Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi
azərbaycançılıq ideologiyasının təntənəsidir
Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cəmiyyətin bütün təbəqələri, xüsusən elmi ictimaiyyət arasında geniş əks-səda doğurub və böyük rəğbətlə qarşılanıb. Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun AZƏRTAC-a təqdim etdiyi analitik məqaləsində Prezidentin Sərəncamının tarixi əhəmiyyətindən bəhs olunur, Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi fonunda azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı mərhələləri araşdırılır.
Azərbaycan Respublikası öz müstəqilliyinin iyirmi beş illiyindən sonra varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini qeyd etməyə başlayıb, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.
Azərbaycançılıq ideologiyasının etnoqrafik kökləri Azərbaycan xalqının tarixinin təşəkkül dövrlərinə gedib çıxsa da, bu ideologiya XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşıb, Azərbaycan Xalq Cümhuriyyəti illərində (1918-1920) isə ilk dəfə rəsmi şəkildə etiraf olunaraq, xalq kütlələri arasında yayılmağa başlayıb.
Məlum olduğu kimi, azərbaycançılıq ideologiyasının həm ictimai-siyasi baxımdan formalaşıb modelləşməsində, həm yeni yaranmış dövlətin məfkurəsi olaraq siyasi praktikaya tətbiqində, həm də kütləviləşməsində M.Ə.Rəsulzadənin xidmətləri kifayət qədər böyükdür. Lakin bu ideologiyanın təbii-etnoqrafik enerjisi o qədər güclü, xalqın sosial-siyasi, mədəni özünüifadə inersiyasının təzahürü baxımından o qədər vüsətli idi ki, birincisi, onu bir və ya bir neçə şəxsin istedadı (və intellekti) miqyasına sığışdırmaq imkan xaricindədir; ikincisi, XIX əsrin sonu, XX əsrin əvvəllərində onlarla elə görkəmli Azərbaycan ziyalıları yetişmişlər ki, azərbaycançılıq ideologiyasının formalaşmasını onların məfkurə mübarizələrindən kənarda təsəvvür etmək ümumən mümkün deyil və nəhayət, üçüncüsü, belə bir mühüm faktı da nəzərdən qaçırmaq olmaz ki, milli ideologiya axtarışı ehtiyacı XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai varlığının təbiətində, ruhunda idi.
Azərbaycançılıq ideologiyası XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşdıqdan, yaxud təşəkkül tapdıqdan sonra bir əsrdən artıq mürəkkəb, ziddiyyətli, habelə mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçib. Bu təkamül yolunun, fikrimizcə, aşağıdakı mərhələləri var:
1) XX əsrin 20-ci, 30-cu illəri;
2) XX əsrin 30-cu illərinin
sonlarından 80-ci illərinin ortalarına qədər;
3) XX əsrin 80-ci illərinin
ortalarından XXI əsrin ilk illərinə qədər;
4) XXI əsrin ilk illərindən
etibarən...
Azərbaycançılıq
ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsi XXI əsrin ilk illərindən
başlayır və bizim günlərdə həm inamla,
böyük enerji ilə, həm də miqyasını
genişləndirərək (və təkmilləşərək)
davam edir.
Müşahidələr (və
araşdırmalar) göstərir ki, müasir mərhələdə
- İlham Əliyev mərhələsində azərbaycançılıq
ideologiyasının təkamülünü bir sıra
mühüm əlamətlər şərtləndirir ki, onlardan
birincisi həmin ideologiyanın tarixinə (bu tarixin
bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə)
elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər
görünməmiş bir şəkildə artmasıdır.
Bu gün ölkədəki iqtisadi,
ictimai-siyasi və intellektual-mədəni şərait imkan
verir ki, azərbaycançılıq ideologiyasının
keçdiyi tarixi yol hərtərəfli, dərindən və
geniş müzakirələr əsasında necə varsa, o
cür araşdırılıb öyrənilsin, xüsusilə
gənc nəslin Azərbaycan xalqını, Azərbaycan
dövlətini müstəqilliyə gətirib çıxaran
milli ideologiya, onun hansı müzakirələrdə,
mübahisələrdə və münaqişələrdə
formalaşdığı, eləcə də Əli bəy
Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski,
Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məhəmməd
Əmin Rəsulzadə, Səmədağa
Ağamalıoğlu, Səməd Vurğun, Mirzə İbrahimov,
Rəsul Rza, Bəxtiyar Vahabzadə, Anar, Elçin kimi müxtəlif
miqyaslı və mövqeli milli ideoloqların təfəkkür
tərcümeyi-halları haqqında kifayət qədər
aydın (və mükəmməl) təsəvvürləri
olsun. Halbuki bu imkan əvvəlki mərhələlərdə
ya yox idi, ya da müxtəlif səbəblər üzündən
bu və ya digər dərəcədə məhdud olmuşdu.
