Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi
azərbaycançılıq ideologiyasının təntənəsidir
Azərbaycan xalqı (və dövlətçiliyi) tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif (və qaynar!)
ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Bu proseslər azərbaycançılığı
birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq
də edə bilməz. Lakin Azərbaycan xalqının milli ideologiyasının
nəinki danılmaz, hətta mübahisəsiz bir
üstünlüyü var ki, onun mahiyyətində (fəlsəfəsində
və ya metafizikasında) üç tamamilə humanist (və
insan cəmiyyətinin təhtəlşüur, yaxud təbii
bir şəkildə, “müdaxiləsiz” yaratdığı!)
dəyər komponenti ifadə olunur:
1) etnik mənsubiyyət;
2) dini mənsubiyyət;
3) dünyəvi mənsubiyyət.
Bu ideologiyada öz əksini
tapmış fəlsəfə və ya metafizikada, eləcə
də onun mənsub olduğu (və onu yaradan) xalqın təfəkküründə
nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə
də antihumanizm yoxdur; yalnız o var ki, Azərbaycan xalqı
da, dünyanın bütün digər xalqları kimi, müəyyən
bir etnik mənşəyə, müəyyən bir dini
dünyagörüşə mənsubdur və bütün digər
xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir...
Beşinci əlamət Azərbaycan
xalqının dünya miqyasında milli-mənəvi, mədəni
bütövlüyünün möhkəmlənməsi
üçün ardıcıl mübarizə
aparılmasıdır ki, bunun müsbət nəticələrini
görməmək mümkün deyil.
Tarixi taleləri elə gətirmişdir
ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin
bu gün yalnız beşdən biri müstəqil Azərbaycan
Respublikasının vətəndaşıdır. Təxmini hesablamalara görə,
dünya azərbaycanlılarının beşdən
dördü öz tarixi Vətənində yüz (hətta
min!) illərlə necə məskun olmuşdursa, bu gün də
məskundur... Ona görə də əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin
- Dünya azərbaycanlılarının həmrəyliyinin
miqyasının genişləndirilməsi siyasətinin
müasir mərhələdə Azərbaycan dövlətçiliyi
tərəfindən uğurla davam etdirilməsi heç bir
alternativ qəbul etməyən bir zərurət olub azərbaycançılıq
ideologiyasını zənginləşdirən, ona
güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini)
bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki,
dünyanın harasında məskunlaşmasından
asılı olmayaraq, kiçik istisnaları nəzərə
almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni
dinə mənsub olub eyni mental xüsusiyyətlərin, eyni adət-ənənələrin
daşıyıcısıdırlar. Onların eyni bir
dilləri - Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi
mövcuddur
Əlbəttə, qloballaşan
müasir dünyada azərbaycanlıların siyasi-inzibati sərhədləri
aşaraq bir-birləri ilə sıx ünsiyyətə girmələri,
ümummilli maraqlarını humanizm, beynəlxalq insan
hüquqları prinsipi çərçivəsində təmin
etmələri yalnız milli yox, həm də insani (ümumbəşəri!)
bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb
bütün millətə xasdır...
Azərbaycan xalqının
(və insanının) dünyanın inkişaf etmiş
xalqları (və insanları) ilə müqayisədə
ikinci, hətta üçüncü dərəcəli
olması kompleksinin sürətlə aradan
qaldırılması baxımından görülən
işlərə (və onun uğurlu nəticələrinə),
fikrimizcə, altıncı əlamət kimi baxmaq olar.
Etiraf etməliyik ki, azərbaycanlılarda
uzun on illər (hətta əsrlər!) belə bir kompleks
olmuşdur.
Ziyalıların öz ana dillərindən (və prinsip
etibarilə, mənsub olduqları xalqdan) imtina edib müxtəlif
əcnəbi dillərdə danışıb yazmaları,
özlərinə əcnəbi soyad formaları qəbul etmələri
və s. həmin “gerilik” kompleksinin təzahürləri (və
nəticələri) idi ki, milli tarixin son mərhələsinə
qədər bu və ya digər dərəcədə davam
edirdi... Ancaq bu gün heç bir azərbaycanlı
özünü nə bir rusdan, nə bir almandan, nə bir
fransızdan, nə də bir ingilisdən aşağı hesab
etmir və milli qürur yalnız sözdə deyil, həm də
işdə, əməldədir. Ölkədə
abadlaşan, “yeni rəmzlər”ini yaradan şəhərlər
(xüsusilə Bakı!), kəndlər, çəkilən
yollar, yaradılan təhsil müəssisələri, tətbiq
edilən müasir idarəçilik texnologiyaları, dünya
standartları ilə müqayisə olunan müxtəlif təsisatlar,
idmanda, mədəniyyətdə indiyə qədər bu
miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan
insanını mənən, ruhən yüksəldən, əgər
belə demək mümkünsə, onun katarsisini təmin edən
elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb
onun (Azərbaycan insanının) gələcək taleyini,
xarakterini müəyyən edir. Bu taleyüklü işlər,
əməllər Azərbaycan xalqının tarixində həmişəlik
olaraq İlham Əliyevin adı ilə qalacaqdır...
