki ruhu yerdəki balasını hifz
edəcək. Bunu Zəlimxan belə yazır:
... Gözündən nə qədər
uzaq olsa da,
Övladın gününü,
güzəranını
Havadan oxuyur, buluddan bilir.
Yozur yuxuları, yaxşıya, pisə
Səsdən soraqlaşır,
sükutdan bilir.
Göynəkli həsrətlə,
üzücü qəmlər,
Puç olan arzular harda var bilir.
Harda yas qurulur, harda vay
düşür,
Harda ocaq sönür, hay-haray
düşür
Dünyada birinci analar bilir!
Dünyada birinci analar bilir!
Bəlkə də övladla Tanrı
arasında ana durur, axı ilk növbədə valideyn
balasına görə Tanrı qarşısında cavabdehdir.
Ana da övladına hər işdə xoş şeylər
arzular, onun cənnətdə olmasını istər. Bəlkə
buna görədir ki, şair Vüqar Sərdarov yazır:
Məşhur bir kəlam var analar
haqda
Cənnət anaların ayağı
altda.
Analar haqqında kitabın
özündən də çox yazmaq olar, çünki
"Ana" mövzusu bitib tükənən deyil. Hətta gələcəkdə
də doğulan şair hökmən ana barədə nəsə
bir neçə söz deyəcək, misraları inci kimi
bir-birinin ardınca düzəcək.
Ümumiyyətlə, almanaxdakı
şeirlər mahiyyətinə, forma və məzmununa görə
çox zəngindir. Hər bir şəxs bu kitabda
öz anası haqqında şeirə rast gələ bilər.
Bu da düşünürəm kitabı oxunaqlı edəcək.
Yunus Oğuz
yazıçı-
publisist, dramaturq
Olaylar.- 2018.- 2
fevral.- S.9.