Azərbaycan Prezidenti İlham
Əliyevin 2014-cü il 21 yanvar tarixli Sərəncamı ilə
“türk xalqlarının mədəni inteqrasiyasının məfkurə
kimi təşəkkül tapmasında mühüm rol oynayan,
müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi
dəyərlər zəminində bərqərar
olmasının vacibliyini irəli sürən və müstəqil
milli dövlətçiliyin nəzəri əsaslarının
hazırlanmasında yaxından iştirak edən... görkəmli
ictimai xadim” Əli bəy Hüseynzadənin 150 illik yubileyinin
keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin
(və Prezident İlham Əliyevin), ilk növbədə, milli
ideologiyanın tarixinə münasibətinin göstəricisidir.
Bu sözləri cənab Prezidentin bir sıra digər
sərəncamları (xüsusilə, azərbaycançılıq
ideologiyasının banilərindən biri olan, uzun illər
adının çəkilməsi belə qadağan edilmiş
Məhəmməd Əmin Rəsulzadənin yubileyinin
keçirilməsi haqqındakı sərəncamı) barəsində
də demək olar. Onların hər biri, bir tərəfdən,
milli ideologiya klassiklərini geniş ictimai miqyasda
tanıtmağa; ikinci tərəfdən, milli ictimai
şüuru zənginləşdirməyə, onun
polifoniyasını təmin etməyə;
üçüncü tərəfdən isə, milli
ideologiyanın köklərini, mənbələrini (və
ümumən tarixini!) onun müasir təzahür
texnologiyaları ilə üzvü vəhdətdə - bir
bütöv halında təsəvvür eləməyə
münbit (və rəsmi!) şərait yaradır.
Məlum olduğu kimi, istər təşəkkül
dövründə, istərsə də müxtəlif təkamül
mərhələlərində, xüsusilə XX əsrin 20-ci
illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə,
yəni Heydər Əliyev dövrünə qədər azərbaycançılıq
ideologiyası həm ölkə daxilində, həm də
ölkə xaricində (mühacirətdə) biri digərindən,
demək olar ki, təcrid olunmuş halda fəaliyyət
göstərib. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış,
hətta tamamilə unutdurulması üçün hər
cür cəhdlər edilmiş, az-çox təzahürləri
isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə
(məsələn, liberal vətənpərvərlik) yönəldilməklə
amorflaşdırılmış və ya
“simasızlaşdırılmışdır”... Xaricdə
(mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara
çevrilmişdir... Bütün hallarda Azərbaycan
xalqının milli ideallarının qarşısını həm
adminstrativ (aqressiv!), həm diplomatik (aldatma!), həm də
ekspressiv (şirnikləndirmə!) yolları ilə məhz
sovet-sosialist ideologiyası kəsmiş, lakin milli idealları
məhv etmək mümkün olmadığı kimi, milli
ideologiyanı da sona qədər unutdurmaq, yaddaşlardan tamamilə
silmək mümkün olmamışdır.
Azərbaycançılıq
ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsinin ikinci mühüm əlaməti
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə
ölkə, eləcə də dünya miqyasında layiq
olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla
yanaşılmasıdır. Bu, ona görə zəruridir
ki, Heydər Əliyev azərbaycançılıq
ideologiyasının bir-birindən əsaslı şəkildə
fərqli olan təkamül mərhələlərinin lideri
(müəllifi!) olmaqla yanaşı, bu gün davam edən mərhələsinin
perspektivlərini də müəyyənləşdirib.