Azərbaycançılıq
ideologiyasının təkamülündə İlham
Əliyev mərhələsinin yeddinci əlaməti həm
iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə
(bu sahələrin təsəvvürə gətirilməsi belə
çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin,
başqa sözlə, Azərbaycan-Dünya dialoqunun zəngin təcrübəsinin
qazanılmasıdır. Bu isə ilk növbədə o deməkdir ki, azərbaycançılıq
ideologiyası (və Azərbaycan xalqının milli
idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda
qalıb, “özümüz deyib, özümüz eşidək”
prinsipi ilə mövcud olmur, universallaşır,
hüdudlarını genişləndirir, ümumən insan (və
dünya) təfəkkürü mövqeyindən
görünüb etiraf olunur... Tarixi (və cari)
rəqibləri açıq mübarizəyə çəkir,
onların hansısa gizli “laboratoriyalar”da hazırlanmış
məkrli planlarını alt-üst edir.
Beynəlxalq “Dialoq”lara
ev sahibliyi edən Azərbaycan indiyə qədər
görünməmiş bir miqyasda müxtəlif ideyaların,
ideologiyaların həmsöhbət olmasına inamla
münsiflik etdikcə, azərbaycançılıq məfkurəsi
də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir,
yüksək standartlı paradiqmalara yiyələnir...
Səkkizinci əlamət Azərbaycan
xalqının intellektual səviyyəsinin yüksəldilməsi,
müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi,
perspektivli özünüifadə (və özünütəsdiq)
metodlarının, üsullarının və vərdişlərinin
xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir. Etiraf etmək
lazımdır ki, azərbaycançılıq
ideologiyasının gənc nəsil tərəfindən bu qədər
kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi
heç bir mərhələdə mümkün olmayıb...
Azərbaycanın regionda, ümumən
beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi
ilə hesablaşılması,
çoxstandartlılığı, xüsusilə cari
konyukturluluğu ilə tanınan dünyanın
“haqq-hesab”ından kənarda qalıb təcrid olunmaması,
çox güman ki, doqquzuncu əlamətdir. Bu əlamətin
özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan
xalqının milli ideologiyası çevik, elastik, diplomatik
resurslara yiyələnmiş, hər hansı “gözlənilməz”
ideoloji hücumlara qarşı müqavimət (hətta əks-hücum)
“immunitetlər”i qazanmışdır...
Nəhayət, Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin onuncu əlaməti həmin ideologiyanın inkişafı üçün geniş perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyası qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.
Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi Azərbaycan xalqının (və dövlətinin) tarixinin elə bir dövründə keçirilir ki, ən azından üç baxımdan xüsusi (tarixi!) məna- məzmun kəsb edir:
1) Azərbaycan Xalq Cümhuriyyətinin “tərcümeyi-hal”ı, son illərdə demək olar ki, bütün tərəfləri ilə dərindən öyrənilmiş, onun güclü (və “zəif”) cəhətləri konkret sənəd və materiallar əsasında Azərbaycan tarixçiləri tərəfindən obyektiv araşdırılmış, dünya tarixşünaslığında bu barədə kifayət qədər aydın təsəvvür formalaşmışdır;
2) müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətini özünün hüquqi-tarixi varisi elan etdiyindən, eləcə də Cümhuriyyət tarixi hərtərəfli öyrənildiyindən o, milli ictimai təfəkkürün yaddaş potensialının üzvi tərkib hissəsinə çevrilmiş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmuşdur;
3) ən başlıcası isə odur ki, Azərbaycan xalqı (və dövləti) Xalq Cümhuriyyətinin yubileyini həm iqtisadi, həm siyasi, həm də mədəni inkişaf sahələrində həmin Cümhuriyyətin ideallarına layiq səviyyədə böyük uğurlarla qeyd etməklə milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin necə bir etibarlı varisi olduğunu, bu mübarizənin hansı mükəmməl nailiyyətlərə gətirib çıxardığını bir daha bütün miqyası ilə göstərir.
İnamla demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi müstəqil Azərbaycanı yaradıb inkişaf etdirmiş qüdrətli bir məfkurənin - azərbaycançılıq ideologiyasının həm ölkə daxilində, həm də onun hüdudlarından çox-çox uzaqlarda təntənəsidir.
Nizami Cəfərov
Akademik
Olaylar.- 2018.-
3-5 fevral.- S.4.