Heydər Əliyevin tarixi
xidmətlərinin həm ölkə, həm də dünya
miqyasında yüksək qiymətləndirilməsi, geniş
təhlil (və təbliğ) olunması azərbaycançılıq
ideologiyasının, Azərbaycan xalqının milli
ideallarının təntənəsi deməkdir. Heç də təsadüfi
deyil ki, bugünkü siyasi leksikonda “heydərəliyevçilik”
anlayışı “azərbaycançılıq”
anlayışının yeni tarixi şəraitdəki məzmununu
(və mahiyyətini!) ifadə edir. İstər sovet
dövründəki məlum (və mürəkkəb!) şərtlər
daxilində, istərsə də müstəqillik
dövrünün ondan heç də az mürəkkəb (və
ziddiyyətli!) olmayan illərində ümummilli lider Azərbaycanı
Azərbaycan və Azərbaycan xalqını Azərbaycan
xalqı edəcək bütün milli mənəvi enerji mənbələrinin
tam gücü ilə işləməsi üçün hər
cür tədbirləri görməklə azərbaycançılıq
ideologiyasını legitimləşdirə, reallaşdıra,
beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham
Əliyevin cəsarətlə (və qürurla!) “bizim siyasətimiz - bizim işimizdir” deməsinə
əsas verə bildi.
Üçüncü
mühüm əlamət, heç şübhəsiz, azərbaycançılıq
ideologiyasının tərkib hissələri olan
türkçülük, müsəlmançılıq və
müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən
daha böyük üstünlük vermədən, bir
bütöv halında qəbul edilərək xalqın milli mənafeləri
naminə həyata keçirilməsidir. Bu məsələ ona
görə çox əhəmiyyətlidir ki, Azərbaycan
xalqı müxtəlif tarixi dövrlərdə (azərbaycançılıq
ideologiyasının təşəkkül tapıb
formalaşdığı XIX əsrin sonu, XX əsrin əvvəllərindən
başlayaraq) gah türkçülüyə, gah müsəlmançılığa,
gah da müasirliyə əlahiddə üstünlük verilməsindən
irəli gələn ictimai-siyasi problemlərlə
üz-üzə dayanmağa məcbur olub. Bunun
da mənfi nəticələrini, xüsusilə milli
inteqrasiyasının, mütəşəkkilliyin süni
olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin
ki, həmişəlik öz yaddaşına yazıb.
İlham Əliyevin
siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan
xalqının öz mənşəyi etibarilə türk
etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən
başlayıb müasir türk dünyasının üzvi tərkib
hissəsi olması, beynəlxalq aləmdə türk
dünyasının ortaq maraqlarının cəsarətlə
müdafiəsinə qədər gedir. Təsadüfi
deyil ki, Azərbaycan Prezidenti türk dünyasının
öndə gedən liderlərindən biri kimi böyük
nüfuz sahibidir.
İslam (müsəlman)
dünyasına mənsubluq da bugünkü Azərbaycanın
həm mənəvi-mədəni, həm də ictimai-siyasi
xarakterində bütün parlaqlığı ilə təzahür
edir. İlham Əliyevin müsəlman xalqlarına
qarşı müəyyən beynəlxalq dairələrdə
aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə
ən yüksək tribunalardan öz etirazını bildirməsi,
Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi
olaraq inkişafı buna sübutdur.
Eyni zamanda, bugünkü Azərbaycan
xalqı dünyaya açıq, müasir dünyanın
iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını
inamla mənimsəyən, onun (müasir dünyanın) qlobal
idarəçiliyində get-gedə güclənən
imkanları səviyyəsində iştirak edən xalqdır.
Türkçülük, müsəlmançılıq
və müasirlik triadası bu gün Azərbaycanda klassik
formulunda (və tipologiyasında) tətbiq edilməklə
qalmayıb, mərhələnin (və dövrün) tələblərinə
uyğun olaraq yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan
dövlətinin yürütdüyü
tarazlaşdırılmış, humanist və uzaqgörən
(mövcud problemlərin tezliklə həllinə yönəlmiş
perspektivli) siyasətin nəticəsidir.
Müxtəlif
mədəniyyətlərə, dünyagörüşlərinə
təmkinli dialoq əsasında hörmətlə
yanaşılması, qloballaşan dünyanın
çağırışlarına həssas, anlamlı
münasibət, multikulturalizm azərbaycançılıq
ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsinin, fikrimizcə, mühüm
əlamətlərindən dördüncüsü hesab oluna
bilər. Nə üçün? Ona görə
ki, hər hansı ideologiya, nə qədər mütərəqqi
olsa da, özünü təcrid edirsə, həm tarixi
(passiv), həm müasir (aktiv), həm də gələcək
(perspektiv) çox müxtəlif (biri digərini inkar, yaxud təsdiq
edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan) ideologiyalarla
hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.
Nizami Cəfərov
Akademik
Olaylar.- 2018.-
2 fevral.- S.4.